Hekayələr. İsi MəlikzadəЧитать онлайн книгу.
qulaq asdı, bulud kimi tutuldu, bıçaq vursaydın Mirzənin bir damcı qanı çıxmazdı, di gəl ki, gözləri nəmlənmədi. Bu Mirzə daşdı, qayadı, ağacdı nədi görəsən? Anası öldü – ağlamadı, atası öldü – ağlamadı. Bəs nə vaxt ağlayacaq bu? Mirzə tut ağacının cadar-cadar gövdəsinə baxdı, ağac qocalmışdı, qurumaqçün bir himə bənd idi. Mirzə fikirləşdi ki, bir də yolu doğma yurda düşsə, şahtutu yerində görməyəcək, yəqin şahtut axırıncı payızını yaşayır. Həyətdəki xəzəl də, indi sahibsiz qalmış ev də, ağaclar da adama kədər gətirirdi. Mirzə dərindən ah çəkdi, üzünü Qədirə tutub, hüznlü səslə soruşdu: “Atam öləndə nə vəsiyyət elədi, nə soruşdu?” Qədir kürəyini ağacın qartımış gövdəsindən araladı, hələ də zümzüməylə ağlayan arvadına baxa-baxa dedi: “Kişi neçə gün səni arzuladı… Rəhmətliyin dilində elə sənin adın idi”.
Mirzə iki gündən sonra qayıtdı: icazə almışdı, iş adamı idi, burda çox qala bilməzdi, həm də vaxtının çoxunu yol aparırdı – oracıq deyil, buracıq deyil, get ki, çatacaqsan…
“Jiquli”nin siqnalını eşidəndə Mirzə fikirdən ayrıldı. Gördü ki, Qədir maşından düşüb, gülümsəyə-gülümsəyə ona tərəf gəlir.
Qədir dedi:
– Qağa, on iki Həsən tapmışam, amma heç hansı sən axtaran döyül. Çopur Həsən var… Qayğanaq Həsən… Moyka Həsən… Köndələn Həsən… Kukla Həsən… Çoxu da səndən cavandı.
– Mən axtardığım Həsənin üzündə dəmrov vardı.
Təəccübdən Qədirin qaşları dartıldı.
– Başına dönüm, qağa, indiyə dəmrov qalar?
– Rayona bitişik binədən gəlmişdi.
– İndi binə nə gəzir? Rayon addayıb keçib binənin üstündən. Amma tapacam, fikir eləmə, sağdırsa, əlimdən qurtara bilməz.
Mirzə minnətdarlıq yağan baxışlarını Qədirin qaramtıl üzündə gəzdirdi. Qədir necə qayğıkeş, necə istiqanlı adam imiş. Bu ucaboy, arıq kişinin gücünə, təpərinə, fərasətinə bax. Çörək zavodunda işini də görür, bazarlıq da eləyir, həyət-bacada da əlləşir, hələ desən, Mirzənin qulluğunda da durur.
Qədir qəbirlərin mərmər sinədaşılarına baxa-baxa dedi:
– Qağa, bunları mən də düzəltdirə bilərdim, amma kürəkən bir ayrı, oğul bir ayrı.
Mirzə yeznəsinə dil-ağız eləmək istəyirdi ki, yük maşınında qəbirlərin hasarını gətirdilər. Dəmir şəbəkə çox böyük idi, içinə dörd beş qəbir sığardı.
Qədir soruşdu:
– Qağa, bu boyda hasar nəyə lazımdı?
Mirzə başını mənalı-mənalı tərpətdi.
– Bəs özüm? – dedi, amma bu fikirdən indi bir az qorxan kimi oldu. Söz ağzından çıxmışdı, dalını gətirməliydi. – Aralarında yer yoxdu, yanlarında yer seçmişəm… Anam tərəfdən… Sağda atam, solda mən, ortada anam…
Adamın öz ölümündən belə arxayın danışa biləcəyi Qədirin ağlına heç cür batmırdı; Mirzə elə danışırdı, guya sabah həyət-bacada görəcəyi işigötür-qoy edirdi.
Mirzə gözləri yol çəkə-çəkə:
– Belə-belə işlər, – dedi, sonra özünə gəlib, yan-yörəyə baxdı.
Bahar günəşinin qırmızımtıl-sarı şəfəqi yerə çökmüşdü və bu şəfəqdən yaşıl, tər otlar, çiçəklər, ağaclar – hər şey alov rənginə çalırdı. İlıq havadan qızılgül ətri gəlirdi, uzaqda-yaxında quşlar cikkildəşirdi. Mirzə fikirləşdi ki, ilin bu əyyamında ölümdən danışmaq, vallah, axmaqlıqdır.
Mirzə rahat köks ötürüb, gözlərindən təbəssüm tökülə-tökülə güzgü təki tərtəmiz göyə baxdı.
Elə bu vaxt yük maşınının sürücüsü – cavan oğlan – Qədiri səslədi.
– Qədir dayı, mənə Həsən məsələsi demişdin ha!
Qədir hələ heyrətdən özünə gəlməmişdi – key-key soruşdu:
– Nə Həsən, ə?!
Oğlan dedi:
– Tapşırmışdın ki, harda Həsən görsəm, sənə xəbər eləyim. Birini tapmışam… Rayona lap yaxındakı kolxozda – “Şəfəq”də işləyir. Mexanikdi… Yaşı altmış olar, familiyası da Novruzovdur.
Qədir Mirzənin üzünə baxdı.
– Sənin Həsəninin familiyası Novruzovdu?
Mirzə başını buladı:
– Yadımda deyil.
Səhərisi gün rayonun yaxınlığındakı kolxoza Mirzə tək getdi.
Uzun talvarın altında çoxlu pambıqyığan maşın vardı, burda adamlar vur-həşirlə işləyirdilər. Mirzə kənardan hamıya göz qoydu, amma axtardığı Həsənə bənzəyən adam görmədi. Həsəni soruşdu. Maşınlardan birinin yanında ortaboy, dolubədən bir kişi qabağa gəlib, əllərini çirkli əskiyə silə-silə:
– Həsən mənəm, – dedi.
Mirzə zəndlə kişiyə baxdı. Yox, əşi, o Həsən hara, bu Həsən hara? O, arıq idi, onun boğazı armud saplağı kimi idi, gözləri də alma boyda. Bu, cantaraqdır, sağlamdır, bunun biləkləri pəhləvan biləklərinə oxşayır, gözləri o qədər də iri deyil.
Mirzə başını bulayıb mızıldandı:
– Bağışlayın, mənə başqa Həsən lazımdı.
Kişi gülümsədi.
– Nə fərqi var? – dedi. – Mən də dünyadakı Həsənlərdən biri. Əgər Həsənə işiniz düşübsə, mən hazır.
Mirzə sağ əlini sinəsinə qoyub:
– Var olun, – dedi. – O Həsən arıq oğlan idi… Üzündə dəmrov vardı… Xəstəhal… Gözləri də…
Kişi, Mirzənin sözünü yarımçıq kəsdi:
– Həsənin oğlanlığından gör nə qədər vaxt keçir. Hər il bircə kilo ətlənsə, bircə qırıq dəyişsə…
Mirzə də onun sözünü yarımçıq kəsdi:
– 39-cu ildə biznən yeddinci sinifdə oxuyurdu. İmtahanlara bir ay qalmış çıxıb getdi.
Kişi səsini alçaldıb, gözlərini qıya-qıya dedi:
– Çünki Qeysər müəllimin dərsində sən ona bir sillə vurmuşdun.
Mirzənin içindən bir sızıltı keçdi, sağ əli gör-gör göynədi, dili topuq çaldı.
– Mən… Mənim yanımda… mənnən qonşu bir qız otururdu. Yanımdakı partada… Alagöz, sarıbəniz… Adı da ya Çiçək idi, ya Göyçək.
Həsən:
– Yox, – dedi, – nə Çiçəkdi, nə Göyçək… Adı Qəşəngdi… Gözləri ala.
– Hə.
– Saçları sarı.
– Hə.
– Sən