Şah Abbas. Cahid AydoğmuşoğluЧитать онлайн книгу.
tərəfindən xələf olaraq seçilən İsmayılı da ələ keçirmək fikrində idi. Lakin bu alınmadı. Belə ki, İsmayılı Ərdəbildəki Məhəlleyi-Rumiyanda (Anadolulular məhəlləsi) yaşayan Aba və ya Əbə adlı bir qadın gizlətmişdi. Sonra isə şamlı boyundan olan Lələ Hüseyn bəy, dulqədirli Dədə Abdal bəy və anadolulu Göy Əli onu Gilana qaçırtmağı bacarmışdılar.
Şah I İsmayıl
Sultan Rüstəmin 1497-ci ildə öldürülməsindən iki il sonra İsmayıl babası Uzun Həsənin qurduğu dövlətə sahib çıxmaq üçün Lahicandan (Gilan əyalətində şəhər – red.) yola çıxdı. Bu vaxt onun cəmi 12 yaşı vardı. İsma-yılın gəlişindən xəbər tutan səfəvi tərəfdarları Anadolu və Suriyadan Ərdəbilə axışdılar.
Beləcə, ətrafına böyük qüvvə toplayan İsmayılın ilk işi babasını öldürən Şirvanşah Fərrux Yasara hücum çəkmək oldu. 1501-ci ildə onu məğlub edərək öldürtdürən, cəsədini isə yandırtdıran İsmayıl ardınca Ağqoyunlu hökmdarı Əlvənd Mirzəyə qalib gəldi. Bu zəfərdən sonra İsmayıl Təbrizə daxil oldu, hökmdar tacını başına qoydu, öz adına sikkə kəsdirdi və «Şah» ünvanını aldı.
Beləliklə, Şah İsmayıl Azərbaycanda Səfəvi dövlətini qurmuş oldu. 1509-cu ildən etibarən isə o artıq bütün İranı, Azərbaycanı, İraqı və Şərqi Anadolunu, eləcə də başqa əraziləri əhatə edən qüdrətli bir dövlətə sahib idi. Səfəvilər dövlətinin sərhədləri ümumilikdə Şərqi Anadoludan Orta Asiyaya qədər uzanırdı.
Bu qüdrətli imperiya 1514-cü il avqustun 23-də Osmanlı ordusu ilə Çaldıranda baş verən tarixi döyüşdə ağır zərbə aldı. Həmin savaşda mərdliklə vuruşan Səfəvi ordusu odlu silahlarının olmaması səbəbindən məğlubiyyətə uğradı. Şah İsmayıl İranın içərilərinə doğru geri çəkilmək məcburiyyətində qaldı. Osmanlı hökmdarı I Səlim (və ya Yavuz Sultan Səlim) 1514-cü il sentyabrın 5-də Səfəvilərin paytaxtı Təbrizə daxil oldu. Burada cəmi səkkiz gün qalandan sonra şəhəri tərk elədi, həmin qışı Azərbaycanda keçirib Osmanlı ordusu və sarayı daxilində baş qaldıran bəzi narazılıqlar səbəbi ilə geri qayıtdı.
I Səlim Təbrizi tərk etdikdən təqribən bir ay sonra Şah İsmayıl paytaxta döndü. Çaldırandakı məğlubiyyətdən tərəfdarları arasında nüfuzu azalan və əhval-ruhiyyəsi sarsılan hökmdar bir daha döyüş meydanına girmədi. Hər ili ayrı bir şəhərdə yaşayaraq ömrünü beləcə başa vurdu. Onun bu laqeydliyi üzündən Bəlx və Qəndəhar Səfəvi hakimiyyətindən çıxdı. Şah İsmayılın son zamanlarında baş verən əhəmiyyətli hadisələri aşağıdakı kimi sıralamaq olar:
• Özbəklərin yenidən Xorasanı ələ keçirməsi;
• Şah İsmayılla Şirvan hakimi Şeyx Şah arasında sülh müqaviləsinin bağlanması;
• Şah İsmayılın Osmanlılara qarşı alman imperatoru Şarldan yardım istəməsi…
O. 1524-cü il mayın 23-də Sərab (indiki İran ərazisində qədim şəhər – red.) yaxınlığında vəfat etdi. Cənazəsi Ərdəbilə gətirildi və ulu babası Şeyx Səfiəddinin (və ya qısaca Şeyx Səfinin) yanında dəfn edildi.
Şah İsmayılın vəfatından sonra Səfəvi xanədanına dəstək verən türkmən boyları öz aralarında qovğaya girişdilər. Bu qovğa hakimiyyət dairələrində də özünü göstərməyə başladı: farslarla türklər arasında çəkişmələr getdikcə şiddətləndi.
Şah I Təhmasib
On yaşında atasının yerinə keçən və sayca ikinci Səfəvi hökmdarı olan I Təhmasib (1514 – 1576) yetkinlik çağına çatana qədər qızılbaş əmirlərinin himayəsində oldu. Bu isə, təbii ki, mərkəzi hakimiyyətin sarsılmasına gətirib çıxardı. Çünki həmin dövrdə qızılbaş əmirləri arasında özbaşınalıq adi hal almağa başlamışdı. Əvvəllər şaha qeyd-şərtsiz itaət edən əmirlər indi mövqe, mənsəb, sərvət, mal-mülk davasına qalxmışdılar. Onlar istədiklərini əldə edə bilməyəndə üsyan qaldırır, Səfəvi dövlətindən üz döndərərək Osmanlı imperiyasına sığınırdılar. Bu vəziyyətdən məharətli şəkildə yararlanan ovaxtkı Osmanlı hökmdarı Sultan I Süleyman11 Azərbaycan, İraqi-Əcəm və İraqi-Ərəbə üç dəfə yürüşə çıxdı, həmin ərazilərin bir qismini ələ keçirdi.
Şah I Təhmasibə qarşı üsyan edən və I Süleymana sığınan Təbriz bəylərbəyi Üləma xan Osmanlı hökmdarının Səfəvi dövləti üzərinə səfərə çıxmasının başlıca səbəbkarı olmuşdur. 1533-cü ildə vəzir-i-əzəm12 İbrahim paşanın başçılığı altında doxsan minlik Osmanlı ordusu Səfəvi sərhədlərini keçdi. Həmin vaxt daxili çəkişmələr girdabında çabalayan və xaos içində olan Səfəvi dövlətinin hökmdarı vur-tut yeddi min əsgər toplaya bildi. Üstəlik, Şah I Təhmasibin hətta bu sayda qoşunun belə sonadək sədaqət nümayiş etdirəcəyinə şübhəsi var idi. Bütün bunlar isə onunla nəticələndi ki, Osmanlı ordusu asanlıqla Təbrizə daxil oldu. Lakin qışın sərt keçməsi səbəbindən burada qalmadılar. Növbəti il Osmanlı ordusu yenidən Azərbaycanın bir sıra şəhərlərini ələ keçirərək Bağdada doğru irəlilədi. Bu hərbi yürüş nəticəsində Bağdad ələ keçirilsə də, Avropa cəbhəsində yaşanan hadisələr Osmanlı ordusunu geri qayıtmağa məcbur elədi.
1548-ci ildə Şah I Təhmasibin Osmanlı sarayına sığınan qardaşı Alxas Mirzənin israrı nəticəsində Sultan I Süleyman yenidən Səfəvi dövləti üzərinə yeridi. Van və ətraf ərazilər Osmanlı torpaqlarına qatıldı. 1548-ci ilin sonu, yaxud 1549-cu ilin əvvəlində Təbriz yenidən Sultan I Süleymanın qoşunları tərəfindən işğal edildi.
Təbrizin növbəti dəfə işğalı, ümumiyətlə isə, Osmanlı hərbi yürüşləri qarşısında müdafiəsiz qaldığını görən Şah I Təhmasib paytaxtı ölkənin içərilərinə, daha təhlükəsiz və etibarlı yerə köçürmək qərarına gəldi. Şahın bu qərarına uyğun olaraq paytaxt 1548-ci ildə indiki İranın cənub-şərqindəki Qəzvin şəhərinə köçürüldü. Həmin tarixdən etibarən Səfəvi dövləti Osmanlı hücumlarının qarşısını almaq üçün yeni taktika həyata keçirməyə başladı. Belə ki, Şah I Təhmasib rəqiblə arada uzun məsafə saxlamağı, Səfəvi ordusunun keçib getdiyi yerlərdə tarlaları yandırmağı, ərzaq və qida məhsullarını yox etməyi, yolları, körpüləri dağıtmağı əmr eləmişdi. Bu taktika müəyyən qədər işə yaramış, Osmanlı ordusunun uzaqlaşdığını fürsət bilən Səfəvi qoşunları hətta Qars, Ərzurum, Əhlət, Bayburt kimi şəhərləri talamışdılar.
1554-cü ildə Sultan I Süleyman növbəti səfərə çıxdı: bu dəfə onun ordusu Gürcüstan istiqamətindən Naxçıvan üzərinə yönəldi. Rəvan, Qarabağ və Naxçıvan ələ keçirildi. Osmanlı sultanı bu fəthlərdə şəxsən iştirak edirdi. Lakin o həmin torpaqlarda çox qala bilmədi. Çünki Səfəvi qoşunları onun ordusunu geri çəkilməyə məcbur eləməyi bacarmışdı.
Bununla belə, Sultan I Süleymanın aramsız səfərləri səfəvilərdə xüsusilə onlar üçün müqəddəs şəhər statusu daşıyan Ərdəbilin taleyi baxımından narahatlıq doğururdu. Qorxurdular ki, bu yürüşlərin sonunda Ərdəbil də ciddi şəkildə zərər görər. Odur ki Şah I Təhmasib Osmanlı sultanına elçi göndərib sülh təklif etmək
11
12