Albert Eynşteyn. Лоран СексикЧитать онлайн книгу.
Uşaqlıqdan təkliyi sevir. Onun yeganə həvəsi – elmdir. Əmisi Yakob Albertə cəbri öyrədir. O, rəqəmlərin sirrini coşqunluqla kəşf eləyir. Həndəsi fiqurlar isə Albert üçün tamam başqa aləmdir. On iki yaşında «Həndəsə» dərsliyini əlinə necə alırsa, bir daha yerə qoymur.
Ailə ənənəsinə uyğun olaraq Eynşteynlər hər cümə gününün axşamı bir kasıb tələbəni evlərinə yeməyə dəvət eləyirdilər. Münhendə belə tələbələrdən biri də tibb təhsili alan və əslən yəhudi olan polşalı Maks Talmud idi. O, Albertə oxumaq üçün dərsliklər gətirir. Uşaq ulduzların hərəkətindən tutmuş, dinozavrların doğulmasına qədər hər şeyi acgözlüklə oxuyur, kainatın sirlərinə bələd olur. Talmud onun kitablara olan marağına mat qalır. O, Alberti daha ciddi ədəbiyyata həvəsləndirməyə başlayır. Hətta ona Kantın9 əsərlərini də gətirir. Bir neçə aydan sonra isə Talmud şagirdinin artıq onu üstələməyə başladığını etiraf edir.
Ailənin ən xoşbəxt günləri Münhendə keçir. Eynşteynlər hamısı bir yerdədir. Onların həyatında bir də belə dövr olmayacaqdı… Budur, German qonaq otağındakı kresloda oturub. Paulina Baxın prelyudasını çalır. Albert skripkada anasını müşayiət eləyir. Sonuncu not səslənən kimi Maya sevincək əl çalmağa başlayır.
German xoşbəxtdir. Onun arzusu həyata keçib. Eynşteyn qardaşları Münhendə elektrik lampaları hazırlayan müəssisə yaradıblar. Tezliklə dinamo maşınlarının istehsalına başlayacaqlar. Yakob artıq bütün çertyojları çəkib. Onlar Münhenin böyük bir məhəlləsini elektrik lampası ilə təchiz edirlər. Müəssisədə hazırlanan beş min fənər şəhərin küçələrini işıqlandırır. Ancaq elə bu vaxt onların rəqibi peyda olur. Bu, hazırda dünyanın ən nəhəng şirkətlərindən biri olan Simensdir. Eynşteyn qardaşları fəaliyyətlərini genişləndirə və rəqabətə davam gətirə bilmək üçün 1894-cü ildə on min mark10 borc almalı olurlar. German kommersiya direktoru kimi işini yarıtmır: gəlir-çıxarı düz hesablaya bilmir. Beləliklə, elə həmin ildəcə qardaşlar müflis olur və müəssisə bağlanır. Bununla da Eynşteynlərin bütün Almaniyanı işığa qərq etmək arzusu elə arzu olaraq da qalır.
Evi satmaq lazım gəlir. Münhendən də getməli olacaqlar. Onlar başqa ölkəyə köçmək haqqında fikirləşirlər. Çünki Almaniyada rəqabət həddindən artıq güclüdür. Eynşteynlər bu rəqabətə artıq heç cür tab gətirə bilməzlər.
Belə bir vaxtda German, deyəsən, çıxış yolu tapır. Yox, o təslim olmaq fikrində deyil! Sadəcə, sərhədi keçmək, işığı Alp dağlarının o biri üzünə, İtaliyaya aparmaq lazımdır. İtaliya artıq modernləşmə yolunu tutub. Qardaşlar orada öz şirkətlərinin nümayəndəliyini yaradırlar. Paulinanın zəngin valideynləri Milanla əlaqə qurur. Ailə Paviaya11 köçmək qərarına gəlir. Çünki həmin vaxt Simenslər hələ Paviyaya gedib çıxmamışdılar.
Albertin on beş yaşı var. İtalyanca bir kəlmə də bilmir. Orta təhsil haqda attestat almaq üçünsə Münhendə hələ üç il gimnaziyada oxumalıdır. Deməli, sinif yoldaşlarının kinayəli atmacalarına düz üç il də dözməlidir. Ən başlıcası isə gimnaziyanı bitirəndən sonra onu orduya çağırış gözləyir: sərt nizam-intizam, alman qabalığı, hərbi musiqi, parad – bir sözlə, nifrət etdiyi hər şey qarşıdadır. Lakin İtaliyaya getsə, bütün bunlardan qurtular.
Bununla belə, xeyli götür-qoydan sonra Albert Münhendə qalmaq qərarına gəlir. Çünki təhsilini heç nəyə qurban vermək istəmir. Onun elmə olan həvəsi hərbi mundir qarşısındakı qorxusuna üstün gəlir.
Albert ailəsini ürək ağrısı ilə İtaliyaya yola salandan sonra özünə Münhendə ev kirayələyir. Lakin ailəsindən uzaq qalmaq onda ruh düşkünlüyü yaradır. Qüssədən dərslərdə otura bilmir. Müəllimlərin ciddiyyət yağan sifətinə baxanda anasının təbəssümünü xatırlayır. Axı 15 yaşlı yeniyetmə niyə öz doğmalarından uzaqda, yad adamların arasında yaşamalıdır? Albert artıq ədəb qaydalarına, nizam-intizama bir o qədər də riayət eləmir, müəllimlərin əmrlərini yerinə yetirmir. «Eynşteyn, sizdən heç nə çıxmayacaq!» – yunan dili müəlliminin həmin vaxt söylədiyi bu sözləri xatırlatmaq kifayətdir. Bir sözlə, gələcəyin böyük alimini sinif yoldaşlarına pis nümunə olmaqda günahlandırırdılar.
Aylar ötüb-keçir. Albert ailəsindən uzaqda özünü çox bədbəxt hiss eləyir. Gimnaziya ilə arasındakı uçurum get-gedə dərinləşir. Elə bu vaxt Maks Talmudun həkim qardaşı ona arayış verir ki, depressiyadan müalicə olunmaq üçün yarım il istirahət etməlidir. Albertə İtaliyaya, ailəsinin yanına getməyi məsləhət görürlər. Həmin vaxt onu yenə yunan dili müəlliminin yanına çağırırlar. Müəllim deyir ki, gimnaziyanı tərk etsə, yaxşı olar! Səbəb isə çox sadədir: məktəbdəki nizam-intizama mənfi təsir göstərir! Beləliklə, onu gimnaziyadan qovurlar. Albert xilas olur! O artıq Almaniyanı tərk edib ailəsinin yanına yola düşə bilər. Tezliklə Mayanı görəcək, anasının çaldığı sonataları dinləyəcək, Yakob əminin verdiyi tapşırıqları həll edəcək…
Qatarın pəncərəsindən Avstriyanın gözəl təbiət mənzərələri bir-birini əvəz eləyir: qarlı dağlar, qalın meşələr… Albert pəncərəni açır. Sinədolusu nəfəs alır. Təmiz hava başını gicəlləndirir. Gələcəyi hələ qarşıdadır. Artıq kəsif qoxulu yarıqaranlıq sinif otağında deyil. Oradan qaçmağa özündə cəsarət tapdı. Gələcək onundur. Cibində bir qəpiyi belə olmadan müflisləşmiş ailəsinin yanına gedir. Diplom haqqında düşünməyi isə özünə qadağan edib. O, həyəcanla füsunkar mənzərələri seyr eləyir. Dağlar necə də gözəldir! Həyat nə qədər möhtəşəmdir! Qaçdığı yerdə dünya haqqında təsəvvürü necə məhdud imiş. Bir daha ora qayıtmayacaq!
Qatarla Alpdan keçdiyi müddətdə cəsarətli qərar qəbul edəcək. Almaniya vətəndaşlığından imtina etmək niyyətindədir. 15 yaşında vətəndaşlığı olmayan insan! Sanki çiynindən ağır yük götürülür. Bu qərarın nə demək olduğunu yaxşı başa düşür. Üç il sonra Münhen kazarmasında onun soyadını çağıran leytenanta heç kim cavab verməyəcək. Beləcə, o, fərari sayılacaq. Yəqin, doğulduğu ölkəyə bir də qayıda bilməyəcək. Cəhənnəmə ki!..
Pəncərə şüşəsindəki əksinə baxır və… gülümsəyir. Neçə aydan bəri ilk dəfədir ki, üzündə təbəssüm görünür. O, azaddır. Qatar İtaliya sərhədini keçəndə bu xəbəri atasına necə deyəcəyini fikirləşir. Onun gülərüz sifəti gözünün qabağına gəlir. Həyəcanı bircə anda yoxa çıxır.
Paviada qatardan düşür. Məktəbi atıb, ölkəsini tərk edib, ancaq özünü heç vaxt bu qədər qətiyyətli hiss etməyib.
Evdə onu sevinclə qarşılayır, sorğu-suala tuturlar. Baş verənləri öyrənəndə narahat olurlar: məktəbi atmaq, fərarilik etmək? Doğrudanmı özünü təsdiqləməyin başqa yolu yox idi?
Albert terrasa12 çıxıb mavi səmaya baxır. Skripkanı götürüb çalmağa başlayır. Germanla Paulina gözlərini ondan çəkmirlər. Bir yandan narahat olur, digər tərəfdən qürür hissi keçirirlər: belə cəsarətli uşağın başına pis nə gələ bilər axı?! Əlbəttə, onun bu qərarının qorxudan doğduğunu düşünənlər də tapılacaqdı. Ancaq on illər sonra Gestapo arxasınca düşəndə nasist
9
10
11
12