Səlahəddin Əyyubi. Петр Ефимович ЛюкимсонЧитать онлайн книгу.
görə yaxşı təhsil almışdı: o, Quranla yanaşı, cəbr, həndəsə, astronomiya kimi elmlərlə bağlı dərin biliklərə malik idi. Qədim dünyanın Platon, Aristotel, Evklid və Ptolomey kimi alimlərinin əsərləri ilə tanış olmuş, eyni zamanda müxtəlif dövrlərə aid ərəb poeziyası nümunələrini oxumuşdu. Bəzi qaynaqlara görə, o hətta IX əsr şairi Əbu Təmmamın tərtib etdiyi oncildlik ərəb şeiri antologiyasını da az qala əzbər bilirdi. Sonralar onun zəngin şəxsi kitabxanasında müsəlman şairləri və alimləri ilə yanaşı, yunan, Roma və yəhudi müəlliflərinin də əsərləri yer alacaqdı.
Yusifin (yaxşısı budur, indən sonra biz onun haqqında məşhur adı ilə – «Səlahəddin» kimi bəhs edək) maraqlı bir vərdişi də vardı: o, müxtəlif çətin məsələ və bilməcələri həll etməkdən zövq alır, bu isə onun zehnini daha da itiləşdirirdi. Belə rəvayət edirlər ki, Səlahəddin həmin şakərindən ömrü boyu əl çəkməyib. Hətta bu barədə məşhur bir əfsanə də var. Həmin əfsanəyə görə, sultan olduğu zamanlarda Səlahəddinin yanına əsir bir cəngavər4 gətirirlər. Sultan əsirdən azad edilməsi üçün yüz min dinar5 istəyir. Bu həmin vaxt üçün çox böyük məbləğ idi – az qala böyük bir şəhərin illik gəlirinə bərabərdi. Əsir cəngavərin bu qədər pulu olmadığından Səlahəddin ona ikinci təklifi edir. Deyir: «Bir tapmaca deyəcəyəm, əgər cavabını tapsan, azad ediləcəksən, yox, əgər tapmadınsa, ödəyəcəyin məbləğ ikiqat artacaq». Cəngavər razılaşır.
Səlahəddin deyir: «Elə isə, məni yaxşı dinlə! Sənə on iki ədəd qızıl pul, bir də, adi bir tərəzi verirlər. Ancaq tərəzinin çəki daşı yoxdur. Qızıl pullardan biri isə saxtadır. Saxta pulun əsl pullardan yüngül və ya ağır olduğu da bilinmir. Cəmi üç dəfə çəkməklə o pulu səhərə qədər tapmasan, özünü ölmüş bil!»
Cəngavər tapmacanın cavabını tapır. Onun buna necə nail olduğu barədə qaynaqlarda heç nə yazılmayıb, bircə o məlumdur ki, sultan nəinki əsiri azad edir, hətta onu bahalı hədiyyələrlə yola salır.
Bu, Səlahəddinin nə qədər mərhəmətli və ədalətli şəxsiyyət olduğunun ifadəsidir.
Beş-altı yaşına qədər Səlahəddin evin qadınlara aid olan hissəsində təlim-tərbiyə almışdı. Həmin vaxt islam ölkələrində qəbul edilən şəriət qaydalarının tələbi belə idi.
Ata nənəsi hələ erkən yaşlarından Səlahəddinin digər nəvələrindən çox fərqləndiyini, onlardan daha zirək və ağıllı olduğunu sezmişdi. Bu səbəbdən də belə fikirləşirdi ki, əsas vəliəhd məhz Səlahəddin olmalıdır. Hətta deyilənə görə, anası Səlahəddinə hamilə olarkən nənəsi yuxuda görübmüş ki, yatmış gəlininin yatağına nəhəng bir ilan soxuldu. Gəlin diksinib oyandı, qorxusundan tərpənə bilmədi. Bu zaman onun qarnı yarıldı, oradan döyüşçü qiyafəsində bir igid oğlan çıxdı və ilanın başını əzdi. Yuxunun yozumu birmənalı idi: yeni doğulacaq uşaq oğlan olacaqdı, qüdrətli bir sərkərdəyə çevriləcək və islam düşmənlərinə meydan oxuyacaqdı. Bir dəfə isə Səlahəddin bağçada oynadığı vaxt nənəsi onun zəhərli bir ilanın quyruğundan tutaraq daşla başını əzdiyini görür. Bundan sonra onun nəvəsinə olan inamı daha da möhkəmlənir.
Elə ki Səlahəddin təlim-tərbiyəsini kişilər arasında davam etdirəcək yaşa çatır, nənəsi öz oğullarına tapşırır ki, ona xüsusilə göz-qulaq olsunlar. Beləcə, gələcəyin böyük sərkərdəsi həmin vaxtdan atasının və əmisinin nəzarətinə keçir. Onlar Səlahəddinin bir şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayırlar.
Nəcməddin Əyyub təhsilə xüsusi önəm verirdi. Buna görə də oğlanlarına dini elmlərlə yanaşı, dünyəvi elmlər öyrədən müəllimlər də tutmuşdu. Özü sufi6 təriqətinə mənsub idi, hətta Tikritdə sufi məktəbi yaratmışdı. Sufilər kamil insan axtarışında idilər. Bu mənada Nəcməddin olduqca dürüst, özünə qarşı hədsiz dərəcədə tələbkar xarakterə malik biri idi. Elə Səlahəddin də özünü atasına oxşatmağa çalışırdı. Əmisi Şirkuh isə təbiətcə fərqli idi, o sanki anadan döyüşçü kimi doğulmuşdu, dəlisovdu. Belə hesab edirdi ki, əsl kişi yalnız kitablardan yapışıb qalmamalı, eyni zamanda əlində qılınc daim at belində olmalıdır. Bundan başqa, Şirkuh İmadəddin Zəngi kimi yeyib-içməyi xoşlayırdı. Bu səbəbdən hələ gənclik yaşlarından inanılmaz dərəcədə kökəlmişdi. Ancaq maraqlıdır ki, artıq çəkisi və qısa boyu nə at çapmaqda, nə də qılınc çalmaqda ona mane olurdu. Hətta təkcə özünün və qardaşının deyil, qohum-əqrəbadakı oğlan uşaqlarına da döyüş fəndlərini məhz Şirkuh öyrədirdi.
Beləliklə, Səlahəddin atasını dinlədikcə dinə və elmə daha möhkəm bağlanır, əmisi sayəsində isə bir döyüşçü kimi yetişirdi. O, eyni zamanda hər ikisindən qəddar firənglərin islam torpaqlarına soxulması, müsəlman şəhərlərini xaraba qoyması barədə söhbətləri maraqla dinləyir, qadın, uşaq, qoca demədən Qüdsün müsəlman və yəhudi əhalisinin qılıncdan keçirilməsi haqda deyilənlərə heyrət içində qulaq asırdı. Bütün bunlar Səlahəddinin yaddaşında dərin izlər buraxmış və onun dünyagörüşünə təsirsiz ötüşməmişdi.
Həmin dövrdə müsəlmanların xaçlılarla bağlı təsəvvürləri olduqca tükürpərdici idi. Onlar firəngləri vəhşi, barbar hesab edir və belə fikirləşirdilər ki, xaçlılar adi gigiyena qaydalarından xəbərsizdirlər, yuyunmurlar, ədalət hissindən isə məhrumdurlar. Hətta belə çıxırdı ki, əməlli-başlı hannibalizmlə məşğuldurlar: qarınlarını öldürdükləri müsəlmanların, xüsusilə də uşaqların əti ilə doyururlar. Bütün bu söylənilənlər Səlahəddində xaçlılara qarşı dərin nifrət oyadır, ürəyindən tez böyümək və qəddar işğalçılarla döyüşə girmək keçirdi. Elə müqəddəs Qüds şəhərini xaçlılardan azad etmək arzusu da, yəqin ki, Səlahəddinin qəlbində elə o vaxtdan oyanmışdı… Düzdür, o, sonralar etiraf edəcəkdi ki, atasıyla əmisinin bütün danışdıqlarına inanmırmış. Məsələn, öz uşaq ağlı ilə firənglərin insan əti yediyinə dair deyilənləri nağıl sayırmış. Lakin istənilən halda Səlahəddin hələ erkən yaşlarından xaçlılara qarşı qəzəb duyğusu ilə böyümüşdü.
Səlahəddinin ailəsi Dəməşqə köçür
Nəcməddin Əyyubla Şirkuh belə hesab edirdilər ki, xaçlıları müsəlman torpaqlarından qovub-çıxarmağın yeganə yolu daxili çəkişmələri bir kənara qoyub birləşməkdir. Bunu isə ancaq öz himayədarları, Mosul hakimi İmadəddin Zəngi bacara bilərdi.
İmadəddin hələ ki qələbələrinə davam edirdi: 1144-cü ildə o, xaçlıların 46 il öncə ələ keçirdiyi Edessanı (indiki Türkiyə ərazisindəki Urfa şəhəri) işğalçılardan təmizlədi. Həmin hadisə müsəlmanlar üçün növbəti bayrama çevrildi. Baalbekdə hətta bu münasibətlə təntənəli mərasim də keçirildi. Həmin vaxt Səlahəddinin 7 yaşı vardı və mərasimdə o da iştirak etmişdi.
Lakin aradan iki il keçəndən sonra Baalbekə bu dəfə qara xəbər gəldi: atabəy İmadəddin Zəngi Mosulla Hələb arasında yerləşən Cəabar qalası uğrunda döyüş zamanı öz adamlarından biri tərəfindən qətlə yetirilmişdi. Həmin qətllə bağlı bir neçə fərziyyə mövcuddur. Onlardan biri (və ən ağlabatanı!) belədir
4
5
6