Şauşenkdən qaçış. Стивен КингЧитать онлайн книгу.
Bundan əlavə, uşaqlardan xahiş edəcəyəm ki, sizə həbsxanada davranış qaydalarını qısaca izah etsinlər. Mən sərt tədbirlərin tərəfdarı deyiləm, anlayın, amma özümü necəsə qorumalıyam, yoxsa biznesimin axırı yaxşı olmaz. Məncə, bu, tam təbii istəkdir.
‒ Bəli, razıyam. Narahat olmaya bilərsiniz.
‒ Narahat olmaq kimi axmaq vərdişim yoxdur. Belə bir yerdə bu, mənasız və gülməli olardı…
O, başı ilə sağollaşıb yoluna davam etdi. Üç gündən sonra, camaşırxanada nahar fasiləsi zamanı o mənim yanımdan ötdü, nə bir söz dedi, nə də mənə tərəf baxdı. Amma fırıldaqçı qumarbazlara xas cəldliklə ovcuma pul basdı. Bu oğlan şəraitə çox tez uyğunlaşmağı bacarmışdı!
Çəkic artıq məndə idi. O düz bir gün mənim kameramda qaldı və bu alətin eynilə Endinin təsvir etdiyi kimi olduğunu gördüm. Əlbəttə, həmin alətin köməyi ilə buradan qaçmağın mümkünlüyünü düşünmək gülünc idi. Buna ən azı altı yüz il vaxt lazım gələrdi. Ancaq mən yenə də tərəddüd içində idim. Əgər çəkicin iti ucu nə vaxtsa kiminsə başına ensə, o yazıq bir də heç vaxt bizim gözəl həyətimizə gəzməyə çıxmayacaq… Mən artıq Endinin “bacılar”la problemi yarandığını eşitmişdim və çox ümid edirdim ki, çəkic onlar üçün nəzərdə tutulmayıb.
Ümidlərim özünü doğrultdu. Səhərisi, sübh tezdən, “qalx” komandasının səslənməsinə iyirmi dəqiqə qalmış mən çəkici Erniyə ötürdüm. Belə bir yaxşı oğlan vardı, 1956-cı ildə buradan gedənə qədər beşinci bölmənin dəhlizini süpürürdü. O, dinməzcə çəkici götürdü və mən növbəti on doqquz il ərzində Endinin bu alət vasitəsilə törətdiyi hər hansı xoşagəlməz hadisə barədə heç nə eşitmədim.
Növbəti bazar günü Endi həyətdə mənə yaxınlaşdı. Sizə deyim ki, yaman gündə idi. Alt dodağı partlayıb şişmişdi, ətrafı gömgöy göyərmiş sağ gözü ancaq yarıya qədər açılırdı, yanağı sıyrılmışdı. “Bacılar”la aralarındakı gərginlik davam edirdi, amma Endi bu barədə bir söz belə söyləmədi.
‒ Alətə görə təşəkkür edirəm, ‒ o bunu deyib aralandı.
Maraqla ona göz qoyurdum. O, bir neçə addım gedib dayandı, əyilib yerdən balaca daş götürdü. Sonra üstünün tozunu təmizləyib onu diqqətlə nəzərdən keçirdi. Həbsxana paltarında ciblər nəzərdə tutulmayıb. Amma vəziyyətdən çıxış yolu tapmaq hər zaman mümkündür. Daş paltarın qolunda gözdən itdi və Endi yoluna davam etdi…
Mən ona heyran qalmışdım. Problemlərindən şikayətlənmək əvəzinə o, sakitcə yaşamağa davam edir, həyatını mümkün qədər maraqlı etməyə çalışırdı. Ətrafda minlərlə insan hadisələrə bu cür münasibət bəsləməyə qadir deyil, özü də təkcə burada yox, həbsxana divarlarından kənarda da belədir. Onu da deyim ki, Endinin sifəti dünənki münaqişə nəticəsində eybəcər hala düşsə də, dırnaqları son dərəcə səliqəli və təmiz idi.
Növbəti altı ay ərzində onu nadir hallarda gördüm. Bu vaxtın çoxunu Endi təkadamlıq kamerada keçirdi.
V fəsil
İndi isə “bacılar” haqda bir neçə kəlmə deyim. Başqa həbsxanalarda belələrini ayrı cür adlandırırlar. Sonralar “canilərin kraliçaları” adı dəbə mindi. Amma Şauşenkdə onları həmişə “bacılar” çağırıblar. Sözün düzü, elə böyük fərq görmürəm. Necə adlandırılmasından asılı olmayaraq mahiyyət dəyişmir.
Həbsxana divarları arxasında sodomiyanın5 çiçəklənməsi indi heç kim üçün sirr deyil. Burada təəccüblü heç nə yoxdur. Bir xeyli kişi uzun müddət təcrid olunmuş vəziyyətdə qalır və tələbatını ənənəvi üsulla ödəyə bilmir. Buna görə də azadlıqda yalnız qadınlarla münasibətdə olan çoxları aşıb-daşan istəklərindən başlarına hava gəlməsin deyə kişilərlə cinsi əlaqəyə girməyə məcbur olur. Ancaq mənim fikrimi bilmək istəsəniz, deyərdim ki, onlarda uşaqlıqdan buna meyil olub. Çünki onlar, özləri də dedikləri kimi, yalnız qarşı cinsin nümayəndələri ilə münasibətdə olmağı xoşlasaydılar, səbirlə azadlığa buraxılacaqları, arvadlarına və rəfiqələrinə qovuşacaqları günü gözləyərdilər.
Eyni zamanda bəxtləri gətirməyib cavan, qəşəng və ehtiyatsız olan xeyli kişi də var. Onları artıq həbsxanada yoldan çıxarıblar. Belələri, əsasən, qadın rolunu oynayırlar. Bu bədbəxtlərin tərəf-müqabilləri onların üstündə bir-biri ilə mübarizə aparırlar.
Bir də “bacılar” var. Həbsxana divarlarının o tayında “zorakı adam” kimə deyirlərsə, bu tayında da eyni təbiətli adamlara “bacı” deyirlər. Adətən, “bacılar” ağır cinayətlər – zorlama, qətl, qarət – törətdiklərinə görə uzunmüddətli cəza çəkənlərdir. Onların qurbanları isə, bir qayda olaraq, cavan, zəif və təcrübəsizlər, ya da Endi kimi kənardan belə görünənlər olur. “Bacılar”ın ov yerləri duşxana, camaşırxananın arxasındakı balaca hücrə, bəzən də tibb məntəqəsidir. Zorlama hadisələri dəfələrlə camaşırxananın anbarında, yaxud onun arxasındakı yardımçı otaq rolunu oynayan kiçik, dolab kimi darısqal bir yerdə baş verib. Çox vaxt “bacılar” istəklərinə zorla – gücləri çatırsa, yaxud xoşluqla nail olurlar: onların artıq yoldan çıxarılmış qurbanları, on altı yaşlı qızlar öz Sinatralarına, Preslilərinə, Redfordlarına vurulduqları kimi, tərəf-müqabillərinə məzəli şəkildə məftun olurlar. Ancaq “bacılar” istədiklərini zorla əldə etməkdən daha böyük zövq alırlar… Güman edirəm ki, bu, həmişə belə də olacaq.
Şauşenkə gəldiyi ilk gündən Endi “bacılar”ın diqqət mərkəzinə düşüb. Yəqin, səliqə-sahmanı, xoş zahiri görünüşü və tam daxili sakitliyi ilə onları özünə cəlb edib. Əgər mən sizə nağıl danışsaydım, deyərdim ki, Endi “bacılar”la uzun zaman mübarizə apardı və onlar arzularına çata bilmədilər. Mən belə demək istərdim. Amma həbsxana nağılların həqiqətə çevrildiyi yer deyil.
Birinci dəfə ona Şauşenkə gəlişindən üç gün sonra yaxınlaşıblar. Bununla, sadəcə, qüvvələrini sınamaq istəyiblər. Çaqqallar şikarlarını tutmazdan qabaq ətrafında dolanır, onun müdafiəsiz olduğuna əmin olmaq istəyirlər.
Endi qəfil çönüb “bacılar”dan birinin – Boqs Daymond adlı yekəpərin dodağını partlatmışdı. Gözətçi iş böyüməmiş onları ayırmışdı. Ancaq Boqs gec-tez Endini əlinə keçirəcəyinə söz vermiş və vədinə əməl etmişdi.
İkinci hadisə camaşırxananın arxasındakı yerdə baş vermişdi. Uzun illər ərzində bu tozlu, ensiz otaqda nələr baş verməmişdi ki? Gözətçilər hər şeyi çox gözəl bilir və hadisələrin öz axarı ilə getməsinə imkan yaradırdılar. Ora olduqca darısqal idi, yerdə paltaryuyan və ağardıcı toz qutuları, “Hekslayt” katalizatorlarının kisələri qalaqlanmışdı. Əgər əlləriniz qurudursa, bu katalizator duz qədər zərərsiz, yox, yaşdırsa, zəhərli turşu kimi təhlükəlidir. Gözətçılər balaca otağa girməyi xoşlamırdılar. Orada hərəkət etmək üçün yer yox idi. Bu qoçaqları isə işə götürəndə, ilk növbədə, tapşırırlar ki, məhbusların onları mühasirəyə ala biləcəkləri və ya qaçmaq imkanı olmayan yerlərə getməsinlər.
Həmin gün Boqs camaşırxanada deyildi. Ancaq
5