Dəfinələr adasının sirri. Энид БлайтонЧитать онлайн книгу.
dəfə qıza, ümumiyyətlə, inanmaq mümkün deyildi! Ancaq Corcina qətiyyətlə başını tərpədib dedi:
– Bəli, gəmi mənim ulu babalarımdan birinə məxsus olub. Onunla qızıl daşıyırmış, hamısı da iri külçə formasında… Evə qayıdanda isə gəmi Kirrin adasının yaxınlığında suya qərq olub.
– İşə bir bax! – Enn təəccüblə dilləndi. – Heyrətdən qızın gözləri bərəlmişdi. – Bəs qızıllar necə olub?
– Bunu heç kim bilmir, – Corcina dedi. – Yəqin, gəmidən oğurlayıblar. Çünki dalğıclar neçə dəfə suyun altına dalsalar da, gəmidən heç nə tapmayıblar.
– Nə maraqlıdır! – Culian dilləndi. – Mən bu batmış gəmini öz gözlərimlə görmək istərdim.
– Elə isə biz günortadan sonra ora yollana bilərik, həmin vaxt çəkilmə bir az da artır, – Corcina dedi. – Bu gün su elə sakit və şəffafdır ki, gəminin bir hissəsini görə bilərik.
– Lap qiyamət olar! – Enn sevincək dedi. – Mən də batmış gəmini öz gözlərimlə görmək istəyirəm.
Uşaqlar gülüşdülər.
– Bəs indi ora üzə bilərik? – Dik Corcinadan soruşdu.
– Əvvəlcə mən gərək gedib Timotini gətirim, – qız bunu deyib ayağa qalxdı.
– Timoti kimdir?
– Siz sirr saxlamağı bacarırsınız? – Corcina suala sualla cavab verdi. – Axı evdə heç kim onun barəsində bilməməlidir.
– Nə sirr? – Culian səbirsizliklə soruşdu. – Bizə hər şeyi danışa bilərsən. Biz xəbərçi deyilik.
– Timoti mənim ən yaxın dostumdur, – Corcina izah elədi. – Mən onsuz yaşaya bilmərəm, ancaq anamla atamın ondan xoşları gəlmir. Odur ki evdə bu barədə bir kəlmə də danışmamalısınız. Gedib onu gətirim.
Corcina bunu deyib cığırla üzüyuxarı qaçmağa başladı. Uşaqlar onun arxasınca maraqla baxırdılar. İndi Corcina onların nəzərində dünyanın ən qəribə qızı idi.
– Bu Timoti haradan çıxdı? – Culian dilləndi. – Yəqin, balıqçı ailəsindən olan hansısa oğlandır. Ona görə də Corcinanın valideynləri onunla dostluq etməsini istəmirlər.
Uşaqlar yumşaq qumun üstünə uzanıb gözləməyə başladılar. Çox keçmədən qızın cingiltili səsi eşidildi.
– İrəli, Timoti, irəli!
Uşaqlar cəld dönüb ona tərəf baxdılar. Oğlan-zad gözə dəymirdi. Əvəzində iri, qəhvəyi rəngli, uzun quyruqlu bir həyət iti Corcinanın ətrafında hoppanıb-düşərək qayalıqdan aşağı gəlirdi. Onlar gəlib uşaqların yanına çatanda Corcina iti göstərib dedi:
– Baxın, Timoti budur. – Mən onu qısaca Timmi deyə çağırıram. Çox qəşəngdir, elə deyil?
Əslində, Timotidə gözəllikdən əsər-əlamət yox idi. Bədəni namünasib formada idi: başı çox böyük, qulaqları sallaq, quyruğu da həddindən artıq uzun idi. Hansı cinsdən olduğunu da müəyyənləşdirmək mümkün deyildi. Ancaq it elə cəld, elə mehriban və gülməli idi ki, uşaqların dərhal xoşuna gəldi.
– Sən nə sevimli heyvansan, – Enn itə yaxınlaşıb dedi. İt dərhal onun burnunu yalamağa başladı. – Necə də istiqanlıdır!
– Nə qəşəng itdir! – Dik də bunu deyib Timotini sığallamağa başladı. İt onun ətrafında dəli kimi hoppanıb-düşürdü.
– Mən də istərdim ki, belə bir itim olsun! – Culian dilləndi. – Necə sevimli heyvandır!
O, həqiqətən, itləri çox sevirdi və həmişə arzulayırdı ki, onun da balaca bir köpəyi olsun.
Corcina əmisi uşaqlarının söylədiklərini eşidincə məmnunluqla gülümsündü. Sonra qumun üstündə oturdu, it isə onun əllərini, ayaqlarını yalamağa başladı.
– Mən onu çox istəyirəm, – qız dedi. – Timmini bir il bundan əvvəl süpürgə kollarının içindən tapmışdım, onda lap balaca idi. Evə gətirdim, di gəl böyüyəndən sonra nadinclik eləməyə başladı.
– Nə edirdi ki? – Enn soruşdu.
– Evdə nə görsə, ağzına salıb çeynəyirdi, – Corcina sözünə davam elədi. – Didib yararsız hala salmadığı bir şey qalmamışdı: anamın ən gözəl şlyapasını və aldığı təzə xalçanı, atamın çəkələklərini, kağız-kuğuzlarını, bir sözlə, çox şeyi… Bir də ki, elə hey hürürdü. Timotinin hürməsi mənim xoşuma gəlir, atamın isə yox… Deyir ki, itin hürməsi onun əsəblərini korlayır. Buna görə də mənə Timmini evə gətirməyi qadağan elədi. Anam da atamın tərəfini saxladı. Həmin vaxt mən günlərlə ağladım. Halbuki başqa vaxt gözümdən bir damcı da yaş çıxmaz. Axı oğlanlar ağlamaz, elə deyil? Mən isə oğlanlar kimi olmaq istəyirəm.
– Hərdən oğlanlar da ağlayır, – Enn qardaşı Dikə baxaraq dedi. – Məsələn, bizim Dik üç-dörd il bundan əvvəl hər şeyə zırıldayırdı.
Dik bacısının böyrünə bir dümsük vurdu, qız dərhal səsini kəsdi.
– Oğlanlar heç vaxt ağlamır, – Corcina Ennə baxaraq qətiyyətlə dedi. – Hər halda, mən ağlayan oğlan görməmişəm. Özüm də çalışıram ki, heç vaxt ağlamayım. İntəhası Timotidən ayrı qalacağımı fikirləşəndə özümü saxlaya bilmədim. Təsəvvür edirsiniz, hətta o da ağlayırdı!
Uşaqlar təəccüblə Timotiyə baxdılar. Onlar itlərin ağladığını bilmirdilər.
– Necə yəni, ağlayırdı? – Enn soruşdu. – Əməlli-başlı gözündən yaş axırdı?
– Yox, elə deyil, – Corcina cavab verdi. – O dayanmadan zingildəyirdi. Özü də elə yazıq görkəm almışdı ki, ona baxanda ürəyim parçalanırdı. Mən ondan ayrıla bilməzdim.
– Bəs sonra nə oldu? – Culian maraqla soruşdu.
– Ceyms adında tanış bir oğlan var, balıqçı oğludur. Onun yanına gedib soruşdum ki, Timotini öz yanında saxlaya bilər, ya yox? Dedim ki, əvəzində bütün cibxərcliyimi ona verərəm. O da razılaşdı. İndi Timoti onun yanında qalır. Mənimsə heç vaxt pulum olmur. Bütün pulumu ona xərcləyirəm. Yarısını balıqçının oğluna verirəm, yarısına da Timmi üçün yemək alıram. Axı o, çox yemək yeyir. Düzdür, Timmi?
– Hav-hav! – it iki dəfə hürüb qabaq pəncələrini irəli uzatdı. Culian onu qıdıqlamağa başladı.
– Bəs ürəyin şirin bir şey istəyəndə nə edirsən? Məsələn, dondurma, – özünə verilən cibxərcliyinin çox hissəsini şirniyyata xərcləyən Enn maraqla soruşdu.
– Heç nə, – Corcina dedi. – Şirniyyatsız da keçinərəm.
Bu, uşaqlara çox dəhşətli gəldi: axı onlar dondurmanı, şokoladı və başqa şirniyyatları çox sevirdilər.
– Bəs çimərlikdəki başqa uşaqlar səni dondurmaya və ya konfetə qonaq eləmirlər? – Culian soruşdu.
– Mən onlardan heç nə götürmürəm, – Corcina dedi. – Əgər özüm kimisə qonaq eləyə