Billikok təpəsinin sirri. Энид БлайтонЧитать онлайн книгу.
oğlanı qulaqlarınadək düşmüş «papaq»dan xilas elədi və Benni yenidən Tobinin üstünə hücum çəkdi.
– Çox pis adamsan! Sənin üzündən Qıvrım həmişəlik qaçıb getdi.
– Sənin Qıvrımın tapılacaq, bağırma, – Tobi qardaşını yüngülcə kənara itələdi. – Nədən desən, mərcə gələrəm, o, evin arxasında durub səni gözləyir, inanmırsan, get, bax!
Benni dərhal yoğun ayaqlarına güc verərək həmin tərəfə qaçdı.
Tobi rahat nəfəs alaraq dedi:
– Çox şükür, bir neçə dəqiqəlik də olsa, ondan canımız qurtardı.
Sonra üzünü Dikə tutub soruşdu:
– Səncə, heç nəyi unutmamışıq ki? Fənər, kibrit, şam… hamısını götürmüşük?
Dik cavab verdi:
– Hər şey qaydasındadır.
Culian dedi:
– Yaxşı ki, sən bir neçə adyal da götürdün, havanı bilmək olmur, bir də gördün, dəyişdi. Dənizlə zarafat eləmək bizə baha başa gələ bilər.
– Qar yağsa, aşağı enib özünüzə əlavə adyal götürərsiniz, – Tobi dedi. – Bizdə onların sayı-hesabı yoxdur. İndi isə gəlin yükləri yerbəyer edək.
Onlar əvvəlcə bütün əşyaları velosipedlərə yükləməyə cəhd etdilər, lakin bu, mümkün olmadı. İşi belə görən Tobi anbardan əl arabasını gətirdi.
– Velosipedlərin bir faydası yoxdur, onlar bizə əlavə yükdür, – Dik dedi.
– Əlbəttə, qoyun qalsın, onlara burada heç kim toxunmayacaq… Uzaqbaşı bir-iki dəfə Binki minib sürəcək, vəssalam… Yaxşı, hər şeyi yüklədinizmi? Az qala unutmuşdum, anam sizə bir az yemək hazırlayıb. İndi gətirirəm.
– Çox sağ olsun, – Culian onun arxasınca qışqırdı. Sonra öz yoldaşlarına tərəf dönərək təntənə ilə dedi. – Xanımlar və cənablar! Səyahətimizin birinci hissəsi bitdi. Bundan sonra isə ikinci və əsas hissə başlayır… Ətrafı yaxşı görmək üçün yüksək bir təpədə düşərgə salmaq daha yaxşı olardı. Siz nə deyirsiniz?
– Əla! Beş qraflığın beşini də görərik, – uşaqlar bir ağızdan dilləndilər.
Bu vaxt Tobi əlində iri bağlama ilə qayıtdı.
– Baxın, burada vetçina, təzə yumurta, çörək var, – o gətirdiklərini saymağa başladı.
– Sağ ol! Sağ ol! – uşaqlar yerbəyerdən razılıqla dilləndilər. – Saymağı saxla, bəsdir, yoxsa biz qaranlıq düşənədək burada qalmalı olacağıq.
Elə bu dəm Benni qaranəfəs qaçaraq onlara yaxınlaşdı, çəhrayı rəngli şən Qıvrım da yanında idi. Benni yetişmiş çiyələklə dolu səbəti Ennə uzadıb dedi:
– Özüm dərmişəm, götür.
– Bunlar dünyanın ən gözəl və dadlı meyvələridir! – qız cavab verdi.
– Əvvəl dadına bax, sonra danış.
– Uşaq düz deyir, – Tobi qardaşı Bennini müdafiə etdi.
– Mən də sizin yanınıza gəlsəm, olar? – Benni dedi. – Qıvrımı da özümlə gətirəcəyəm. O heç vaxt təpədə olmayıb.
– Əlbəttə, gəl.
– Hər şey hazırdırsa, yola düşək, – Culian səbirsizliklə dilləndi.
– Ah, az qala yadımdan çıxmışdı, – Tobi qəfildən qışqırdı. – Anam hələ sizin üçün süd də sağıb, gözləyin!
Beləliklə, arabaya iki şüşə süd də qoyuldu və bununla da yır-yığış başa çatdı.
– Yola çıxırıq! – Culian göstəriş verdi.
Dəstə yola düzəldi. Qabaqda Timmi və Binki gedirdi. Uşaqlar itlərin dalınca addımlayırdılar. Benni də qapıya qədər onlarla gəldi. Lakin darvazadan çıxmaq istəyəndə Tobi onu saxladı.
– Bilirsən ki, ana sənə icazə verməyib!
– Niyə axı?! – Benni bunu deyib bərkdən ağlamağa hazırlaşdı.
Tobi onu sakitləşdirməyə çalışdı.
– Balacalar tez yatmalıdırlar. Sən də, Qıvrım da balacasınız. Yoxsa Qıvrım səhər durub səninlə oynaya bilməz.
Qardaşının sözləri, deyəsən, Benninin ağlına batdı. Donuz balasını qucağına götürdü, uşaqlarla vidalaşdı və geri qayıtdı.
– Benni yaxşı uşaqdır, – Tobi hasarı keçib yamacı qalxarkən dedi. – Lakin sısqa və ağlağandır.
– Zəif olsa da, gördün ki, sən qazançanı onun başına keçirəndə səni necə vurdu, – Dik bunu deyib gülümsündü. – Hazır kikboksçudur.
– Açığı, Tobi, sənin ona qarşı bu hərəkətin heç xoşuma gəlmədi, – Enn söhbətə qoşuldu.
– Bunda pis nə var? Mən ona döyüşçü keyfiyyətləri aşılayıram, – Tobi dedi.
Yoxuşu çıxmaq çətinləşmişdi, ona görə də Tobi digər oğlanlara qoşulub arabanı dartmağa başladı.
– Sənin nəsə öyrətməyinə Benninin ehtiyacı yoxdur, – Corc dedi. – O, kifayət qədər yaxşı oğlandır. Görürsən, o, heyvanları necə sevir!
– Bəli, heyvanları çox sevir. Donuzdan əvvəl quzusu var idi, ondan heç ayrılmırdı. Quzudan əvvəl isə iki qaz saxlayırdı. Qazlar onun arxasınca yuxarı mərtəbəyədək qalxırdılar.
– Bəlkə, o, məşhur zooloq, ya da mahir heyvan təlimçisi olacaq, kim bilir, – Enn dedi.
Bizim səyahətçilər cığırla üzüyuxarı qalxmağa davam edirdilər. Artıq yorulmağa başlamışdılar. Bir azdan danışmağa belə heyləri qalmamışdı. Əl arabasını yuxarı dartmaq getdikcə çətinləşirdi, indi qızların da köməyinə ehtiyac var idi…
– Hələ çox qalxacağıq? – Tobi soruşdu. – Siz lap zirvəyə çıxmaq istəyirsiniz?
– Hə, düz zirvədə düşərgə salmaq fikrindəyik, – Culian dedi.
– Onda gəlin dayanıb bir az dincələk. Lakin arabanı elə saxlamaq lazımdır ki, aşıb aşağı diyirlənməsin.
Beləliklə, uşaqlar yamacda oturub nəfəslərini dərməyə və ətrafı seyr eləməyə başladılar. Uzaqlarda bənövşəyi dumanın içində təpələr sıralanmışdı. Yaxında da yüksəkliklər var idi, ancaq onlar yaşıl rəngdə idi. Yaşıllıqların arasında qızılı qaymaqçiçəyiləri gözə dəyirdi. Yastı təpələrdə yetişməkdə olan buğda zəmiləri boy verirdi. Çaylar yamaclar boyu gümüşü saplar kimi axıb gedirdi, tünd-yaşıl, bəzən qara rəngə çalan meşə zolağı bu füsunkar mənzərəyə xüsusi gözəllik qatırdı.
– Aşağıdakı nədir? – Corc yan tərəflərdən üstü çardaqla örtülmüş nəhəng sahəni göstərib soruşdu.
– O, aerodromdur, – Tobi dedi. – Daha doğrusu, gizli hava limanıdır. Orada xüsusi təyyarələri sınaqdan keçirirlər. Mən onlar haqqında hər şeyi bilirəm. Bir qohumumuz orada xidmət eləyir,