Tom Soyerin macəraları. Марк ТвенЧитать онлайн книгу.
yanına qaçdı. Pıçıltı ilə ona dedi:
– Şlyapanızı başınıza qoyun, guya ki, evinizə gedirsiniz. Tinə çatanda o biri qızlardan ayrılıb məktəbə qayıdın. Mən sizi burda gözləyəcəm.
Bir neçə dəqiqədən sonra onlar sinifdə görüşdülər. Məktəbdə onlardan başqa, heç kim qalmamışdı. Skamyaların birində əyləşib, qrifel taxtasını öz qarşılarına qoydular. Tom qızın əlindən tutub şəkli necə çəkməyi öyrətməyə başladı. Bu qayda ilə gözəl bir ev şəkli çəkdilər. Sonra söhbət etməyə başladılar. Tom səadət dəryasında üzürdü. O, Bekkidən soruşdu:
– Siz heç sirkdə olmusuz?
– Hə, atam deyib ki, özümü yaxşı aparsam, yenə aparacaq.
– Ancaq mən dörd dəfə getmişəm. Sirkin yanında kilsə heç nədi. Sirkdə həmişə maraqlı bir şey göstərirlər. Böyüyəndə mən də gedib sirkdə kloun olacağam.
– Doğrudan? Bu lap yaxşı olar! Onlar elə qəşəngdirlər ki… paltarları da al-əlvan.
– Elədir. Bura baxın, Bekki, siz heç adaxlanmısınız?
– O nə deməkdir ki?
– Necə yəni nə deməkdir? Əvvəlcə adaxlanırlar ki, sonra ərə getsinlər.
– Yox, mən adaxlanmamışam.
– Adaxlanmaq istəyərdizmi?
– Bəlkə də. Düzü, heç bilmirəm. O nəyə oxşayır?
– Nəyə oxşayır? Nəyə oxşayacaq, heç bir şeyə. Siz oğlana deyirsiniz ki, ömrünüzdə ondan başqa heç kimi sevməyəcəksiz. Sonra isə öpüşürsüz, vəssalam.
– Öpüşürük? Öpüşmək nə üçün?
– Bilirsizmi… ona görə ki… ona görə ki, qaydadır, hamı belə eləyir.
– Hamı?
– Əlbəttə, bir-birini sevənlərin hamısı. Taxtaya yazdığım sözlər yadınızdadırmı?
– Hə…
– Nə deyirsiz?
– Bir söz deyə bilmərəm.
– Bəlkə, mən sizə deyəm?
– Yaxşı, ancaq başqa bir vaxtda.
– Yox, mən indi istəyirəm.
– İndi yox, yaxşı olar ki, sabah deyəsiz.
– Yox, indi yaxşıdır. Bekki, razı olun, nə olar! Mən lap yavaşcadan, pıçıltı ilə deyərəm.
Bekki tərəddüd elədiyindən Tom bunu razılıq saydı. Onun çiyinlərini qucaqladı, ağzını az qala qulağına yapışdırıb pıçıldadı: «Mən səni sevirəm!»
Sonra isə əlavə elədi:
– İndi həmin sözləri sən də mənə pıçılda.
Qız bir qədər müqavimət göstərdikdən sonra dedi:
– Üzünüzü yana çevirin ki, heç bir şey görməyəsiz. Onda pıçıldayaram. Ancaq ki, heç kəsə danışmayın, heç kəsə, yaxşımı, Tom?
– Yox, heç kəsə bir söz demərəm. Hə, Bekki, de görək!
Tom üzünü yana çevirdi. Qız o qədər yaxına gəldi ki, onun nəfəsindən Tomun başının tükləri tərpəndi. O, pıçıltı ilə dedi:
– Mən sizi sevirəm… sevirəm!
Bunu dedikdən sonra qız sıçrayıb yerindən qalxdı. Sonra bir küncə sıxılıb ağ yaxalığı ilə üzünü örtdü. Tom Bekkinin boynunu qucaqlayıb onu dilə tutmağa başladı:
– Hə, Bekki, daha hər şey qurtardı, bircə öpüşmək qalır. Sən lap nahaq yerə qorxursan. Bu, çox sadə bir şeydir. Xahiş edirəm, Bekki, başla görək! – Tom bunu deyib qızın əlindən və yaxalığından çəkməyə başladı.
Qız yavaş-yavaş yumşaldı, əllərini aşağı saldı. Qızarıb pörtmüş üzünü Toma tərəf tutdu. Tom onun dodaqlarından öpüb dedi:
– Vəssalam, bunda nə var ki, Bekki! Bilirsən, daha bundan sonra sən heç kəsi sevməməlisən. Məndən başqa, heç kəsə ərə getməməlisən. Bu daha həmişəlik, ömürlük bir şey oldu. Yaxşımı, Bekki?
– Hə, Tom, bundan sonra heç kəsi sevməyəcəm. Ancaq sən də məndən başqası ilə evlənmə.
– Bəs necə, əlbəttə. Belə də olmalıdır. Məktəbə də birlikdə gələcəyik. Evə də bir yerdə gedəcəyik. Oyun oynayanda da həmişə sən məni seçəcəksən, mən də səni. Qayda belədir, nişanlı oğlanla qız həmişə belə eləyirlər!
– Nə yaxşıdır! Mən heç bilmirdim.
– Eh, bu elə ürəkaçan işdir ki! Biz Emi Lourens ilə…
Tom qızın geniş açılmış gözlərini gördükdə başa düşdü ki, ağzından söz qaçırıb. Pərt olub susdu.
– Ah, Tom! Demək mən sənin ilk sevgilin deyiləm? Sənin bir dəfə nişanlın olub?
Bekki ağladı. Tom dedi:
– Bekki, ağlama! Mən onu daha sevmirəm.
– Yox, Tom, sevirsən, özün bilirsən ki, sevirsən!
Tom onu qucaqlamaq istədi. Amma qız onu itələdi, üzünü divara çevirib hıçqırdı. Tom bir də onu sakitləşdirmək istəyəndə qız onu yenə itələdi. Bunu görən Tom özünü sındırmayıb üzünü çevirdi. O, sinifdən çıxıb getdi. Çöldə durub uzun müddət gözlədi ki, bəlkə Bekki peşman olub çıxa. Ancaq qız gəlmirdi ki, gəlmirdi. Tomun ürəyindən qara qanlar axırdı, qorxurdu ki, birdən qız onu bağışlamaz. Barışmaq üçün ilk addım atmaq çətin idi, amma o, nəhayət, sinfə girdi. Bekki hələ də küncdə durub hıçqırırdı. Tom vicdan əzabı çəkdi. Ona yaxınlaşdı:
– Bekki, mən… mən səndən başqa, heç kəsi sevmirəm.
Cavab gəlmədi, qızın yalnız hıçqırıq səsləri eşidilirdi.
Tom yalvarmağa başladı:
– Bekki, heç olmasa, bircə kəlmə söz de!
Qız hələ də hönkürürdü.
Tom qiymətli şeylərinin ən qiymətlisi olan mis kürəciyini cibindən çıxarıb Bekkiyə uzatdı:
– Bekki, istəyirsən götür, qoy sənin olsun!
Qız yumruqla Tomun əlinin üstündən vurdu. Kürəcik yerə düşüb diyirləndi. Bu zaman Tom qəti addımlarla məktəbdən çıxdı və baş alıb getdi.
Bir azdan Bekkinin dalağı sancdı. O, qapıya tərəf qaçdı. Amma Tom heç yerdə görünmürdü; Qız onu çağırmağa başladı:
– Tom! Qayıt, Tom!
Bekki qulaq verdi, cavab yox idi.
O, tamamilə tək qaldı. Yan-yörədə heç kəs yox idi. Bekki sinfə qayıtdı. Özünü məzəmmət edə-edə yenə ağlamağa başladı.
Günorta fasiləsi bitdiyindən uşaqlar məktəbə toplaşmağa başladılar. Bekki dərdini hamıdan gizlədib bütün günü əzab içində oturdu.
Dəniz quldurları və soyğunçular
Tom artıq yarım saatdan sonra qalın