Sindbadın yeddi səyahəti. Группа авторовЧитать онлайн книгу.
işlər gəlir.
Hambal gecəni öz evində yatdı, səhər olcaq qalxıb yenə dəniz səyyahı Sindbadın evinə getdi. İçəri girəndə ev sahibi dedi:
– Xoş gəlmisən!
Sonra da hörmətlə öz yanında oturtdu. Qalan dostları da yığışandan sonra qonaqlara yemək-içmək gətirdilər. Onlardan ötrü saatın xoş dəqiqəsiydi, hamısı şad-xürrəm idi.
Bu vaxt dəniz səyyahı Sindbad dedi:
– İndi isə sizə ikinci səyahətimdən danışacağam.
SİNDBADIN İKİNCİ SƏYAHƏTİ
Dəniz səyyahı Sindbad hamının ona qulaq kəsildiyini görəndə əhvalatını nəql etməyə başladı:
– Bəli, dünən dedim ki, eyş-işrət içində, qəm-qüssəsiz ömür sürürdüm. Ancaq günlərin bir günü yenə ağlıma yerləşdi ki, uzaq səfərə çıxım. Təzə yerlər, adalar görmək, qara gün üçün pul qazanmaq arzusunda idim.
Qərara gələndən sonra çoxlu pul qoyub xeyli mal aldım, hamısını yol üçün qablaşdırıb bağladım. Bir gün limanda yelkəni gözəl parçadan, hər ləvazimatı, avadanlığı yerli-yerində təzə, etibarlı bir gəmi gördüm. Gəmidə çoxlu adam vardı. Başqa tacirlərə qoşulub mən də mallarımı bu gəmiyə vurdum. Elə o gün yola düşdük. Səfərimiz yaxşı keçirdi, bu dəryadan o dəryaya, bu adadan o adaya adlayırdıq. Hər yerdə tacirlərlə, əyanlarla, mal alan, mal satan adamlarla görüşüb alış-veriş, dəyiş-düyüş eləyirdik.
Günlərimiz bu minvalla keçirdi. Bir dəfə gözəl bir adaya gəlib çıxdıq. Burada çoxlu ağac vardı, meyvə bol idi, quşlar səs-səsə vermişdi, çayların suyu dumduru idi. Ancaq adada nə bir ev, nə də bir adam görünürdü. Od-ocaq yandıran yox idi. Gəmi adaya yan aldı. Tacirlər, yolçular gəmidən düşüb ağacların, quşların tamaşasına durdular, bir olan Allaha şükür eləyib yerin-göyün sahibinin qüdrətinə heyran oldular. Mən də adaya düşənlərin arasında idim, ağacların arasından axan çayın qırağında oturmuşdum. Çayın suyu göz yaşı kimi duru idi.
Özümlə bir az yemək götürmüşdüm, Allah verəndən yedim-içdim. Sərin yel əsirdi, heç bir qəm-qüssəm yox idi. Mehdən, gül-çiçəyin ətrindən xoşhallanıb mürgüləməyə başladım. Bir azdan məni yuxu tutdu, bərk yatdım. Bir də onda ayıldım ki, adada bir ins-cins qalmayıb; adamlar gəmiyə minib gediblər, heç kimin yadına düşməmişəm – nə tacirlərin, nə də gəmiçinin. Adada tək qalmışam.
Oyan-buyana ha göz gəzdirdim, özümdən başqa bir inli-cinli görmədim. Canımı qara-qorxu aldı, dərddən, qəmdən az qaldı bağrım yarılsın.
Dünya nemətindən heç nəyim yox idi – nə yeməyim vardı, nə də içməyim, tək-tənha qalmışdım, ürəyim partlayırdı. Əlacsız qalıb öz-özümə dedim: «Su sənəyi suda sınar, birinci dəfə ölmədin, sağ qaldın, adamlara rast gəldin, səni adadan insan yaşayan yerə apardılar. Bu dəfə çətin bir kəs tapasan ki, səni adam ayağı dəyən səmtə aparıb çıxarsın».
Başladım hönkürüb ağlamağa, özümə yazığım gəlirdi, əlim heç yana çatmırdı. Tutduğum işə peşman olub özümü danlayırdım ki, axı belə ağır səfərə çıxmaq mənim nəyimə gərək idi, rahatca oturmuşdum öz yurdumda, öz evimdə, yeməyə gözəl yeməklərim, içməyə gözəl içkilərim, geyməyə gözəl libaslarım – nə pula, nə də bir ayrı şeyə ehtiyacım vardı.
Birinci səfərimdə başım o qədər müsibət çəkmişdi ki, az qalmışdı ölüb itəm. Bu azmış kimi, dübarə Bağdaddan çıxıb bu dərya mənim, o dərya sənin səyahət eləməyimə çox peşman olmuşdum. Öz-özümə təskinlik verib dedim: «Hamımız Allah bəndəsiyik, əvvəl-axır ömrümüzü ona tapşıracağıq». Elə bil ağlım başımdan oynamışdı.
Yerimdən qalxıb adada oyan-buyana gəzməyə başladım, daha bir yerdə qərar tutmurdum. Sonra hündür bir ağaca çıxıb oradan dörd yana göz gəzdirdim, ancaq ətrafımda göydən, sudan, ağacdan, quşdan, adalardan, qumsallıqdan başqa heç nə görmədim.
Diqqətlə baxanda birdən adada gözümə iri ağ bir şey dəydi. Ağacdan düşüb ona sarı getdim; gəlib çatanda məlum oldu ki, bu, böyük bir ağ günbəzdir. Yaxınlaşıb günbəzin dövrəsində hərləndim, gördüm heç yerindən qapısı yoxdur. Divarları çox hamar, sürüşkən olduğundan üstünə çıxmağa gücüm çatmadı.
Belə olanda dayandığım yeri nişanladım, günbəzin başına dolanıb dövrəsini ölçdüm: əlli addım çıxdı. Başladım götür-qoy eləməyə, günbəzə girməyə bir fənd axtardım. Axşam yaxınlaşırdı, günün batmağına az qalırdı. Birdən gün yox oldu, hava qaraldı, fikirləşdim, yəqin, gün buluda girdi. Ancaq yayın ortası olduğundan təəccüblənib başımı qaldırdım ki, görüm bu nədir. Göydə nəhəng bir enliqanad quş uçurdu. Sən demə, günün qabağını kəsib adaya kölgə salan o imiş.
Yerimdə quruyub qaldım. Elə bu vaxt yadıma bir əhvalat düşdü. Danışırdılar ki, hansısa adada Ruh deyilən nəhəng bir quş var, balalarına fil yedizdirir. Başa düşdüm ki, gördüyüm də günbəz-zad deyil, Ruh quşunun yumurtasıdır. Bunu biləndə Allahın qüdrətinə heyran qaldım.
Birdən quş aşağı enib yerə qondu, qanadlarını gərib yumurtanı altına aldı, çox keçməmiş yumurtasının üstündə yuxuya getdi. Onda mən yerimdən qalxdım, çalmamı başımdan götürüb açdım, möhkəm-möhkəm burub ondan kəndir düzəltdim, bir ucunu belimə dolayıb o biri ucuyla özümü bərk-bərk quşun ayağına bağladım. Öz-özümə dedim: «Bəlkə də, quş məni aparıb insan yaşayan yerlərə çıxartdı. Yiyəsiz adada tək-tənha oturmaqdansa, bu yaxşıdır».
Həmin gecəni göz yummadım, qorxurdum ki, yatam, quş məni yuxulu-yuxulu götürüb havaya qaldıra. Səhər gün çıxanda quş yumurtanın üstündən durdu, bərkdən qıyya çəkib mən qarışıq göyə milləndi, o qədər yuxarı qalxdı ki, dedim, daha buludlara çatmışıq. Bir xeyli uçandan sonra quş yenə aşağı enib hündür bir təpənin üstünə qondu. Belə olanda tez özümü quşun ayağından açdım. Ondan yaman qorxurdum, ancaq quşun məndən xəbəri də olmamışdı, ayağına sarındığımı duymamışdı.
Çalmamı açıb quşun ayağından azad olandan sonra qorxudan titrəyə-titrəyə ondan aralandım. Quş da yerdən caynağına nə isə alıb təzədən göyə qalxdı. Mən quşun yerdən götürdüyünə diqqət yetirəndə gördüm ki, bu, nəhəng bir ilandır. Quş onu caynağına alıb havaya qaldırdı, mən buna lap mat qaldım.
Oraları gəzib baxmağa başladım, gördüm qəlbi bir yerdəyəm, aşağıda enli, dərin dərə vardı, dərənin qırağında böyük dağ ucalırdı, özü də o qədər hündürdü ki, təpəsini yerdən görmək olmurdu. Ora piyada qalxa bilən bir adam tapılmazdı.
Yenə də tutduğum işə peşman oldum, özümü danlamağa başlayıb dedim: «Kaş elə o adada qalaydım! Ora yenə bu biyabandan yaxşı idi. Orada, heç olmasa, yeməyə meyvədən-zaddan tapardım, çaydan su içərdim; burada nə ağac var, nə meyvə, nə də çay. Bir bəladan qurtarmamış ondan betərinə düçar oluram!»
Axırı özümə ürək-dirək verib ayağa qalxdım, başladım dərəni gəzib-dolaşmağa, gördüm burada hər yan almaz daşıdır. Belə daşlarla daş-qaş yonurlar, çini, əqiq deşirlər.