Kventin Dorvard. Вальтер СкоттЧитать онлайн книгу.
qəlbindəki bu kin və ədavət hissi cəngavərlik, ədalətli olmaq duyğuları ilə yumşalmışdı. Odur ki onlar hətta intiqam məsələsinə də insanpərvərliklə yanaşırdılar.
Dayısı ilə görüş Kventini çaşbaş salmış və məyus etmişdi. Dəfələrlə dayısının qoçaqlıqları barədə rəvayətlər eşitmişdi. Xəyalında dayısının parlaq surətini yaratmışdı, onu adlı-sanlı cəngavər hesab edirdi. Amma Dorvard başa düşdü ki, Çapığın gəncliyindəki şöhrət və şücaət əməllərindən əsər-əlamət qalmayıb. O, indi adi, kobud bir döyüşçü idi. Qənimət qazanmaq üçün hər yola əl ata bilərdi. Yalnız özünü düşünmək, öz qayğısına qalmaq onu xudbin heyvana döndərmişdi. Dayısının öz bacısı ailəsinin tələf olmasına laqeydliyi, ehtiyac içində olduğu halda ona pul təkif etməməsi Kventini təəccübləndirmişdi. Bu diqqətsizliyin səbəbi nə olur-olsun, Kventin dayısına haqq qazandıra bilmirdi. İndiyədək düşünürdü ki, dar ayaqda ona güvənə bilər, ancaq indi o da yox idi. Yad bir tacir Kventinə dayısından daha çox qayğıkeşlik göstərmişdi.
Çapıq ona o qədər sual vermişdi ki, Dorvard dayısından heç tacir haqqında nəsə soruşmağa da macal tapmamışdı.
Dorvard öz-özünə dedi: “Pyer dayı zahirən sərt görünsə də, alicənab və səxavətlidir. Mən mütləq onu axtarıb tapacağam. Əgər o, həqiqətən tacirdirsə, mən onun xidmətinə girə bilmərəm”.
Dorvard Pyer dayının evini soraqlaşa-soraqlaşa Şer çayının sahilinə gəlib çatdı. Yanaşı bitən şabalıd ağacının altına bir dəstə kəndli yığışıb nəyəsə çox diqqətlə baxırdı. Kventin qaça-qaça təpəyə çıxanda dəhşətli mənzərə gördü. Ağacların birindən asılmış adam yırğalanır, yəqin ki, can verirdi.
– Niyə kəndirini kəsmirsiniz? – deyə o çığırıb dələ çevikliyi ilə ağaca dırmaşdı. Cibindən bıçağını çıxarıb ipi kəsdi, çığırdı ki, cəsədi tutsunlar. Cəsəd tappıltı ilə yerə düşdü. Kventin ağacdan enib gördü ki, adam ölüb, lakin yenə də paltarının düymələrini açdı, üzünə su səpdi.
Birdən çığırtılar eşidib döndü. Qəribə adamlarla əhatə olunduğunu gördü. Hərə bir tərəfdən qışqırırdı ki, öldürdüyün bəs deyil, hələ bir soymaq da istəyirsən. Ancaq Dorvard özünü itirmədi:
– Siz nə danışırsınız? Mən onun asıldığı ilgəyi öz əllərimlə kəsmişəm.
Bu zaman ölən adamı dövrəyə alıb ah-nalə edə-edə saçlarını yolmağa başladılar. Kəsilmiş ip Kventinin günahsız olduğunu sübut etmişdi.
Bu adamlar öz qəribə, əcaib geyimləri və hərəkətləri ilə Dorvardı heyrətləndirmişdilər. Onlar Kventinin bu vaxtadək gördüyü adamlara bənzəmirdilər. Sağ-salamatkən onlardan uzaqlaşmaq istəyirdi ki, adamların üstünə bir dəstə fransız əsgəri basqın etdi. Cəsədi çiyinlərinə almış adamlar meyiti yerə ataraq qaçıb dağılışdılar.
– Tutun, vurun, doğrayın bunları!
Ancaq əsgərlər yalnız iki nəfəri tuta bildilər. Kventini də tutub əl-qolunu bağladılar. Dorvard görəndə ki onu tutan dəstəyə Pyer dayının qaraqabaq dostu rəhbərlik edir, bilmədi ona kömək üçün müraciət etsin, ya yox. Düzü, ona heç bu haqda düşünməyə imkan da vermədilər.
Dəstənin rəisi öz əlaltılarına səsləndi:
– Odur bax, o ağaclar sizin qulluğunuzda hazırdır. Bu mürtədlərə göstərin ki, kral bir adamı cəzalandıranda ona mane olmaq nə deməkdir. Cəld işə başlayın!
Bircə dəqiqənin içində əsgərlərdən ikisi atdan düşdü. Onlar yəhərlərindən asılmış, hər birinin ucunda hazır ilgək olan kəndirləri açdılar. Dorvard anladı ki, ilgəklərdən biri onun üçündür.
Kventin ucadan dəstə rəisini çağırıb səhərki görüşlərini xatırlatdı. Onu inandırmağa çalışdı ki, bu işlərdən xəbəri yoxdur, heç kimi tanımır. Rəis ona ötəri nəzər salıb üzünü adamlarına tutdu:
– O, kralın əmrinə qarşı çıxıb, ölümə məhkum olunmuş xaini xilas etməyə cürət edib, cəld olun, işinizi görün!
– Cənab rəis, bir məni dinləyin! – Kventin bərk qorxdu, – günahsız adamın ölümünə bais olmayın! Həmvətənlərim bunu belə qoymazlar!
Polis rəisi soyuqqanlılıqla əsgərlərinə işarə etdi ki, əmrini yerinə yetirsinlər.
Özündən çıxmış Dorvard çığırdı:
– Alçaq! Sən intiqam alırsan, əclaf!
Amma qaraqabaq adam onun dediklərinə yenə əhəmiyyət vermədi. Cəlladlara kömək üçün daha iki-üç əsgər də qoyub dəstənin başında çaparaq getdi. Dorvard qorxmuş halda ətrafına göz gəzdirdi. O, yoldaşlarının soyuqqanlılığını görüb təəccübləndi. Hətta cəlladlar işə başladıqda da onlar sarsılmadılar. Cəlladların nə görkəmləri, nə də iş qaydaları bir-birinə bənzəmirdi. Lüdovik onların birini Demokrit, digərini Heraklit adlandırırdı.
Demokrit arıq, ucaboylu bir adam idi. Boynuna həmişə iridanəli təsbeh taxan bu adamın üzündə nəsə bir zəhm vardı. Heraklit isə bəstəboy, yupyumru, şən adam idi. Öz qurbanlarına xüsusi şəfqət və mehribanlıqla yanaşardı. Bu iki fərqli adam hamının nifrətini qazanmışdı.
Cəlladlar Dorvardı yavaşca ağaca sarı itələdilər. Sonra dilə tutub dedilər ki, qorxmasın, iş bir anda görülüb bitəcək. Bu an Dorvard ucadan çığırdı:
– Doğrudanmı burada ürəyiyumşaq bir adam da yoxdur? Varsa, gedib Lüdovik Lesliyə xəbər eləsin ki, onun bacısı oğlunu alçaqcasına öldürürlər!
Yaxşı ki, bu vaxt Şotlandiya qvardiyasının nişançılarından biri – Kanningem də burada idi. O dilləndi:
– Bura baxın, hey, cəlladlar! Əgər bu cavan oğlan şotlandiyalıdırsa, mən onu asmağa qoymaram!
– Biz əmri yerinə yetirməliyik, – deyə Demokrit Dorvardın qolundan çəkdi. Kventin nişançının sözlərini eşidib cəlladların əlindən çıxmağa çalışdı.
– Məni xilas elə, yerlim! Şotlandiya naminə! Mənim heç bir günahım yoxdur!
Bu vaxt nişançı qılıncını çəkdi:
– Onlar mənim meyitimin üstündən keçib səni tuta bilərlər!
– Kəndirlərimi kəs, özüm özümü qoruya bilərəm!
Qılıncın bir zərbəsi ilə dustaq azad oldu. Sonra cəld əsgərlərdən birinin üstünə cumub təbərzini onun əlindən qapdı və çığırdı:
– İndi kimin hünəri var gəlsin!
Cəlladlar pıçıldaşdılar. Demokrit digər cəllada dedi:
– Tez get köməyə adam çağır, mən bunları ləngidərəm.
Heraklit atın belinə sıçrayıb getdi.
Əsgərlər isə Demokritə dedilər ki, bu şotlandiyalıları dərhal tərk-silah etmək üçün icazə versin. Ancaq cəllad ehtiyatlı tərpənməyi sevirdi, odur ki Şotlandiya nişançısına müraciətlə dedi:
– Cənab, siz kralın əmrinə qarşı çıxmaqla onu təhqir edirsiniz.
– Axı bu cavanın günahı nədir?
– Cinayətkarın