Oseola-seminolların başçısı. Джеймс Фенимор КуперЧитать онлайн книгу.
Qara saçları hindularda olduğundan daha qəşəng idi. Əynində qırmızı mahuddan şalvar, ala-bəzək parçadan köynək vardı. Mokasinləri9 aşılanmış maral dərisindən idi. Başında isə üç kərkəs lələyi ilə bəzədilmiş sarğı vardı.
– Yaralanmamısınız ki? – mən ondan soruşdum.
– Xeyr. Qətiyyən.
– Siz başdan-ayağa islanmısınız. Mənə elə gəlir ki, paltarlarım sizin əyninizə gələr.
– Minnətdaram. Mən sizin geyimlərə öyrəşməmişəm. Paltarlarımı günəş əynimdəcə qurudacaq.
– Onda bizə gedib nahar edək.
– Sağ olun, az öncə yemişəm.
– Bəlkə, könlünüz şərab istəyər?
– Yox, sağ olun. Mən yalnız su içirəm.
Yeni tanışıma nə deyəcəyimi bilmirdim. O, təkliflərimdən imtina etsə də, məndən ayrılıb getmək istəyini də göstərmirdi. Bəs o nə gözləyirdi? Mükafatmı? Tez cibimdən pul kisəmi çıxarıb onun ovcuna qoydum. O, böyük narazılıqla dollarları suya fırladaraq:
– Mən sizdən pul istəməmişdim, – dedi.
Mən incidim, amma daha çox vicdan əzabı çəkdim. Tez nohura baş vurub əlimdən oraya düşmüş tüfəngi tapdım və onu metisə verdim. O gülümsədi və suyun dibinə baş vuraraq pul kisəmi tapıb gətirdi.
– Bu, qiyamət hədiyyədir, – deyə o, tüfəngi gözdən keçirə-keçirə dilləndi. – İndi biz hindularda, ağların dəyərləndirdiyi çox şey tapa bilməzsən, torpaqlarımızdan başqa! (O bunu xüsusi vurğu ilə dedi.) Bəlkə, siz patrondaş və mokasin götürəsiniz? Mayumi onları qiyamət düzəldir.
– Mayumi?
– Bacımı deyirəm. Mokasinlərdə ov etmək sizin geydiyiniz çəkmələrdə olduğundan qat-qat rahatdır.
“Mayumi! – öz-özümə dedim. – Füsunkar, naməlum ad! Doğrudanmı, bu, odur?”
Bir dəfə meşə cığırında qarşılaşdığım olduqca gözəl qız yadıma düşdü. Mən onu çiçəklərin açdığı yaşıl çəməndə gördüm. Ona baxmağa heç macal tapmamış yox oldu. Ancaq o zamandan bəri bu füsunkar xəyal arzularıma hakim kəsildi. Görəsən, həmin qız bu oğlanın bacısı idi?
– Sizin adınız nədir? – mən soruşdum.
– Ağlar məni mərhum atamın adı ilə – Pauel deyə çağırırlar. Atam ağ idi. Anam sağdır. Getmək vaxtıdır. Ancaq öncə sizə bir sual verməyimə icazə verin. Qullarınızın arasında ailənizə ədavət bəsləyən bədniyyət biri ola bilərmi?
– Deyəsən, beləsi var. Hər halda, ondan şübhələnmək üçün səbəblərim mövcuddur.
– Onun izlərini tanıya bilərsinizmi?
– Düşünürəm ki, tanıyaram.
– Onda mənimlə gedək!
– Ehtiyac yoxdur. Mən hər şeyi bilirəm. O, bacımı tələf etmək üçün alliqatoru buraya tovlayıb gətirib.
– Bunu necə bildiniz?
– Mən bax o qayanın arxasından hər şeyi gördüm. Bəs siz necə öyrəndiniz?
– Bataqlıqda ov edərkən izləri gördüm. İzlərdən şübhələndim və əkin yerini keçərək pöhrəliyə çatdım. Sizi nohurda gördüm. Demə, özümü vaxtında yetiribmişəm.
– Bəli, ən son anda, yoxsa yaramaz öz niyyətinə çatacaqdı. Ancaq o, cəzasını alacaq!
Sonra biz bir-birimizin əlini sıxıb sağollaşdıq.
Qəzəbdən od tutub yanırdım. Mənim zavallı, məsum bacım! Ona ziyan verməyə çalışan cinayətkar cəzasını yubanmadan almalıdır!
Lakin mən bilirdim ki, bu məsələni həll etmək atamın səlahiyyətində deyil. Bu cinayətin həlli ilə daha tələbkar hakimlər məşğul olmalıdırlar.
Evə yaxınlaşaraq atamı və qullara nəzarət edən adamı böyük talvarın altında gördüm. Alliqator ovçusu qoca Hikmen və bir neçə qonşu da burada idi. Mən səhər baş verənləri onlara danışdım. Təəccübdən hamı ildırım vurmuş kimi quruyub qalmışdı. Mənim dediklərimi təsdiqləyən və əlavələr edən şahid də tapıldı. Bu, Qara Cek idi.
Bu səhər o, Sarı Cekin uca palıdlardan birinə dırmaşdığını görmüşdü. Bu, məhz bacımla qulluqçusunun nohu-ra yollandıqları vaxt olmuşdu. Zənci ondan ağaca dır- maşmasının səbəbini soruşduqda o, ağaca qoza yığmaq üçün çıxdığını bildirmişdi. Halbuki ağacdan enəndə onun əlində bir dənə də olsun qoza yox imiş.
Bizim danışdıqlarımız hamını həyəcana gətirdi. Hər tərəfdən qışqırıqlar ucalırdı: “Hanı Sarı Cek?”
Onu portağallıqda və nohurun ətrafında axtarmağa başladılar. Ancaq hədər yerə. Sanki yer ayrılıb mulatı udmuşdu. Onda mənim ağlıma gəldi ki, qayaya dırmaşıb ətrafa göz gəzdirim. Qayaya çıxan kimi mən Sarı Cekin indiqo plantasiyası ilə sürünərək qaçmağa çalışdığını gördüm. Qayadan hoppanıb birbaşa təqibə atıldım. Onun meşədə gizlənməsinin qarşısını almaq üçün var gücümlə qaçırdım. Düz meşənin kənarında onun yolunu kəsərək gödəkçəsindən tutmağa müvəffəq oldum.
Qulların mənə tabe olmalarına adət etdiyim üçün onun itaətlə dayanacağını güman edirdim. Amma o dartınaraq əlimdən çıxdı, geri çevrilib bıçaq çıxardı və ürəyimi nişan alsa da, bıçaq özümdən asılı olmadan qaldırdığım əlimə sancıldı. Əgər Qara Cek vaxtında gəlib çatmasaydı, onu ikinci dəfə mənə saplayacaqdı. Qara Cek rəqibini möhkəmcə sıxıb saxladı və digərləri gəlib çıxanadək buraxmadı. Tezliklə mulatı möhkəm qayışlarla sarıdılar və o, köməksiz halda qarşımızda sərilib qalmışdı.
Amansız qərar
Bütün bu hadisələr evimizin hüdudlarından kənarda da böyük həyəcan doğurdu. Bizdə baş verənlər haqda xəbər inanılmaz sürətlə yayıldı və təxminən bir saat ərzində, demək olar ki, qəsəbənin bütün sakinləri bizə gəlib çıxdı.
Hər şey bəlli idi, günah sübuta yetirilmişdi. Mulat sahiblərinin həyatına qəsd etmişdi. Deməli, ölüm cəzasına layiq idi. Əksəriyyət canini diri-diri yandırmaq təklifini bəyəndi. Bu amansız qərara hakim də qoşuldu.
Atam hökmü yüngülləşdirməyi – heç olmasa, cinayətkara əzab verməməyi xahiş etdi. Ancaq hakimlər öz qərarlarında qəti idilər. Belə olduqda atam edamda iştirak etməkdən boyun qaçırdı. Bizim ailəmizdən bircə mən camaatın arxasınca gedirdim. Mulat məni gördü və məni yaralaması ilə öyünməyə başladı.
Edam yerinə yaxınlaşdıqda izdihamın arasından gülüş və zarafat səsləri eşidilir, kölələrə qarşı nifrət sədaları yüksəlirdi. Öz ailəsinin ən pis xüsusiyyətlərini irsən əxz edən azğın, amansız yeniyetmə Rinqold bu işdə xüsusi canfəşanlıq edirdi.
Onun bacımdan xoşu gəldiyini bilirdim. Atası qəsəbənin ən varlı plantatoru10 idi və Rinqold özünü hər yerdə istəkli qonaq sayırdı. O, nə qəşəngliyi, nə də nəcibliyi ilə fərqlənirdi. Rinqoldun xasiyyəti
9
Mokasin − maral dərisindən düzəldilmiş ayaq geyimi
10
Plantator − böyük torpaq sahələri və qulları olan adam