Zaman maşını. Герберт УэллсЧитать онлайн книгу.
vəziyyətə gətirmək niyyətində idim, lakin işin sonunda nikel detaldan birinin lazım olandan qısa alındığını gördüm. Onu təzədən düzəldəsi oldum. Elə o səbəbdən Maşınımla bağlı işləri yalnız bu gün başa çatdıra bildim. Beləcə, artıq səhər saat onda dünyada ilk Zaman Maşını adını alacaq aparatım səyahətə hazır vəziyyətdə idi. Sonuncu dəfə yan-yörəsinə keçib vintləri yoxladım və yəhərə oturdum. Bir əlimlə işəsalma lingindən, digəri ilə əyləcdən tutdum. Əvvəl birini və anındaca o birini burdum. Səndələdiyimi, bir də sanki harasa düşdüyümü hiss elədim. Amma ətrafa boylananda laboratoriyadan kənara çıxmadığımı anladım. Olmaya heç nə baş verməmişdi? Bəlkə, nəzəriyyəm kökündən səhv idi? Saata baxdım. Bir dəqiqə əvvəl əqrəblər on biri göstərirdi, indisə dördün yarısı idi!
Mən dərindən ah çəkib dişlərimi qıcadım və hər iki əlimlə işəsalma lingini burdum. Laboratoriya dumanlı şəkil aldı. Elə bu vaxt təsərrüfat müdirəsi missis Uotçet içəri girdi və heç məni sezmədən bağçaya açılan qapıya tərəf getdi. Bu məsafəni qət etmək üçün, yəqin ki, ona təxminən bir dəqiqə lazım oldu. Mənəsə elə gəldi ki, o, raket sürəti ilə ötüb-keçdi. Bu dəfə lingi var gücümlə burdum. Anındaca araya qaranlıq çökdü, sanki lampanı söndürdülər, amma elə növbəti anda məkan yenidən işıqlandı. Laboratoriya getdikcə kölgəyə çevrildi. Birdən yenidən gecə düşdü, sonra səhər, onlar beləcə durmadan artan sürətlə bir-birini əvəzlədi. Qulaqlarım uğuldayırdı və sanki elə hey aşağı yuvarlanırdım. Bir sözlə, özümü çox pis hiss edirdim. Tezliklə laboratoriyamın tutqun cizgiləri belə tamamilə yoxa çıxdı və mən hər dəqiqə şərqdən qərbə sıçrayan günəşi, gah kiçilən, gah da bədirlənən ayı gördüm. İşıqla qaranlığın bir anda əvəzlənməsi gözlərimi yorurdu. Beləcə, dayanmadan artan sürətlə irəliləyirdim. Nəhayət, gecə ilə gündüz bütöv bir boz pərdəyə çevrildi və göyün üzü erkən ala-toranın rənginə boyandı. Ora-bura çırpınan günəş qızılı zolağa, ay isə zəif axan işartıya çevrildi. Mən artıq ulduzları belə görmürdüm və yalnız ara-sıra səmanı dövrələyən işıqlı çevrələr sezirdim.
Ətrafımda hər şey dumanın nazik pərdəsinə bürünmüşdü. Mən hələ də evimin yerləşdiyi təpənin yamacında idim. Ağaclar böyüyərək tüstü burumlarıtək formalarını dəyişir və sonda qeybə çəkilirdi. Nəhəng gözəl binalar da peyda olduğu kimi asanlıqla yoxa çıxırdı. Yer üzü gözlərimin qarşısında cilddən-cildə düşürdü. Maşının sürətini göstərən əqrəblər dayanmadan, sürətlə fırlanırdı. Günəşin gah şimala, gah da cənuba doğru hərəkətini göstərən zolaqdan bir ili bir dəqiqəyə yaşadığımı anladım.
İndi özümü o qədər də pis hiss etmirdim. Lakin birdən məni hiddət bürüdü. Maşının qəribə şəkildə yırğalandığını hiss etdim, amma səbəbini anlamadım. Ağlım qarışmışdı və mən dəlicəsinə gələcəyə doğru uçurdum. Dayanmaq fikrində deyildim, bu yeni hislərimin fövqündə sanki hər şeyi unutmuşdum. Lakin tezliklə bu hislər qorxuqarışıq maraqla əvəzləndi: “Əgər elə indi dayanıb dünyaya göz gəzdirsəm, bəşəriyyətin gələcəkdə əldə etdiyi nailiyyətlərin şahidi ola bilərəm!” Mən yaşadığım dönəmdə inşa edilən binalardan qat-qat nəhəng tikililər görürdüm. Bir də təpənin döşünün ilboyu yaşıl don geyindiyini sezdim. Bu mənzərə məni valeh etmişdi. Onu daha yaxından hiss etmək üçün Maşını dayandırmaq qərarına gəldim.
Amma ehtiyatlı olmalıydım. Hara düşəcəyimi və məni orada nə gözləyəcəyini bilmirdim. Digər tərəfdən də Maşının yorucu titrəyişi və fasiləsiz aşağı enmə hissi əsəblərimə toxunurdu. Əslində, artıq heç vaxt dayana bilməyəcəyimdən qorxsam da, özüm də bilmədən əyləci basdım. Maşın anındaca çevrildi və mən sürətlə boşluğa yuvarlandım.
Sanki qulağımın dibində ildırım çaxdı. Bir an heç nə eşitmədim. Sonra çətinliklə də olsa, oturub ətrafa nəzər saldım. Dolu yağırdı. Əvvəlcə hər şeyi boz rəngdə görsəm də, tədricən duman seyrəldi, üstəlik, qulağımdakı uğultunun keçib-getdiyini hiss etdim. Yenidən ətrafa boylandım: bənövşəyi və al-qırmızı çiçəklərlə dolu çəmənlik göz oxşayırdı. Tappıltı ilə yerə dəyən dolu Maşınımın üzərindən oyan-buyana uçur, əriyir və torpağa qarışırdı. Bir anın içində başdan-ayağa islandım. “Əcəb qonaqpərvərlikdi, – söylədim, – bura düşmək üçün gör neçə il yol gəlmişəm”.
Daha da islanmamaq üçün ayağa qalxdım. Dumanın imkan verdiyi qədər irəli boylandım və böyük ehtimalla hansısa ağ daşdan hörülmüş nəhəng bir fiqur sezdim. Bundan artığını görmək mümkün deyildi.
Hislərimi ifadə etməkdə çətinlik çəkirəm. Dolu səngiyəndə ağ fiquru diqqətlə müşahidə etdim. O, ağ mərmərdən yonulmuşdu və Sfinksi xatırladırdı, lakin qanadları bədəninə yapışmamış, əksinə, geniş açılmışdı, sanki uçmağa hazırlaşırdı. Çox nəhəng idi. Hündür qovaq ağacı onun yarısına çata bilərdi. Sfinksin pyedestalı, deyəsən, tuncdan düzəldilmişdi və zamanın təsirinə məruz qalmışdı. Onun üzü düz mənə tuşlanmış, kor gözləri sanki mənə zillənmişdi, dodaqlarında isə təbəssüm vardı. Bəlkə, yarım dəqiqə, bəlkə də, yarım saat ona baxdım. Nəhayət, baxışlarımı fiqurdan çəkdim. Dolu artıq kəsmişdi. Göyün üzü açılmışdı və tezliklə günəşin görünəcəyi bəlliydi.
Yenidən Sfinksə nəzər saldım və birdən Zaman Maşını ilə səhayətin, əslində, dəlisov fikir olduğunu dərk etdim. Görəsən, duman tamamilə çəkiləndən sonra nə görəcəkdim? Bəlkə, insanlar bu müddət ərzində daha da qəddarlaşıblar? Bəlkə də, onlar simalarını tamam itiriblər və əcaib bir varlığa çevriliblər? Bəs birdən insanabənzər vəhşi bir məxluqla rastlaşsam?
Yenidən ətrafa boylandım. Bu dəfə arxası meşəyə söykənmiş məzəli məhəccərləri və hündür sütunları olan nəhəng evlər gördüm. Canıma vəlvələ düşdü. Dəli kimi Zaman Maşınına tərəf qaçdım və onu yenidən işə salmağa çalışdım. Mənə naməlum olan bu dünyada özümü çox tənha hiss edirdim. Yəqin, quzğunun hücumuna məruz qalan quşcuğaz da eyni hissləri keçirir. Bütün gücümü toplayıb Maşına dayaqlandım və dişlərimi qıcayıb onu çevirməyə cəhd elədim. Çətinliklə də olsa, bunu bacardım. Nəfəsimi dərib bir əlimlə oturacaqdan, digəri ilə lingdən yapışıb Maşına dırmaşmağa hazırlaşdım.
Lakin geri çəkilməyə hazır olduğum anda yenidən cürətləndim. Uzaq gələcəyin bu dünyasını tanımaq istəyim qorxuma qalib gəldi. Yaxınlıqdakı evin tağının altında genbalaq paltarlı bir neçə fiqur gördüm. Onlar da məni sezdilər. Sonra səslər eşitdim. Ağ Sfinksin arxasındakı kolluqdan mənə tərəf qaçan adamların başları və çiyinləri göründü. Onlardan biri Maşına doğru yön alan cığıra sıçradı. Bu, balaca bir varlıq idi – boyu dörd futu ötməzdi. Əynində al-qırmızı rəngdə, dizlərinə qədər uzanan gen köynək vardı. Ayaqlarına səndələbənzər bir şey geyinmişdi. Onun yüngül geyimi burda havanın mülayim olmasına dəlalət edə bilərdi.
Bu adam mənə qeyri-adi gözəl, zərif, amma eyni zamanda həddindən artıq kövrək məxluq təsiri bağışladı. Sanki bu adamcığaza əl dəysəydim, ovulub töküləcəkdi. Onu görən kimi Gələcəkdə