Buratinonun macəraları. Алексей ТолстойЧитать онлайн книгу.
tüpürüb qızartmaları yoxladı, hələ yaxşı bişməmişdi.
Ocaqda odun az idi. Onda o, üç kərə əlini əlinə vurdu.
Arlekin və Pyero qaça-qaça gəldilər.
– O avara Buratinonu yanıma gətirin, – deyə Kara-bas Barabas əmr etdi. – O, quru ağacdan qayrılıb, ataram onu ocağa, yeməyim daha tez qızarar.
Arlekin və Pyero diz çöküb yalvardılar ki, yazıq Buratinonu bağışlasın.
– Hanı mənim qamçım, – deyə Karabas Barabas bağırdı.
Onların ikisi də hönkür-hönkür ağlayaraq anbara sarı getdilər, Buratinonu mıxdan çıxarıb mətbəxə gətirdilər.
Sinyor Karabas Barabas Buratinonu yandırmaq əvəzinə ona beş dənə qızıl pul verir və evə buraxır
Kuklalar Buratinonu gətirib ocağın qırağına atan zaman sinyor Karabas Barabas dəhşətli şəkildə fısıldaya-fısıldaya ocağın közünü qurdalayırdı.
Birdən onun gözləri qan rənginə düşdü, bütün sifəti qırışlarla örtüldü. Ola bilsin, burnunun deşiyinə bir qırıq kömür düşmüşdü.
– Həəp…həəp…həəp… – deyə Karabas Barabas gözləri axmış halda uladı, – həəp-çi!..
O elə bərkdən asqırdı ki, ocağın külü havaya sovruldu.
Kukla elmləri doktoru asqırmağa başlayanda özünü saxlaya bilməzdi, bəzən əlli, bəzən də lap yüz dəfə dalbadal asqırardı.
O belə qeyri-adi asqırıqlardan sonra gücdən düşər və rəhmdil olardı.
Pyero xəlvəti Buratinoya pıçıldadı:
– Çalış, onunla asqıran vaxtı danışasan…
– Həəp-çi! Həəp-çi! – Karabas Barabas açılmış yekə ağzına hava alaraq, səs-küylə asqırmağa, başını əsdirərək ayaqlarını yerə döyməyə başladı.
Mətbəxdə bütün əşyalar yerindən oynadı, şüşələr cingildədi, mıxdan asılmış tavalar və qazanlar havada yelləndi.
Asqırmaların arasında Buratino nazik, şikayətli səslə ciyildəyib ağlamağa başladı:
– Mən yazığa, mən bədbəxtə, heç kimin rəhmi gəlmir.
– Bəsdir zarıdın! – deyə Karabas Barabas bağırdı. – Sənmənə mane olursan… Həəp-çi!
– Sağlam olun, sinyor, – deyə Buratino içini çəkdi.
– Sağ ol…Nədi, ata-anan sağdılar? Həəp-çi!
– Mənim heç vaxt, heç vaxt anam olmayıb, sinyor. Ah, mən necə də bədbəxtəm! – Buratino elə qulaqbatırıcı səslə qışqırdı ki, bu səs Karabas Barabasın qulaqlarına iynə kimi sancıldı.
O, ayaqlarını yerə döydü:
– Sənə dedim axı az ciyildə! Həəp-çi! Atan necə, sağdı?
– Zavallı atam hələ sağdı, sinyor.
– Təsəvvür edirəm, atan biləndə ki, ev dovşanını və iki cücəni qızartmaq üçün səni yandırıb istifadə eləmişəm, o yazıq nə hala düşəcək. Həəp-çi!
– Mənim yazıq atam onsuz da tezliklə ya acından, ya da soyuqdan öləcək. Qoca yaşında mən onun yeganə arxasıyam.
– Lənət sənə, kor şeytan! – deyə Karabas Barabas bağırdı. – Heç bir mərhəmətdən belə söhbət gedə bilməz. Ev dovşanı ilə cücələr mütləq qızarmalıdır. Gir ocağa görüm.
– Mən bunu eləyə bilmərəm, sinyor.
– Niyə? – Karabas Barabas ona görə soruşurdu ki, təki Buratino danışsın, ciyiltili səsi ilə onun qulağını dəng eləməsin.
– Sinyor, mən artıq bir dəfə sınaqdan keçirmişəm. Burnumu ocağa soxan kimi orada deşik açılır.
– Bu nə axmaq söhbətdi! – Karabas Barabas heyrətə gəldi. – Axı sən burnunla ocaqda necə deşik aça bilərsən?
– Sinyor, çünki o ocaq və ocağın üstündə asılmış qazan köhnə kətan üzərində çəkilmiş şəkil idi.
– Həəp-çi! – Karabas Barabas elə bərkdən asqırdı ki, Pyero sola, Arlekin sağa uçdu, Buratino isə yerində fırfıra kimi fırlandı.
– Dediyin kətan parça üzərində çəkilmiş, ocağın üstündəki o qazanı harada görübsən?
– Mənim Karlo atamın otağında.
– Karlo sənin atandı! – Karabas Barabas oturacaqdan sıçrayaraq durdu, əllərini yellədib saqqalını ətrafa dağıtdı. – Hə, deməli, qoca Karlonun otağında gizli…
Görünür, Karabas Barabas bu vaxt sirri açmaq istəmədiyi üçün əlinin ikisini də ağzına təpdi. Bərəlmiş gözlərini sönməkdə olan ocağa dikib xeyli vaxt beləcə oturdu.
Nəhayət, dilləndi:
– Yaxşı, mən dovşanı və cücələri qızartmadan yarıçiy yeyib şam eləyərəm. Səni bağışlayıram, Buratino. Həm də…
O, əlini saqqalının altındakı jiletinin cibinə saldı, oradan beş dənə qızıl pul çıxarıb Buratinoya uzatdı.
– Həm də … Bu pulları götür, apar ver Karloya. Məndən ona salam yetir və bir də de ki, xahiş edirəm nəbadə acından və soyuqdan ölsün, ən əsası, özünün köhnə kətan üzərində ocaq şəkli çəkilmiş otağından bir yana getməsin. Yeri yat, yuxunu al və səhər tezdən qaç evə.
Buratino beş dənə qızıl pulu alıb cibinə qoydu, nəzakətlə baş əyərək dedi:
– Təşəkkür edirəm, sinyor. Siz bu pulları daha etibarlı əllərə tapşıra bilməzdiniz…
Arlekin və Pyero Buratinonu kuklaların yatdığı otağa apardılar. Ocağa atılmağın dəhşətli fəlakətindən xilas olması onlar üçün anlaşılmaz qalsa da, kuklalar yenə Buratinonu qucaqlayıb öpməyə, itələməyə, çimdikləməyə və bir də təzədən qucaqlamağa başladılar.
Buratino pıçıltı ilə kuklalara dedi:
– Burada nəsə bir sirr var.
Buratino evə qayıdarkən iki dilənçi ilə – pişik Bazilio və tülkü Alisa ilə qarşılaşır
Səhər tezdən Buratino pulu hesabladı, qızıl pul onun bir əlində olan barmaqlarının sayı qədər idi.
Qızılları ovcunda sıxıb atıla-atıla evə tərəf qaçaraq pəsdən oxumağa başladı:
– Karlo ataya təptəzə gödəkcə, çoxlu xaşxaşlı üçkünc piroq, çubuqlu nabat xoruz alaram.
Bayraqları dalğalanan səyyar kukla teatrı gözdən itəndə o, toz-torpaq içində qəmgin halda dolaşan iki dilənçini: üç pəncəsi üstündə axsaya-axsaya gəzən tülkü Alisanı və kor pişik Bazilionu gördü.
Bu, dünən Buratinonun küçədə rast gəldiyi pişik deyildi, lakin onun da adı Bazilio idi, bu da onun kimi zolaqlı idi. Buratino istədi ötüb-keçsin, lakin tülkü Alisa ona yaltaqcasına dedi:
– Salam, xeyirxah Buratino. Hara belə tələsirsən?
– Evə, Karlo atanın yanına.
Tülkü