Эротические рассказы

Üç gonbul. Юрий ОлешаЧитать онлайн книгу.

Üç gonbul - Юрий Олеша


Скачать книгу
Onlar gimnast Tibulu axtarıb tapmaq istəyirlər…

      Şəhərin, qaralan bir yığın evin üzərində çəhrayı şəfəq titrəyirdi.

      Doktorun faytonu şəhərin Ulduz adlanan əsas meydanına çatanda irəli getmək mümkün olmadı. Meydanın girişinə xeyli minik, karet, süvari, piyada toplanmışdı.

      – Nə olub ki?

      Heç kimdən səs çıxmadı, çünki hamının başı meydanda baş verən hadisələrə qarışmışdı. Faytonçu qozladan qalxıb ora baxmağa başladı.

      Bu meydana ona görə Ulduz meydanı deyirdilər ki, o, eyni hündürlükdə və formada olan nəhəng evlərlə əhatə olunmuşdu və üstü şüşə günbəzlə örtülmüşdü, bu isə onu həddindən artıq böyük sirkə bənzədirdi. Günbəzin ortasında, hündür bir yerdə dünyanın ən böyük fənəri yanırdı. Bu, iriliyinə görə heyrətamiz bir şar idi. Dəmir halqalarla əhatə olunmuş və yoğun burazlardan asılmış bu şar Saturn planetini xatırladırdı. Onun işığı elə ecazkar idi ki, dünyada heç bir işığa bənzəmədiyinə görə camaat bu fənərə gözəl bir ad – Ulduz adı vermişdi. Bütün meydanı elə bu cür adlandırırdılar.

      Nə meydanda, nə evlərdə, nə də yaxınlıqdakı küçələrdə başqa işığa ehtiyac qalırdı. Ulduz bütün dalanları, künc-bucağı, meydanı daş halqa kimi əhatə edən bütün evlərdəki kiçicik anbarları belə işıqlandırırdı. Camaat burada çıraqsız və şamsız da keçinirdi.

      Faytonçu karet, fayton və sürücülərin dərman şüşəsinə bənzəyən silindrləri üzərindən tamaşa edirdi.

      – Siz nə görürsünüz? Orada nə baş verir? – doktor faytonçunun arxasından baxıb narahat oldu. Boyu balaca olan doktor heç nə görə bilmirdi, həm də uzağı pis görürdü.

      Faytonçu gördüklərini ona deyirdi.

      Baxın o nə görürdü.

      Meydanda yaman həyəcan vardı. Adamlar əl içi kimi dairəvi nəhəng rəngbərəng genişliyə səpələnərək qaçırdılar. Adama elə gəlirdi ki, meydanın dairəvi sahəsi fırlanğıc kimi fırlanır. Adamlar yuxarıda nələr baş verdiyini görmək üçün bir yerdən o biri yerə gillənirdilər.

      Son dərəcə böyük olan fənər yüksəkdə işıq saçır, günəş kimi gözləri qamaşdırırdı. Adamlar başlarını yuxarı qaldırır və əlləri ilə gözlərini qapayırdılar.

      – Bu odur! Bu odur! – qışqırıqlar eşidildi.

      – Odur, baxın! Ordadır!

      – Hanı? Hanı?

      – Yuxarı bax!

      – Tibul! Tibul!

      Yüzlərlə şəhadət barmağı sola tərəf uzandı. Orada adi ev dururdu. Lakin altı mərtəbənin bütün pəncərələri açıq idi. Hər pəncərədən başlar sallanmışdı. Onlar görünüşlərinə görə müxtəlif idi: bəziləri qotazlı gecə papağında idi, bəziləri neft rəngində olan saçını burub çəhrayı ləçəklə örtmüşdü. O biriləri başına üçkünc ləçək bağlamışdı. Yuxarı mərtəbələrdə yoxsul cavanların – şairlərin, rəssamlarin, aktrisaların yaşadıqları mənzillərin pəncərələrindən tütün tüstüsünə bürünmüş bığsız çöhrələr, qızılı saçları bərq vuran qadınlar boylanırdılar, elə bil onların çiynində qanadlar çıxmışdı. Açılan məhəccərli pəncərələrindən quş başı kimi rəngbərəng başlar çıxmış bu ev sanki içi payızbülbülləri ilə dolu olan böyük qəfəsə bənzəyirdi. Baş sahibləri damda nələr olduğundan xəbər tutmaq, bu mühüm hadisəni görmək istəyirdilər. Adam güzgüsüz öz qulaqlarını görə bilmədiyi kimi, bu da mümkün olan şey deyildi. Evlərindən öz damlarını görmək istəyənlər üçün bu güzgü vəzifəsini özündən çıxıb meydana yığışan izdiham görürdü. İzdiham hər şeyi görürdü, qışqırırdı, əllərini, qollarını oynadırdı, bəziləri buna heyran olduqlarını bildirirdilər, bəziləri isə qəzəblənirdilər.

      Damda balaca bir adam hərəkət edirdi. O, asta-asta, ehtiyatla və inamla yuxarısı üçkünc olan evdən üzüaşağı düşürdü. Dəmirlər onun ayaqları altında cingildəyirdi.

      O, müvazinətini itirməmək üçün sirkdəki kəndirbaz sarı Çin çətirini yellətdiyi kimi plaşını yellədirdi.

      Bu, gimnast Tibul idi.

      Camaat qışqırdı:

      – Afərin, Tibul! Afərin, Tibul!

      – Möhkəm dayan! Yadına yarmarkada kəndir üzərində necə yeridiyini sal.

      – O yıxılan deyil! O bu ölkədə ən yaxşı gimnastdır…

      – Birinci dəfə deyil ki. Biz onun kəndir üzərində necə məharətlə yeridiyinin şahidiyik…

      – Afərin, Tibul!

      – Qaç, canını qurtar! Prosperonu azad elə!

      Başqaları isə özündən çıxırdılar. Onlar yumruqlarını silkələyirdilər:

      – Heç yerə qaça bilməyəcəksən, zavallı oyunbaz!

      – Fırıldaqçının biri!

      – Qiyamçı! Səni dovşan kimi ovlayacaqlar…

      – Bir dayan! Səni bu damdan düz edam kötüyünə çəkib aparacağıq. Sabah onacan edam kötüyü hazır olacaq!

      Tibul isə dəhşətli yoluna davam edirdi.

      – O haradan çıxdı? – camaat soruşdu. – Bu meydana haradan gəlib çıxdı? Evin damına necə düşüb?

      – O, qvardiyaçıların əlindən qaçıb qurtulub, – deyə başqaları cavab verdi. – O qaçıb yoxa çıxıb, sonra onu şəhərin müxtəlif yerlərində görüblər – damların üstü ilə gəlib bura çıxıb. O, pişik kimi çevikdir. Sənəti onun dadına çatır. Onun şöhrəti nahaq yerə bütün ölkəyə yayılmayıb ki.

      Meydanda qvardiyaçılar göründülər. Səfillər özlərini yan küçələrə saldılar. Tibul maneəni aşıb pərvazın üstündə dayandı. O, plaş doladığı əlini irəli uzatdı. Yaşıl plaş bayraq kimi havada yelləndi.

      Adamlar onu yarmarka vaxtı tamaşalarda və bazar günü gəzintilərində sarı və qara üçbucaq şəkilli parçalardan tikilmiş bu plaşda və idman paltarında görməyə adət eləmişdilər.

      İndi isə şüşə qübbə altında o, evin ağ divarlarında sürünən balaca, nazik və zolaqlı arıya bənzəyirdi. Plaşa hava dolanda sanki arı öz parıltılı yaşıl qanadlarını açırdı.

      – İndicə təpən üstə yerə gələcəksən, meydan hoqqabazı! Bu saat səni güllələyəcəklər! – çillisifət xalasının var-dövlətinə sahib olmuş, dəblə geyinmiş kefli adam qışqırdı.

      Qvardiyaçılar özlərinə rahat yer seçdilər. Zabit təşviş içində ora-bura qaçırdı. O, bir əlində tapança tutmuşdu. Onun çəkmələrinin mahmızları xizək tayı kimi uzun idi.

      Araya tam sakitlik çökdü. Doktor əlini ürəyinin üstünə qoydu: onun qəlbi qaynayan sudakı yumurta kimi atılıb-düşürdü.

      Tibul bir anlığa pərvazın üstündə ayaq saxladı. O, meydanın əks tərəfinə keçmək istəyirdi. Belə olanda Tibul Ulduz meydanından fəhlə məhəlləsinə sarı qaça bilərdi.

      Zabit meydandakı


Скачать книгу
Яндекс.Метрика