Qorio ata. Оноре де БальзакЧитать онлайн книгу.
qərara gəldi ki, üzləşdiyi hadisənin səbəbkarı məhz sabiq fabrikantdır. Artıq o, Qorio atadan qazanc götürməyin mümkün olmadığını anlamışdı. Bununla da pansion sahibi ilə onun arasında ixtilaf başladı. Bu ixtilaf isə, əlbəttə, onların dostluğundan daha şiddətli oldu.
Çox keçmədi ki, dul arvad öz düşməninə gizli zərbə vurmaqdan ötrü hərəkətə keçdi. Bunun üçün o, bütün qadın hiyləgərliklərini səfərbər etdi.
Qorio ata əslində xeyli təvazökar adam idi: var-dövlətini gözə soxmağa, sağa-sola səpələməyə çalışmazdı. Öz sərvətini özü qazanmış hər kəs kimi, qənaətcillik artıq onun üçün bir vərdişə çevrilmişdi. Heç kəsin dişi bata bilmədiyi bir adamla toqquşmaq məcburiyyətində qaldığını anlayan Voke çarəsiz qalıb başqa bir yola əl atdı: Qorionu nüfuzdan salmağa başladı. O, keçmiş fabrikantla aralarındakı ədavəti başqa kirəçilərə də aşılayır, onların qulağını Qorio ataya qarşı doldururdu. Kirəçilər pansion sahibinin intiqam qərarını dəstəkləyirdilər: bu, onlara əyləncə üçün – kənardan tamaşa edib zövq almaqdan ötrü lazım idi.
Getdikcə madam Vokenin şübhəsi artırdı. Bir gün o öz-özünə belə bir sual verdi: bu qədər var-dövləti olan bir tacir nə üçün hələ də onun pansionunda yaşayır, kirayə haqqını isə niyə sərvətinə uyğun şəkildə vermir? Qorio əvvəl-əvvəl bəzən həftədə bir-iki dəfə kənarda nahar edirdi. Sonra yavaş-yavaş bu, ayda iki dəfəyə endi. Qorionun pansiondan qıraqda nahar eləməsi madam Voke üçün çox mənfəətli idi. Ancaq kirayənişin getdikcə pansionda tez-tez nahar eləməyə başlayanda bu, Vokenin narazılığına səbəb oldu. Qorionun pansionda tez-tez nahar etməsi yalnız onun pulsuzluğuyla bağlı olmayıb, bəlkə də, ev sahibinin kefini pozmaq istəyindən irəli gəlirdi, kim bilir.
Bədbəxtlikdən, pansionda qaldığı ikinci ilin sonlarında Qorio madam Vokedən üçüncü mərtəbəyə köçürülməsini və kirayə haqqını doqquz yüz franka qədər azaltmasını xahiş etdi. Keçmiş fabrikantın qənaətcilliyi o həddə çatdı ki, hətta qışda sobanı qalamaqdan belə vaz keçdi. Belədə madam Voke kirayə pulunu qabaqcadan istəməyə başladı. Cənab Qorio buna razı oldu. Elə həmin gündən pansionda ona «cənab Qorio» deyil, «Qorio ata» deməyə başladılar.
Qorionun müflisləşməsinin səbəbini hərə bir cür izah edirdi. Bu izahlardan hansının doğru olduğunu dəqiqləşdirmək müşkül məsələ idi. Yalançı qrafinyanın söylədiyi kimi, öz işləri barəsində danışmayan adamlar, adətən, yaramaz işlərlə məşğul olurlar. Beləliklə, bizim «cah-cəlallı tacir» də dəyişilib əvvəlcə cibgir, sonra hər şeyə tamah salan, lap axırda da qoca təlxəyə çevrildi. Madam Vokenin dediyinə görə, Qorio ata gah birjaya qaçaraq «iflasa uğradıqdan sonra» saçını yolan adam olurdu, gah da hər axşam on frank udan qumarbaz… Hərdən onu gizli polis casusu hesab edənlər də tapılırdı. Lakin Votrenin iddiasına görə, Qorio gizli polis casusu olmaq üçün kifayət qədər hiyləgər deyil. Bundan başqa, Qorio atanı qısa müddətə yüksək faizlə borc pul verən simic adam, əli gətirən lotereya oyunçusu zənn edənlər də vardı. Bunlar bir yana, hər halda, Qoriodan xeyir görənlər də az deyildi: onlar sabiq fabrikantı lağa qoyub ələ salır, bu yolla nəşələnir, acıqlarını soyudurdular.
Madam Vokenin ehtimalı daha çox həqiqətə bənzədiyindən hamı onunla razılaşmışdı. Onun dediyinə görə, bu kişi axmağın biri idi, çoxlu əcaib vərdişləri vardı. O, bu iftiranı belə əsaslandırmağa çalışırdı: qrafinya de l'Ambermenil pul vermədən pansiondan qaçandan bir neçə ay sonra, bir dəfə səhər tezdən, hələ yatağında ikən Voke ipək paltar xışıltısı eşitdi. Gənc bir qadın astaca Vokenin otağının yanından keçərək Qorionun açıq qoyduğu qapıdan içəri girdi. Dərhal Silviya sahibəsinin yanına gələrək, həddən artıq gözəl bir xanımın Qorionun harda yaşadığı barədə soruşduğunu xəbər verdi. Belə məlum oldu ki, artıq həmin xanım sabiq fabrikantın otağındadır. Madam Voke yatağından qalxdı, qaravaşla birlikdə Qorionun otağına doğru gəldi, sonra isə qapının arxasından onları pusmağa başladı. Pansion sahibəsi ilə qaravaş keçmiş fabrikantın naməlum qadınla mehriban söhbətinə bir xeyli qulaq asdı. Bu söhbət xeyli sürdü.
Handan-hana Qorio ata ilə qadın otaqdan çıxdılar. Keçmiş fabrikant qonağını ötürmək üçün onunla birlikdə pansiondan çıxdı. Bu zaman Silviya da onları izləməkdən ötrü arxalarınca yola düşdü. Qaravaş qoluna səbət keçirmişdi, bunu da Qorio ata ilə naməlum qadını şübhələndirməmək üçün etmişdi: guya bazara gedir.
Silviya madam Vokenin yanına qayıtdıqda isə sahibəsinə belə dedi:
– Xanım, yəqin cənab Qorio çox varlı adamdır ki, görüşdüyü qadın belə bahalı paltarlar geyinib. Görünür, bunları ona məhz Qorio alıb.
Nahar vaxtı madam Voke Qorio atanın gözünə gün düşməsin deyə pəncərənin pərdəsini çəkə-çəkə dedi:
– Cənab Qorio, sizə qonaq gələn xanım çox gözəl idi. Yəqin ki, bir-birinizi çox sevirsiniz?
Qorio:
– O mənim qızımdır, – deyə cavab verdi.
Qorionu ziyarət edən qız bir aydan sonra yenə gəldi. Qonaq otağında laqqırtı vuran kirayənişinlər də bu gözəl xanımı görmək səadətinə nail oldular. Qız bu dəfə başqa paltar geyinmişdi. Odur ki Silviya qızı tanımayıb qışqırdı:
– Bunlar ki iki nəfərmiş!..
Bir neçə gün sonra başqa bir yaraşıqlı qız cənab Qorionu xəbər almışdı.
Silviya bu dəfə:
– Bunlar üç nəfərmiş!.. – deyə səslənmişdi.
Qorionun ikinci qızı atasını səhər ziyarət etdi; bir neçə gün sonra isə axşamüstü karetada, bal paltarında gəldi.
Birinci dəfə gələn qızla bu dəfə gələn arasında heç bir bənzərlik görməyən madam Voke Silviya ilə birlikdə:
– Bunlar dörd nəfərmiş, – dedilər.
Madam Voke Qorionun qızları ilə onun pansionunda görüşməsinə əvvəl-əvvəl qətiyyən etiraz etmirdi. Ancaq bir gün hər şey dəyişdi: keçmiş fabrikant pansion haqqını min yüz frankdan doqquz yüz franka düşürdüyü vaxt qızlarından biri yenə yanına gəlmişdi. Bu zaman Voke olduqca həyasız bir tövrlə Qorioya xitab edərək, onun evini nəyə çevirdiyini soruşmuşdu. Qorio ata cavabında gələn xanımın onun böyük qızı olduğunu bildirdi.
Madam Voke istehza ilə:
– Axı sizin neçə qızınız var? – deyə soruşdu.
Qorio sakitcə cavab verdi:
– Mənim ancaq iki qızım var.
Üçüncü ilin sonlarında Qorio ata daha da qənaətcil davranmağa başladı: o, dördüncü mərtəbəyə köçdü. Burada qalmaq üçün keçmiş fabrikant cəmi qırx beş frank xərcləyirdi. Aydın görünür ki, o, getdikcə daha da müflisləşir. Qorio atanın brilyantları, qızıl tütün qabı, qızıl zənciri, cəvahirləri… – bir sözlə, qiymətli nəyi vardısa, hamısı bir-bir yox olurdu. Tezliklə o, bənövşəyi frakdan da məhrum oldu. İndi keçmiş fabrikantın əvvəlki görünüşündən əsər-əlamət qalmamışdı; qışda da, yayda da eyni paltar geyirdi. Qorionu artıq tanımaq belə mümkün deyildi. Altmış iki yaşlı