Kor çalğıçı. Владимир КороленкоЧитать онлайн книгу.
söhbətdən bir neçə ay sonra uşaq hər səsə qulaq verərək sürətlə, sərbəstcəsinə otaqların içərisində iməkləyir, başqa uşaqlarda görünməyən bir cəldliklə əlinə düşən hər şeyi yoxlayırdı.
O, tezliklə anasını yerişindən, paltarının xışıltısından və nə isə yalnız özünəməxsus, özgələrinin dərk edə bilmədiyi əlamətlərdən tanımağı öyrəndi: otaqda neçə adam olursa olsun, onlar necə yerlərini dəyişir, dəyişsin, həmişə səhv etmədən anasının oturduğu yerə tərəf gedirdi. Anası onu birdən-birə qaldırıb götürəndə belə yenə dərhal anasının qucağında olduğunu bilir və sakitcə dayanırdı. Lakin başqaları onu qucağına aldığı zaman kiçik əlləri ilə qucağında olduğu adamın üzünü yoxlayır və yenə dərhal dayəsini, Maksim dayını, atasını tanıyırdı. O, yad adamın əlinə düşəndə isə kiçik əllərinin hərəkəti yavaşıyır, diqqət və ehtiyatla əllərini yad adamın üzündə gəzdirir, üzünün cizgilərindən təlaşlandığı hiss olunurdu. Elə bil o, barmaqlarının ucu ilə yoxlayarkən qarşısındakı adamı görür və ona diqqətlə baxırdı.
Təbiətcə çox diribaş və oynaq uşaq idi. Lakin aylar bir-birinin ardınca gəlib-keçdikcə hərəkətlərindəki cəldlik azalırdı. Evin xəlvət bucaqlarında mıxlanıb qalır, üzündəki xətlər donmuş kimi sakit görünür, elə bil nəyəsə qulaq asırdı. Otağın sakit olduğu və müxtəlif səslərin onu məşğul etdiyi zamanlarda uşağın gözəl, yaşına uyğun olmayan ciddi üzündə heyrət və təəccüb əlamətləri görünür, elə bil o nəyinsə haqqında düşünürdü.
Maksim dayı başa düşdü ki, uşağın incə və həssas əsəb sistemi tədricən inkişaf edir, eşitmək, duymaq vasitəsilə ətrafdan aldığı təəssüratı dərk etməyə çalışır. Onun duyğu qabiliyyətindəki qeyri-adi həssaslıq hamını heyran etmişdi. Hətta arabir elə görünürdü ki, o lap rəngləri də seçə bilər: uşağın əlinə rəngbərəng parçalar düşdüyü zaman incə barmaqlarını uzun müddət onların üstündə gəzdirir, bu zaman üzündə təəccübləndiyini göstərən ifadə yaranırdı.
Sonralar getdikcə məlum oldu ki, uşağın duyğu qabiliyyəti ilk növbədə eşitmə qabiliyyəti üzrə inkişaf edir. O tez bir zamanda səslər vasitəsilə otaqları mükəmməl surətdə tanıya bildi: ailə üzvlərinin yerişini, şikəst dayısının oturduğu skamyanın cırıldamasını, anasının tikiş tikərkən işlətdiyi sapların boğuq səslərini, divar saatının aramla tıqqıldamasını seçir və bir-birindən fərqləndirirdi. Bəzən o, divarboyu iməkləyərək başqalarının eşidə bilmədiyi bir səsi diqqətlə dinləyir, əlini qaldıraraq divar kağızları üstündə gəzişən milçəklərin arxasınca uzadırdı. Ürkmüş cücü yerindən sıçrayıb uçan kimi kor uşağın üzündə acı heyrət ifadəsi əmələ gəlirdi. O, milçəyin birdən-birə uçub yox olmasının sirrini anlaya bilmirdi. Lakin sonralar uşaq belə hallarda başını milçəyin uçduğu tərəfə çevirməyə başladı: deməli, onun güclü eşitmə qabiliyyəti indi hətta havada milçək qanadlarının incə səsini də qavrayırdı!
Bir sözlə, uşağın üzündə daim səslərə qarşı xüsusi diqqət hiss olunurdu. Qulaq asarkən onun alt çənəsi incə və uzun boynu üzərində azca qabağa doğru uzanırdı. Qaşları xüsusilə tez-tez tərpənir, gözəl, lakin görməyən gözləri isə üzünə sərt, eyni zamanda təsirli bir görkəm verirdi.
5
Uşaq artıq üç yaşında idi. Qış başa çatır, həyətdəki qar artıq əriyir, bahar suları ətrafa səs salır, bununla birlikdə xəstə olduğu üçün bütün qışı təmiz havaya çıxmayıb otaqda keçirməyə məcbur olan uşağın da səhhəti yaxşılaşmağa başlayırdı.
Tezliklə pəncərələri daha tez-tez açmağa başladılar və bahar havası otağı daha tez-tez doldurmağa başladı. Şən bahar günəşi torpağı qızdırır, fıstıq ağaclarının hələ çılpaq olan budaqları sevinclə yellənir, uzaqlarda qaralan əkinlər, yeni göyərmiş otlar görünürdü. Baharın gəlişi ilə hamı daha azad və xoş nəfəs alırdı.
Uşaq üçün isə bahar yalnız müxtəlif səsləri ilə qonaq gəlirdi. O, bahar sularının sellərə çevrilərək sanki bir-birini qovurlarmış kimi daşlara çırparaq yumşaq torpaqları dərindən yarıb necə axdığını duyur, səhər şaxtasının damın kənarındakı navalçalarda dondurduğu və indi günəşin qızdırdığı buz saçaqlarından tələsik süzülüb-tökülən bahar damlalarının tıqqıltısını hiss edirdi. Arabir bu səslərin arasından çox yüksəklərdən durna qaqqıltıları eşidilirdi.
Təbiətdəki bu canlanma uşağın üzündə böyük heyrət doğururdu. O, qaşlarını tərpədir, boğazını uzadaraq dinləyir, sonra bu səslərdən həyəcanlanıbmış kimi birdən əlini uzadır, anasını axtarır və onun qucağına atılaraq bərk-bərk onun sinəsinə qısılırdı.
– Buna nə olub? – deyə anası özündən və başqalarından soruşurdu.
Maksim dayı diqqətlə uşağın üzünə baxır, onun bu həyəcanının səbəbini izah edə bilmirdi. Anası isə oğlunun üzündəki təəccüb və sual əlamətlərini hiss edərək:
– O… o anlaya bilmir, – deyə nəticə çıxarırdı.
Doğrudan da, uşağı həyəcan və narahatlıq bürümüşdü: bəzən o, yeni səslərə qulaq verib onları duyur, bəzən də bu vaxta qədər adət edib öyrəşdiyi səslərin birdən-birə susub haraya isə yox olduqlarına təəccüblənirdi.
Elə ki baharın qarışıq, hay-küylü dövrü keçdi, uşağın həyəcanı da azaldı.
Bir gün onu çölə, yaxındakı çayın kənarına çıxarmağı qərara aldılar. Anası onun əlindən tutub aparırdı. Maksim dayı da qoltuqağacıları ilə onların yanınca gedirdi. Onlar sahildəki təpəyə tərəf gedirdilər, çünki külək və günəş bu təpələri lazımi qədər qurutmuşdu. Təpə yaşıllaşmış, qalın bir çəmənliklə örtülmüşdü, uzaqlardakı mənzərələr buradan çox aydın görünürdü.
Anası uşağın kiçik əlinin onun əlini bərk-bərk sıxdığını hiss etdi, lakin baharın günəşli havasından o qədər məst olmuşdu ki, onun bu həyəcanlı hərəkətinə əhəmiyyət vermədi. Əhəmiyyət versə görərdi ki, uşaq gözlərini heyrətlə günəşə çevirib: sanki sudan çıxarılmış balıq kimi tez-tez nəfəs alaraq havanı sinəsinə çəkir! Arabir onun çaşqın üzündə sevinc əlaməti görünür, ancaq bu sevinc dərhal da öz yerini çaşqınlığa, heyrətə buraxırdı.
Təpəyə çatan kimi hər üçü yumşaq otların üstündə oturdu. Anası uşağı daha rahat əyləşdirmək üçün yerdən qaldırdığı zaman o yenə titrək əlləri ilə anasının paltarından yapışdı, elə bil harasa yıxılacağından qorxdu. Sanki ayağı altında torpaq olduğunu hiss etmirdi. Lakin anası bu dəfə də uşağın həyəcanını hiss etmədi; çünki onun gözləri və diqqəti gözəl bahar mənzərəsinə dikilib qalmışdı.
Günortaçağı idi. Günəş yavaş-yavaş mavi göy üzündən çəkilib gedirdi. Onların oturduqları təpədən axmaqda olan çay bütün genişliyi ilə görünürdü. Çaydakı buzlar artıq axıb getmişdi, yalnız arabir orada-burada suyun üzərində ağ ləkələr kimi görünən buz parçaları üzür, onlar da yavaş-yavaş əriyib yoxa çıxırdılar. Çəmənliyin çuxur yerlərində toplanmış