Qafqazlardan Volqaya. Фритьоф НансенЧитать онлайн книгу.
lələkləri və caynaqları olan heç nə yemirlərmiş. Xevsursların donuz əti yeməməsi yəqin Məhəmmədin, ya yəhudilərin təsirinin nəticəsidir.
Qadınların bu dağ xalqlarının arasında mövqeyi çox aşağıdır. Bizdəki qadınlardan aşağı olduğunu deyə bilərəm. Onlar bir təhkimçidən, bir daşınmaz əmlakdan daha artıq deyillər. Kişi, adətən, arvadı özünə başqa kənddə axtarır. Və qədim adətə görə, kişi nə zaman hansı qadını istəsə qaçırda bilər. Xüsusilə müharibə vaxtı qadınlar qənimət olaraq götürülürdü, başqa ailələrdən, tayfalardan güclə alınırdı. Bizlər isə çox vaxt öz yaxın tanıdıqlarımızla qız verib-alırdıq. Ümumiyyətlə, yaxın qonşuluqdan kənara çıxmağı sevmirik. Xevsurlu ər tam yaraq-yasaqlı halda, dostları ilə bərabər toydan bir gün öncə gəlinin kəndinə gəlir. Gəlin isə onu öncədən hazır olaraq gözləyir. Gəlin gərək güclü müqavimət göstərərək ona öz tərbiyəsini nümayiş etdirsin. Amma, bununla belə, bəy onu öz atası evinə aparır. Müxtəlif formallıqlardan sonra – yəni guya həmin ərəfədə bir-birinə çox da istək göstərməməlidirlər – beş-altı gün keçir və onlar evlənirlər. Üç gecəni birlikdə keçirdikdən sonra gəlin qayıdır atası evinə və normal evlilik həyatına başlayan kimi bir müddət orada keçirdir. Əgər qadın ərinin xoşuna gəlməsə, onu atası evinə göndərə bilər və gəlin yenidən ərə gedə bilər. Qadın da ərini tərk edə bilər, amma bu zaman gərək azadlığını pulla alsın. Və bunun üçün çox zaman o qədər yüksək olur ki, qadının buna sadəcə gücü çatmır. Ərinə xəyanət edən qadınların üzünə kömür çəkir, ya da qulağını, burnunu kəsirlər. Amma xəyanət edən kişilərə nə etdiklərini bizə söyləmədilər. Əvvəlki dövrlərdə çoxarvadlılıq adi hal imiş, amma indi deyirlər, nadir rast gəlinən haldır. Maraqlı bir inancları var, guya hamilə qadın təmiz deyil, onun üçün evdən kənarda, ya kəndin kənarında bir daxma hazırlayırlar, orda qalır. Əgər doğuşun sonuna yaxın ağrıları çoxalırsa, diqqətli ərinin edə biləcəyi yalnız bir şey olur: gecə vaxtı, gizlincə silahını da götürüb gəlir həmin daxmanın yanına və zalım ruhları ordan uzaqlaşdırmaq üçün havaya atəş açır. Doğuşdan sonra balaca qızlar ona bərk yemək gətirir. Qədim insanlarda, xüsusən də, qədim eskimoslarda da biz bu adəti müşahidə edirik. Onlarda da belə bir adət olub ki, zahı qadının yediyi qab çirkli hesab edilir və başqaları həmin qablardan istifadə etmir. O, “qadın evində” qala bilməz. Daha təmiz olana kimi, 30-40 gün müddətində kənd kənarında qalır. Mensturasiya olan qadınlar da eyni cür təcrid edilməlidir.
Çətin həyat şəraitini nəzərə alaraq çox övlad sahibi olmağı arzulamırlar və abort, deyilənə görə, adət halını alıb. Evliliyin dörd ili keçməmiş övlad sahibi olmaq elə də adi deyil, ikinci uşaq üç il sonra gələ bilər və üç uşaq kifayət edir. Amma qız uşağı olanda sevinmirlər, onları istəmirlər. Hərçənd bəzi tayfalar keçmiş günlərdə qız olanda öldürürmüş körpəni. Onlar paltarlarını cır-cındırdan, yundan və qoyun dərisindən düzəldirlər. Qadınların alt paltarı çox zaman daha kobud və daha ağır olur, kişilər üçün isə ən yaxşı, ən yumşaq yundan istifadə edilir.
Osetinlər, əsasən, bizim şimala olan yolumuzun qərbində yerləşən Osetiyada yaşayan, sayları təxminən 225 min olan xalqdır. Araşdırmaçılar onlar haqqında çoxlu tədqiqatlar aparmış, çoxlu yazılar yazmışlar. Onlar, ümumiyyətlə, Hind-Avropa qoluna məxsus alanların törəmələri hesab edilir. Eyni zamanda ola bilər Heredot tərəfindən adları çəkilən massagetlərin nəslidir. Bundan əlavə, onları sarmatlarla da əlaqələndirənlər var. Ptolomey onları osilianlar, ərəb və orta əsr yazarları isə onları Assanlar və ya Alanlar adlandırıblar. Rusiya xronikalarında 12-ci əsrin başlanğıcında onlar Yasselər və ya Yossilər kimi tanınıb. Onları özlərini İronianlar adlandırır, bu isə Aryonla eyni deməkdir. Aryon isə Alanla eyni etnik mənsubiyyətdir. Amma başqaları İronianları sonrada İran adlanan ölkənin ilkin əhalisi hesab edir. Onların dili Hind-Avropa ailəsinin İran budağına məxsus olmaqla şimali və cənubi Qafqaz xalqlarının danışdıqları dillərdən tamamilə fərqlənir. Onlar yəqin ki Qafqaza şimaldan gəlib, sonra eramızın 1-ci əsrindən başlayaraq cənubi Rusiya ərazilərində, sonra da yaşamağa başladıqları Don çayının cənub ətəklərində geniş yayılıblar. Onların adı Osetin dilində su deməkdir. Biz bu ada Qafqaz dağlarının şimal ətəklərində axan bir çox çaylarda və çay qollarında da rast gəlirik. Məsələn, Ar-don və başqaları kimi (baş su deməkdir – tər). Osetinlərin şərq sahillərində məskunlaşdığı Azov dənizi də çox güman adını onlardan alıb. Xalqların köçünün başlanğıcında alanların, yaxud osetinlərin böyük bir hissəsi qotlar və hunlarla bərabər qərbə tərəf yönəlib Dunay çayının sahillərində məskunlaşdılar. Çay adını onlardan alıb. Onlar çox güman Moldovadakı Yassi (Yaşi kimi tələffüz edilir) şəhərinin də əsasını qoyublar. 7-ci əsrdən 13-cü əsrə kimi birinci xəzərlər, sonra isə monqollar osetinləri Don çayı sahillərindən cənuba, Kuban və Terek çaylarına doğru sıxışdırıb qovdular. Onlar, əslində, çox güclü süvarilərə sahib xalq olublar və 14-cü əsrdə Krımdan gələn kabardinlər onları dağlara, hazırda yaşadıqları dağlıq ərazilərə qovdular. Onların lap qədimdən dağları yaxşı tanıması, dağlıq ərazilərdə məskunlaşmasını onların kox (dağ) sözünün yunan dilindəki (Kavkaaos) sözün ilk hərfi ilə eyni olması bir çox mətləbdən xəbər verir. Başqa insanlarla, xüsusən də, Şərqi Qafqaz xalqları ilə müqayisədə osetinlər kifayət qədər uzunsov başa sahibdir (kişilərdə baş ölçüsünün indeksi: 81).
Gözləri çox zaman mavi, yaxud boz, saçları və saqqalları ümumən sarışın, açıq-qəhvəyi rəngdə, yaxud qırmızımtıl olur. Üzləri çox zaman geniş, burunları böyük və düz, dodaqları nazik, üzləri sarışın, yanaqları sağlam-qırmızımtıl olur. Orta boylu, atletik bədən quruluşuna sahib – həm kişilər, həm qadınlar – olurlar. Ola bilsin, tarixən osetinlər Nordik irqinin nümayəndəsi olub, yaxud şimaldan çox güclü axın elementləri olub. Dilləri isə daha çox İranda danışılan dillərlə qohumluq əlaqələrindədir. Başın ölçüsündəki fərqlər, qara saçla qəhvəyi gözlərin qarışımı bu insanların tarixin sonrakı dövrlərində qonşuluqdakı tayfa və qəbilələrlə qaynayıb-qarışdığına siqnal edir.
Bizlər, şimal insanları üçün bu insanların adlarının qədim Nors dilindəki Allah adları ilə bağlılığının olması diqqətçəkəndir. Snorre Sturlason özünün “İnqlinqa saqa” əsərində yazır ki, Asiyada Tanvisl (Tanais=Don) çayından şərqdə A…saland, yaxud A…saheim adlı ölkə yerləşib və bu ölkənin paytaxtı A…sgard olub. Və Odin buraların hakimi olub. Hərçənd Sturlason A…ss-ı Asiya ilə əlaqələndirməyə çalışıb, amma, bununla belə, biz don çayından yaxud Tanvisldan şərqdə yerləşən osetinlər haqqında düşünə bilərik. A…saland sonradan çevrilib olur Osetinlərin ölkəsi. Snorrenin bizə həmçinin Odinin bir nəhəng dağ silsiləsinin (Qafqaz dağları nəzərdə tutulur, osetinlərin bəziləri hazırda orada yaşayır) cənubunda böyük torpaqlara sahib olması haqqında dedikləri diqqətçəkici məqamdır. Yazır ki, həmin ərəfədə Roma imperatorları bütün dünyanı fəth etmək yolunu tutmuşdu və xeyli insanı qula çevirmişdi. O zaman “uzaqgörən” Odin uzaqlara pənah gətirmiş, özü ilə birgə bütün allahlarını, bir çox başqa insanı da götürmüşdür. İlk gəliş məntəqəsi Qardarike (Rusiya) sonra isə cənuba doğru (Almaniya) yön alıb, sonra şimala istiqamətlənib.
Osetinlərin