Balaca və Karlson. Астрид ЛиндгренЧитать онлайн книгу.
şeydir, adi həyat hadisəsidir! – Karlson etinasızlıqla totuq əlini yellədi. Sonra da Balacanı arxayın edərək dedi: – Mən ən yaxşı maşınımı sənə verərəm.
Balaca təəccüblə soruşdu:
– Doğrudan?
– Əlbəttə. Orda, yuxarıda bir neçə min buxar maşınım var.
– Necə yəni yuxarıda?
– Yuxarıda da, damdakı evimdə.
Balaca təəccüblə soruşdu:
– Sənin damda evin var? Üstəlik, bir neçə min də maşının var?
– Əlbəttə, ən azı, iki min maşınım var.
Balaca sevincək dedi:
– Sənin evinə elə getmək istərdim ki!
Heç inanmaq olmurdu ki, damda balaca ev var və Karlson orada yaşayır…
Balaca dedi:
– Sən maşınlarından birini elə indi mənə verə bilərsən?
– Yox, əvvəlcə mən gərək bir qədər ora-burasına baxam, qoruyucu klapanları yoxlayam… Sakit, bircə sən sakit ol, maşını bu günlərdə alacaqsan.
Balaca buxar maşınının hissələrini yerdən yığmağa başladı.
O, təlaşla dedi:
– Atamın necə acıqlanacağını təsəvvür edirəm.
Karlson təəccüblə qaşlarını çatdı:
– Elə buxar maşınına görə? Bu ki boş şeydir, adi həyat hadisəsidir. Belə şeyə görə həyəcan keçirməyə dəyərmi? Sən atana elə belə də de! Mən bu sözləri ona özüm də deyərdim, ancaq tələsirəm, daha ləngiyə bilmərəm… Bu gün sənin atanla görüşə bilməyəcəyəm. Mən gərək evimə uçam, görəm orda nə var, nə yox.
Balaca dedi:
– Sən yenə uçub buraya gələcəksənmi?
– Sakit, bircə sən sakit ol! – deyərək Karlson qarnındakı düyməni basdı.
Mühərrik işə düşdü. Bir az sonra Karlsonun ayaqları yerdən üzüldü və o, havada bir neçə dövrə vurdu.
– Mühərrik nədənsə şıltaqlıq edir. Gərək emalatxanaya gedib yağladam. Doğrudur, bunu mən özüm də edə bilərəm, ancaq tərs kimi, vaxtım yoxdur…
Sonra Karlson pəncərədən çölə uçdu.
– Balaca, hələlik! – Karlson totuq əlini yellədərək gözdən itdi.
Karlson kubikdən qüllə tikir
Balaca təkrar-təkrar deyirdi:
– Axı mən sizə dedim ki, onun adı Karlsondur, özü də orada, yuxarıda, damda yaşayır. Burda qəribə nə var ki? Məgər insanlar kefləri istəyən yerdə yaşaya bilməzlər?
Ana dedi:
– Balaca, tərslik eləmə. Bilirsən bizi necə qorxuzmusan! Əməlli-başlı partlayış olub. Axı sən ölə bilərdin! Niyə bunu başa düşmürsən?
– Başa düşürəm, bununla belə, Karlson buxar maşınları üzrə dünyanın ən məşhur mütəxəssisidir.
Balaca bu sözləri deyib ciddi nəzərlərini anasına yönəltdi.
Axı bu ana niyə başa düşə bilmir ki, dünyanın buxar maşınları üzrə ən məşhur mütəxəssisi qoruyucu klapana baxmaq istəyirsə, onun sözünü necə yerə salmaq olar?
Ata acıqla dedi:
– Öz hərəkətlərinə özün cavab verməlisən. Yoxsa damda yaşayan bir Karlson uydurub bütün günahı onun boynuna yıxmaq olmaz.
Balaca dedi:
– Xeyr, Karlsonu uydurmamışam, o, damda yaşayır.
Bosse onu lağa qoyub dedi:
– Özü də uça bilir, hə?
Balaca dedi:
– Təsəvvür edirsən, həə, uça da bilir. O uçub evimizə gələr, sən də görərsən…
Betan dedi:
– Yaxşı olar ki, o, sabah uçub gəlsin. Əgər damda yaşayan Karlsonu öz gözlərimlə görsəm, Balaca, sənə bir kron2 verərəm.
– Yox, sən onu sabah görə bilməyəcəksən. Sabah o, emalatxanaya gedib mühərrikini yağladacaq.
Ana dedi:
– Bəsdir nağıl danışdın. Yaxşısı budur, bax gör kitab rəfini nə günə salmısan.
– Karlson deyir ki, bu, boş şeydir, adi həyat hadisəsidir!
Balaca belə deyib əlini lap Karlson kimi yellədi. Demək istəyirdi ki, kitab rəfinə düşmüş bir-iki ləkəyə görə qan qaraltmağa dəyməz.
Ancaq Balacanın nə sözləri, nə də hərəkəti anaya təsir etmədi. O, acıqla söylədi:
– Deməli, Karlson belə hesab edir? Onda Karlsona de ki, bir də burnunu buraya soxsa, ona elə divan tutacağam ki, ömrü boyu yadından çıxmasın.
Balaca heç nə demədi. Ancaq anasının dünyanın buxar maşınları üzrə ən məşhur mütəxəssisini döymək fikrinə düşməsi onu dəhşətə gətirdi.
Aradan bir müddət keçdi. Balaca döşəmədə uzanıb kitab oxuyurdu. Birdən eşikdən vızıltı eşitdi. Karlson nəhəng arı kimi uçub otağa daxil oldu. O, şən mahnı zümzümə edə-edə havada bir neçə dövrə vurdu. Divara vurulmuş şəkillərin qarşısından uçanda şəkillərə diqqətlə baxmaq üçün sürətini azaltdı. Başını yana əyib gözlərini qıydı. Dedi:
– Gözəl şəkillərdir! Son dərəcə gözəldir. Ancaq hər halda, mənim çəkdiklərimdən gözəl deyil.
Balaca ayağa durdu. Sevincinin həddi-hüdudu yox idi, axı Karlson gəlmişdi.
Balaca soruşdu:
– Orda, damda sənin çox şəklin var?
– Bir neçə min olar. Axı mən özüm boş vaxtlarımda şəkil çəkirəm; məsələn, dünyanın ən məşhur xoruzçəkəni mənəm.
Belə deyib Karlson ehtiyatla Balacanın yanında yerə endi.
Balaca təəccüblə dedi:
– Doğrudan elədir?! Olar ki, mən də səninlə dama qalxım? Sənin buxar maşınlarına, şəkillərinə elə baxmaq istəyirəm ki!
Karlson cavabında dedi:
– Əlbəttə ki, olar. Evimin əziz qonağı olarsan… Ancaq indi yox, başqa vaxt apararam.
– Kaş o gün tez gələydi, – Balaca ürəkdən arzuladı.
Karlson dedi:
– Sakit, bircə sən sakit ol! Mən əvvəl evimi yığışdırıb səliqəyə salmalıyam. Doğrudur, bu, çox vaxt aparmayacaq. Sən, yəqin, bilirsən ki, dünyanın ən tez ev yığışdıranı kimdir?
Balaca ehtiyatla dedi:
– Görünür, sənsən!
Karlson əsəbiləşdi:
– Hələ bir «görünür» də deyirsən?! Sən bu işə necə şəkk gətirə bilərsən! Damda yaşayan Karlson otağı tez təmizləməkdə dünyanın ən məşhur və
2