Şerlok Homs və doktor Vatson. Артур Конан ДойлЧитать онлайн книгу.
verirəm, sonra da qonorarımı alıb cibimə qoyuram.
Bu yerdə özümü saxlaya bilməyib soruşdum:
– Yəni demək istəyirsiniz ki, siz otağınızdan çıxmadan hansısa cinayətin üstünü açmaqda peşəkar olan adamlara bir-iki məsləhətlə kömək edə bilirsiniz?
– Bəli, – Holms sakitcə cavab verdi. – Bunda təəccüblü heç nə yoxdur. Mənim qeyri-adi intuisiyam var. Doğrudur, hərdən mənim də çarəsiz vəziyyətdə qaldığım işlər olur. Belə zamanlarda ayaqlarıma əziyyət vermək və evdən çıxmaq, bəzi şeyləri araşdırmaq məcburiyyətində qalıram. Bilirsiniz necədir, mənim hər situasiyaya uyğun xüsusi üsulum var və bu, işimi heyrət doğuracaq dərəcədə asanlaşdırır. Haqqında həqarətlə danışdığınız məqaləmdə irəli sürdüyüm nəzəriyyə də bu üsullardan biridir. Müşahidə qabiliyyəti mənim paralel həyatımdır. Deyəsən, ilk görüşümüzdə Əfqanıstandan gəldiyinizi söyləyərkən sizi yaman təəccübləndirmişdim.
– Məncə, bunu kimsə sizə demişdi…
– Qətiyyən. Bu müşahidəmin nəticəsində gəldiyim qənaət idi. Bəzən başqalarına əhəmiyyətsiz görünən bir detal mənə doğru nəticə çıxarmaq imkanı verir. Sizi ilk dəfə görərkən öz-özümə dedim: “Bu adam, böyük ehtimalla, həkimdir, lakin duruşundan hərbçiyə oxşayır. Deməli, hərbi həkimdir. Tropiklərdən təzəlikcə qayıdıb – sifəti qaralıb, ancaq bu onun dərsinin əsl rəngi deyil, çünki biləkləri ağdır. Əldən düşmüş görünüşü var – ya çox əziyyət çəkib, ya da ağır xəstəlik keçirib. Sol qolundan yaralanıb – çünki həmin qolunu, demək olar, hərəkət etdirmir. Hərəkət etdirərkən isə ağrı çəkir. İndiki vaxtda ingilis hərbi həkimlərinə daha çox harada ehtiyac var? Əlbəttə, Əfqanıstanda!” Bütün bu fikirlər beynimdən cəmi bir neçə saniyədə keçdi. Ona görə də Əfqanıstandan gəldiyinizi deyəndə sizi təəccübləndirdim.
– Maraqlıdır, – gülümsəyərək dedim. – Mənə Edqar Allan Ponun[12] qəhrəmanı Düpeni xatırladırsınız. Mən elə bilirdim, bu cür adamlar ancaq romanlarda olur.
Şerlok Holms qalxıb qəlyanını yandırdı.
– Yəqin, Düpenlə müqayisə edərkən mənə kompliment dediyinizi düşünürsünüz, – ev yoldaşım yenidən sözə başladı. – Məncə, sizin o Düpen çox dardüşüncəli adamdır. On beş dəqiqəlik sükutdan sonra həmsöhbətini “yeri gəlmişkən” ifadəsi ilə çaşdırmağa çalışmaq çox düşük fənddir. Lakin Ponun təqdim etmək istədiyi qədər olmasa belə, onun müəyyən analitik qabiliyyəti var.
– Qaborionun romanını oxumusunuz[13]? Necə bilirsiniz, həmin romanın qəhrəmanı Lekok əsl xəfiyyədir?
Şerlok Holms öncə kinayə ilə gülümsündü, sonra isə acıqla dedi:
– Lekok burnufırtıqlı miskindir. Zəhmətkeşdir, vəssalam. Başqa heç bir bacarığı yoxdur. Ümumiyyətlə isə, Qaborionun romanı ürəyimi bulandırır. Həbsxanaya salınmış cinayətkarın şəxsiyyətini müəyyən eləmək – problemə bax da! Mən bunu vur-tut iyirmi dörd saata bacarardım. Lekok isə budan ötrü, az qala, yarım il eşələnir. Qaborionun kitabını oxuyan kimsə heç vaxt xəfiyyələrlə işləmək istəməz.
Mən ev yoldaşımın sevimli ədəbi qəhrəmanlarımı özündənrazı halda aşağılamağa başladığını görüb əsəblərimi cilovlaya bilmədim. Pəncərəyə yaxınlaşıb arxamı Holmsa çevirərək küçəyə tamaşa etdim. “Yaxşı da, başa düşdük, ağıllı adamsan, – ürəyimdə dedim, – lakin bu qədər də yekəxanalıq olmaz!”
– İndi nə mürəkkəb cinayətlər baş verir, nə də gerçək canilər qalıb, – Holms deyinməyə başladı. – Nə qədər qabiliyyətli olursan ol, bizim peşəmizdə buna dəyər verən yoxdur. Başa düşürəm, hər bir halda şöhrət qazana bilərəm. Dünyada xəfiyyəçilik sarıdan mənim qədər bacarıqlı, çalışqan adam yoxdur və olmayıb. Lakin nə olsun? Üzərində çox baş sındırmalı cinayət yoxdur. Uzaqbaşı hansısa dələduzluq, fırıldaqçılıqla qarşılaşıram. Bunları elə Skotlənd-Yardın[14] əməkdaşları da əlüstü aşkarlaya bilərlər.
Bu cür özündənrazılıq tonu qəti ürəyimdən olmadı. Mövzunu dəyişməyə qərar verdim.
– Maraqlıdır, görəsən, o nə axtarır? – küçənin əks tərəfi ilə tələsmədən addımlayaraq binaların nömrəsinə baxan yekəpər adamı göstərib soruşdum. Adamın əlində iri, mavi zərf vardı, yəqin, qasid idi.
– İstefada olan hərbi dəniz donanması çavuşunu deyirsiniz? – Şerlok Holms sualıma sualla cavab verdi.
“Təkəbbürlü adam! – mən ürəyimdə dedim. – Dəqiq bilirəm ki, bunu öyrənmək mümkün deyil!”
Elə bu zaman həmin adam yaşadığımız evin qapısı üzərindəki nömrəni görüb tələsik küçəni keçərək biz tərəfə gəldi. Öncə bərk tappıltı, ardınca isə kobud bir səs, lap axırda da addım səsi eşidildi. Pilləkənlə ağır-ağır yuxarı, yanımıza qalxan naməlum qonaq əlindəki zərfi ev yoldaşıma uzadıb dedi:
– Cənab Şerlok Holms sizsiniz? Bu məktub sizə çatacaq.
Ev yoldaşımın təkəbbürünü beşiyində boğmaq üçün əlimə yaxşı fürsət düşmüşdü! Axı bir qədər əvvəl o, gələn adamı hərbi dəniz donanmasının istefada olan çavuşu adlandırmışdı. Lakin belə görünür, Holms yanılırdı. Bu çavuş yox, poçt işçisi idi. Hər halda, mən fürsəti fövtə vermək istəmədim və Şerloku pərt eləmək üçün qasiddən mehriban səslə soruşdum:
– Zəhmət olmasa, deyin görək nə işlə məşğul olursunuz?
– Qasidlik eləyirəm, – adam qaşqabaqla cavab verdi. – Formam üzərimdə deyil, çünki dərziyə vermişəm ki, bəzi yerlərinə əl gəzdirsin.
– Bəs əvvəl nə iş görmüsünüz? – mənalı nəzərlərlə Holmsa baxıb yenidən soruşdum.
– Kral ordusunun dəniz qoşunlarında çavuş olmuşam, cənab. – Qasid belə deyib üzünü Holmsa çevirdi. – Cavabı indi yazacaqsınız, yoxsa sonra gəlim? Aydındır, cənab. Sonra gələrəm.
Bundan sonra qasid dabanlarını yerə vurub yüngülcə təzim edərək getdi.
Üçüncü fəsil
Loriston-Qardensin sirri
Ev yoldaşımın nəzəriyyəsi özünü doğrultduqca heyrətim artırdı. Onun istedadı, doğrudan da, hörmətə layiq idi. Amma hərdən də ağlıma gəlirdi ki, bütün bunlar məni təəccübləndirmək üçün əvvəlcədən hazırlanmış bir oyundur…
Şerlok Holms qasidin gətirdiyi məktubu oxuyub bitirdikdən sonra dinməzcə dayandı. Onun dalğın və sönük baxışları gərgin düşüncələrə qərq olmasından xəbər verirdi.
Mən sakitcə soruşdum:
– Necə bildiniz?
Holms qaşqabaqlı halda dilləndi:
– Nəyi?
– Onun istefaya çıxmış hərbi
12
13
Dünyanın ilk detektiv müəlliflərindən sayılan fransız yazıçısı Emil Qaborionun 1866-cı ildə çıxan “Dul qadın Lerujun işi” romanı nəzərdə tutulur.
14