Qılınc və qələm. Мамед Саид ОрдубадиЧитать онлайн книгу.
qoşunun gəlməsi onun inzibati işlərə başlaması Atabəylərin tərəfindən düzəldilmiş təzə qanunların elan edilməsi, vergiləri verməkdən boyun qaçıran kəndlərə göndərilən vergi məmurlarının qoşun dəstələri ilə getmələri, gələcəkdə nə kimi hadisələr vücuda gələcəyini aydınlaşdırmışdı.
Bunsuz da Əmir İnancın vaxt qazanmaq üçün Azərbaycan xalqına verdiyi istiqlal vədələrinin mündəricəsi məlum idi, çünki zahirdə Şirvan şahı Əbülmüzəffərə qarşı qoyulan təbliğat işlərinin Şirvan şahı ilə Əmir İnanc arasında müştərək düzəldiyinə dair vəsiqələr də əldə edilmişdi. Arana gətirilən qoşun dəstələrindən başqa Şirvan şahının ixtiyarına da xalis farslardan ibarət böyük bir dəstə qoşun gəlmişdi. Atabəy Məhəmmədin gördüyü bu tədbirlərin mündəricəsi də bəlli idi. Şimali Azərbaycan Atabəyin qoyduğu təzə qanunları qəbul etmədiyi zaman Şirvan şahlığında yerləşən qoşunlar Şirvanın öz xüsusi qüvvəsilə birlikdə Şimali azərbaycanlıları arxadan vuracaqdı. Atabəy Məhəmməd ilə Şirvan şahı Əbülmüzəffər arasında hərbi ittifaq bağlandığı xəbərləri də aralıqda gəzirdi.
Nəhayət, şayiə şəklində dolaşan xəbərlər bir həqiqət kimi görünməyə başladı.
Günəş hələ bir cida boyu qalxmamışdı, şəhər xalqı yerindən təzəcə qalxırdı, hökümətin carçıları küçələri dolaşıb bu sözləri qışqırırdı:
– “Səlcuq camesinə yığışın!
Xəlifənin fərmanı oxunacaqdır, hey…”
Cümə günü idi. Məlikşah meydanı Gəncə əhalisi ilə dolmuşdu. Cümə bazarında iştirak etmək üçün Dehi, Püsəran, Xursənək, İsfahan, Yurt, Rud, Aqsuvan və Yam kəndlərindən gələnlər də Məlikşah meydanına yığışaraq xəlifədən gələn fərmanın nədən ibarət olduğu ilə maraqlanırdı. Arana qoşun gəldiyini görərkən “istiqlalı müdafiə üçün gəlibdir” deyən sadə ürəklilər indi də “Xəlifə istiqlalımızı təsdiq etdiyi üçün fərman göndəribdir” deməyə başlamışdılar. Məsciddə boş yer yox idi, qırx sütunlu, geniş məscidin qadınlar bölməsində də minlərcə adam yerləşmişdi. Məsələnin həqiqətini bilənlər də, bilməyənlər də fərmanı eşitməyə tələsirdilər. Gəncə və ziyalıları da məsciddə idi.
Fəxrəddin və Nizami hamıdan əvvəl məscidin əyan və ziyalılara məxsus bölməsində oturub Əmirin əyan və Gəncə qazısının intizarını çəkirdilər.
Fəxrəddin Nizaminin qulağına pıçıldayıb:
− Hərgah məsciddə bizdən biət almaq istəyərlərsə, təklifimiz nədir? – deyə soruşduqda Nizami:
− Baxıb görək, fərmanda nə yazılır, o zaman təklifimiz aydınlaşar, – dedi.
Əmir İnanc və Gəncə xətibi Əmirin qoca vəziri Toxtamışla bərabər məscidə girdilər. Əmir və vəziri Toxtamış hökumətə məxsus bölmədə oturdular, xətib isə birbaş xalqın cərgələrini yarıb minbərə çıxdı. Qısa bir xütbə oxudu. Xütbəni Xəlifə Müstərşidbillah, Soltan Toğrul və onun atabəyi Cahan Pəhləvan Məhəmmədin adları ilə başlayıb onların adları ilə bitirdi.
Xətib xütbəsini bitirdikdən sonra Hüsaməddin əlində üstünə yaşıl atlasdan örtük çəkilmiş gümüş sini minbərə yaxınlaşdı. Xətib əlini uzadıb sininin üstündən örtüyü götürərək:
− Allahüməsəlli əla-Məhəmməd və ali-Məhəmməd! – dedi, bunun dalısınca da məsciddən yüksələn salavat səsi Məlik meydanına əks etməyə başladı.
Meydanda yığılan xalqdan da salavat gurultuları eşidildi. Nəhayət, xətib ayaq üstündə durub “salavat” kəlməsini təkrar edənlərin yerə oturmasını əmr etdi. Xətib ərəbcə yazılmış fərmanı oxumağa başladı. Sonra da Əmirin qoca vəziri ayağa qalxıb fərmanı qısa bir surətdə yerli dilə tərcümə etdi:
“Allah-təbarək-təalanın böyük iradəsi və peyğəmbər-zişənimizin himayəsi İslam milləti və İslam məmləkətlərinin himayə işlərini xəlifələrə həvalə edibdir. Buna görə də biz, dini-İslamın müdafiəsi, Qurani-şərifin hökmlərinin bütün dünyada nəşr edilməsi, İslam ölkələrinin əmin-amanlığı, məmləkətlərinin abad edilməsi işini səlahiyyətdar olan soltanların öhdəsinə tapşırmalıyıq. Dünya səltənətini Məlikşahın xələfi olan Soltan Toğrula, onun atabəyi Cahan Pəhləvan Məhəmmədə tapşırmağı qərara aldım.
Bütün İraq, Fars və Azərbaycan xalqına tapşırılır ki, Əmir-əl-mömininin etimadını qazanmış, Soltan Toğrula və Eldənizin dəyanətli xələfi olan Cahan Pəhləvan Məhəmmədə bilavasitə biət etsin. Həmədan sabiqdə olduğu kimi Toğrul səltənətinin paytaxtıdır. Azərbaycan hökuməti Təbriz paytaxt olmaq şərtilə Atabəy Məhəmmədin qardaşı Qızıl Arslana tapşırılır. Şirvan xaqanı Əbülmüzəffər Şirvan şahı təsdiq olunur. Aran ölkəsinin idarəsi Atabəy Məhəmmədə tabe olmaq şərti ilə Əmir İnanca həvalə olunur”.
Toxtamış fərmanı oxuduqdan sonra onu əlində yuxarı qaldırıb məsciddə oturanlara dedi:
− Fərmanı Əmir-əl-möminin xəlifəyi-ruyi-zəmin Müstərşidbillah həzrətlərinin özü imza edib və xilafət möhürü ilə möhürləmişdir.
Vəzir bu sözləri dedikdən sonra fərmanı yenə də gümüş sininin içinə qoydu və yaşıl atlası üzərinə çəkərək Əmirin qarşısına gətirdi. Əmir ayağa qalxdı, çünki xəlifənin təklif etdiyi biəti qəbul edənlər bir-bir gəlib fərmanı öpməli və Əmirə biət edib keçməli idilər.
Ən əvvəl xətib və Əmir divanxanasının məsul xidmətçiləri bir-bir gəlib fərmanı öpüb keçdilər. Lakin məscidə yığılan camaatın gözü Fəxrəddində, Nizamidə və sairlərdə idi. Heç kəs yerindən hərəkət edib fərmanı öpməyə və “biət edirəm” deməyə cəsarət etmirdi.
Toxtamış dərhal vəziyyətin ağır olduğunu hiss edərək əyanlara müraciət etdi:
− Xalq öz rəhbərlərinin xəlifə nümayəndələrinə biətini gözləyir. Ağalar buyurub biət etsinlər.
Yenə də heç kəsdən səs çıxmadı.
Fəxrəddin Nizaminin qulağına pıçıldayıb soruşdu:
− Təklifiniz nədir?
Nizami Fəxrəddinə cavab vermədən əvvəl Toxtamışın cavabını verib dedi:
− Biz ərəb olmasaq da, ərəbcəni bir ərəb kimi bilirik. Biz bunu bilməyə məcbur idik. Xəlifə həzrətlərinin göndərdiyi fərmanın məzmunu burada xalqdan Toğrula və Atabəy Məhəmmədə biət yığmağa icazə vermir.
Nizaminin bu sözlərindən sonra məsciddə tamamilə təzə bir vəziyyət törəmiş oldu. On minlərcə adam əlini qulağının dalısına sipər edib minbərin yaxınında gedən söhbətləri eşitməyə tələsirdi. Toxtamış Nizaminin sözünə cavab verib dedi:
− Mən cavan şairin sözlərinə çox təəccüb edirəm, onun xalqın şüurunda şübhə yaratmaq üçün meydana atdığı bu əsassız fikrinin mənasını anlamıram. Əvvəla, fərmanda biət edilməsi sözləri çox açıqcasına qeyd edilmişdir. İkincisi də, ağsaqqallar, yaş və sərvət cəhətcə yüksəkdə duran ağalar oturan yerdə həyat meydanına təzə