Эротические рассказы

Xatirələrim. Şıxlinski ƏliağaЧитать онлайн книгу.

Xatirələrim - Şıxlinski Əliağa


Скачать книгу
verdi. Öz oğlanlarına ali təhsil verdi, hər iki qızını isə Zaqafqaziya Nücabə Qızlar institutuna qoydu. Həmin institutu onlar yüksək mükafatla bitirdilər. Müftinin böyük qızı, mənim arvadım, institutu 1889-cu ildə bitirmişdi: bu elə bir dövr idi ki, müsəlmanların gözüaçıqları belə, çox nadir hallarda öz qızlarını rus məktəblərinə verirdilər.

      O, millətçilik zehniyyətlərindən tamamilə uzaq idi. Öz xalqını sevməklə bərabər, başqa xalqlara qarşı əsla kin və ədavət bəsləməzdi. Etiqadlı bir müsəlman olmaqla yanaşı, başqa dinlərə də ehtiram edərdi: rus, gürcü və erməni ruhaniləri arasında dostları az deyildi.

      Mirzə Hüseyn Qayıbov, Mirzə Fətəli Axundovun çox yaxın dostu idi. O, ərəbcə kitab və təzkirələri oxumaqda Mirzə Fətəliyə kömək edərdi, çünki ərəbcəni o, Mirzə Fətəlidən daha yaxşı bilirdi. Ədəbiyyatı çox sevdiyindən "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə" tərtib etmişdir.

      Tiflisə çatan günün sabahısı Mirzə Hüseyn məni o zaman çox məşhur olan Ter-Akopovun xüsusi gimnaziyasına apardı və gimnaziyanın direktoru Semyon İliç Monastırsevə təqdim edərək gimnaziyaya qəbul edilməyimi ondan xahiş etdi. Direktorun mənim haqqımda, "Nə bilir?" sualına, "Əlifbanı bilir, birtəhər sayır. Rusca iyirmi-otuz söz bilir, amma onları cümlə şəklinə salmağı bacarmır" – deyə cavab verdi. Direktor mənim üzümə (on iki yaşım olduğuna baxmayaraq, bədəncə çox iri uşaqdım) diqqətlə baxaraq dedi:

      – Bəs, onu biz harada oturdaq?

      Mirzə Hüseyn cavab verdi:

      – Harada istərsiniz oturdunuz, iki aydan sonra o, bütün yoldaşlarını ötüb keçəcəkdir.

      Onda direktor mənə Azərbaycan dilində cürbəcür suallar verməyə başladı. Onun bütün suallarına mən çox cəld cavab verdim, sonra o mənə şifahi məsələlər verməyə başladı və bunları getdikcə çətinləşdirərək üçhədli rəqəmlərə çatdırdı. Hesabı hərçənd heç kəs mənə öyrətməmişdi, amma buna baxmayaraq, bu məsələləri mən çox tez və düzgün həll etdim. Direktor bunu gördükdə söylədi:

      – Onu üçüncü sinifdə oturdarıq.

      Bu gimnaziyanın hazırlıq sinfi dörd şöbədən ibarət idi. Dördüncü şöbədə 6–7 yaşlı uşaqlar oxuyur və orada bir il dərsə davam edir, o biri şöbələrin də hər birində uşaqlar bir il oxuyurdular. 1875-ci il noyabrın 17-də mən üçüncü şöbəyə girdim və yoldaşlarımın sinifdə və sinif-dənkənar danışıqlarına diqqətlə qulaq asmağa, bunun sayəsində də tez bir zamanda ruscanı başa düşməyə başladım. İki həftədən sonra ilk dəfə olaraq məndən dərsimi soruşdular, üç həftə keçəndən sonra, dekabrın 23-də uşaqları qış tətilinə buraxarkən, iclas salonunda təntənəli bir şəraitdə direktor elan etdi ki, əla oxuduğuna görə Şıxlinski ikinci şöbəyə keçirilir.

      İyun ayında ümumi imtahanlar vaxtı mən təqdirnamə ilə hazırlıq sinfinin yuxarı şöbəsinə keçirildim. Beləliklə, mən rus dilini bilən şagirdlərin iki il ərzində keçdikləri yolu böyük bir müvəffəqiyyətlə yeddi ayın içində keçdim.

      1876-cı ilin avqust ayında Tiflis hərbi gimnaziyasının birinci sinfinə girmək üçün imtahan verib, dərslər başlanana kimi kəndimizə getdim. Burada qıçımı sındırdım, buna görə də dərslərə gecikdim. Sentyabrın 1-nə kimi bütün yoldaşlarım yığışmışdılar, mən isə ancaq oktyabrın 11-də sinfə girdim. Oktyabrın 31-də birinci semestrin qiymətləri elan edildikdə sinifdə birinci yeri tutdum: kursu bitirincəyə qədər həmişə birinci oldum. Lakin mən adi birincilərdən, yəni dinc, sakit, çalışqan, həmişə əlində kitab olan, yoldaşlarının lağa qoyub "əzbərçi" adını verdikləri şagirdlərdən deyildim. Əvvəl bütün siniflərdəki şagirdlərin hamısından güclü idim, ikincisi, bədəncə çox iri olmağıma baxmayaraq, çox qıvraq və çevik olub qaçmaqda və hoppanmaqda da birinci idim: alt dodağım hündürlüyündə çəkilmiş ipin üstündən tramplinsiz atdanırdım. Nə gimnaziyada, nə də sonralar məktəbdə, Vladimir Karqanovdan başqa heç kəs belə hündürlükdən mənim kimi atdana bilməzdi.

      Axşam məşğələlərində mən öz dərslərimi bir saata, saat yarıma hazırlayar, qalan vaxtımı isə geridə qalan yoldaşlara kömək etmək üçün sərf edərdim. Onlar üçün çətin olan məsələləri həll edər, qrammatika, xüsusən əcnəbi dillər qrammatikası qaydalarını onlara başa salar, lakin dəftərimin üzünü köçürməyə heç bir vaxt ixtiyar verməzdim.

      Mənim üzügülər olmağım və yoldaşlarıma qarşı olan münasibətim onları daha da mənə yaxınlaşdırırdı. Onlar mənə yalnız dostluq hissi deyil, habelə hörmət də bəslər və rəyimlə hesablaşardılar.

      Mən yeddinci sinifdə oxuyarkən, ancaq buraxılış imtahanlarını verdim. Bir sinifdən o birinə keçdikdə isə illik imtahanları adətən verməzdim. Hər il mayın əvvəlində mən dərsdən buraxılar və ata-anamla yaylağa gedərdim. Kadet korpusu[12] adını almış gimnaziyanı 1883-cü ildə həm də bütün dərslərdən tam 12 bal almaqla bitirdim (o zaman hərbi məktəblərdə on iki ballıq üsulla qiymət verilirdi).

      1883-cü il sentyabrın 1-də Peterburqdakı Mixaylov topçuluq məktəbinə daxil oldum. Buraya bütün kadet korpuslarından ən yaxşı, ən seçilmiş tələbələr toplanmışdı, lakin buna baxmayaraq, burada da ilin birinci yarısında birinci oldum. Sonralar isə başım paytaxt həyatına, teatr, konsert və başqa əyləncələrə qızışdığı üçün dərslərimə o qədər də vaxt ayıra bilmədim. Lakin bununla belə yenə də birincilər sırasında qalmaqda davam edirdim. Gimnaziyada olduğu kimi, burada da öz çevikliyim və diribaşlığımla başqalarından ayrılaraq, özümü yaxşı bir idmançı və at minicisi kimi göstərdim.

      Məktəbimizin müəllimləri o zamanın məşhur şəxsləri idilər. Buna görə də, onların haqqında bir neçə kəlmə danışmaq istəyirəm. Akademiya və məktəb siniflərinin müfəttişi professor Lev Lvoviç Kirpiçev idi. O, gözəl bir kitab yazmışdı. Bu kitab elə bir dildə yazılmışdı ki, ən küt adam belə mexanikanı, ballistikanı və topçuluğun ümumi kursunu bu kitabdan özbaşına öyrənə bilərdi. Buna görə də, o, sinifdə mühazirə oxumayıb, laboratoriya-kompleks üsulu ilə dərs deyərdi.

      Dərslərin birində Kirpiçev bizə söyləmişdi ki, indiki Rusiya torpağında ilk rəsədxana Pulkovda deyil, Səmərqənddə təsis edilmişdir və bu rəsədxananın banisi Teymurləngin nəvəsi böyük alim Uluğbəy[13] olmuşdur. Professor şagirdləri lövhəyə çağırdıqda, çalışardı ki, verdiyi sualların cavabını şagirdlər özləri tapsınlar; məsələn, Avropada birinci olaraq cib saatının harada çıxdığı sualına bütün şagirdlər, "Cenevrədə" – deyə cavab verirdilər. Müəllimimiz isə başa saldı ki, Avropada ilk dəfə cib saatından Böyük Karl istifadə etmişdir. Ona isə bu saatı Bağdad xəlifəsi Harun-Ər-Rəşid[14] bəxşiş göndərmişdir.

      Müəllimlərimiz arasında məşhur texnologiya professoru Qadolin[15], sonralar bütün dünyada şöhrət tapmış ballist general-mayor Mayevski, gözəl kimyaçı general Fyodorov, fizik general Usov və bir çox başqaları da var idi.

      Bunların hamısının şəxsən mənə çox böyük təsiri olmuşdur. Onların keçdiyi dərslərin faydasını da görür, bunlardan müəyyən zövq


Скачать книгу

<p>12</p>

Kadet korpusu – İnqilabdan əvvəl çar Rusiyasında zadənganlara məxsus qapalı hərbi orta məktəb. Dvoryan uşaqları yeddi-səkkiz yaşında buraya qəbul edilirdi.

<p>13</p>

Uluğbəy Məhəmməd Təraqay (1394–1449) – Orta Asiyada elm və dövlət xadimi. İstilaçı Şərq hökmdarı Teymurləngin nəvəsi, 1409-cu ildə Səmərqənd hakimi, "Zici Uluqbəy astronomik əsəri" nin müəllifidir.

<p>14</p>

Harun-ər-Rəşid – Abbasilər sülaləsinin hökmran olduğu dövrdə 786-809-cu illərdə hökmranlıq etmiş ərəb xəlifəsidir. "Əlif Leyla" ("Minbir gecə") ərəb nağılında idealizə edilərək bacarıqlı, ədalətli bir hökmdar kimi təsvir olunmuşdur. Əslində isə o, 808-809-cu illərdə Qaradağda, Lənkəranda və Muğan düzənliyində ərəb işğalçılarına qarşı mübarizəyə qalxmış xürrəmilər hərəkatını yatırmaq üçün ən vəhşi və qəddar metodlardan istifadə etmiş və üsyançılardan əsir tutulanları dərhal öldürmək haqqında əmr vermişdir. Harun-ər-Rəşi-din dövründə ərəb xəlifələrinin yerli əhaliyə qarşı zülmkarlığı daha da artmışdır.

<p>15</p>

Aksel Vilhelmoviç Qadolin (1828–1892) – Peterburq Elmlər Akademiyasının akademiki, artilleriya generalı. Artilleriyada top lülələrinin bərkidilməsi nəzəriyyəsini hazırlamışdır.

Яндекс.Метрика