Xatirələrim. Abdulla ŞaiqЧитать онлайн книгу.
45 manat pul qoyub:
– Aranızda bölüşdürün, – dedi.
Hamı gözünü qocanın əlindəki pula dikmişdi. Xəstə rəncbər nə isə demək istəyirdi. Elə bu vaxt dayım əlimdən tutub evə qayıtdı.
Molla Həsən Ağanın adını eşitmişdimsə də, üzünü görməmişdim. Bir gün təsadüfən atamla bazara gedərkən küçədə ona rast gəldik. Atamı görüncə dayandı. Salamlaşdılar. Bir-birinin əhvalını soruşduqdan sonra o, diqqətlə mənə baxıb dedi:
– Yəqin, bu ağazadədir?
Atam cavabında:
– Bəli, bəndəzadədir, – deyə cavab verdi.
Mən onun Molla Həsən olduğunu hiss etmişdim.
Molla Həsən ağa ucaboy, qarayanız və sağlam bir kişi idi. Ensiz, qırışıq alnı, enli və çatma qara qaşları, kiçik bəbəkli, qara, kəskin gözləri vardı. Vücuduna nisbətən kiçik başına qazan boyda iri bir əmmamə qoymuşdu. Bu əmmamə qalın, iri dodaqlarının ucuna qədər boru kimi uzanmış, nazik burnuna, xırda gözlərinə və qırışıq sifətinə heç yaraşmırdı. Təxminən altmış yaşlarında olan bu molla Tiflis camaatının əksəriyyətini öz təsiri altına ala bilmişdi. Minbərdə üzünü camaata tutub deyirmiş: "Hər kəsin xanəsində rusca kitab olsa, hər kəs özünü rusa bənzədib, rus əlbisəsi geyinsə, hər kim uşaqlarını rus məktəblərində təlim və təhsil almağa qoysa, qiyamət günü Allah-təalanın və peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın hüzuruna üzüqara gedəcəkdir. Bizə ancaq din və şəriət elmi lazımdır, vəssalam, mabəqi elmlər şeytan elmidir. Onlardan qaçın, vücudunuzu cəhənnəm odundan qoruyun…"
Belə görüşlərin təsirilə çox zaman Tiflis camaatı uşaqlarını rus dilində açılmış məktəblərə qoymayıb, mollaxanalara göndərirdilər.
Molla Həsən ağanın iki arvadı vardı. Böyük arvadı Zibeydə xanımı özü ilə İrandan gətirmişdi. Zibeydə xanım özünü kişinin gözünə soxmağı bacaran, 45 yaşında nazlıqəmzəli bir arvad idi. Ağa evə qayıdana yaxın hər gün qaşlarına vəsmə, gözlərinə sürmə çəkib, gözəl və təmiz paltarını geyinər, Molla Həsən ağanın yolunu gözləyərdi. Kişi içəri girincə əl-əl üstündə onun qarşısında durub salam verər, səhhətini soruşar və Allah-taaladan ağaya can sağlığı arzu edərdi. Ağa bir şey istədikdə heç kəsə fürsət verməyib, hər kəsdən əvvəl özü ona xidmət etməyə çalışardı.
İkinci arvadı Güləndam xanımı Tiflisdən almışdı. Güləndam xanım Zibeydə xanımdan həm cavan, həm də gözəldi. Ancaq nədənsə Ağa Zibeydəni daha çox istəyirdi.
Ağa yeməyə də çox tələbkar idi. Plov ilə küftəni çox sevərdi. Ona görə də, xanımlar ona bir gün plov, bir gün küftə bişirirdilər.
Lotu çıxdı
Bir gün İsmayıl dayımgilə qonaq getmişdik. Dayım bir sini paxlava bişirtdirib, oğlu Məmməd Cəfər ilə Molla Həsən ağanın evinə getmişdi. Bir az sonra onlar qayıtdılar. Məmməd Cəfər üzünü anama tutub gülə-gülə:
– Bibi, mən bu gün atamın Molla Həsən ağasını yaxşı tanıdım. O, molla yox, lotu imiş, – dedi. Dayımın acıqlanmasına baxmayaraq, yenə sözünə davam etdi, – Bir sini paxlavanı birbaş onun evinə apardım. Arvadlar hərəmxanada bir-birinə dəymişdi. Ağanın böyük arvadı sinini boşaldıb mənə verincə qapıda durub gözlədim. Toyuq plov bişirirdi. Böyük arvadı paxlavanı boşalda-boşalda deyirdi:
– Bir az əldən zirək olun, saat beşə gərək xörək hazır olsun. Ağanın xasiyyətini bilirsiz ki, yeməyin vaxtından bir az keçəndə evdə qiyamət qoparır.
Atamın tapşırığına görə, boş sinini alıb ağanın otağına girdim. Ağa baş tərəfdə döşəkcə üstündə oturub danışır, adamlar da divar dibində sədd çəkib ona qulaq asırdılar. Atam məni ağa ilə tanış edib:
– Yaxın get, ağanın əllərini öp! – dedi.
Mən yaxınlaşdım, əvvəlcə sağ əlini öpdüm. Sonra ağa sol əlini uzatdı. Onu da öpdüm. O mənə diqqətlə baxıb:
– Ağa İsmayıl, maşallah, sizin böyük şahzadəniz var imiş, – dedi, sonra soruşdu, – Ağazadənin vəzifəsi nədir?
Atam başa düşmədi. Molla Həsən xırdalayıb dedi:
– Soruşuram ki, oğlunuz nə iş görür?
Atam cavab verdi ki, "Mənə kömək edir”.
– Şkolda oxumayır ki?
– Yox, ağa, oxuyurdu, sizin moizənizdən sonra işkoldan çıxartdım.
Onun üz-gözü güldü. Sevinə-sevinə:
– Ay Allah ata-anana rəhmət eləsin, müsəlman adamsan, – dedi. Sonra söhbəti dəyişib yenə moizəyə başladı, – Məndən sizə vəsiyyət, bu beş günlük dünyaya uymayın, qarnınızı həşərat və heyvanat yuvası etməyin!
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.