Azərbaycan şairi Nizami. Мамед Эмин РасулзадеЧитать онлайн книгу.
“nami-müstəar” deyilən götürmə bir addır, əski sözlə desək, təxəllüsdür. Şairin əsl adı İlyasdır. Atası Müəyyəd oğlu Yusifdir. Anası şairin özünün qeyd etdiyi kimi “Rəiseyi-Kürd” olub, Gəncədə yaşamış Azərbaycan kürdlərindən olan bir ailənin qızı olmuşdur. Onun adı məlum deyil72. Qaynaqlarda qeyd olunmamışdır. Şairin ləqəbi Nizaməddin, künyəsi Əbu-Muhəmməddir.73
Əski dövrlərdə yaşamış Şərqin bir çox məşhur şəxsiyyətləri kimi Nizaminin də nə doğulduğu, nə də öldüyü tarix dəqiq məlum olmadığı üçün həmin tarixlər yalnız təxmini olaraq təyin edilir. Şair 1141-ci ildə (hicri 535-ci il) anadan olmuşdur.
Nizami hələ uşaq ikən atasını, sonra isə anasını itirmişdir. O da tarixin bir “Dürri-yetimi”dir74. Bu yetimin tərbiyə və bəslənməsini dayısı Xacə Həsən öz üzərinə götürmüşdür.
“Leyli və Məcnun” poemasının müqəddiməsində şair atası ilə anasından sonra dayısını da itirməyindən böyük kədərlə söhbət açmışdır.
Bəzi təzkirələrdə qeyd olunduğu kimi Nizami dayısının himayəsinə tək deyil, öz qardaşı Qivami Mütərrizi ilə birlikdə keçmişdir. Bəzi rəvayətlərə görə bu Mütərrizi Nizaminin qardaşı deyil, ya xalası oğlu, ya da əmisi oğlu imiş. Necə olursa-olsun, uğradıqları fəlakətə baxmayaraq gənclər öz zamanlarına görə yüksək təhsil almış və yaxşı yetişmişlər. Mütərrizinin öz parlaq qəsidələri ilə klassik ədəbiyyatda önəmli yer tutması da dediklərimizi təsdiq edir. Onun Azərbaycan atabəylərindən Qızıl Arslana yazdığı qəsidə, qəsidə ədəbiyyatında şah əsər sayılmaqdadır75.
Nizaminin yüksək təhsil alması onun əsərlərindən və müasirləri tərəfindən ona “Həkim” (böyük, bilici, müdrik – red.) ləqəbinin verilməsindən aydın görünür. XII əsrin məşhur irfan sahələrinin hamısından əsərlərində əlamətləri görünən bu ensiklopedik bilikli adamın İslam elmləri ilə yanaşı yunan fəlsəfəsinin bütün hissələri ilə yaxından tanış olub bəhrələndiyi heç bir şübhə doğurmur. “İskəndərnamə”də bütün tanınmış yunan filosoflarının hamısını danışdıran şair onların “dünyanın yaranışı” haqqındakı fikir sistemlərini özünəməxsus şeir dili ilə xülasə etmişdir. Bundan əlavə şair tarixə, dinlərə, hikmətə, həndəsəyə, riyaziyyata, astronomiyaya, sehriyyat və əsatirə dair geniş məlumata sahib olduğunu göstərmişdir. Əsərlərini təşkil edən canlı səhifələr zamanının əsl bir ensiklopediyasıdır.
Şairin musiqi aləmində geniş biliyə malik olduğunu Barbədin Xosrov Pərvizə çaldığı otuz mahnının ustalıqla hərəsini bir beytlə təsvir etdiyindən, ədəbiyyat sahəsində olan dərin məlumatını “Kəlilə və Dimnə”nin təmsillərinin qırxını qırx beytə sığışdıra bildiyindən, İslam elmlərinin dərinliklərinə vardığını Quran, hədis, İslam peyğəmbərinin tərcümeyi-halı və onun haqqındakı rəvayətlərdən bol-bol iqtibaslarından, astronomiya aləmində böyük mütəxəssis olduğunu isə Məcnunun ulduzlara öz vəziyyətini şərh etməyindən öyrənirik. Həkimliyin, təbabətin mahiyyətini şair iki kəlmə ilə izah edir: “Nə az ye, nə də çox…”76.
Əsərlərinə yazdığı müqəddimələrdən məlum olur ki, Nizami qədim dillərdən pəhləvi, nəsturi, yəhudi dillərini də bilirmiş. O, öz poemaları üçün topladığı materialları adi və geniş yayılmış sadə qaynaqlardan deyil, qeyd edilmiş qədim dillərdəki məxəzlərdən dəqiq araşdırmalar vasitəsilə əldə etdiyini bizə anlatmışdır.
Nizaminin dövründə İslam cəmiyyəti bir tərəfdən şiəlik və sünnilik məzhəbləri arasında gedən mübarizə, o biri tərəfdən isə sufilər və şəriətçilər arasındakı mübahisələr içərisində çalxalanırdı. Nizami Allaha inanan, Peyğəmbərə bağlı dindar və sadiq bir müsəlman idi. O, İslam cəmiyyətini parçalayan məzhəb və firqələrin apardığı mübarizənin fövqündə duran, dar fanatizm, səbirsizlik və təmkinsizlikdən uzaq kamil bir təbiət və əxlaq sahibi idi. O, “İmam Əliyə böyük məhəbbət bəslədiyi kimi Ömərə sevgidən də xali deyildi”77.
Din sahəsində göstərdiyi bu müvazinəti o, fikir sahəsində də göstərirdi. Bir sufi sifətiylə sufiliyə çox yabançı olmadığı kimi tərki-dünyalıq istəyən dərvişlərə də özünü bağlamamışdı. İsrafdan və dünya nemətlərindən sui-istifadədən, bəd əməllərdən və hər cürə düşkünlüklərdən özünü qorumaqla bərabər o, həyatı sevirdi və həyat sevgisində özünəməxsus bir gözəllik tapırdı, gözəl yaşamağı ürəkdən diləyirdi.
Sufilikdəki seyr və süluk təhsilini kimdən alması, hansı şeyxlər tərəfindən irşad və hidayət edilməsi barədə şairin özü susub, bir söz deməmişdir; yalnız bəzi rəvayətlərdə onun Şeyx Əxi Fərrux Reyhani və ya Əxi Fərəc Zəncanidən dərs alması qeyd olunur78. Tədqiqatçıların bir qismi Nizaminin sufi olmasını qəbul etməsələr də, onun sufiyanə həyat keçirməsi barədə bütün alimlər həmrəydirlər. O, yalnız şair deyil, eyni zamanda yüksək səviyyəli müdrik, bilici və şeyx kimi tanınmışdır.
Nizaminin müəllimləri sayılan, adları yuxarıda çəkilmiş Əxi Fərrux və ya Əxi Fərəc haqqında təzkirələrdə və tərcümeyi-hal kitablarında heç bir müfəssəl məlumat yoxdur. Yuxarıda qeyd olunduğu kimi şairin öz əsərlərində də bu xüsusda heç bir xəbər yoxdur. Bu çatışmazlıq nəticəsində şairin mənəvi şəxsiyyətinin həqiqətdə hansı qaynaqdan ilham almış olduğunu göstərmək çətindir.
Müəllimləri sayılan şeyxlərin adlarındakı “Əxu” və ya “Əxi” komponentlərindən məna çıxaran bəzi müəlliflər Nizaminin ustadı olan şeyxin “Əxilik” təriqət və cəmiyyətinə mənsub bir mürşid olduğunu təxmin etməkdədirlər. “Əhli-fütüvvət” də deyilən bu əxilik cəmiyyəti üzvlərinin nə kimi fikir cərəyanını təmsil etmiş olduqlarını tədqiq edib incələmək dolayısı ilə də olsa, Nizaminin hansı və nə kimi ictimai və fəlsəfi bir məktəbə mənsub olduğu haqda bizə qəti olmasa da bir təsəvvür verə bilər.
Nizaminin dövründəki əxilər haqqında məlumat yoxdur. Yalnız İbn-Bəttutə XIV əsrdə yazdığı əsərində əxilər haqqında çox gözəl məlumat vermişdir². Bu məlumata görə “Əxilik hər yerdə: şəhər və kəndlərdə mövcud olub, Rum (yəni Anadolu) türklərinin yaşadıqları bütün ölkələrdə var imiş. Əxilər evsizlərə, yolçulara qayğı göstərər, acları yedirər, möhtaclara yardım edər, zülm və haqsızlıq edənləri isə öldürərlərmiş. İbn Bəttutə yazır: “Bu xüsusda bütün dünyada bunlardan daha çox qeyrət və qayğı göstərən başqa bir kimsə yoxdur”.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно