Dəhnamə. ИсмаилЧитать онлайн книгу.
eləcə də lələyə qarşı fikirlərim də dəyişdi. Bir yalana inandırmaq üçün Allahdan, Allahın kitabından istifadə etmək, bunu vasitəyə çevirmək dindar üçün müsbət hal ola bilməz. Materialist düşüncədə olanlar da düşünür ki, düşmənlər bir anda inanıb gedəcək ağıldadırlarsa, elə getmələri yaxşıdır, bu insanlardan nə dost kimi dost olmaz, nə düşmən kimi düşmən.
İkinci tarixi şəxsiyyət Şah İsmayıldır. Döyüşçü, güclü, qüvvətli, ağıllı, uzaqgörən, lider… Bir millətin tarixi qəhrəmanına çevrilmək üçün gərəkən bütün sifətlərin olduğu bir sima. Demək olar ki, yoxdan dövlət quran, tarixi əraziləri birləşdirən Şah İsmayıl. Şah İsmayılın ilk qələbələrindən son məğlubiyyətlərinə qədər hər şeyi öyrənmişik. 1501, 1503, 1506, 1514.... Bu illəri az qala bütün Azərbaycan əzbər bilir. Harada kiminlə döyüşdü, kimə qalib gəldi, nə qazandı? Amma ən çox danışılan 1514-cü il döyüşü oldu. Şah İsmayılı məğlubiyyətinə görə qınaya da bilmərik. Rəqib – Avropanı topu ilə əzib keçən Osmanlı idi. Üç qitədə torpağı olan bu nəhəng imperiyaya qarşı gəlmək mümkün deyildi. Heç döyüş xətalarının olub-olmaması da günümüzün baxışından önəmli deyil. Bu döyüşlə bağlı bir rəvayət danışılır. Həmin döyüşdə Şah İsmayıl hirsindən topun lüləsini öz qılıncı ilə yarı bölür. Düşmən şah həmin qılıncı istəyir, topa vurur, qılınc qırılır. Hirslənir, qışqırır ki, mənə başqa qılınc gətirdiniz. Amma Şah İsmayıl deyir ki: “Qılınc həmin qılıncdır, qol həmin qol deyil”. Bu əhvalatda reallıq payı, fikrimcə, çox azdır. Böyüdükcə belə böyük məğlubiyyətdən sonra əlimizdə saxlayıb nəsildən-nəslə ötürdüyümüz əhvalata dönə-dönə baxdım. Qol həmin qol deyil. Şah İsmayıl özü tarixdə “qol həmin qol deyil” deyib qürrələnən biri kimi qalmaq istərdimi? Məncə, xeyr.
Üçüncü şəxsiyyət isə Şah İsmayıl Xətayidir – Şair Xətayi. Heca vəznini – xalqın şeirini saraya gətirən, sarayın şeirini xalqa aparan Xətayi ədəbiyyatçı kimi də iki fərqli insanı özündə birləşdirir. Bir tərəfdə
“Xatayi, işin düşə,
Gəlib gedişin düşə,
Dişləmə çiy loxmanı,
Yerinə dişin düşə”
– yazan müəllif vardısa, digər tərəfdə ədəbiyyat tariximizin şah əsərlərindən olan “Dəhnamə”ni yazan haqq aşiqi var idi.
“Dəhnamə” əsəri orta məktəbdə bütün şagirdlərə tədris olunur. Böyük əksəriyyət bu əsərlə tanışdır. Amma hansısa bir yanlışın nəticəsidir ki, ölkədə çox az adam bu əsəri bəyənir. Məsələ tədrisdədirmi, proqramdadırmı, qiymətləndirmədədirmi? Sualların cavabından asılı olmayaraq dəyişməyən reallıq odur ki, məktəblilər və bir daha orta əsrlər ədəbiyyatımıza dönməyəcək olan şəxslər “Dəhnamə” kimi şedevri sevmirlər, bəyənmirlər, oxumurlar.
Bizə də “Dəhnamə” poemasını məşuqəni sevən, onun uğrunda mübarizə aparan, qovuşduqda isə ayrılan aşiq obrazının olduğu əsər kimi keçmişdilər. Biz də Aşiqi nə istədiyini özü də bilməyən adam, Xətayini də məzmunsuz əsər yazan müəllif kimi yaddaşımıza həkk etmişdik. Universitet illərində yenə bu mövzu tədris olundu. Münasibətdə çox az dəyişiklik var idi. Sanki kütləvi şəkildə “Dəhnamə”yə nifrət hiss olunurdu. Amma peşəkar ədəbiyyat tarixçilərinin və nəzəriyyəçilərin əsərlərini oxuduqca, əsərin orijinalı ilə tanış olub söz-söz, cümlə-cümlə mənasını dərk etdikcə Şah İsmayıl Xətayiyə qarşı nə qədər haqsızlıq etdiyimizi aydın görürük. Bu əsərin müsbət keyfiyyətləri, şübhəsiz ki, çoxdur. Təkcə əsərin əvvəlində “Bahariyyə” deyə fərqləndirilən hissə dil-üslub xüsusiyyətlərini, bədii təsvirlərin dolğunluğunu, müəllifin incə zövqünün aydın hiss olunmasını göstərir:
Çinar əlini çü rəqsə açdı,
Gül xurda zərin şəbaşə saçdı.
Çıxmış budağ üstə əndəlibi,
Minbərdə оxur çəmən xətibi.
Lalə оturur başında taci,
Heç sərvərə yоxdur ehtiyaci.
Sünbül daramış saçın beşanə,
Ənbər qоxusun qılır fəşanə.
Al ilə yaşıl geyindi bağlar,
Ağ ləçəgi sərpə saldı dağlar.
Durmuş çəmən üzrə sərv ayağə,
Qılmağa təmaşa sоlü sağə.
Təqdim etdiyimiz hissədə obrazlılıq şeirə tam hakimdir. “Çinar ağacının sanki rəqs edəcəkmiş kimi qollarını qaldırması”, “bülbülün çəmən xətibi kimi vəz etməsi”, “sərv ağacının sanki ayağa qalxıb ətrafı seyr etməsi” kimi bənzətmələr baharı aydın təsəvvürümüzə gətirir.
Əsərin süjeti, bir çox klassik poemalarda olduğu kimi, gərgin deyil. Aşiq adlı mərkəzi obrazımız yuxuda Məşuqəni görür, onu axtarır, sevgisi yolunda min bir əzaba qatlaşır, Məşuqənin hər tənəsinə dözür, eşq yolundakı bütün sınaqlardan üzüağ çıxır. Əsərdə xəyali – mistik obrazlar olan Ah, Huş, Göz yaşı və Səba iştirak edir. Bu dörd obraz pərilər bağının bağbanı ilə birlikdə Aşiqə kömək edirlər.
Ədəbiyyat fənninin qiymətləndirmə materialına çevrildiyi vaxtdan, testologiyanın obyekti olandan əsərin məzmunu qədər faktlar da öyrədilməyə çalışıldı. Orta məktəbdə də, ali məktəbdə də faktlar, faktlar, faktlar önəm kəsb etməyə başlamışdı. Belə ki, “Dəhnamə” əsəri ilə bağlı orta məktəb şagirdlərinə düşən sualların əksəriyyətində on məktubun hansı obrazlar tərəfindən hansı ardıcıllıqla aparıldığı soruşulurdu. Bunu əzbərləmək də şagirdə yorucu gəlirdi. Bəlkə də, tam bir nəsil Ədəbiyyat suallarındakı belə əzbər üzərindən gələn suallara görə Ədəbiyyata nifrət etdi, eləcə də, “Dəhnamə”yə. Bu məktub ardıcıllığını yadda saxlamaq vacib idimi? Əlbəttə, yox. Amma o məktubları biz yazsaydıq, hansı ardıcıllıqla göndərərdik?
Əvvəla, yuxarıda da qeyd etdiyimiz kimi əsərdəki Səba, Ah, Huş kimi obrazlar simvolikdir, yoxdur. Var olan Aşiq və onun sevgilisidir. Sevmək hissini ilk dəfə necə hiss edirik? Daxildə nəsə olur, kəpənəklər uçuşur, sevinirik, kədərlənirik, sevgimiz üçün hər şeyi, hər şeyi edə biləcəyimizi düşünürük və bu mərhələdə verəcəyimiz vədlər də çox vaxt “köpüklü” küləklə sovrulan eşq sözləri olur. Aşiqin də ilk məktublarını Məşuqəyə Səba aparır. Üçüncü məktubda Məşuqə Səbanı həbs edir. Haraya? Saçlarına… Nə qədər incə…
Sevgi sözlərinə cavab gəlmədikcə nə baş verər? Biz oturub düşünərik. “Mən nə edirəm? Sevirəmmi? Sevmirəmmi?” Dərk edərik. Əgər ağıl süzgəcimizdən keçirə biləriksə, ağılla da yenidən sevgimizi etiraf edərik. Aşiq Səbanın uğursuzluğundan sonra məktubunu Huşla göndərər. Yenə də cavab gəlməz.
Sevgisinə cavab gəlməyən insan dərd çəkər, ah çəkər, “of” deyər. Aşiq də ah çəkir və Ah məktubu Məşuqəyə aparır. Cavab yoxdur.
Əgər əsl sevgidirsə və qarşılıq