Atanız Atatürk. Falih Rıfkı AtayЧитать онлайн книгу.
yeni gəlmiş nitq mədəniyyəti müəllimi mənə, – “bilirsən ki, belə şeylər səni əsgərlikdən uzaqlaşdırır?" – deyə sual verdi. Bu məni xeyli düşündürdü. Elə o gündən şeir yazmağın daşını birdəfəlik atdım. Ancaq daha şeir yazmasam belə, gözəl yazmaq həvəsi hələ də canımda qalmışdı".
İndi o artıq bir yeniyetmə idi. Ətrafını görə bilən və hər şeyin fərqinə varmağı bacaran yaşa çatmışdı. O zamanlar ölkədə vəziyyət mürəkkəb idi. Serblər və bolqarlar bu torpaqları bizdən almaq istədikləri üçün Manastır dağlarında və kəndlərində silahlı dəstələr yaradaraq tez-tez türk kəndlərinə basqın edirdilər. Mustafa Kamal bütün bunları görürdü. Və təsadüfi deyil ki, ilk dəfə məhz Manastırda olarkən Mustafa Kamalın ürəyində vətən qayğısı baş qaldırdı. O millətin torpaqları və azadlığı üzərində dolaşan təhlükəni artıq dəqiqliyi ilə hiss etməyə başlamışdı.
Min səkkiz yüz doxsan yeddinci ildə Yunan müharibəsi baş qaldırdı. Bu zaman Mustafa Kamal hələ ki Manastır İdadisində oxuyurdu. Səfərbərlik elan edildiyi üçün gənclər əllərində türk bayraqları ilə zurna-davulun sədaları altında cəbhələrə yola düşürdülər. Əsgərliyə çağırılmasalar da, könüllü olaraq gedənlər daha çox idi. Axın-axın Manastırdan keçən əsgər dəstələrini görən uşaqların fərəhdən az qala ürəkləri kökslərinə sığışmırdı. Mustafa Kamal könüllü olaraq getmək istəyənlərdən biri idi. Hətta onların başında dururdu.
Bu fikir beyninə əməlli-başlı yerləşmişdi. Ona görə də bir gecə dostu ilə bərabər məktəbdən qaçmağa qərar verdi. Qarşısına məqsəd qoymuşdu. Yunanlarla döyüşəcəkdi.
Yunan torpaqlarında qoşula biləcəyi hərbi bölük axtararkən gecə vaxtı bir evin qapısının ağzına gəlib çıxdılar. Mustafa Kamal qapını taqqıldatdı.
– Qonaq qəbul edərsinizmi? – deyə soruşdu.
Qapını açan qadın səsini çıxarmadan geri çəkilib astanada dayananlara içəri keçmək üçün yol verdi. Sonra əlində tutduğu lampanı gənclərin üzünə doğru qaldıraraq heyrətlə:
– Mustafa, sən burda neyləyirsən? – deyə soruşdu.
Bu, Selanikdə uzun müddət yaşamış Zübeydə xanımı tanıyan bir bolqar qadını idi. O, tələm-tələsik Mustafanı içəri keçirərək:
– Hara gedirsən? – deyə soruşdu.
Mustafa Kamal:
– Cəbhəyə… Yunanlarla döyüşməyə gedirəm, – dedi.
Qadın uzun müddət öyüd-nəsihət verdikdən sonra onu birtəhər öz fikrindən daşındıra, qərarından döndərə bildi. Beləcə, Mustafa döyüşə getmədən geri qayıtmalı oldu.
Mustafa söz götürməyi sevməyən qürurlu bir uşaq idi. Məhəllədəki küçə oyunlarına tamaşa edər, amma heç vaxt oynayanlara qoşulmazdı. O zamankı dostlarından birinin söylədiyinə görə, bir dəfə qonşu uşaqlar "birdir-bir" adlı oyun oynayırlarmış. Onlar kənarda dayanıb oyuna tamaşa edən Mustafanı da yanlarına çağırırlar.
– Gəl, sən də oyna, – deyirlər.
Mustafa:
– Yaxşı, – desə də, olduğu yerdəcə tərpənmədən dayanır.
O zaman uşaqlar yenidən onu çağıraraq, – "oyna da, əyil, üstündən atılaq", – deyirlər.
Mustafa isə başını bulayaraq bir müddət onları təpədən-dırnağa süzür, sonra da belə cavab verir:
– Mən əyilmərəm. Əgər üstümdən bu şəkildə hoppana bilərsinizsə, buyurun, hoppanın. Amma bilin ki, mən əyilmərəm!
Gəncliyi
Mustafa Kamal Manastır İdadisində üç il qaldı. İmtahanlardan yaxşı qiymətlər aldıqdan sonra Hərbi Məktəbdə təhsilini davam etdirmək üçün İstanbula yola düşdü.
Riyaziyyat yenə də onun ən çox sevdiyi dərslərin başında gəlirdi. İkinci kursa keçəndə isə hərbi dərslərə xüsusi maraq göstərməyə başladı. Daha şeir yazmırdı. Amma hər zaman gözəl yazmaq və gözəl danışmaq istəyirdi. Ona görə də tənəffüs saatlarında yoldaşları ilə natiqlik yarışları tərtib edir, hamını bu yarışlarda iştirak etməyə həvəsləndirirdi. Hansı mövzuda danışılacaqdısa, hamı eyni müddət içərisində söyləyəcəyi fikirləri düşünüb tamamlamalı idi. Bu cür yarışların onun özünə də köməyi vardı. Çünki Mustafa Kamalın sonradan dostları və xalq arasında böyük nüfuz qazanmasında etdiyi əməllər qədər nitqi və gözəl danışıq qabiliyyəti də əhəmiyyətli rol oynayacaqdı.
O zamanlar Sultan Hamidin dövrü idi. Məktəb kitablarından başqa hər cür kitablar, xüsusilə də tarixi və ədəbi əsərlər qadağan edilmişdi. Ancaq məlum məsələdir ki, hər cür qadağalar insanda maraq oyadır. Hamid dövrünün gəncləri, həmçinin də Mustafa Kamal vətən və azadlıq haqda şair və ədiblərin yazdığı əsərləri gizli-gizli oxumağa can atırdılar. Hansı yollarlasa əldə edib oxuyurdular da. Bu cür kitabları oxumaq isə istər-istəməz gənclərdə məmləkət məsələləri ilə maraqlanmaq üçün həvəs oyadırdı. Mustafa Kamal Hərbi Məktəbin ikinci kursunda oxuyarkən belə bir həvəsə tutuldu. Əlinə keçirdiyi qadağan olunmuş kitabları öz otağına çəkildikdən sonra gizli-gizli oxumaqla məşğul idi.
– Bir halda ki, bu qədər gözəl yazan adamları zindana salıblar, kitablarını da qadağan ediblər, deməli, işlər çox pis gedir, – deyə elə hey öz-özünə düşünürdü.
O zamanlar hələ ki, bundan daha böyük düşünə bilməzdi. İstibdad nədir, azadlıq nədir, Türkiyə hansı haldadır, niyə bu vəziyyətə düşüb – bütün bunlar onun dəqiqlik və aydınlıqla başa düşəcəyi məsələlər deyildi.
Bir müddət sonra o, hərbi məktəbdəki imtahanlarını uğurla verərək qərargah siniflərinə keçdi. Dərslərini yaxşı oxumaqla bərabər artıq siyasət məsələlərilə də maraqlanmağa başlamışdı. Ölkənin pis idarə edildiyi haqda müəyyən fikirləri var idi. Bu fikirləri məktəbdəki minlərlə tələbəyə yaymaq məqsədilə əlyazısıyla qəzet çıxarmağa başlamışdı. Hər işi özü görürdü. Qəzeti tələbələr arasında yaya bilmək üçün səmimi yoldaşlarından ibarət kiçik bir komitə də yaratmağa müvəffəq olmuşdu.
Qəzeti əksər hallarda öz əli ilə yazırdı. Bir gün Məktəblər Müfəttişliyi hansı yollasa bu gizli qəzetdən xəbər tutdu. Məktəb müdirini tələbələri sərbəst buraxdığı üçün günahlandıraraq saraya xəbər göndərdi. Xəbərin nəticəsi özünü uzun müddət gözlətmədi. Belə ki, Mustafa Kamal və dostları yenə də qəzet çıxarmaq üçün baytarlıq otaqlarının birində gizlicə toplaşdıqları zaman onları güddürən müdir gözlənilmədən, bir anın içindəcə başlarının üstünü aldı.
Müdir namuslu adam idi. Buna görə də gənc tələbələrinin bada getməsini istəmirdi. İçərini araşdırarkən özünü soyuqqanlı apararaq stolun üstünə düzülmüş yazılara fikir vermədi. Yəni onları görmürmüş kimi davrandı. Sonra da dərsdən kənar işlərlə məşğul olduqları üçün hamısına kiçik cəzalar verməklə məsələni bitmiş elan etdi. Bir müddət keçdi və müdir ümumiyyətlə cəzaları aradan qaldıraraq tələbələrin hamısının günahını