Xudafərin körpüsü. Фарман КеримзадеЧитать онлайн книгу.
Amma bu ordugah ona çox kiçik görünürdü, az görünürdü. Arazın o biri tayında dayanmış Teymurləng nəvəsi Sultan Əbu Səidin qoşunundan çox az idi. Meydan müharibəsinə girsə, uduzardı. Amma bu müharibə olmalı idi. Qaraqoyunlu sultanı Cahan şah Həqiqini məğlub eləyib Ağqoyunlulara ölkənin sultanlıq taxtına yol açdığından iki il keçsə də, hələ də kifayət qədər qüvvə toplayıb təzədən babasının tutduğu yerlərə göz dikən Sultan Əbu Səidə qalib gəlmək iqtidarında deyildi.
Babası Fəxrəddin Qara Yuluq Osman bəy Diyarbəkrdə hökmranlıq edəndə Teymurləngə sədaqət göstərmiş, İldırımla Teymurun Anqara meydan döyüşündə onun tərəfində olmuşdur. İndi üstündən altmış altı il keçəndən sonra nəvələr düşmən kimi üz-üzə dayanmışlar.
– Ana, deyirsən, sabah yağış yağacaq?
– Deyəsən, görmədin gün batanda buludlar necə qaralmışdı.
Neçə vaxt idi ki, Qarabağa yağış düşmürdü. Düzənlərin otu qurumuşdu, heyvanlar, atlar otlamağa bir şey tapmırdı.
Anası yağışı yad etməklə oğlunun ürəyinə çökən qara fikirləri dağıtmaq, ona yaz yağışı kimi sərinlik gətirmək istəyirdi.
– Ana, belə bəzənib, geyinmək də yağışa görədi? Ya toy var, mən xəbər tutmamışam?
Sara xatun qürurunu pozmadı.
– Ay oğul, ana sənə qurban, nə qədər ki, sən varsan, mən elə toyda-bayramdayam. Nə oldu, elçilər qayıtdı?
– Qayıtdı.
– Nə deyib?
– Deyib ki, tanımıram Uzun Həsəni. Düşmənəm onunla.
– Ay hay… Fərhad ölüb, külüngünün səsi gəlmir. Mən özüm gedəcəm danışığa. İnanmıram sənin göndərdiyin adamlara.
Uzun Həsən anasına tərəf döndü. Anası nə qədər hündürboy olsa da, oğlunun çiyninə də çatmırdı boyu. Üstü tüklü əlləri anasının əllərindən də xeyli böyük idi. Qızıl dəstəkli əyri qılıncının üstünə qoyduğu sol əlinin adsız barmağındakı almas qaşlı üzük də onun barmaqlarını nəcibləndirə bilməmişdi.
– Mən boyda oğulun anası düşmənlə danışığa getsin?
– Bəs Trabzonda Fateh Sultan Məhəmmədlə niyə danışığa getmişdim?
– Onda qohumlarımız dar ayaqda idi. Rəhmətlik imperator dördüncü İohannın qardaşı Davusu xilas eləmək istəyirdik. Goruna lənət. Necə ki, oldu. Əlinə dönüm o Fateh Məhəmmədin, yeddi oğlunun özüylə bərabər başını vurdurdu.
Sara xatun oğluna etiraz etdi.
– Hər necə olsa qayınatanın qardaşı, arvadın Dəspinə xatunun əmisiydi.
– Arvadımın əmisi olsa da, düşmənim Cahan şahın qayınatasıydı.
Sara xatun dolub hirslənmiş oğlunu sakitləşdirmək üçün dedi:
– Onu Fateh Məhəmməd öldürdü, yeznəsini də sən. Keçi öldü, qoturluğu kəsildi. İndi mən Sultan Əbu Səidin yanına gedəcəm. Mənim sözümü yerə salmaz. Yerə salsa da, vaxt qazanarıq.
Anasının təklifi oğlunun ağlına batdı. Vaxt qazanmaq. İndi bu vaxt ona hər şeydən irəli idi.
– Hazırlaş, sabah gedirsən. Kimi özünlə götürəcəksən?
– Şeyx Heydəri, sonrasına da baxarıq.
Hava qaralmışdı. Amma göy üzü hələ də açıq idi. Havada uçuşan gecə quşları görünürdü. Uzun Həsən dönüb çadırına girdi. Çadır alaçıq şəklində dəyirmi qurulmuşdu, çox böyük idi. Baş tərəfdə taxt qoyulmuş, çubuqlardan hörülüb üstünə keçə çəkilmiş divarın dibinə döşəkcələr düzülmüşdü. O, başını əyib içəri girsə do alaçığın qapısından asılan örtüyü salmamışdı. Şamların zəif işığı qapıda dayanan iki keşikçidən birinin sağ qoluna geydiyi qalxanın üstünə düşmüşdü. O birisinin silueti isə havanın fonunda aydın seçilirdi.
– Şeyx Heydəri yanıma çağırın.
Xidmətçilər Şeyx Heydərin dalınca gedəndə Sara xatun yanaşı qurulmuş üç çadırdan hansına girəcəyini fikirləşdi. Bu alaçıqlar gəlinlərinin çadırları idi. Birində Canbəyim xatun, ortadakı alaçıqda Səlcuqəşahbəyim, üçüncüdə isə Dəspinə xatun yaşayırdı. Böyük gəlinin yanına getmədi. O, hərəmxananın böyük xatunu, şahzadə Uğurlu Məhəmmədin anası idi. Səlcuqəşahbəyim xatun isə oğluna iki oğlan doğmuşdu: Sultan Xəlil və Sultan Yaqubu. Üçüncü gəlin Trabzon imperatorları olan Komnenoslardan IV İohannın qızı Feodara idi ki, bu ocağa gəlin gələndə adını dəyişib Dəspinə xatun qoymuşdular.
Sara xatun bir an ayaq saxladı.
“Dəspinə tərsa qızıdır. Onun yanına birinci getməyim yaxşı olar. Özü də qız anasıdır. Bu dünyaya etibar yoxdur, bilmək olmaz”.
Sara xatun alaçığa girəndə onu lətif bir ətir iyi vurdu. Yox, bu, Şiraz ətri deyildi. Görünür, onun Trabzondan qızlıq vaxtı gətirdiyi ətirlərdən idi. Bu axşam saçlarını onunla sirab eləyib ərini gözləyirdi. Amma qayınanasını gördü. Zəriflikdə, qızılı saçlarda, mavi gözlərdə özünə oxşayan qızı Aləmşahbəyimin başını dizinin üstündən götürdü və ayağa qalxdı. Aləmşahbəyim də ayağa durdu və irəli yeriyib nənəsinin əlindən öpdü. Nənəsi də onun alnından öpəndən sonra Bizans ipəyindən tikilmiş pərdənin arxasına keçdi. Sara xatun dayanıb Dəspinə xatuna baxdı. O, başdan ayağa ağ geyimdə idi. Döşləri səmərqənd kağızı kimi ağ tülün altından qızıl gül qönçələri kimi irəli çıxmışdı. Əyninə kip, Bizans üsulunda tikilən donu beldən nazilir, sonra yanlara qalxıb qövs cızaraq aşağıya xalçanın üstünə enirdi. Qulağının üstündən almaslar parıldaşan telbasanla qızılı saçlarını yığmış, o saçların bir hörüyü çiynindən sallanıb budlarına qədər uzanmışdı.
Sara xatun heyranlıqla ona baxırdı.
– Allah-taala sənin bu gözəlliyini mənim oğluma çox görməsin.
– Sağ ol, ana.
Sara xatun o birisi gəlinlər kimi Dəspinə xatunun onun əlindən öpməsinə icazə vermirdi. Bilirdi ki, o, imperator qızıdır. O, heç kimə əyilməz. Özü də onu əymək istəməmişdi. Yaxınlaşıb onun da alnından öpdü. Yumşaq, ipək üzlü pərqu döşəkcənin üstündə oturdu.
– Əyləş, qızım, – dedi. Amma onun gözəlliyinə hələ də heyran-heyran baxmaqda idi. “O birisi gəlinlər oğlumdan narazı qalarlar da. Belə gözəldən kim ayrılar.”
Dəspinə xatun da oturdu.
– Sən imperator qızısan. İndi də olursan imperator zövcəsi. Amma, qızım, hökmdar zövcəsi gərək hər bəd xəbərə dözümlü olsun.
– Nə olub?
– Heç nə olmayıb. Ola bilər.
– Nə?
– Biz həqiqətin gözünə dik baxmalıyıq. Sirr həmişə bizdə olmalıdır. Onu özgələri bilməyə də bilər. Taleyin hökmü sabah oxunacaq. Ya biz olacayıq, ya da… Teymur nəvəsi Sultan Əbu Səid ərini ölüm-dirimə çağırır. Allah kimə verə, verə. Güc onun tərəfindədir.