Fiesta. Эрнест Миллер ХемингуэйЧитать онлайн книгу.
əslində bir heç olduğunu başa düşəndə ələ keçirmişdi. O, hələ böyük sevgini tapmasa da, qadınları özünə cəlb etməsini, eləcə də əks cinsin ona qayğı göstərib, onunla yaşamaq istəyini heç də sadəcə ilahi möcüzə kimi qavramırdı. Və bu hiss onun ətrafdakılara qarşı münasibətini dəyişdi. Bundan başqa, onun yüksək girov müqabilində, Nyu-Yorkdan olan tanışlarla qumarda işlətdiyi hiylələr ona yüzlərlə dollar qazandırırdı. Qumardakı uğurları onun lovğalığını daha da artırır və o, artıq insanın lazım gələrsə, qumarla özünə yaxşı güzəran yarada biləcəyi haqqında fikirlər söyləyirdi.
Hələ bu hamısı deyil. O, U. H. Hudsonu oxumağa başladı. Düzdür, ilk baxışda bu adi məşğuliyyət kimi görünsə də Kon, "Bənövşəyi Ölkə" əsərini dəfələrlə oxuyurdu. Ancaq "Bənövşəyi Ölkə" çox gec yaşda oxunarsa, ölümcül kitabdır. Bu kitabdan həyat bələdçisi kimi otuz dörd yaşında istifadə etmək, elə bu yaşda da fransız monastr məktəbindən "çəkmə siləndən milyonçuya qədər" silsiləsindən olan kitabçalarla silahlanıb Uoll Stritə gəlmək kimi mənasızdır. Mən əmin idim ki, Kon "Bənövşəyi Ölkə"nin hər kəlməsini R. Q. Danın bəyanatı kimi qəbul edirdi. O, bəzi düzəlişlər etsə də, bütövlükdə kitabı ciddi qəbul edirdi. Sən demə Kon bu kitaba bənd imiş. Kitabın ona nə qədər təsir etdiyini mənim ofisimə gələn zaman başa düşdüm.
– Salam, Robert, – mən dedim. Olmaya, könlümü almağa gəlmisən?
– Ceyk, Cənubi Amerikaya getmək istəməzsən?– o soruşdu.
– Yox.
– Niyə yox?
– Nə bilim, bu heç vaxt ürəyimdən keçməyib. Çox baha çıxır. Həm, Parisdə istədiyin qədər Cənubi amerikalı tapa bilərsən.
– Onlar əsl Cənubi amerikalılar deyil.
– Səni deyə bilmərəm, mənə yetərincə təbii görünürlər.
Bu həftə üçün təcili göndərməli olduğum məktubların hələ yarısını yazmışdım.
– Təzə nə xəbər? – mən soruşdum.
– Heç nə.
– Nə əcəb sizin yüksək təbəqəyə məxsus dostlarınızdan kimsə boşanmağa hazırlaşmır?
– Xəbərim yoxdur; Ceyk, qulaq as, əgər, bütün xərci mən çəksəm onda necə, mənimlə Cənubi Amerikaya gedərsən?
– Niyə məhz mənlə?
– Çünki sən ispanca danışa bilirsən. Həm də, ikimiz daha yaxşı əylənərik.
– Yox, – mən dedim, – bu şəhərdə mənə xoşdur. İspaniyaya isə yayda gedəcəm.
– Bütün ömrüm boyu mən belə bir səyahətə çıxmağı xəyal etmişəm, – Kon dedi. O əyləşdi. – Sonra, çox gec ola bilər.
– Axmaq olma, – mən dedim. – İstədiyin yerə gedə bilərsən. Xəzəl qədər pulun var.
– Bilirəm, ancaq haradan başlayacağımı bilmirəm.
– Kefini pozma, – mən dedim, – onsuz da bütün ölkələr hərəkətli şəkillərə bənzəyir.
Ancaq mənim ona yazığım gəlirdi. Zarafatım onun xətrinə dəymişdi.
– Sürətlə axıb gedən bu həyatda ürəyim istəyən kimi yaşaya bilmədiyimi fikirləşəndə, dəli oluram.
– Onsuz da, matadorlardan başqa heç kəs bu həyatı dolğun yaşamır.
– Matadorlar məni maraqlandırmır. Bu, anormal həyat tərzidir. Mən Cənubi Amerikaya getmək istəyirəm. Biz əla səyahət edə bilərik.
– Bəs, ov üçün Britaniya Şərqi Afrikasına necə, getmək istəyərsən?
– Yox, mənlik deyil.
– Mən olsam gedərdim səninlə.
– Yox, ora məni cəlb etmir.
– Çünki sən bu barədə heç nə oxumamısan. Get, bir az da gündə bərq vuran qara şahzadələrin eşq macəralarından oxu.
– Mən Cənubi Amerikaya getmək istəyirəm.
Onun çox tərs yəhudi damarı var idi.
– Gəl, düşək aşağı bir şey içək.
– Bəs sən işləmirdin?
– Yox, – mən dedim. Biz birinci mərtəbədəki kafeyə düşdük. Çoxdandır, mən buranın dostlardan yaxa qurtarmaq üçün ən yaxşı yer olduğunu kəşf etmişəm. Bir qurtum içəndən sonra isə bir söz yetər: "Bilirsiniz, mən təcili gedib, teleqram göndərməliyəm", vəssəlam. Etikanın çox vacib olduğu qəzet işində də bu cür nəzakət qaydalarına əməl etmək yaxşı olardı. Sonra, biz bara düşüb sodalı viski içdik. Kon divardakı içki yeşiklərinə göz gəzdirirdi.
– Bura yaxşı yerdir, – o dedi.
– Həm də çoxlu içki var, – mən təsdiqlədim.
– Qulaq as, Ceyk, – o, bara doğru əyildi. – Sən nə vaxtsa həyatın axıb getdiyini, sənin isə bu həyatdan heç bir xeyir götürmədiyini hiss etmisən? Başa düşürsən ki, artıq ömrü yarı etmisən?
– Hə, arada olur.
– Təsəvvür edirsən ki, hardasa otuz beş ildən sonra öləcəyik?
–Vecimə də deyil, Robert, – mən dedim. Bəsdir, çərənlədin.
– Ciddi sözümdür.
– Bu yeganə şeydir ki, məni narahat etmir, – mən dedim.
– Çox nahaq.
– Mənim başqa işlərə görə narahatam. Bu qədər kifayətdir.
– Amma mən hələ də Cənubi Amerikaya getmək istəyirəm.
– Qulaq as, Robert, başqa ölkəyə getmək heç nəyi dəyişmir. Mən bunu artıq sınamışam. Sən bir yerdən başqa yerə getməklə, özündən qaça bilməzsən. Bunun heç bir mənası yoxdur.
– Amma sən heç vaxt Cənubi Amerikada olmamısan.
– Lənətə gəlsin, Cənubi Amerikanı! Sən ora bu əhvalla getsən inan ki, heç nə dəyişməyəcək. Bura yaxşı şəhərdir. Niyə axı, istədiyin həyata Parisdə başlamaq istəmirsən?
– Parisdən bezmişəm. Elə Latın məhəlləsindən də.
– Onda ora getmə. Özün üçün fırlan, gör başına nə gəlir.
– Heç nə olmayacaq. Yadımdadır, bir dəfə bütün gecəni tək-tənha dolaşdım, ancaq velosipedli polisin məni saxlayıb sənədlərimi soruşmasından savayı heç nə baş vermədi.
– Məgər, şəhər gecə gözəl görünmür?
– Mən Parisi sevmirəm.
Hərlənib-fırlanıb, yenə eyni yerə gəldik. Ona görə məyus olsam da, əlimdən heç nə gəlmirdi, çünki dediyindən dönmək fikri yox idi: Cənubi Amerika onun dərdinin dərmanıdır və Parisi görməyə gözü yoxdur. Birinci fikri o, kitabdan oxumuşdu, deyəsən, elə ikincini də.
– Yaxşı, – mən dedim, – yuxarı qalxıb teleqram göndərməliyəm.
– Getməsən olmaz?
– Yox,