Qarlı aşırım. Фарман КеримзадеЧитать онлайн книгу.
götürə bilərlər. Bunu özün də təsdiq eləyirsən. Odur ki, burada saxlamalıyıq.
Şabanzadə əlini seyfin qaranlığına uzadıb al qırmızı bir bilet çıxartdı:
– Bu da mənim firqə biletimdir. Sizinkiləri də onun yanına qoyacağam, qorxmayın, etibarlı yerdədir.
– Biz biletli də, biletsiz də bolşevikik. Bunu Kərbəlayı İsmayıl da yaxşı bilir. Onu cibimizdən çıxarmaqnan heç nə dəyişmir. Amma yaxşı deyil. Özümüzə etibar eləyib göndərirsiniz, bileti isə…
Abbasqulu bəy bu sözdən sonra döş cibindən ipək dəsmala büküb saxladığı bileti çıxartdı. Şabanzadənin stolunun üstünə qoydu. Xəlil də bu işi, Abbasqulu bəy kimi çox könülsüz gördü.
Təpənin üstündə tək-tək qalmış dişlər kimi görünən qəbir daşları saralırdı. Üç atlı bu daşların arasından keçən yolla gedirdi. Meşin pencəkli adam şəhərdən gəlmişdi. Atını qabaqda sürürdü. Onun dalınca Abbasqulu bəy.
Şabanzadə Talıbova demişdi: «Etibarlı, igid adamlardı. Bu barədə arxayın ola bilərsən. O ki qaldı danışıq məsələsinə, birinci söz sənindi. Məsləhətim budur ki, onları eşidəsən, heç bir şey itirməzsən. Onlar kitab oxuyub bolşevik olmayıblar, həyatın içində bişib çıxıblar».
Təklikdə isə Abbasqulu bəyə pıçıldamışdı: «Tapşırıq belədi ki, Talıbovu yaxşı-yaxşı qoruyasınız. Lazımlı adamdı».
«Demək, belə çıxır ki, biz iki adam onu qorumağa gedirik», – deyə Abbasqulu bəy ürəyində gileylənirdi.
Yol dərəyə endi. Ensiz çayın kənarı ilə uzanıb gedən yarğan kiçik, alabəzək çay daşlarından hörülmüş divara oxşayırdı. Ordan-burdan çürüyüb qaralmış qarnıyarıq kolu, biyan kökləri sallanırdı. Buz salxımları asım-asım olmuşdu. Çayı keçdilər. Yarğanın arasından düşən yol onları geniş bir düzə çıxartdı. Səssiz-səmirsiz gedirdilər.
Xəlil çilovu yəhərin qaşına keçirmişdi. İri göy xalları olan ağ at yorğa yerişlə onu götürüb gedirdi. Xəlilin çöhrəsində yorğunluq var. Gördükləri, eşitdikləri onu yormuşdu. Qalın çatma qaşları dartılmış, alnı qırışlanmışdı. Qara eşmə bığında bir düyün ilişib qalmışdı. Ağarırdı. Abbasqulu bəygildə plov yeyəndən sonra evə gəlmişdi. Atın başına torba keçirmişdi, içəri girmişdi. Evin ortasında, təndirin üstündə kürsü qoymuşdular. Hərə bir tərəfdən cecim yorğanı sinəsinə çəkib ayaqlarını hələ tamam soyumamış təndirin badına söykəmişdi. O, evə ayaq basanda yorğanın altına elə bil əqrəb doldu, hər tərəfdə istidən pörtmüş sifətlər göründü. Bir-birinə bənzəyən oğlanlarının qara gözləri parıldadı. Təkcə arvadı qalxmadı. Onun halı yox idi. Körpənin səsi gəlirdi.
Xəlil yorğanın ucunu qaldırdı, uşağın üzü göründü, kiçik, bir yerdə qərar tutmayan barmaqlar sanki kimi isə çağırdı. Sonra yumruqlarını gözlərinə sıxıb ovcaladı, əsnədi. Dodaqları bir-birinə çatmamış ağladı. Rəngi çiyələyə döndü. Gəlin qırxlı körpəni sinəsinə tərəf çəkdi.
Xəlil onun yanında oturdu. Arvadını həyəcana, təşvişə salacaq xəbəri bacardıqca sakit, təmkinlə deməyə çalışdı.
– Uzaq gedirəm, Əhmədin qızı.
– Xeyirdi?
– Xeyir olmağına xeyirdi.
«Bəs onda niyə belə tutqunsan, bikefsən?»
– Səfərin haradı?
– Kərbəlayı İsmayılın yanına gedirik.
Uşaq kürlük eləyir, onların səsini batırırdı, ancaq gəlin elə bil uşağın ağlamağını eşitmirdi.
– Çoxsunuz?
– Üç adamıq.
– Yoldaşların kimdi?
– Abbasqulu bəydi, biri də şəhərdən gəlib.
«Abbasqulu bəy…» Bircə bu kəlməni eşitdi. Bu adın doğurduğu arxayınçılıq sonrakı kəlmələri eşitməyə mane oldu.
– Bəs onda niyə bikefsən?
Xəlil bircə bu suala cavab verə bilməyəcəkdi. Duman-çən dağların başını xəbərsiz-ətərsiz alan kimi qəm-kədər də onun sir-sifətində, iri giləli qara gözlərində məskən salmışdı. Xəlil səngərə, güllə qabağına gülə-gülə getmişdi. Bəs indi ona nə olub?
Pencəyinin yaxasını çevirdi, yumru dəmir vinti burub açdı. Orden əlində gəldi. Əyildi. Ordeni körpənin bələyinə bərkitdi:
– Ədə, kişi, bunu sənə etibar eləyirəm, itirməzsən ha!..
Gəlin elə qalxdı ki, təzəcə uyumuş körpənin damağı döşünün giləsini göynətdi. Körpə ağladı. O, Xəlilin gülümsəyən sifətini ucada, başı üstündə, qara pərdələrin arasında gördü. Bu gülüş ona uzaq göründü. Lap uzaq.
– Bu nə işdir, Xəlil?
O, gəlini sakitləşdirmək üçün əlini şəstlə bığına çəkib yenidən güldü. Bu gülüş də yersiz çıxdı.
– Qalxma, özünü soyuğa verərsən. Mən bu saat gedirəm. Eşit də… Durma, üstünü ört, uşaqda gözün olsun. Havalar soyuq keçir… Abbasqulu bəylə kişiyə ad tapmışıq axı: Nəriman. Abbasqulu bəyin məktəb yoldaşı olub. Maşallah, böyük adam olub. Hə, adıyla yaşasın…
O, uşağı göyə qaldırdı, üzünə baxdı, anasının qucağına qoydu. Əllərində tutanda kirimişdi, anasına qaytaranda isə yenidən ağlayırdı.
Xəlil dayanıb bir dəqiqə də baxdı, sonra geri baxmadan qapıya tərəf addımladı…
Onun mindiyi at geridə gəlirdi. Xəlil düzlərə baxırdı. Altındakı torpağın sinəsi kimi əyri-üyrü görünən qar zərrə-zərrə parıldayırdı. Əvvəl bu torpaqlar Abbasqulu bəyin idi. Kolxoza verib. Xəlil yazda bu yerlərdə taxıl əkdirmək istəyirdi.
Abbasqulu bəy həmişə bu zəmilərdə buğda əkdirirdi. Çayın suyunu buraya bu təpələrin döşündən keçirib gətirirdi. Dədə-baba arxı idi, hər il təmizləyirdilər.
Xəlil ürəyində dolandırdı ki, elə indi bu barədə Abbasqulu bəydən məsləhət istəsin.
Abbasqulu bəy ondan aralı idi. Atını Talıbovla qoşa sürürdü.
Talıbov şəhərdən çoxlu qəzet gətirmişdi. İçində barama kağızı kimi saralanı da vardı, qat kəsəni də, şaxı hələ pozulmayanı da. Şabanzadənin kabinetində bu qəzetləri başı üstünə qaldırıb demişdi:
– Bizim silahımız var. İsti silahları təhvil verin!
– Necə? Bizi tərk-silah edirsiniz?
– Biz oraya ölməyə yox, öldürməyə gedirik.
– Elə isə silahı niyə təhvil verək? Sözünün canını de.
Bu sözdən sonra həvəs və maraq dolu xırda, diri gözlərini növbə ilə onların üzündə gəzdirmişdi.
– Biz öldürməyə gedirik – qəzetlə, təbliğatla! Onların çürük fikirlərini bunlarla məhv edəcəyik! Qoy anlasınlar ki əyri yola düşüblər.
– Ay