Qarlı aşırım. Фарман КеримзадеЧитать онлайн книгу.
qorxduğunu Rəsul da gördü. Çoxusu ona görə aparıb basdım qoduqluğa. Qulağını da siyirdim. Qoy özgələrinə görk olsun. Biz onu gözətçi qoymuşuq, o da üstümüzə qaçır. Bəlkə Səməndəri öldürüb qoşunu içəri keçiriblər…
Qəmlo Kərbəlayının gözündə daha da qəddarlaşdı.
– Adamları bizdən döndərəcəksən. Yüz dəfə demişəm ki, mənim razılığım olmasa, belə iş tutma.
– Analarını ağlatmasaq, sözümüzə baxmayacaqlar.
Kərbəlayı onu danladı, sonra da səsinin alçaq yerinə salıb soruşdu:
– Abbasqulu bəy xahişə gəlib, sən nə deyirsən?
Kərbəlayının səsinin enməsi o demək idi ki, hünəri tükənib, ona dayaq, məsləhət verən bir adam lazımdı.
– Ağa, izn versən, mən onların üçünün də başını əkərəm.
Kərbəlayının əlindəki təsbeh silkələndi.
– Sən nə danışırsan? Başın işləyir?!
– İşləyir. Biz ondan əskik oğlanıq?! Əlim yaman gicişir. Bilirsən nə var? Davadan qabaq böyük adamı öldürmək məni ürəkləndirir. Belə eləsək, onlar da qorxar.
– Kəs! Kəs!.. Abbasqulu bəy sənin üçün İman deyil.
Kərbəlayı hər dəfə ocağı qurdalayanda Qəmlo tüfəngini silib təmizləyərdi. Kərbəlayının ata-baba düşmənlərini, onun xoşu gəlməyən adamları bir-bir aradan götürən Qəmlo olmuşdu. Qəmlo olmasa, Kərbəlayı İsmayıl kolxozları dağıdıb yolları bağlatdıra bilməzdi. Odur ki, Kərbəlayı İsmayıl Qəmloya külli-ixtiyar vermişdi. Qəmlo dəstələr düzəldirdi, güllə atdırırdı, məşq keçirdi. Yer-yurdunu da bilmək olmurdu. Səhər Kolanlı kəndində olanda günorta Dəynəzdə görünürdü. Çox vaxt sorağından, göndərdiyi çapardan qabaq özü çatardı.
Artıq ocaq sönmüşdü. Kərbəlayı İsmayıl külü qurdalayırdı, küllə oynayırdı. O heç vaxt külün üstündə çəkdiklərinə baxmazdı. Çəkdiyi özünə də aydın olmazdı. Amma nə edəcəyini, nələr törədəcəyini bilirdi. İndi isə qəti bir fikrə gələ bilmirdi.
Qəmlo gözləməkdən yoruldu:
– Noldu, Səməndəri öldürüb qoşunu içəri keçirdərlər.
– Abbasqulu bəy belə iş görməz.
Qəmlo onsuz da tədbir görmüşdü: bir dəstə yola salmışdı. Tapşırmışdı ki, gözə görünməsinlər. Xəbər verməsə, onlara əl qaldırmasınlar.
– Abbasqulu bəyə çox da bel bağlama. Hökumətin sağ əlidi, yoxsa bura gəlməzdi. Elə bilmə ki, bizə ürəyi yanıb. İndi ondan nə desən çıxar.
Kərbəlayı İsmayıl qaralıb kösövə dönmüş ağacı külün üstünə atdı:
– Onun qabağına çıxmaq vacibdir, düşmən də olsa, dost da olsa, gərək öz hörmətimizi eliyək.
Qəmlo fikirləşdi ki, Kərbəlayı ilk dəfə kül qurdalayandan sonra ölüm hökmü çıxarmadı:
– Mən onun üzünə çıxmaq istəmirəm. Atlanıb Kolanlıya qalxmaq lazımdı. Vəli Abbasqulu bəyi gətirib hörmət göstərsin, qonaq eləyib pişvazında dursun, sonra da yola salsın.
– Bəs mən nə iş görüm?
– Bir yerdə gedək. Qalsan, əlindən xata çıxar. Vəli dilli-ağızlıdı.
…Qarabağlardan dörd atlı çıxdı. İkisi üzü yuxarı, ikisi üzü aşağı – Qara qayaya tərəf.
Bu odun damının böyründəki mıxa həmişə iki-üç erkək bağlanardı. Yerdə quru yonca ovuntusu, qoyun peyini, dırnaq izləri qalardı. Tut ağacından qayrılmış mıxı kəndir o qədər sürtmüşdü ki, mıx şüşəyə dönmüşdü. Kərbəlayının qapısından qonaq əskik olmazdı. Bu əziz qonağın adına kəsilmiş heyvanın ətindən o biri qonağa bişirməzdilər. Hərəsinin adına bir qoyun kəsilməli idi.
Abbasqulu bəy yəhərdən enəndə ayaqları altında kəsilən qoçun başı gurhagur yanan təndirin yanına atılmışdı. O, belə qarşılanacağını ağlına da gətirə bilməzdi. Bu cür dəbdəbəni bəyənməsə də, indi ondan xoşu gəldi. Bu, işin düzələcəyinə işarə idi. Gözünü gəzdirib Kərbəlayını nə yaxındakı adamların içində, nə aralıda, nə də eyvanda gördü. Şübhəyə düşdü. O, belə mərifətsiz adam deyildi, qabağa çıxmamış olmazdı. Görəsən, niyə belə elədi? Onu Kərbəlayının kiçik qardaşı Vəli qarşıladı. Gümüş rəngli şikarı papaq bu cavan oğlanın alnını çəpinə kəsmişdi. Papağın bir yanı sağ qaşının ucuna söykənmişdi. Alt dodağı qırmızı rəngdə idi. Mehribanlıqla görüşdü. «Xoş gəlibsiniz», – dedi. Evə uzanan yolun qırağına çəkildi, qapını onlara göstərdi.
Abbasqulu bəy bardaş qurub oturmuşdu. Sağ tərəfində Xəlil, son tərəfində Talıbov əyləşmişdi. Palaz üstündə oturmağa adət eləməyən Talıbov yerini qızdıra bilmirdi, gah bardaş qurur, gah ayaqlarını yanlara uzadırdı. Ürəyi sakit deyildi.
Xəlil pəncərədən həyətə baxırdı. Həyətdə ot tayası, araba, tövlə, çardaq, çardağın altında xış, mala, araba təkəri vardı. Lap kolxoz həyətinə oxşayırdı. Öküzləri ala sicimlə buynuzlarından arabanın təkərinə bağlamışdılar. Qabaqlarındakı bir tala yeri ot saraltmışdı. İki öküzdən biri – cöngə onun xoşuna gəldi. Kolxozunda kaş on cüt belə cöngə olaydı. Onda şum yarımçıq qalardı?! heç işi geri qoyardı?!
Araya gərgin sükut çökmüşdü. Qarşı tərəfdə qara papaqlı, tutqun sifətli adamlar oturmuşdular. Heç kəs danışmağa cəsarət eləmirdi. Gözlər etibara, inama yad olmuşdu. Kirpiklər qılınc kimi çalınırdı, toqquşurdu. heç bir baxış Abbasqulu bəyin qarşısında tab tutmur, tez yayınırdı.
Talıbov əvvəldən hazırladığı nitqləri yaddan çıxartmışdı. «Belə adamlara nə deyəsən? Onları necə başa salasan? Bunun üçün şərait lazımdır, gərək əvvəlcə sənin tərəfinə keçən çox ola, sonra işini görə biləsən». O bu ağır sükuta dözə bilməyib gizlincə Abbasqulu bəyin dizini basdı. Abbasqulu bəyin tüklü, uzun barmaqları onun biləyində gəzdi. Sonra da yavaş-yavaş qalxıb endi: yəni həyəcanlanma, qorxma, mən burdayam, özünü ələ al.
Qapı açıldı. Papağın altından çıxan ağ sarğı sifətini kəsib keçən Rəsul içəri girdi. Barmağının hərəkəti ilə Xəlili çağırdı. Xəlil Abbasqulu bəyin üzünə baxdı. Sanki soruşurdu: «Məni niyə çağırırlar? Gedimmi?»
Abbasqulu bəyin gözləri: «Get, qorxma», – dedi.
Xəlil qalxdı. Rəsulla bərabər çıxdı. Aradakı gərginlik daha da artdı. Evin qaranlıq tərəfində oturmuş adamların arasına pıçıltı düşdü.
Talıbov alt dodağını dişlərinin arasına alıb gəmirməyə başladı. O, dodağının ağrısını hiss eləmirdi. «Bizi bir-bir bayıra çağırıb öldürəcəklər. Görəsən, bundan sonra kimin növbəsidir? Mənim, yoxsa Abbasqulu bəyin? Bir iş olsa, güllənin dördünü onlara sıxacağam. Biri özümə bəsdir».
İki dəqiqədən sonra Xəlil qayıdıb Abbasqulu bəyin qulağına nə isə pıçıldadı:
– Özləri bilərlər,