Kreyser Sonatası.. Лев ТолстойЧитать онлайн книгу.
O, öz mülkünü bütünlüklə bacısına bağışlamışdı və bundan peşman deyildi, çünki onda sahibkarlıq meyli, həvəsi yox idi. Özündən aşağıda duranlar qarşısında itaət etmək ona nəinki ağır gəlmir, əksinə, sevinc, fərəh gətirirdi. Dünya malına hərisliyi və pozğun həyat vərdişlərini əziyyətsiz-filansız tərgitdiyi kimi, şəhvətdən doğan günahlara da rahat qalib gəldi. Abid onu xüsusilə bu günahdan çəkindirirdi, lakin Kasatski sevinirdi ki, artıq həmin hissdən azaddır.
Ancaq adaxlısı barədə xatirələr əzab verirdi ona. Özü də təkcə xatirələr yox, onunla evlənəcəyi təqdirdə baş verə biləcək hadisələr gözünün qabağına gəlib, incidirdi onu. Bir də görürdün, heç özü də istəmədən, hökmdarın sevimlisi, sonra isə ərə gedib, gözəl həyat yoldaşı, ana olmuş həmin tanış sima təsəvvüründə canlandı. Əri isə onun hesabına yaxşı vəzifə qazanıb, həm hökmü, həm hörməti, həm də heç bir sözündən çıxmayan gözəl arvadı var.
Kefinin duru vaxtlarında bu fikirlər həyəcanlandırmırdı onu. Kefi kök olanda bu. Haqda fikirləşdikcə sevinirdi ki, bu şirnikləşdirici şeylərdən canı nə yaxşı qurtarıb. Lakin elə dəqiqələri də olurdu ki, indiki həyatı gözündən düşür, mənasını itirir və inamı nəinki zəifləyir, nəinki onun yerini şübhələr alırdı, heç qəlbindəki inamı dəbərdib oyada da bilmirdi, xatirələr hücum çəkirdi üstünə, ən dəhşətlisi isə – peşmançılıq çəkməyə başlayırdı.
Belə hallarında qurtuluşu ancaq ibadətdə və işdə tapırdı. 0, həmişəki təki ibadət eləyir, səcdəyə gedir, lap lazım olduğundan çox ibadət eləyirdi, di gəl, bu ibadət qəlbən deyildi, cismən idi. Və belə ovqat bir gün, bəzən iki gün davam edir, sonra öz-özünə keçib gedirdi. Amma bu bir-iki gün çox dəhşətli olurdu. Kasatskiyə elə gəlirdi ki, cilovunu itirib, heç allahın da iradəsində deyil, kiminsə, başqa bir adamın iradəsiylə oturub-durur. Belə vaxtlarda yalnız bunu bilirdi ki, abidin məsləhətlərinə əməl eləyirdi, qocanın dediyi kimi, heç bir tədbir görmür, dözür, gözləyirdi. Ümumiyyətlə, bütün bu müddətdə Kasatski özü istədiyi kimi yox, abidin dediyi kimi, onun iradəsiylə yaşamışdı və bu itaətdən xüsusi bir rahatlıq tapmışdı.
Kasatski daxil olduğu birinci monastırda yeddi il beləcə yaşadı. Üçüncü ilin sonunda başını qırxıb Sergi adı ilə iyerey rahibi rütbəsi verdilər ona. Bu mərasim Sergi üçün çox mühüm mənəvi hadisə idi. O, əvvəllərdə dini ayinləri yerinə yetirəndə, ibadət eləyəndə böyük təsəlli tapdığını hiss edir, ruhu coşurdu; indi, keşiş kimi ibadət eləyəndə isə vəcdə, riqqətə gəlirdi. Sonralar bu hiss get-gedə kütləşdi və bir dəfə, həmin o arabir keçirdiyi ruh düşkünlüyü vəziyyətində ibadət eləyəndə duydu ki, bu da keçib gedəcək. Və doğrudan da, bu hiss zəiflədi, ondan yalnız balaca bir adətkərdəlik qaldı.
Ümumiyyətlə, monastır həyatının yeddinci ilində Sergi darıxmağa başladı. Öyrənməli nə vardısa – öyrənmişdi, nəyə can atırdısa – hamısına nail olmuşdu, daha heç bir iş qalmamışdı burda.
Bunun əvəzində isə bihuşluq halı, hisslərinin korlaşması getdikcə güclənirdi. Bu müddət ərzində anasının ölüm xəbərini, Merinin ərə getdiyini eşitmişdi. Hər iki xəbəri laqeydliklə qarşılamışdı. Bütün diqqəti, bütün səyləri daxili mənəvi aləmi üzərində cəmlənmişdi.
Rahibliyinin dördüncü ilində arxiyerey, Sergini xüsusilə əzizlədi və dedi ki, işdir, onu yüksək vəzifəyə təyin eləsələr, boyun qaçırmasın. Və bu vaxt rahib şöhrətpərəstliyi, rahiblərin bu ən murdar hissi onun da qəlbində baş qaldırdı. Onu paytaxta yaxın monastırlardan birinə təyin elədilər. Bundan imtina eləmək istədi, lakin abidin sözünə baxıb razılaşdı. Sergi abidlə vidalaşıb, həmin monastıra yola düşdü.
Paytaxt monastırına keçməsi Serginin həyatında mühüm hadisə idi. Cürbəcür şirnikləndirici şey çox idi və onun səyləri özünü bu hisslərdən qorumağa yönəldilmişdi.
Əvvəlki monastırda qadın haqda fikirlər az əzab verirdi ona, burada isə həmin hisslər elə gücləndi və elə bir səviyyəyə qalxdı ki, axırda hətta müəyyən forma şəklini aldı. Pozğun hərəkətləri ilə tanınan bir xanım Serginin həndəvərində sülənməyə, onun qılığına girib, yoldan çıxarmağa çalışırdı. Xanım dilə gəlib, onu evinə dəvət elədi. Sergi bu dəvəti kəskin şəkildə rədd etsə də, ürəyindən keçəni hiss eləyib dəhşətə gəldi. O elə qorxdu ki, bu barədə müəllimi olan abidə məktub da yazdı və bu kifayət deyilmiş kimi, özünün əl-ayağını yığışdırmaq üçün cavan şagirdini yanına çağırdı və həya hissinə üstün gəlib zəifliyini etiraf elədi, xahiş etdi ki, gözdən qoymasın onu, ibadətdən və ayinlərdən savayı heç yerə getməyə imkan verməsin.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.