Dodaqdan qəlbə. Решад Нури ГюнтекинЧитать онлайн книгу.
nədən qorxacağam? Sənin oğluna kim toxuna bilər? Dövran mənimdir, ana. Mən artıq talesizliyin daşını atmışam.
Dərin bir yaşamaq zövqü ilə titrəyən Kənan çəlimsiz, zəif anasını qucağına alıb pəncərədən çölə çıxartdı. Uzun illər ayrılıqdan sonra onu ilk dəfə qucaqlayırmış kimi bərk-bərk bağrına basdı. Qadının gənclik təravətini hələ də saxlamış gözəl üzündən dönə-dönə öpdü.
Mələk xanıma elə gəlirdi ki, Kənanın yenə yeddi-səkkiz yaşı var. O vaxt da Kənan hərdənbir belə anlaşılmaz riqqətlə titrəyər, mavi gözləri elə bu cür yaşla dolar, sevmək, sevilmək arzusu ilə anasının boynuna sarılardı. Böyüyəndən sonra daha bu xasiyyətindən əl çəkmiş, sakit, utancaq və kədərli bir gənc olmuşdu. Mələk xanım oğlunun uzun saçlarını sığalladı:
– Yatmayacaqsanmı, Kənan? Yorulmamısan? Xəstələnəcəksən.
Kənan daş pilləkəndə əyləşib, anasını zorla dizləri üstünə oturtdu.
O, uşaq kimi gülürdü.
– Yatmaqmı? Yatmaq bədbəxtlərin, xəstələrin nəsibidir, ana. Bütün ruhu ilə yaşayan xoşbəxt insanlar neçin yatsın? Bilmirsənmi, bu saat dünyada hələ günəşləri batmamış, yaxud ay işığında qərq olmuş ölkələr var. Orada sənin Kənanının əsərlərini çalırlar, orada insanlar öz dərdlərini sənin oğlunun dili və qəlbi ilə söyləyir, ağlayırlar, gülürlər. Sabah mən daha böyük bir əsər yazacağam. Ondan sonra heç ölümü də vecimə almayacağam, ana. Kənan ölmüş, dodaqları əbədi olaraq susmuş olsa da, nə qəm? Kənanın susmuş dodaqlarını musiqisi əvəz edəcək, ölmüş Kənan sözə başlayanda dirilər, əksinə susacaq, saralacaq, ağlayacaqlar, özün görəcəksən, biz nə qədər xoşbəxt olacağıq. Mən talesizliyi məhz öz gücümün sayəsində məğlub etdim, ana. O qədər əziyyət çəkmişəm ki… Nəhayət, tale mənim də üzümə güldü. İndi sevincim yerə-göyə sığmır.
II
Mələk xanım qoca bir meyvə tacirinin sonbeşiyi idi. Ailənin yeganə qızı olduğu üçün atası onu uşaqlarının hamısından çox sevirdi. O vaxt atasının ticarət işləri yaxşı gedirdi. Bundan başqa, Mələk də həqiqətən mələk kimi gözəl bir qızdı. Hələ on dörd yaşı tamam olmamış ona çox yerdən elçi gəldi. Səlahəddin əfəndi hər adamı qızma layiq bilmirdi. Ancaq qız saf, təcrübəsiz qəlbini atasının katiblərindən birinə, Nail adlı İstanbullu bir gəncə vermişdi. Ümidləri yoxdu: Səlahəddin əfəndinin də, oğlanlarının da bu izdivaca razılıq verməyəcəklərini ikisi də yaxşı bilirdi. İki il sirlərini gizli saxlaya bildilər. Lakin bütün sevdalar kimi bu sevgi də, nəhayət, aşkara çıxdı, dedi-qodu bütün İzmirə yayıldı. Qoca əhvalatı eşidəndə yaman sarsıldı, az qaldı ki ölsün. O, köhnə fikirli adam idi. Mənsəb və var-dövləti hər şeydən üstün tuturdu. Üstəlik də bu katibindən zəhləsi gedirdi, ancaq yazığı gəldiyi üçün yanında saxlayırdı. Nailin keçmişi bir az ləkəli idi. Üç il bundan əvvəl Manisa şəhərində bir pul əhvalatı üstündə onu qulluqdan çıxartmışdılar. Lakin məhkəmədə onu cəzalandırmaq üçün kifayət qədər dəlil tapılmamış, Nail bəraət qazanmışdı. Buna baxmayaraq o, bu ləkədən tamamilə yaxa qurtara bilməmiş, başqa yerlərdə iş axtarmağa, çörək pulu qazanmağa məcbur olmuşdu. Səlahəddin əfəndinin fikrincə gənc katibin günahı təkcə bundan ibarət deyildi. Nail çalışqan, lakin laübalı bir gəncdi, əylənməyi çox sevirdi. Gözəl ud çalırdı, buna görə də hərdənbir onu ziyafətlərə, işrət məclislərinə dəvət edirdilər.
Səlahəddin əfəndi ilə oğlanları işin üstü açılan kimi Naili qulluqdan qovdular.
Mələyə də çox ağır tənbeh verdilər: onu altı aylığa Sökeyə6, bibisinin yanına göndərdilər. Onlar belə fikirləşirdilər ki, bu yolla gənc qıza ümidsiz sevdasını, İzmir əhalisinə isə bu xoşagəlməz əhvalatı unutduracaqlar. Lakin işlər onların düşündüklərinin əksinə oldu. Nail Dənizlidə7 özünə ayrı qulluq tapdı, sonra Sökedəki keçmiş məktəb yoldaşının arvadı vasitəsilə Mələyə məktublar göndərir, ondan da cavablar alırdı.
Qız Naili nəinki unutmamışdı, əksinə, onu gündən-günə daha artıq sevirdi. Məktublarında yazırdı kı, Naildən başqa heç kəsə ərə getməyəcək, onun yolunda hər şeyə hazırdır.
Qoca tacir qızını təzədən İzmirə gətirmək istəyirdi ki, Sökedən bir teleqram aldı: Mələk Nailə qoşulub qaçmışdı, hətta bir kənd mollasının evində kəbinləri də kəsilmişdi.
Səlahəddin əfəndinin böyük oğlu Saib Naili tutdurmağı, kiçik oğlu Hilmi isə bu namus ləkəsini qanla yumağı təklif edirdi. Lakin qoca ilə o biri oğulları bu fikirdə deyildilər. Mələk həm onları, həm də özünü ömürlük ləkələmişdi; onu ölmüş fərz edəcək, heç adını da çəkməyəcəkdilər.
Səlahəddin əfəndi sözünün üstündə möhkəm durmuş, iki il sonra öləndə də qızını görmək istəməmişdi. Sərvətini dörd oğlu arasında bölmüş, qızına isə Tülkülük məhəlləsindəki kiçik bir evlə Kəməraltındakı çəkməçi dükanından başqa bir şey verməmişdi.
Bütün səyinə, fədakarlığına baxmayaraq bu izdivac Mələk xanıma umduğu səadəti verə bilməmişdi. Mələk yaşına görə çox ağırbaşlı bir qadın olmuşdu. Dəbdəbədə, var-dövlətdə, bəzək-düzəkdə gözü yoxdu. Qoyub gəldiyi zəngin həyat, itirdiyi böyük ümidləri üçün peşman deyildi. Ərinin məhəbbəti ilə ovunub dururdu. Çit pərdəli, basıq qara tavanlı kənd evlərinin kasıblığına əhəmiyyət vermir, ən çətin günlərdə belə nəşə və cəsarətini itirmirdi.
Nail talesiz bir gəncdi. Lakin pis, qəlbsiz adam deyildi. Arvadını, aralarında yaşyarım fərq olan iki övladını yoxsulluq içində gördükcə əriyib gedirdi. İlk sevda həyəcanları keçirərkən bu günləri nəzərə almadığını fikirləşəndə, özünə lənətlər oxuyurdu. Yüngül xasiyyətlərindən, bütün pis əməllərindən əl çəkmişdi. Arvadını, uşaqlarını birtəhər xoşbəxt və rahat yaşatmaq üçün qabıqdan çıxırdı. Lakin talesizlik yaxasından heç cür əl çəkmir, bu kiçik ailənin güzəranı gündən-günə çətinləşirdi. Nail Aydın vilayətinin bütün qəsəbələrini birər-birər gəzdi, tez-tez qulluğunu, məskənini dəyişdi, ancaq heç yerdə qərar tuta bilmədi.
Bu səfalət içində Kənan yeddi, Əfifə beş yaşına çatdı. Artıq əli hər yerdən üzülmüş Nail bədbin, məğmun və qaraqabaq bir adam olmuşdu. Dərdini unutmaq üçün yenidən içkiyə qurşanmışdı, səhhəti kimi əxlaqı da gündən-günə pozulmağa başlamışdı.
Elə bu vaxtlar ailənin vəziyyəti birdən-birə düzəldi. Nail artıq çox pul qazanır, diri və əsəbi görünürdü. Ancaq bu firavan güzəran uzun sürmədi. Bir gecə jandarmlar gəlib, heç səbəbini də demədən Naili apardılar.
Mələk xanıma ertəsi gün ərinin yeni bir böhtana düşdüyünü xəbər verdilər. Lakin bu səfərki böhtan deyil, əməlli-başlı oğurluq idi.
Nail bunu açıqca etiraf etdi, çəkinmədən:
– Başqa cür yaşamaq mümkün deyildi, uşaqlarım acından ölürdü, – dedi.
Bu etirafa baxmayaraq
6
Qərbi Anadoluda, Böyük Menderes çayı vadisində qəza mərkəzi olan bir şəhər.
7
Cənub-Qərbi Anadoluda vilayət mərkəzi.