İkiyə bölünmüş Vikont. Итало КальвиноЧитать онлайн книгу.
NMÜŞ VİKONT
İtalo Kalvino 15 oktyabr 1923-cü il tarixində Kubanın Santyaqo de Las Veqas kəndində anadan olmuşdur. Gənc yaşlarında İtaliyaya köçmüş, Kommunist Partiyasına üzv yazılmış, “L`Unita” qəzetində və müxtəlif dərgilərdə çıxan yazıları sayəsində II Dünya müharibəsindən sonra italyan mədəniyyətinin tanınmış simalarından birinə çevrilmişdi. İlk əsərlərindən başlayaraq İtaliyanın ən önəmli yazıçılarından olan Kalvino bu ölkədə bir çox ədəbiyyat mükafatı almış və 1960-cı ildə nəşr olunan “I nostri antenati (atalarımız)” kita-bına salınan fantastik hekayələri ilə beynəlxalq miqyasda şöhrət qazanmışdır. 1950-ci illərdə fantaziya və alleqoriyaya maraq göstərən yazıçı üç povesti sayəsində imzasını oxucu-ların yaddaşına yaza bildi: “İkiyə bölünmüş vikont”, “Ağaca qonan baron” və “Mövcud olmayan cəngavər”.
Kalvinonun şüur axını üslubunda yazdığı və kainatla insanların yaradılışından bəhs edən “Kosmokomik hekayə-lər”indən, Marko Polo-Kubilay Xan münasibətləri çərçivəsin-də arzu, yaddaş, həyat, ölüm kimi mövzular haqqında bö-yük incəliklə və şeiriyyətlə qələmə aldığı “Görünməz şəhər-lər”indən, yazma və oxuma bacarığını, oxucunun mətnlə qarşılıqlı əlaqəsini anladan “Bir qış gecəsi əgər bir yolçu”dan, tərtib etdiyi və onun düşüncəsinə görə iqtisadi yükü olan “Fiabe İtaliane”yə qədər (“İtaliya nağılları”) bir çox əsəri əha-tə edən yazarlıq həyatının son məhsulu “Amerika Dərslə-ri”dir.
Kalvino 19 oktyabr 1985-ci ildə beyninə qan sızması nə-ticəsində Sienada vəfat etmişdir.
I
Türklərlə xristianlar arasında müharibə gedirdi. Dayım, Terralbalı vikont Medardo atını Bohema düzənliyində xristianların ordugahına doğru çapırdı. Arxasınca da nökəri Kursio.
Səmada ağ leylək dəstəsi alçaqdan uçur, donuq və dur-ğun havanı dağıdırdı.
– Niyə bu qədər çox leylək var? – Medardo Kursiodan soruşdu, – Hara gedirlər belə?
Müharibəyə qoşulmuş qonşu hersoqu məmnun etmək üçün könüllü olaraq orduya yazılan dayım, hələ ki təcrü-bəsiz idi. Xristianların əlində olan son qaladan bir at və bir nökər götürərək imperatorun qərargahına gedirdi.
– Döyüş meydanına gedirlər, – nökər qısaca cavab verdi. – Yol boyu bizə yoldaşlıq edəcəklər.
Vikont Medardo o tərəflərdə leylək görməyin yaxşı əla-mət sayıldığını bilirdi, ona görə də leylək gördüyü üçün se-vinməyə çalışırdı. Amma nədənsə özünü narahat hiss edirdi.
– Kursio, bu çöpayaqlı quşların döyüş meydanında nə işi var ki? – soruşdu.
– Qıtlıq tarlaları acınacaqlı hala saldıqdan və quraqlıq çayları qurutduqdan bəri, – nökər cavab verdi, – onlar da in-san əti yeyirlər. Ölülərin olduğu hər yanda qarğalarla kər-kəslərin yerini indi leyləklər, durnalar, flaman quşları alıb.
O vaxtlar dayım gənc idi; hisslərin qarışıq və coşqun ol-duğu, yaxşı ilə pisin hələ meydan çıxmadığı, ölüm-itimli ol-sa belə, yaşadığı hər yeniliyin təsirli və həyat sevgisi ilə dolu olduğu bir yaşda idi…
– Yaxşı, bəs, qarğalar, kərkəslər, o biri yırtıcı quşlar hara getdilər? – soruşdu. Üzü saralmışdı, amma gözləri hələ də parlayırdı.
Nökər bığlı, qarabuğdayı, danışarkən başını aşağı salan bir əsgər idi. O, ümumiyyətlə heç vaxt başını yerdən qaldır-mazdı.
– Vəbadan ölənləri yeyə-yeyə onlar da vəbaya tutuldu-lar, – dedi və nizəsini uzaqda qaralan kolluqlara tərəf tuş-ladı. Diqqətlə baxanda, bunların əslində kolluq yox, yırtıcı quşların tükləri, ya da qurumuş ayaqları olduğu başa düşü-lürdü.
– Quşunmu, yoxsa insanınmı daha əvvəl öldüyü, qarnı-nı doyurmaq üçün kimin kimin üstünə atıldığı bilinmir, – Kursio dedi.
İnsanları qırıb tökən vəbadan qaçmaq üçün onlar kütlə-vi şəkildə uzaqlara köçməyə çalışmış, amma burada can ver-mişdilər. Bomboş düzənlik boyunca ora-bura sərələnmiş, ya-ralardan üz-gözü tanınmaz hala düşmüş, skelet qalağına dönmüş çılpaq kişi və qadın cəsədləri görünürdü. Üstəlik, nədənsə lələkləri də vardı; sanki cılız qollarından, sinələrin-dən lələkli qanadlar çıxmışdı. Bunlar insan cəsədlərinə qarış-mış kərkəs leşləri idi.
Ərazidə vuruşma izləri gedərək artırdı. Atların ikisi də gah yana qaçdıqlarından, gah da şahə qalxaraq irəli getmək istəmədiklərindən daha ağır hərəkət edirdilər.
– Yaxşı, bu atlar niyə belə edirlər? – Medardo nökərdən soruşdu.
– Ağam, atlar öz bağırsaqlarının iyini heç xoşlamazlar.
Həqiqətən də keçdikləri düzənlik arxası üstə qalmış, nalları yuxarı qalxmış, bəzisi üzü torpağa batmış, ya da yanı üstə düşmüş at leşləriylə dolu idi.
– Kursio, burada niyə bu qədər at ölüb ki? – Medardo soruşdu.
– Adətən atlar qarnının deşildiyini hiss edəndə, bağır-saqlarını tutmağa çalışırlar, – Kursio izahat verdi, – bəzisi üzüaşağı uzanır, bəzisi də bağırsaqları tökülməsin deyə ar-xası üstə yatır. Amma hər iki halda da çox keçmədən ölürlər.
– Deməli, bu müharibədə ən çox atlar ölür?
– Türklərin qılıncları sanki atların qarnını deşmək üçün hazırlanıb. Bir az irəlidə insan cəsədlərini də görəcəksiniz. Əvvəl atlar, sonra atlılar vurulub. Baxın, gəlib çatdıq, ordu-gah oradadır.
İrəlilədikcə üfüqdə yüksələn çadırların təpələri, impera-tor ordusunun sancaqları və duman görünürdü.
İrəliyə doğru addımladıqca son döyüşdə həlak olanların demək olar ki, hamısının cəsədinin yığışdırılaraq dəfn edil-diyini gördülər. Aradabir saman yığını üstünə atılmış içalat-lar, xüsusilə də barmaqlar gözə dəyirdi.
– Bəzən, bizə yolu göstərən bir barmaq da görmək olur. – Medardo dayım dedi. – Bunun mənası nədir?
– Tanrı günahlarını bağışlasın, üzükləri almaq üçün diri-lər ölülərin barmaqlarını kəsirlər.
– Kim var orada? – şimala baxan bir ağacın gövdəsi kimi kif basmış yosun örtülü bir növbətçi çığırdı.
– Yaşasın müqəddəs İmperatorluq tacı! – Kursio bağırdı.
– Lənətə gəlsin Sultan! – növbətçi cavab verdi, – nolar, komandanlığa gedən kimi deyin növbəni dəyişmək üçün bir nəfər göndərsinlər, yoxsa burada lap ağaca döndüm.
Nəcis yığını üstündə vızıldaşan milçək buludundan qaç-maq üçün atlar artıq daha sürətlə irəliləyirdilər.
– Dünənki döyüşdən sonra nə qədər igidin bağırsaqları hələ də yerdədir, özləri isə göy üzündə, – Kursio xaç çəkdi.
Ordugahın girişində buruq saçlı, qat-qat uzun ipək pal-tar geyinmiş, sinələri görünən qadınların qışqıra-qışqıra, ça-ğırış dolu qəhqəhələrlə onları qarşıladıqları talvarın yanın-dan keçdilər.
– Saray qadınlarının çadırıdır, – Kursio dedi. – Başqa heç bir orduda belə gözəl çadır görə bilməzsiniz.
Dayım qadınları görmək üçün arxaya boylana-boylana at sürürdü.
– Diqqətli olun, ağam, – nökər xəbərdarlıq etdi, – hamısı kir-pas içindədir, özü də vəbalı. Türklər belə savaş qəniməti kimi bunlara əl vurmaz. Üstlərində sadəcə hamamböcəyi, taxtabiti, bit deyil, kürəklərində əqrəblər, kərtənkələlər yuva salıb bunların…
Səhra toplarının yanından keçdilər. Topçu əsgərlər su ilə şalğamdan ibarət yemək paylarını gün boyu atəş açmaqdan qızışmış tunc karabinlərin, topların üstündə isidirdilər.
Arabalarla torpaq gətirilir, topçular isə onu ələkdən ke-çirirdilər.
– Barıt