Hekayələr. Лев ТолстойЧитать онлайн книгу.
cəld arıq əli ilə saçlarını alnından yığdı və suallara cavab vermədən gülümsəməyə başladı.
– Cənab Albert! Cənab Albert! – ev sahibəsi deyirdi, – əzildiniz? Haranız əzildi? Mən sizə dedim axı sizə rəqs eləmək olmaz. – Sonra qonaqlara müraciətlə sözünə davam etdi: – O, çox zəifdir, güclə yeriyir, ona rəqs etmək olar?
– Bu kimdir? – deyə ev sahibəsindən soruşdular.
– Zavallı bir adam. Artistdir. Çox yaxşı adamdır, ancaq görürsünüz də, yazıqdır.
O bu sözləri çalğıçının öz yanında ondan çəkinmədən deyirdi.
Çalğıçı özünə gəlmişdi, elə bil nədənsə qorxmuş kimi büzüşdü və onu dövrəyə almış adamları özündən araladı.
– Boş şeydir, – deyə birdən səsləndi və stuldan qalxmağa səy göstərdi.
Heç bir yerinin ağrımadığını sübut etmək üçün otağın ortasına çıxdı və tullanmaq istədi, lakin səndirlədi və onu tutan olmasaydı, təzədən yıxılacaqdı.
Hamı pərt olmuşdu, ona baxaraq susurdular.
Çalğıçının baxışı yenə küt bir ifadə aldı. O, görünür, hər şeyi unudaraq dizini ovxalayırdı. Birdən başını qaldırdı, titrəyən ayağını qabağa ataraq yenə əvvəlki mənasız bir hərəkətlə saçlarını dala tulladı və skripkaçıya yaxınlaşıb skripkanı ondan aldı.
– Hamısı boş şeydir, – deyə skripkanı əlində qolaylayıb yenə də təkrar etdi. – Cənablar, musiqi çalacağıq!
Qonaqlar öz aralarında deyirdilər:
– Nə qəribə adamdır!
Qonaqlardan biri dedi:
– Bəlkə də, bu zavallı xilqətin simasında böyük bir istedad məhv olur.
Bir başqası deyirdi:
– Hə, yazıqdır, yazıqdır!
– Gözəl simadır!.. Onda nə isə fövqəladə bir şey var, – Delesov dedi, – indi görərik…
Albert bu zaman heç kəsə əhəmiyyət vermədən, skripkanı çiyninə sıxaraq, fortepianonun yanında var-gəl edə-edə onu sazlayırdı. Dodaqları sıxılıb soyuq bir ifadə almışdı. Gözləri görünmürdü. Ensiz, arıq kürəyi, uzun, ağ boynu, əyri qıçları, pırtlaşıq saçlı qara başı qəribə bir şəkil almışdı və nə üçünsə heç də gülünc görünmürdü. O, skripkanı sazladıqdan sonra cəld akkord götürdü və başını geri ataraq, onu müşayiət etməyə hazırlaşan pianoçuya "Melancholie C-dur"23 deyə amiranə bir əda ilə müraciət etdi. Bunun ardınca isə sanki lovğa ədasına görə üzr istəyirmiş kimi mülayimcəsinə gülümsədi və belə bir təbəssümlə adamlara baxdı. Kamanı tutduğu əli ilə saçlarını geri verərək fortepianonun küncündə durub rəvan bir hərəkətlə kamanı simlərdə gəzdirdi. Otağa şəffaf, ahəngdar bir səs yayıldı və tam bir sakitlik yaratdı.
Musiqi səsləri bir-birinin arxasınca sərbəst və incəliklə axaraq gözlənilməz, aydın təskinlik yayan bir işıqla hər bir dinləyicinin daxili aləmini aydınlatdı. Nə saxta, nə də ifrat bir səs dinləyicilərin rahatlığını pozmurdu, bütün səslər aydın, zərif və təsirli idi. Hamı susaraq həyəcanla onların inkişafını izləyirdi. Bu adamlar düşdükləri cansıxıcı, gurultulu və ruhi yuxululuq vəziyyətindən birdən-birə özləri də bilmədən, unutmuş olduqları tamamilə başqa bir aləmə köçdülər. Onların qəlbində gah keçmişin sakitcə seyri kimi bir hiss, gah nə isə xoş bir şeyin ehtiraslı xatirəsi, gah hüdudsuz bir hakimiyyət və şöhrət tələbi, gah da itaətkarlıq, nakam məhəbbət və kədər hisləri baş qaldırırdı. Gah kədərli-zərif, gah coşqun-şiddətli səslər sərbəstcəsinə hörülüb bir-birinin arxasınca elə incə, elə güclü və elə qeyri-iradi axırdı ki, sanki eşidilən səs deyildi, bəlkə də, hərənin qəlbinə çoxdan tanış olan, lakin ilk dəfə poeziyanın dilə gətirdiyi gözəl bir axın yol tapırdı.
Albert notdan-nota daha yüksəklərə qalxırdı. O heç də eybəcər, ya da qəribə görünmürdü. Skripkanı çənəsinə sıxaraq ehtiraslı bir diqqətlə səslərə qulaq asır və ayaqlarını əsəbiliklə tərpədirdi. O gah dimdik düzəlir, gah da belini səylə əyirdi. Gərginliklə bükülmüş sol qolu elə bil öz vəziyyətində donub-qalmışdı, yalnız arıq barmaqları əsəbiliklə hərəkət edirdi. Sağ əli rəvanlıqla, incəliklə, sezilmədən hərəkət edirdi. Sifəti ardıkəsilməz bir fərəhlə işıldayırdı, gözləri açıq bir parıltı ilə yanır, burun pərələri körüklənir, qırmızı dodaqları həzdən aralanırdı. Bəzən başı skripkaya tərəf əyilir, gözləri yumulur və saçları ilə yarıörtülü sifəti mülayim bir sevinc təbəssümü ilə işıqlanırdı. Bəzən də ayağını geri çəkərək dümdüz düzəlirdi. Elə bu zaman onun təmiz alnı və otağa nəzər salan parlaq gözləri qürur, əzəmət və üstünlük düşüncəsi ilə parlayırdı.
Bir dəfə pianoçu çaşıb səhv bir akkord götürdü. Çalğıçının bütün fiqurunda və sifətində fiziki əzab duyuldu. O, bir dəqiqəliyə durdu və uşaq qəzəbi ilə ayağını yerə vurub çığırdı: "Moll, c-moll!"24 Pianoçu səhvini düzəltdi, Albert gözünü yumub gülümsədi və özünü, başqalarını və bütün dünyanı unudaraq zövqlə işinə davam etdi.
Albert çaldığı müddətdə otaqda olanların hamısı lal bir sükuta qərq olmuşdu və elə bil ancaq musiqinin səsləri ilə yaşayır və nəfəs alırdılar.
Şux zabit pəncərənin yanında stulda oturaraq sönük baxışlarını döşəməyə dikmişdi və arabir ağır-ağır nəfəs alırdı. Qızlar divar diblərində tam bir sükut içərisində əyləşmişdilər və ancaq hərdənbir təqdir və heyrət bildirən baxışlarla bir-birinə baxırdılar. Ev sahibəsinin gülümsər, kök sifəti sevinc içindəydi. Pianoçu gözlərini Albertin sifətinə, dartılmış bədəninə zilləmişdi. Yenə səhv edəcəyindən qorxduğu üçün onu izləməyə çalışırdı. Qonaqlardan biri başqalarından daha çox içmişdi və üzüüstə divanda uzanaraq öz həyəcanını büruzə verməmək məqsədilə tərpənməməyə çalışırdı. Delesov qeyri-adi bir hiss içərisindəydi. Hansısa görünməz, soyuq dairə gah yığılır, gah da genişlənərək başını sıxırdı. Saçlarının dibi də göynəyirdi, kürəyini soyuq bir rəşə bürümüşdü, nə isə getdikcə qalxaraq boğazına dirənir, nazik iynə ucu kimi burun və damağına sancılır və göz yaşları yanağını isladırdı. O, başını silkələyərək onları sezilmədən silməyə çalışırdısa da, gözündən təzə damlalar süzülüb yenidən yanağı ilə axırdı. Təəssüratının qəribə şəkildə bir-birinə qarışması nəticəsində Albertin skripkasının ilk sədaları Delesovu ilk gənclik illərinə aparıb çıxardı. Artıq o qədər də gənc deyildi, həyatdan bezmiş, taqətdən düşmüş olan Delesov birdən-birə özünü on yeddi yaşlı, özündənrazı, gözəl, bəxtiyar, səfeh, düşüncəsiz, xoşbəxt bir məxluq kimi hiss etdi. Çəhrayı paltarlı əmisi qızına olan ilk məhəbbəti yadına düşdü, cökə xiyabanında ilk dəfə məhəbbətini izhar etdiyini xatırladı, təsadüfi öpüşün hərarət və anlaşılmaz füsunkarlığını və o zaman onun ətrafındakı təbiətin möcüzəsini və dərkedilməz əsrarəngizliyini xatırladı.
23
Dur (major) tonunda melanxoliya
24
C-moll (do minor) – minor tonda “do” səsi