Təbii fəlakətlər. Şahin ƏhmədovЧитать онлайн книгу.
ion>
GİRİŞ
Biz təbii fəlakətlərin daim hökm sürdüyü bir planetdə yaşayırıq. Bununla yanaşı, hələ də onlara qarşı gücsüzük. Yaxınlaşan fırtına və tufan haqqında insanlara qabaqcadan xəbər vermək olar. Lakin vulkan püskürməsini, xüsusən də zəlzələnin baş verəcəyini əvvəlcədən söyləmək qeyri-mümkündür. Daha doğrusu, mümkündür, amma fəlakətin başlanmasından bir az əvvəl. Əksər hallarda bu çox gec olur…
Alimlərin on illərdir kürəvi ildırımı öyrənmələrinə baxmayaraq, biz hələ də sona kimi bu təbiət möcüzəsinin nə olduğunu bilmirik. Hələ də axıra qədər başa düşmürük ki, tornado və digər qasırğalar nə ilə bağlıdır, bu nəhəng hadisələrin daxilində hansı qüvvələr fəaliyyət göstərir? Onlar bütün canlıları özlərinə çəkməyi və sonradan salamat geri qaytarmağı necə bacarır? Belə hadisələr çox olmuşdur.
Görürsünüzmü, alimlər yerdə, suda və havada baş verən fəlakətləri idarə etməzdən və onları yönəltməzdən əvvəl hələ nə qədər məsələləri həll etməli və onlara cavab verməlidirlər. Kitabda məhz bunlar haqqında söhbət gedəcəkdir.
Yerdə baş verən fəlakətlərin xüsusi təqdimata ehtiyacı yoxdur. Bu, hamıya məlum olan zəlzələlər, vulkan püskürmələri, qeyzerlər, sürüşmələr, uçqunlar, zəhərli qaz tullantıları və onların buxarlanmasıdır ki, bunları da xoşagəlməz hadisələrə aid etmək olar.
Havada baş verən fəlakətlər də acınacaqlı nəticələrə gətirib çıxarır. Qasırğalar və tufanlar, qum fırtınaları, ilğımlar (mirajlar) və “morqana duvağı”nın səma görüntüləri… Düzdür, sonuncular o qədər də təhlükəli deyil, lakin müəmmalı və bəzən qorxuludur. İndiyəcən onların mənşəyi haqqında çox az şey məlumdur.
Nəhayət, bizim həyatımız üçün zəruri olan su. O, öldürməyə də, şikəst etməyə də qadirdir… Qarşısına çıxan hər şeyi silib-süpürən, metrlərlə hündürlüyə malik nəhəng dalğalar olan sunami. Dəhşətli qabarmalar və dəyişkən okean axınları. Toyuq yumurtası boyda dolu. Zərərli dumanlar. Buzlaqlar və aysberqlər. Bunlar şimal və cənub dənizlərinin hiyləgər səyyahlarıdır. Onlar insanlara saysız-hesabsız xəsarət yetirmişdir.
Bütün bunlar və çoxlu-çoxlu digər maraqlı, təəccüblü və hətta ağlasığmaz hadisələr haqqında bu kitabdan öyrənəcəksiniz.
YERDƏ
Qəmli statistika
Yerin səthi fasiləsiz olaraq dərin seysmik təkanların hücumuna məruz qalır. İl ərzində 100 mindən çox zəlzələ baş verir. Başqa sözlə, hər 5 dəqiqədən bir yeraltı zərbə yaranır: Yer elə bil ki, fasiləsiz olaraq titrəyir. Yeraltı təkanların əksəriyyəti zəifdir, onlar insanlar tərəfindən hiss olunmur və ancaq yüksək həssas cihazlarla – seysmoqraflarla qeydə alınır. Lakin eyni zamanda hər il dağıdıcı qüvvəyə malik onlarca zəlzələ baş verir. Tək-tük, xüsusilə də daha güclü zəlzələlər isə ağır nəticələrə gətirib çıxarır.
Statistikaya əsasən, dünyada hər il zəlzələdən 10 min insan həlak olur. Xüsusilə güclü qəzalar vaxtı qurbanların sayı on və hətta yüz minlərlə ölçülür: 1923-cü il Tokio zəlzələsində 140 min insan həlak olmuşdur, 1737-ci ildə Hindistanın Kəlküttə şəhərində baş verən zəlzələ 300 min insanın, 1976-cı il iyunun 27-də Çində olan zəlzələ isə 600–700 min əhalinin ölümünə səbəb olmuşdur. Çinin Şansi əyalətində 1556-cı ildə zəlzələ nəticəsində təxminən 1 milyon insan məhv olmuşdur. Düzdür, bu çoxdan baş vermişdir. Amma 1948-ci ildə baş verən Aşqabad fəlakəti hələ də çoxunun yaddaşındadır. Ən ehtiyatlı qiymətlən-dirmələrə əsasən, orada uçan binaların altında yüz mindən çox insan həlak olmuşdur. Zəlzələ kimi təbiət hadisəsi geoloji fəlakətlər içində ən məhvedicisidir. Hesablamalara əsasən, əgər keçən yüzillikdə vulkan püskürmələri nəticəsində 100 min insan tələf olmuşsa, zəlzələ bundan 25 dəfə çox insan ömrü aparmışdır. Zəlzələlərin gətirdiyi ziyan təkcə qurbanların sayı ilə ölçülmür. Faciəli zəlzələlər zamanı Yer səthinin relyefi dəyişir, Yerin təkində blokların hərəkət etdiyi çatlar yaranır, yeni təpəliklər və çökəkliklər əmələ gəlir, çayların istiqaməti dəyişir, demək olar, bütün qeyri-təbii qurğular və tikililər dağılır.
Yaxın keçmişdəki illərin faciəli zəlzələləri hamının yadındadır. Onlar Mərkəzi və Cənubi Amerikada, Avropanın cənubunda, Qərbi və Şərqi Asiyada ağır fəlakətlərə səbəb olmuşdur. Çox güclü zəlzələlər nəticəsində, dediyimiz kimi, Aşqabad və Daşkənd şəhərləri, Türkmənistan, Tacikistan, Ermənistan, Dağıstan və Moldovanın yaşayış məntəqələri dağılmış, Saxalində Nefteqorsk qəsəbəsi yer üzündən silinmişdir.
Rixter şkalası haqqında
XIX əsrdə italiyalı alim Cüzeppe Merkalli tərəfindən seysmik təkanların intensivliyini düzgün təyin etmək üçün xüsusi beynəlxalq şkala işlənib hazırlanmışdır. O, yaradıcısının adı ilə “Merkalli şkalası” adlanır. Bu şkala 12 hissəyə, yəni bala ayrılmışdır. 1 ballıq ən zəif zəlzələ yüngül təkanlarla qeyd olunur. Bunu torpağın titrəyişinə həssas olan tək-tük insan hiss edir; ən güclü 12 ballıq zəlzələlər bütün binaların dağılmasına və coğrafi landşaftın dəyişməsinə gətirib çıxarır.
Bu şkala üzrə 6 baldan yuxarı zəlzələlər güclü, aşağı olanlar isə zəif zəlzələlər hesab edilir. Buna baxmayaraq Merkalli şkalası bütün ölkələrdə istifadə olunmur. Yaponiyada 7 ballıq şkala qəbul olunmuşdur. Bəzi ölkələrdə italiyalı Rossinin və isveçli Forelin 10 ballıq şkalasını daha rahat hesab edirlər.
Zəlzələnin gücü haqqında düzgün təsəvvürü necə əldə etmək olar? Seysmik təkanları öz aralarında necə müqayisə etmək olar? Yapon alimi T.Valatinin təklifi ilə maqnituda şkalası (ing. maqnituda – kəmiyyət, ölçü) qəbul edilmişdir; sonradan o təkmilləşdirilmiş və tanınmış Amerika seysmoloqu Ç.Rixter tərəfindən praktikada tətbiq olunmuşdur. Adətən, onu çox vaxt “Rixter şkalası” adlandırırlar.
Çarlz Frensis Rixter (1900–1985)
Maqnituda şərti kəmiyyətdir. Seysmik rəqslərin maksimal amplitudasının onluq loqarifmini ifadə edir (millimetrin mində bir hissəsi). Bu, zəlzələnin epimərkəzindən 100 km kənarda standart seysmoqrafla ölçülür.
Bu şkala üzrə göstərdiyimiz zəlzələlərin maqnitudası: Alyaskada (1964-cü il) 8,6; Peruda (1970-ci il) 7,8; Çində (1976-cı il) 7,5. Maqnitudanın hər 1,0 qiymət artması ilə seysmik rəqslərin amplitudası 10 dəfə artır; bu zaman zəlzələnin gücü isə 30 dəfə yüksəlir. Yerin seysmik fəallığının sistematik müşahidə dövründə hələlik 9,0 və daha yüksək maqnitudalı zəlzələ qeydə alınmamışdır. Cihazların köməyi ilə ölçülən ən güclü zəlzələlər 1906-cı ildə Ekvadorda və 1933-cü ildə Yaponiyada baş vermişdir: onların maqnitudası 8,9 olmuşdur.
Aşkar və gizli səbəblər
Zəlzələlər yaranma səbəblərinə görə meteorit, vulkanik və tektonik (Yerin daxili prosesləri ilə bağlı) olur. Meteorit zəlzələlər göy cisimlərinin Yer səthinə düşməsi ilə əlaqədardır. Bəşəriyyət belə bəlaları praktik olaraq yadda saxlamayıb, lakin şübhəsiz, Yerin tarixində onlar öz rolunu oynamışdır və bu, geoloji müşahidələrlə öyrənilməlidir. Vulkanik zəlzələlər tez-tez baş vermiş və baş verməkdədir; onlar böyük intensivliyə malik ola (8–10 bala kimi) və bədbəxtliklər yarada bilər. Lakin bu zəlzələlərin dağıdıcı dalğaları uzağa yayılmır, çünki onların seysmik ocaqları kiçik dərinlikdə yerləşir. Daha geniş yayılmış və güclü zəlzələlər tektonik zəlzələlərdir: böyük dağıntılar və Yerin görünüşünün yenidən dəyişməsi onlarla bağlıdır.
Tektonik zəlzələlər nə vaxt və nədən yaranır? Ən ümu-mi şəkildə belə zəlzələlərin mahiyyətini sadə təcrübə ilə belə izah etmək olar: nazik şüşə lövhəciyi əysək, əyilmə o vaxta kimi davam edəcək ki, tətbiq olunan qüvvə şüşənin plastik deformasiya həddini aşsın; bu zaman lövhəcik sınacaq. Buna oxşar proseslər Yerin təkində də baş verir.
Dərin