Yalama. Ариф АлиевЧитать онлайн книгу.
bir zamanda hər şeyi biləcəksiniz. Biz əsrlik yuxudan yenicə oyanan xalqda sağlam milli hislər yaratmalıyıq. Odur ki dünənki paradı yüksək qiymətləndirirəm, hamınıza onun uğurlu keçməsi üçün sərf etdiyiniz bö-ö-yük əməyə görə təşəkkürlərimi çatdırıram, hökumət adından bayramınızı təbrik edirəm! Sevincindən ağlayanları, əsgərlərimizə gül atanları, bayraq yelləyən milləti gördünüzmü? Xarici müşahidəçilər mənə yaxınlaşıb deyirdilər: «İnanmazdıq, qısa zamanda nizami ordu yaratmağa müvəffəq olasınız, çünki bilirik ki, çar Rusiyasında yüz ildən çox azərbaycanlıları əsgər aparmayıblar». Sağ olun ki, qoca vaxtımda bu qüruru mənə yaşatdınız. Azərbaycan ordusunun əsgəri, Azərbaycan ordusunun zabiti şərəfini həmişə belə yüksək tutun. Yadıma ötən il, söz vaxtına çəkər, Novruz bayramı ərəfəsində baş vermiş bir əhvalat düşdü. Tatar alayının süvarisi, Saray kəndindən Xanmirzə Məlikəhməd oğlu adlı əsgər xəstə anasına baş çəkmək üçün icazə alıb evlərinə gedibmiş. Necə olursa, evlərində keçinir. Ölümündən qabaq anasından xahiş edir ki, əsgər libası ordunun malı olduğu üçün onu hərbi hissəyə göndərsin. Anası da oğlunun vəsiyyətinə əməl edib dəfndən sonra paltarı geri qaytarır. Mənə bunu deyəndə mərhumun kimliyi, alayda necə xidmət etməsi ilə maraqlandım. Məlum oldu ki, davranışı, təmizliyi, işə can yandırması ilə fərqlənirmiş. Onun öz ordusuna sədaqəti məni çox təsirləndirdi, amma məsələ təkcə bunda deyildi. Təzəcə itirdiyi oğlunun paltarını bağrına basıb hərbi hissənin qabağında dayanmış tənha ananı təsəvvürümə gətirəndə tüklərim biz-biz olurdu. O bu paltarı yadigar saxlaya, sata da bilərdi. Qoca, xəstə ana ehtiyac içərisində yaşayırdı, bununla belə, oğlunun iradəsini yerinə yetirməyi vacib bilmişdi. Biz, əlbəttə, əsgər anasını tək qoymadıq, lakin başqa şey demək istəyirəm. Xanmirzə Məlikəhməd oğlu ölüm anına qədər əsgəri borcunu, hətta bütün xidməti əmlakı öz hissəsinə qaytarmalı olduğunu unutmamışdı! Belə sədaqətli və vicdanlı əsgərlər yetişdirin. Unutmayın: əsgər komandirinə, zabit generalına oxşayar. Komandir cəsurdursa, əsgəri də döyüşkəndir, zabit zəifdirsə, əsgəri də əfəldir. Qələbə yalnız və yalnız o halda əldə edilir ki, döyüş zamanı əmr verənlərlə əmri yerinə yetirənlər arasında tam anlaşma yaranır. İndi isə mən getməliyəm, bir azdan Nazirlər Şurasının mühüm iclası başlanacaq. İmkan tapıb sizə öz təşəkkürlərimi şəxsən çatdıra bildiyim üçün şərəf duyuram.
Biz yalnız Mehmandarovu avtomobilinə qədər ötürən qərargah rəisi general-mayor Səlimov yerinə qayıtdıqdan sonra əyləşdik. Ancaq hamımız iynə üstündə oturmuşduq. Hiss edirdik ki, nəsə ciddi bir şey baş verib və böyük hadisələr ərəfəsindəyik.
Gecə saat 12-yə yaxın şam yeməyi bitdi. Kənardan dəvət olunmuş qonaqlar dağılışdılar, bizə, hərbi hissələrin zabitlərinə isə qalıb gözləmək tapşırıldı. General Səlimovla alay komandirləri yan otağa keçdilər.
Zabitlər ayaq üstündə astadan söhbət edir, tez-tez saata baxırdılar. Kazarmanın yeməkxanasında ən zövqlü restoranları bəzəməyə layiq köhnə bir dolab-saat var idi. Hündürlüyü təxminən iki metr olan dolabın gövdəsi qiymətli ağacdan düzəldilmiş, oyma naxışlarla bəzədilmişdi. Saatın iri daşı lövbəri xatırladırdı, gəmi sükanına bənzər kəfkirinin üstündə ikinci bir balaca saat da quraşdırılmışdı. Ola bilsin, bu sənət əsəri hansısa dəniz döyüşündə qənimət götürülmüşdü, yaxud vətənpərvər xeyriyyəçilərdən kimsə onu kazarmaya bağışlamışdı.
Masanın arxasında təkcə bir kapitan qalmışdı, heç nə olmamış kimi qoz ləpəsi ilə kişmiş yeyirdi. Kapitanın mənə tanış gəlməyən donuq sifətində elə bir ifadə var idi ki, sanki o, dünyada hər şeyi əvvəlcədən bilir və bu adamı nə iləsə təəccübləndirmək, yaxud həyəcanlandırmaq mümkün deyil.
Mən gözümü kapitandan çəkmədən rotmistr Gəray bəyin qulağına pıçıldadım:
– Bu gün aralıqda gəzən söz-söhbət boş deyilmiş. Yüz faiz, Zəngəzura qayıdırıq.
– Bilmək olmaz, bəlkə, Qazaxda, ya Samurda vəziyyət pisləşib. Dığda ermənilərin başına elə oyun açmadıq ki, belə tezliklə özlərinə gəlsinlər.
– Qazağı bilmirəm, amma bura gəlməmişdən əvvəl poçtdan dayımla danışmışam. Samurda sakitlikdir.
Nəhayət, yan otağın qapısı açıldı.
Hamı susdu. Hətta kapitan da ovcunu qoz-kişmişlə doldurub yerindən durdu və çeynəməyi dayandırdı…
General Səlimov hamı ilə sağollaşaraq onu ötürmək istəyən Bakı alayının komandiri polkovnik İsrafil bəy İsrafilova «Lazım deyil, siz vəziyyəti zabitlərə izah edin» dedi və getdi. İsrafilov gözaltı dolab-saata nəzər saldı. Artıq yeni gün başlamışdı. Biz polkovniki dövrəyə aldıq.
– Dünən səhərə… – İsrafilov bu dəfə qol saatına baxdı, sanki həqiqətən yeni günün başladığına əmin olmaq istəyirdi, – daha dəqiqi, gecə 3-ə yaxın ermənilər Qarabağda qiyam qaldırıblar. Onlar bölgədə yalnız daxili qayda-qanunu qorumaq üçün azsaylı qoşun hissələri saxlamağımızdan istifadə ediblər. Əvvəlcədən hazırlıq görüblər, hər şeyi hesablayıblar. Novruzun birinci günü bayram ediləndən sonra müsəlman kəndlərinin camaatı və əsgərlərimiz yuxuda ikən teleqraf-telefon xətlərini kəsiblər, ardınca eyni zamanda bir neçə istiqamətdə – Şuşaya, Xankəndinə, Əsgərana, Xocalıya, Tərtərə hücuma keçiblər. Bu hücumlarda Ermənistanın nizami ordu hissələri də iştirak edib, toplardan, pulemyotlardan istifadə olunub. Əksər məntəqələrdə hücumlar dəf edilib. Lakin bir neçə kəndimiz ələ keçirilib və yandırılıb. Əsgəran qalası tutulub. Qalada cəmi 50 nəfərdən ibarət qarnizonumuz olub. Qarnizonun əsgərlərinin taleyindən dəqiq məlumat yoxdur. Ən başlıcası isə ermənilər Əsgəran keçidini nəzarətə götürə biliblər. Beləliklə, Qarabağı Azərbaycanın qalan hissəsi ilə bağlayan yeganə yol kəsilib. Şuşa, Xankəndi faktik olaraq mühasirəyə düşüb. Hökumət təcili olaraq Qarabağa ümumi qərargah rəisi Həbib bəy Səlimovun rəhbərliyi altında xüsusi hərbi dəstə göndərməyi qərara alıb. Dəstəyə 5-ci Bakı alayının, 1-ci Tatar süvari alayının, 2-ci artilleriya briqadasının, yüngül artilleriya divizionunun hissələri, 4-cü Quba alayının bir bölüyü, parlament mühafizəçilərinin iki eskadronu daxildir. Gəncədən və Ağdamdan bizə əlavə qüvvələr qoşulacaq. Saat 10-da kazarmalardan çıxırıq, 11-də dəmir yolu ilə Yevlaxa yollanırıq. O vaxta qədər bütün silahlar vaqonlara yüklənməlidir. Bütün komandirlər, təsərrüfat hissə müdirləri tapşırığın maksimum dəqiqliklə yerinə yetirilməsini təmin etməlidirlər. Lazımi təlimatlar ümumi qərargahdan birbaşa hərbi hissələrə göndəriləcək…
Səhər saat 11-də biz tam hazır vəziyyətdə Bakı vağzalından Qarabağa yola düşdük. Axşama Yevlax stansiyasına çatdıq, oradan Ağdama üz tutduq. Təxminən 90 kilometrlik yolu iki günə keçdik. Elə həmin gün, martın 26-da general Səlimovun qərargahı da Ağdama yetişdi.
II. Əsgəran keçidi
«Daxili işlər naziri M.Vəkilova.
…Qoşunun ləng irəliləməsindən narahatıq, bu, Xankəndi və Şuşa üçün faciə ilə nəticələnə bilər… Zəngəzur və Qarabağ erməniləri artıq birləşiblər. Bircə gün gecikən kömək artıq kömək