Yalama. Ариф АлиевЧитать онлайн книгу.
Qarabağın dağları – gəlin. Qarabağ – Azərbaycanın gəlinidir! Hansı qeyrətli kişi gəlinini yada verər?
Bu yerlərin insanları da xaraktercə biz tərəflərdəkilərə nisbətən daha həlimdirlər. Neçə illərdir qanın-qadanın içərisindədirlər, hərəsinin min dərdi var, amma yenə göz-gözə sataşanda gülümsəyirlər. Həm də bizimkilərdən varlı yaşayırlar. Müharibə olmasa, lap yaxşı dolanarlar. Özüm şahidiyəm.
Qarabağa, oradan Zəngəzura keçən səfərimizdə mənim xidmət etdiyim bölmə 4-cü Quba alayından 1-ci Cavanşir alayının, bir növ, müvəqqəti tabeliyinə verilmişdi. Quba alayı Dığ əməliyyatına cəlb olunmamışdı, Cavanşir alayını isə ciddi döyüşlərdən əvvəl təcili komplektləşdirmək lazım idi. Biz Gorus istiqamətində, Keçəldağ ətrafında vuruşurduq. Döyüşlər səngiyəndən, hərbi əməliyyatların dayandırılması haqqında Tiflis razılaşması[6] imzalanandan sonra əsas qüvvələr Zəngəzurdan çıxarıldı. Bizim hissəni isə dərhal Qubaya qaytarmadılar, əmin-amanlığa nəzarət etmək üçün yenə də müvəqqəti Qaryaginə[7] göndərdilər.
Ağdamdan Qaryaginə 60 verstlik yol qıvrıla-qıvrıla ermənilər yaşayan kəndlərin arasından keçirdi. Yalnız bu yaxınlarda – müsəlmanlarla düşmənçilik aparan ermənilər Azərbaycan hökumətinə tabe etdirildikdən sonra onu işə salmaq mümkün olmuşdu.
Dəstənin Qaryaginə gəlişi bütün Cəbrayıl qəzasının camaatı üçün toy-bayram idi. Əhali hökumətin və ordunun ona yiyə durduğunu, xalqın dinc həyatının keşiyində dayandığını görüb sevinirdi. Adamlar taxıl kisələri, qovurma küpləri, motal torbalar yüklənmiş arabalarla qarşımıza çıxır, ayaqlarımızın altında qoyun kəsirdilər. Əsgərlərin şux görkəmlərinə, nizamlı sıra ilə addımlamasına baxan yerli partizanlar onları da orduya yazmağı xahiş edirdilər. Gəlişimizdən xəbər tutmuş Hadrut erməniləri əl-ayağa düşmüşdülər, hətta hamımızı bir yerdə qonaq çağırmışdılar.
Hadrut çar vaxtı rusların sərhəd briqadasının dayanacaq yeri olmuşdu. Rus sərhədçiləri buraları tərk edəndə silah-sursatlarını, bütün avadanlıqlarını ermənilərə qoyub getmişdilər. Hadrutdakı iri, rahat kazarmalar kimi kazarmaları heç Ağdamda da görməzdin. Şəhərin bir üstünlüyü də var ki, çox zəngin diyarda yerləşir. Bu diyar – Qarabağın çörək anbarıdır: nəinki vadilər, dağların döşü belə zəmilərdir, mal-qaranın sayı-hesabı bilinmir. Sonuncu payız isə xüsusilə bərəkətli olmuşdu, həm də nisbətən sakit keçmişdi, əhali bol məhsul götürmüşdü. Ancaq gündüzlər tarlaya çıxmaq təhlükəli olduğu üçün adamlar çox vaxt əkin-biçinə gecələr getməyə məcbur olurdular. Ağsaqqalların dediyinə görə, yerli ermənilərdən müsəlmanlara elə də böyük xətər dəyməzdi, əsas nifaq salanlar Ermənistandan gəlib dağ kəndlərində ara qarışdıran emissarlar idi. Bəziləri də özünü «general» adlandırırdı. Bu payız erməni «general» larının başı Zəngəzura qarışmışdı. İlk növbədə, oranı müsəlmanlardan təmizləməyə çalışırdılar. Nəticədə Cəbrayıl qəzasında gərginlik xeyli azalmışdı. Di gəl Qaryagindən tutmuş Arazqırağına qədər müsəlman kəndləri Zəngəzurdan axışan türk və kürd qaçqınları ilə dolmuşdu.
Kürd qaçqınlarının vəziyyəti xüsusilə ağır idi. Andranikin qoşunları Zəngəzurun mərkəzi şəhəri sayılan Gorusun üst tərəfindəki kürd kəndlərinə divan tutmuşdu. Yaba və dəyənəklərlə müdafiə olunan kəndlilər nə qədər bərk dayansalar da, təpədən-dırnağa silahlı düşmənin qabağında tab gətirə bilməmişdilər. Andranik camaatı çapıb-talamışdı, evlərə od vurmuşdu, qırdığını qırmışdı, sağ qalanlar qaçıb dağ yolları ilə Cəbrayıla pənah gətirmişdilər, oradan ətrafa yayılmışdılar. Yerli əhali qaçqınlara pal-paltar verir, onları evlərinə aparır, yemək-içməklə təmin edirdi. Hökumət bacardığı yardımı göstərirdi. Amma kürd kişiləri ərzaq yox, intiqam almağa silah istəyirdilər. Hətta bir neçə gənc orduya yazılmaq üçün bizim hərbi hissəyə gəlib çıxmışdı. Həmin gün mən hissədə növbətçi zabit idim. Gənclərin halına nə qədər yansam, onları çox yaxşı başa düşsəm də, özüm səfərbərlik məsələsini həll edə bilməzdim. Ona görə dedim ki, belə işlərə biz baxmırıq, eşitdiyimə görə, Ağdamda kürd batalyonları yaradılır, ora gedib qərargaha müraciət etməlidirlər.
Sonra elə oldu ki, özümüz Qaryagində və Cəbrayılda kiçik dəstələr saxlayıb Ağdama qayıtmaq əmri aldıq. Səfərbərlik üçün müraciət edən kürdlər bizə qoşuldular. Aralarında 19-20 yaşlarında bir qız da var idi. Çox gözəl və qəmgin gözləri olan bu qızın ikigünlük yolda heç kim səsini eşitmədi. Onun Sultan adlı qardaşı ilə dostlaşmışdım. Anamın toxuduğu yun əlcəklərimi Sultanın cibinə basmışdım ki, bacısına geyindirsin, qızın əlləri donmasın. Ağdamda yollarımız ayrılanda Xaçmazdakı evimizin ünvanını da onlara verdim. Kim bilir, tale insanı haralara aparıb çıxara bilər?! Əvvəl ünvanı kağıza yazdım, amma başa düşdüm ki, heç biri oxuya bilmir, ona görə hər şeyi Sultana sözlə izah etdim. Sağollaşanda Sultanla qucaqlaşdıq, bacısı isə birinci dəfə başını yerdən qaldırıb «Çox sağ ol, qardaş, Allah səni qorusun» dedi.
Ağdamda bizə birgünlük istirahət vermişdilər, səhəri Yevlaxa, oradan eşelonlara doldurub Bakıya yola salmışdılar. Novruz paradına hazırlığa başlamışdıq.
İki gün idi yağış yağırdı. Martın 27-nə keçən gecədən Ağdamın üstünü almış topa buludlar hərdən qısa fasilə verir, bir anlığa nəfəslərini dərib yeni həvəslə gözlərinin yaşını tökürdü. Yaxşı xəbərlər alırdıq: podpolkovnik Tongiyevin Şəki süvariləri erməniləri Tərtər ətrafındakı Marağalı, Marquşevan, Çaylı və Bruc kəndlərindən çıxarmışdılar. Podpolkovnik Qasımbəyovun rəhbərliyi altında vuruşan Gəncə piyada alayının taboru Goranboyda Yenikəndi, Qaraçinarı, Xarxapurtu götürmüşdü. Cəbrayılda polkovnik şahzadə Xosrov Mirzə Qacarın bölükləri Ermənistandan gələn qüvvələrin qarşısını kəsmişdi. Bizsə Ağdamda ilişib qalmışdıq. Əslində, Əsgəranın üstünə yeriməməyimizin yağışdan da ciddi səbəbi var idi: əlavə qüvvələrin yetişməsini gözləyirdik. Əsgəran qalası ermənilər üçün o dərəcədə böyük əhəmiyyət kəsb edirdi ki, oranı dörd min nəfərlik dəstə qoruyurdu. Dəstəyə təcrübəli və inadkar komandir, Dilican ermənisi Dəli Qazar başçılıq edirdi. Bu qala onlara da, bizə də hava-su kimi lazım idi. Onsuz Dağlıq Qarabağa əlimiz çatmırdı, Şuşa, Xankəndiqarışıq bir çox şəhərlərimizin-kəndlərimizin taleyi tükdən asılı idi, çoxundan heç xəbər tuta bilmirdik. Bu yerlərdə böyük nüfuzu olan Salah bəyin topladığı Ağdam partizanları Əsgəran yolunu açmağa bir neçə dəfə cəhd göstərmişdilər, gücləri çatmamışdı.
Amma yağışa baxmayaraq biz də kazarmalarda oturmamışdıq. Əsgəran yolunun kəşfiyyatını aparırdıq. Dəqiqləşdirmişdik ki, qalanın ətrafında bütün yüksəklikləri ermənilər ələ keçiriblər, bir neçə yerdə pulemyotlar qoyublar, ancaq topları yoxdur. Dəli Qazar Əsgəranın qarşısında, Daşbaşıdan tutmuş Naxçıvanikə qədər 14-15 verstlik bir məsafədə güclü müdafiə xətti qurmuşdu. Səlimov hərbi nazirdən xahiş etmişdi ki, orduda olan zirehli avtomobillərdən birini təcili Ağdama göndərsin. Top təhlükəsi olmadığı şəraitdə zirehli avtomobil çox karımıza gələrdi.
6
Azərbaycan və Ermənistan hökumətləri arasında bu razılaşma 1919-cu il noyabrın 23-də Tiflisdə imzalanıb.
7
Füzuli şəhərinin keçmiş adı