Эротические рассказы

Linkoln. Карл Август СэндбергЧитать онлайн книгу.

Linkoln - Карл Август Сэндберг


Скачать книгу
Bu da təsadüfi deyildi – Tomasın böyük qaynı Con Henks daha əvvəldən orada yaşayırdı. Con yeni gələnlər üçün seçdiyi torpağı göstərdi. Hətta daxma tikməkdən ötrü şalbanlar da hazır idi. Odur ki tezliklə ev hazır oldu.

      Burada keçən yeknəsəq həyatı bir hadisə pozdu. 1830-cu ilin yayında Avraam Linkoln ilk siyasi çıxışını etdi. Buna qədər isə o, xeyli məşq etmiş, ağaclara, qarğıdalılara, kortof ləklərinə üz tutub bəs deyincə nitq söyləmişdi. Haqqında bəhs etdiyimiz hadisəyə gəlincə, bu, seçki vaxtı qanunverici məclisə iki namizədin mitinqi zamanı baş verdi: Avraam söz alıb gəmilərin keçə bilməsi üçün Senqamon çayının yatağının genişləndirilməsini tələb etdi.

      Tezliklə Linkolnlar ailəsi Koul qraflığına köçdü. Ancaq Avraam onlarla getmədi. Çünki onun öz planları var idi…

      Nyu-Seylemdə keçən qaynar həyat

      1831-ci ilin fevralında Con Henks, Avraam Linkoln və Co Conston sözü bir yerə qoyub Denton Offet adlı zirək bir işbazla razılığa gəldilər ki, onun üçün qayıq və yük gətirəcəklər. İyirmi iki yaşlı Avraam bundan sonra Senqamon çayı ilə yeni yaşayış yerinə yola düşdü. Qəhrəmanımız gənc idi, vur-tut 22 yaşı var idi, bununla belə, beynində ideyalar qaynayırdı. Onların həyata keçəcəyinə isə, yəqin, özü belə bir o qədər inanmırdı.

      Avraam 1831-ci ilin avqustunda ilk dəfə seçkilərdə iştirak etdi. Səsvermə şifahi keçirilirdi. Hər seçici seçkini keçirən hakimlərə səs verdiyi namizədin adını deyir, klerklər5 isə onu siyahıya salırdılar. Avraam bütün günü seçki məntəqəsində oldu, Nyu-Seylem sakinlərinin hamısının adını, sifətini yadında saxlamağa çalışdı.

      Bundan bir qədər sonra Offetlə Avraam yeni dükan tikdilər. Sifariş verdikləri mallar gələndə qəhrəmanımız rəflər düzəltməyə başladı. Tezliklə Avraamın dürüst adam olduğu barədə ətrafda söz-söhbət gəzdi. Bu, səbəbsiz deyildi: o, bir dəfə hansısa qadına unutduğu qalığı qaytarmaq üçün altı mil yol getmişdi; başqa bir dəfə isə çəki daşında səhv etdiyini anlayıb müştərinin arxasınca onun evinə yollanmışdı.

      Avraam asudə vaxtlarında yerli məktəbin müəllimi Qremdən dərs alırdı. Onunla birlikdə Nyu-Seylemə tibb kollecini bitirmiş Con Allen də gəlmişdi. O, təcrübəli həkim idi və israrla köləliyə qarşı çıxırdı. Hər cür havada çağırışa – xəstə yanına gedir, yalnız imkanlı adamlardan pul götürürdü. Bazar günləri isə çağırışa görə aldığı pulu kasıblara, xəstələrə verir, kilsənin ehtiyaclarına xərcləyirdi. O, Avraamın tanış olduğu ilk yanki6 idi.

      Həmin illərdə qəhrəmanımız dostluq etdiyi hakim Boulinq Qrindən hüquq elmini və müxtəlif sənədləri tərtib etməyi öyrənirdi. O, 1832-ci il martın 9-da ən cəsarətli və ən məsuliyyətli sənədini yazdı. Bu, siyasi fəaliyyətə başladığına və İllinoys ştatının qanunverici məclisinə öz namizədliyini verdiyinə dair bəyannamə idi. Sprinqfild şəhərinin «Senqamo cornel» qəzeti həmin bəyannaməni çap etdi. Sənədin yazılma tərzindən görünürdü ki, gənc namizəd bir az utanır, ancaq öz ideyalarını bəyan etməkdən qorxmur və onları müdafiə etməyə hazırdır.

      Bəziləri Nyu-Seylemə dəmir yolu çəkilməsini təklif edirdi. Bu iş çox baha başa gələ bilərdi. Paroxod nəqliyyatını təşkil etmək yeganə çıxış yolu idi. Elə Avraam da Senqamon çay yatağının dərinləşdirilməsi ilə bağlı işlərin görülməsinə tərəfdar çıxdı. Üstəlik, əgər seçilərsə, bunun həyata keçməsi üçün əlindən gələni edəcəyinə söz verdi.

      1832-ci ilin aprel səhərlərinin birində Nyu-Seylemə bir atlı çapıb gəldi. O, qubernatorun əmrini gətirmişdi. Əmrə əsasən 400 nəfər könüllü aprelin 24-də İllinoys ştatının tabeliyindəki Berdstaunda olmalı idi. Ümumiyyətlə isə, bütün sərhəd ştatları hindularla müharibəyə cəlb edilirdi. Bu, səbəbsiz deyildi: iki hindu qəbiləsinin «Qara Qırğı» adlandırılan 67 yaşlı başçısı Missisipini keçib İllinoysa soxulmuşdu.

      Həmin qəbilələr yüz illər ərzində bu çöllərdə balıqçılıqla, kənd təsərrüfatı ilə məşğul olmuşdular. Sonra ağ adamlar gəlib onları müqavilə imzalamağa məcbur etmişdilər ki, Missisipidən qərbə getsinlər. İndi Qara Qırğı deyirdi ki, «torpaq satıla bilməz, yalnız insanın özü ilə daşıya biləcəyi şey satıla bilər». Lakin ağ adamlar fənd işlətmiş və onları keflənənə qədər içirdib, bu torpaqların satıldığına dair razılaşmaya qol çəkdirmişdilər.

      Avraam kimdənsə at götürüb dostlarına, qonşularına qoşulmaq üçün doqquz mil aralıda yerləşən Riçland-Krikə getdi. Könüllülərə kapitan seçmək məsələsi gələndə, Avraamla Kirkpatrik adlı adamın namizədliyi irəli sürüldü. Toplaşanların əksəriyyəti qəhrəmanımızın tərəfini tutdu. İşi belə görən Kirkpatrikin tərəfdarları da Avraamın səfinə keçdi. İllər sonra Avraam bu hadisəyə heyrət etdiyini yazmışdı. Həyatında heç bir uğur onu bu qədər məmnun eləməmişdi…

      Hər iki tərəfdən çoxlu itkiyə səbəb olan müharibə iki ay yarım sürdü. Axırda Qara Qırğı əsir götürülüb paytaxt Vaşinqtona aparıldı. Orada Birləşmiş Ştatların yeddinci, Demokratlar partiyasının isə ilk prezidenti Endrü Ceksonla (1767–1845) görüşən hindu ona demişdi: «Mən də insanam, siz də… Mən daha dözə bilmədiyim təhqirə görə müharibə baltasını götürməli oldum… Daha sözüm yoxdur, qalanını onsuz da özünüz bilirsiz».

      Linkoln səksən gün savaşda oldu. Həmin günlərdə amerikalı könüllülərin qəlbini oxudu, adamların müharibəyə nə üçün getdiklərini, palçıqda necə fədakarcasına addımladıqlarını, yağışlı havalarda soyuq torpağın üstündə nə üçün yatdıqlarını, öz niyyətləri naminə adam öldürməkdən belə çəkinmədiklərini gözləri ilə gördü. Bir sözlə, çox şey öyrəndi. Sonralar isə könüllülərdən söhbət düşəndə Avraamın gözləri yaşarırdı.

***

      Yerli qanunverici məclisə seçki 1832-ci il avqustun 6-da baş tutmalı idi. Avraam bütün qraflığı gəzib camaat qarşısında çıxışlar edir, eyni zamanda fermerlərlə birlikdə ot biçib taxıl yığırdı. O həmin seçkilərdə səkkizinci yeri tutsa da, yaşadığı Nyu-Seylemdə 300 səsin 277-ni topladı.

      Seçkilərdən sonra Avraam nə ilə məşğul olacağını bilmirdi. Bütün günü kitab oxuyur, bəzən isə saatlarla xəyallara dalırdı. Bu zaman heç kim onu narahat etmir, düşüncələrindən ayırmırdı. Məhz həmin günlərdə qəhrəmanımız bir auksiondan (hərracdan) hüquq elminə aid qiymətli dərslik aldı. Beləcə, daha böyük səylə hüquq öyrənməyə başladı.

      1833-cü il mayın 7-də Linkolnun tərcümeyi-halında yeni səhifə açıldı: o, poçtmeyster təyin olundu. Qəhrəmanımızın vəzifəsi poçt vasitəsilə göndərilən qəzetləri alıb abunəçilərə çatdırmaq idi. Ancaq qəzetləri abunəçilərə verməmişdən əvvəl Avraam onları diqqətlə oxuyur, siyasi məsələlərlə bağlı məqalələrlə xüsusilə maraqlanırdı. Asudə vaxtlarında isə dəyirmanda, fermada, dükanda işləyib özünə çörək pulu qazanırdı.

      1833-cü ilin sonunda Linkoln daha məsuliyyətli bir işə girişdi. Belə ki, Senqamon qraflığının baş yerölçəni ona yaşadığı yerə yaxın ərazilərlə məşğul olmağı – satışa


Скачать книгу

<p>5</p>

Klerk – yazı-pozu işləri ilə məşğul olan idarə xidmətçisi (red.)

<p>6</p>

Yanki – Şimal ştatlarında doğulub-yaşayan amerikalılara avropalılar tərəfindən verilən ad (red.)

Яндекс.Метрика