Linkoln. Карл Август СэндбергЧитать онлайн книгу.
daha sonra deyibmiş: «Qızla danışdım, onu razı saldım ki, mənə qoşulub qaçsın. Həmin gecə yolçular dincəlmək üçün furqonu saxlayanda qızı atın tərkinə mindirdim və birlikdə çöl-biyabana üz tutduq. Bir neçə saat dolaşdıqdan sonra bir də gördük ki, qaçdığımız yerə qayıtmışıq. Növbəti gecə yenidən qaçdıq. Ancaq at yenə əvvəlki yerə qayıtdı. Həmişə istəmişəm bu hekayəni yazıb çap elətdirəm. Ancaq sonra düşündüm ki, bu heç də hekayə deyil. Yəqin, olsa-olsa mənim ilk məhəbbətimdir».
Gənc qanunverici
1834-cü il aprelin 19-da Linkoln yenidən ştatın qanunverici məclisinin namizədlər siyahısına düşdü. O artıq vəkilliyə başlayan Con T.Stüartın rəhbərlik etdiyi viqlər7 partiyasının fəal üzvlərindən biri idi.
Elə həmin il avqustun 4-də keçirilən seçkilərdə Senqamon qraflığından irəli sürülən 13 namizəd arasında Linkoln aldığı səslərin sayına görə ikinci yeri tutdu. Beləliklə, o, iyirmi beş yaşında ilk dəfə siyasi vəzifəyə seçilməyə nail oldu. Avraama kəsilən məvacib kifayət qədər yüksək idi – o, indiyə qədər heç vaxt bu qədər maaş almamışdı.
Seçkilərdən sonra Linkoln yenə öz poçt kontorunda oturur, üstəlik, torpaq sahələrini ölçüb qiymətləndirməyə davam edirdi. O, hindularla müharibədə mayor olan Con T.Stüartla daha da yaxınlaşmışdı. Stüart artıq iki il idi ki, qanunverici məclisin üzvü idi və bacarıqlı vəkil kimi tanınmışdı. Bundan başqa, siyasi fırıldaqlığı da əla bacarırdı. Boş yerə ona «Hiyləgər Cerri» demirdilər! Stüart qəhrəmanımızın hüquq elmlərinə yiyələnməsi üçün əlindən gələni edir, oxumaq üçün ona kitablar verirdi.
1834-cü ildə, noyabrın son həftəsində Linkoln qanunverici məclisin başqa üzvləri ilə birlikdə ştatın paytaxtı Vandeyliyaya yola düşdü. Əhalisi 800 nəfərdən ibarət olan şəhərdə iki qəzet çap olunurdu: biri demokratların, o biri – viqlərin. Şəhər böyük yolların kəsişməsində yerləşirdi. Çirkli, tozlu faytonlar bura müxtəlif yerlərdən sərnişinlər gətirirdi.
Linkoln burada Stüartla eyni otaqda qaldı. Stüart viqlərlə eyni cəbhədə dayanmışdı. Elə ona görə də qısa vaxtda həmin otaq viqlərin qərargahına çevrildi. Linkoln burada gələcəyin qubernatoru, konqresmeni, senatoru olacaq nüfuzlu şəxslərlə ilk dəfə görüşdü. Qanunvericilərin çoxu özləri ilə arvadlarını, qızlarını da gətirmişdilər. Nəticədə Linkoln əvvəllər ona məlum olmayan kübar həyatının ab-havasını duydu, hiss elədi.
Dekabrın 1-də ikimərtəbəli köhnə kərpic evin birinci mərtəbəsində qanunverici məclis öz işinə başladı. Linkoln həmin vaxt Sprinqfilddə yeni bankın yaradılması haqqında qanunun hazırlanmasında yaxından iştirak etdi. İllinoys çayını Miçiqan gölü ilə birləşdirən kanalın tikilməsinə səs verdi. O adətən Stüart və qanunverici məclisdə azlıqda qalan viqlərlə birlikdə hərəkət edirdi.
Növbəti il fevralın 13-də qanunverici məclis öz işini başa çatdırdı və Linkoln şaxtalı havada Nyu-Seylemə geri döndü. O, səsli-küylü həyatdan ayrılmış və kimsəsiz kənd yollarında dolaşmağa, ölçməli olduğu ucsuz-bucaqsız çöllərin təmiz havasını ciyərlərinə çəkməyə başlamışdı.
Bəs bu aylar ərzində Avraam necə yaşayırdı? Qəhrəmanımız köhnə vərdişinə aludə idi: hüquq elminə aid dərsliklərdən ayrılmaq bilmirdi. Onun hüququ öyrənmək istəyi elə güclü idi ki, dostları hətta onun sağlamlığına görə narahat olurdular.
Linkoln növbəti dəfə Vandeyliyaya gedəndə təpələri, düzləri qar örtmüşdü. Belə ki, qanunverici məclisin sessiyası 1835-ci il dekabrın əvvəllərinə təsadüf eləmişdi. İkinci mərtəbədə iclas keçirən senatorların işi asan deyildi. Çünki bu mərtəbədəki divarlar çatlamışdı, yarıqlardan içəri qar dolurdu, döşəmə isə az qalırdı çöksün… Bütün çətinliklərə baxmayaraq, altı həftə boyunca davam edən sessiyada ümumilikdə 139 qanun layihəsi müzakirə edildi.
1836-cı il yanvarın 18-də sessiya öz işini başa çatdırdı və Linkoln yenidən evə qayıtdı. Həmin il mayın sonlarında isə Nyu-Seylem sakinlərinə son dəfə poçtu paylayıb elan etdi ki, bundan sonra onların poçt kontoru Sprinqfilddə yerləşəcək.
İyunda yeni seçki kampaniyası başladı və Linkoln ştatın qanunverici məclisinə namizədliyini növbəti dəfə irəli sürdü. Məhz həmin vaxtlarda o, Sprinqfild məhkəməsində vəkil Corc Forkuerlə toqquşası oldu. Məsələ burasındadır ki, Forkuer demokratlar8 hökumətindən məvacibi illik 3 min dollara yüksək vəzifə almışdı. Bundan sonra isə viqlərin partiyasından demokratların partiyasına keçmişdi. O öz qəşəng evinin damında, İllinoysda ilk dəfə ildırımötürən quraşdırmışdı. Adamlar hər yerdən xüsusi olaraq ona baxmağa gəlirdilər.
Məhkəmə iclasında öncə Linkolnun çıxış etdi və Corcu maddi maraq qarşılığında əqidəsini dəyişməkdə, bir növ, siyasi əxlaqsızlıqda günahlandırdı. Ardınca kürsüyə qalxan Forkuer ondan əvvəl çıxış edən gənci yerində oturtmalı olacağını deyərək sözə başladı və təsirli bir nitq söylədi, hərəkətinə haqq qazandırmağa çalışdı. Bu zaman Linkoln təzədən söz alaraq əllərini sinəsində çarpazlayıb rəqibin gətirdiyi dəlillərə sakitcə cavab verdi və sözünü öldürücü zərbə ilə yekunlaşdırdı: «Mən yaşamaq istəyirəm, – deyir, – yüksək mövqe tutmaq, tanınmaq istəyirəm. Ancaq bu centlmen (Forkuer nəzərdə tutulur – red.) kimi yaşamaqdansa, indi ölməyə üstünlük verərdim. O, ildə üç min dollar qarşılığında öz siyasi əqidəsini dəyişib, sonra da evində ildırımötürən quraşdırıb ki, özünü Tanrının qəzəbindən qorusun».
Bu hərarətli çıxışdan sonra dostları Linkolnu məhkəmə zalından çiyinlərində çıxardılar!
1836-cı ildə, avqustun ilk günündə seçkilər baş tutdu. Senqamon qraflığında viqlər qələbə qazandı. Onlar ştatın konqresində yeddi, senatda isə iki yer əldə etdilər.
Bu parlaq qələbədən sonra Linkoln imtahan verib İllinoys ştatının bütün məhkəmələrində vəkil kimi çıxış etmək hüququ qazandı. O həmin il oktyabrın əvvəllərində ilk dəfə Sprinqfild məhkəməsində vəkil olaraq çıxış etdi. Həmin vaxtdan Con T.Stüartla eyni hüquq firmasında çalışmağa başladı.
Senqamon qraflığından məclisə seçilən viqlərin, demək olar, hamısı uzunboylu olduğundan «Uzundraz doqquzluq» adlandırılırdılar. Onlar qarşıdan gələn sessiyada İllinoys ştatının paytaxtını Sprinqfildə köçürməyi planlaşdırmışdılar. «Uzundraz doqquzlar» öz məqsədinə çatmaq üçün xeyli əziyyət çəkməli oldular, digər qanunvericilərlə müəyyən sövdələşmələrə getməyə belə razılaşdılar. Nəticədə özləri üçün ən vacib məsələdə – paytaxtın Sprinqfildə köçürülməsində səs çoxluğu qazanmağı bacardılar. Bununla da Sprinqfild ştatın – İllinoysun yeni paytaxtına çevrildi.
Sessiyanın başa çatmasına üç gün qalmış isə Linkoln mühüm bir bəyanatla çıxış etdi. Söhbət quldarlıq məsələsindən gedirdi.
Həmin dövrdə Amerikanın cənub ştatlarında quldarlığa qarşı çıxmaq qadağan idi. Quldarlıq əleyhinə təbliğatçıları həbs, hətta edam edirdilər. Cənub ştatlarındakı üç milyon qul mal-qaraya bərabər tutulur,
7
8
ABŞ-ın ilk siyasi partiyası olan Demokratlar Partiyası nəzərdə tutulur. 1828-ci ildə yaradılıb və hazırda Respublikaçılar Partiyası ilə birlikdə Birləşmiş Ştatların iki aparıcı partiyasından biri olaraq fəaliyyətini davam etdirir (red.)