Hacı Zeynalabdin Tağıyev haqqında xatirələr . Коллектив авторовЧитать онлайн книгу.
edib və gününü zəhmətdə keçiribdir. Həmin bu vaxtlar atalıq borcunu fikrindən unutmayıb, uşaqlarına lazım olan tərbiyəni veribdir. Bu vaxtlar böyük oğlu İsmayıl (5) realnı məktəbi qurtarıb, atasına kömək edirdi, kiçik oğlu Sadıq (6) isə oxuyurdu. Vaxt oldu ki, Hacı şərikli Bibiheybətdə yer icarə edir və buruq salmağa məşğul olur. Xərc gündə artırdı, amma neft heç görünmürdü. Şərik yoldaşı buna davam gətirməyib, öz hissəsini Hacıya satır. Hacı isə borcdan qorxmayıb, başladığı işi qabağa aparır. Bu vaxtlar Hacı üçün çox ağır keçirdi. Xərc günbəgün artırdı, amma qazılan quyudan neft nişanəsi görünmürdü. Bunula belə, zəhmətkeş Hacı ümidini kəsməyib zəhmətinin meyvəsini gözləyirdi. Həmin bu məşəqqətdə olarkən qazıdığı quyudan neft fəvvarə vurdu və Hacı məqsədinə çatdı. Bu gündən Hacı günbəgün qabağa gedir (7).
Zavodda qulluq edənlər söylərlər: “Biz bu şəxsin səbrinə və zəhmətinə təəccüb edirdik: bilmirdik ki, Hacı 24 saatda nə vaxt rahat olur”. Hörmətli Hacı atasının sözlərini qulluqçularına deyirmiş: “Zəhmətdən qorxmayın, uşaqlar!” Həmin qulluq edənlər söylərlər: “Hərçənd bizə rahatlıq yoxsa da, Hacının mülayimliyi və insaniyyəti bizim ona can-dildən xidmət etməyimizə səbəb olmuşdu. Bizə yaman söz deməyib təqsirimizdən keçirdi”.
Bu minvalla dövlət günbəgün artırdı. Amma bununla belə, hörmətli Hacı yetimləri və yoxsulları yaddan çıxarmazdı. Canları saf adamlar yolçuluq edəndə, pul verməyib işə göndərərdi, ta özləri zəhmət çəkib pul qazansınlar, əlsiz-ayaqsızlara pul verib imkanı qədər kömək edirdi. Bunu öz dövlətinin müqabilində az görüb, hörmətli Hacı yavaş-yavaş millət işlərinə diqqət edir. Müsəlmanların mədəniyyətdə və məişətdə geridə qalmaqlarının ümdə səbəbini elm olmamaqda bilib başlayır yetim uşaqları öz xərcinə oxutmağa. Onun xərcinə elm təhsil edib qurtaranların tərbiyəsinə hörmətli Hacı 38848 rubl xərc edibdir. Bu cavanlar aldıqları elmlərin hesabına indi xoş həyat sürürlər. Elmlərini təhsil edib qurtaran cavanların yerinə təzə uşaqlar götürüb, lazım olan məxarici edir. Bu halda onun xərcinə oxuyan uşaqların hamısına ildə 3000 rubl sərf olunur.
Başqa məktəblərdə yetim uşaqlara kömək məqsədilə dörd məktəbə fəxri hamilik edir, onlara ildə 2000 rubl xərcləyir (8).
Hörmətli Hacı millətin xoşbəxtliyini məktəbdə görüb və kənd əhli üçün elm oxumağın çətinliyini nəzərə alıb, Mərdəkan əhlinə bir böyük xidmət göstəribdir. 1895-ci ildə Mərdəkan kəndində öz xərcinə 50 şagirdlik sənət məktəbi inşa edib. Bu məktəbdə Azərbaycanca və rusca oxumaqdan savayı uşaqlara elmi əsaslarla çöl və bağ işlərini öyrədirlər. Bu məktəb Mərdəkan və ətrafda olan başqa kəndlər üçün bir qiymətsiz bəxşişdir. Qədrini gərək bilsinlər! Həmin məktəbin binasının tikintisinə 31240 rubl sərf olunub və ildə 5000 rubl xərclənir (9).
Millətə ikinci qiymətli bəxşişi təzə açılan qız məktəbidir ki, orada müsəlman qızları tərbiyə alacaqlar (10). Bu məktəb barəsində bir az söhbət edərik. Filosoflar tifil uşağı yumşaq çubuğa oxşadıblar, yəni necə çubuğu hər tərəfə əymək olar, elə də tifilə nə cür tərbiyə verilsə, böyüyəndə o tərbiyədə olacaqdır. Tifilin hafizəsi çox iti olur: nə görsə götürür, nə eşitsə hafizəsində saxlayır. Bunu hər şəxs özündə mülahizə edə bilər. O şeirlər ki, şəxs uşaq vaxtında əzbər edir, qocalanadək həmin şeirlər hafizəsində qalır. Amma 20-30 yaşında və daha gec öyrəndiyi şeirlər gündə təkrar etməsə, unudulur. Beləliklə, uşağın ibtidai tərbiyəsi ilə üsullu rəftar etmək gərəkdir, çünki əvvəldən uşağa nə yol göstərsən, o yol ilə gedər. 8 yaşınadək uşağa tərbiyə verən anadır… İndi insaf nəzəri ilə baxaq, bizim analarımızın tərbiyəsinə: mədəniyyətli tayfalarda uşaqların dili açılanda əvvəlinci sözləri dualardır, bizimkilərinki – söyüş! Onların uşaqları şəkilli kitablar ilə oynayırlar, bizimkilər palçıqda, tozda, torpaqda dələnirlər! Onların uşaqları nahardan qabaq əllərini yuyub dua oxuyurlar və bir yerdə nahar edirlər, bizimkilər əlləri çirkli, əllərində bir parça çörək və pendir küçələrdə göyşüyürlər. Onların ata və anaları uşaqların yanında gözəl söhbətlər edirlər, bizimkilər uşaqların yanında bir-birinə pis sözlər deyib qarğış edirlər və çox vaxt ağac alıb bir-birini döyürlər. Onlarda evə qonaq gələndə, övrət övrət ilə qeybət edəndə, uşaqları başqa otaqda saxlayırlar, bizimkilər qeybət edəndə uşaqları dizlərinin üstündə otuzdururlar. Belə analardan bizim biçarə tifillər nə tərbiyə alsınlar? Belə tərbiyədən sonra bu uşaqlardan nə gözləmək? Əlbəttə, analarımız tərbiyəli olsalar, uşaqlarımız da tərbiyəli olarlar. Heç bir ata və ana uşağının bədbəxtliyini onun ağlının naqisliyində görməsin: öz tərbiyəsində gərəkdir görsün… Övlad yaman dərdə mübtəla olanda, onun əvvəlinci düşmənini öz tərbiyəsində görsün. Doğrudur, heç bir ata və ana övladının bədbəxtliyini istəməz, amma nə fayda, işin mahiyyətinə diqqət edəndə görürük ki, övladın bədbəxt olmağına birinci səbəb özümüzük…
Alim üçün bu məsələni kəşf etməyi lazım bilmirik. Bundan əlavə axır zamanda oğlanlarımız mədəniyyət dalınca gedib mərifətdə tərəqqi edirlər. Bunların həyata və məişətə baxışları dəyişir. Bəs bu mədəniyyətli, mərifətli cavanlarımıza mərifətli, mədəniyyətli övrətlər lazım gəlmirmi? Günbəgün tərbiyəli cavanların hesabı artır, amma nə fayda, həmin cavanlar evlənməkdən əsla fikir etmirlər, çünki tərbiyəli qızlarımız yoxdur və tərbiyəsiz qızları özlərinə ömürlük yoldaş etmək oğlanlar üçün böyük məsələdir. Bunlar gələcəkdə uşaqlarının fikrinə qalırlar. Həmin bu məsələ Bakıda ataların və anaların ürəklərində gərəkdir yer etsin. Bir nəzər et, gör, ərə gedən qızlarımızdan nə qədər bədbəxt olan var. İnsafsız, namərd cavanlar biçarə pakizə qızları alıb, sonra yaman yollara düşürlər. Məgər övrətin xoşbəxtliyi yemək-içməkdə, zər-ziba içində olmaqdadır? Doğrudur, bu cavanların əksəri lazım olan tərbiyə dadmayıbsa və çoxunun ağlını dövlət paslandırıbsa da, amma yəqin ki, qızlarımız tərbiyəli və mərifətli olsaydılar, hər halda oğlanlarımız ağla gəlməyən işləri etməzdilər. Çünki ağıllı övrət pis kişini həmişə yaman yoldan saxlar. İndiki zamanda evli cavanlarımız pis yollarda, biçarə qızlarımız qanlı yaşlar tökürlər, atalarımız onlara “səbr edin”, – deyib ah-vay edirlər. Haçanadək dilsiz qızlarımız səbr edəcəklər? Haçanadək bunlar ağılsız, insafsız cavanlarımızın zülmlərinə davam etsinlər? Hörmətli Hacının bu məsələlərdə bizimlə həmfikir olmağına şübhəmiz yoxdur. Hərçənd bir neçə nadan, dünyadan bixəbər şəxslər həmin məktəbin düşməni hesab olunurlarsa da, ancaq onları biz millətə quyu qazanlardan hesab edirik. Onlar üçün də tarixin səhifələri açıqdır. Doğrudur, hərgah bu məktəbdə dinə və ya məzhəbə zərər vuran bir şey olsaydı və ya həmin məktəb bir özgə dona girsə, onun birinci düşməni biz olarıq. Halbuki bu məktəbdə qızlarımız dörd il dərs oxuyacaqlar: üç il müsəlmanca və dördüncü il rusca. Əl işi öyrənəcəklər. Oxuyan qızlardan 20 nəfər yetim cənab Hacının xərcinə tərbiyə alacaqlar və bunlara ildə 8000 rubl sərf olunacaqdır. Məktəbin tikintisinə hörmətli Hacı 300000 rubla qədər xərc edibdir.
Конец