Hekayələr. Иван БунинЧитать онлайн книгу.
etdiyi haman ümumi şeyə, guya ki ondan gizli olaraq Katyanın artıq yaşamağa başladığı şəxsə qısqanırdı. Ona elə gəlirdi ki, nəsə Katyanı ondan böyük bir qüvvətlə çəkib uzaqlaşdırır, həm də, ola bilsin, elə bir şeyə tərəf çəkir ki, onun barəsində düşünmək də adamı dəhşətə gətirir.
Bir dəfə Katya anasının yanında yarızarafat ona dedi:
− Mitya, siz qadınlar haqqında Domostroy1 təriqi mühakimə yürüdürsünüz. Sizdən kamil bir Otello çıxardı. Onda mən sizə heç vaxt vurulmaz və sizə ərə getməzdim!
Anası etiraz etdi:
− Mən isə qısqanclıqsız məhəbbəti təsəvvür edə bilmirəm. Kim qısqanmırsa, məncə, o sevmir.
Başqalarının sözlərini təkrar etməyə daim meyil və həvəs göstərən Katya dedi:
− Yox, ana, qısqanclıq sevdiyin adama qarşı hörmətsizlikdir. − O, qəsdən Mityaya baxmadan dedi: − Bir halda ki mənə inanmırlar, demək, məni sevmirlər.
Anası etiraz etdi:
− Məncə, qısqanclıq, əslində, sevgi deməkdir. Mən bunu hətta haradasa oxumuşam. Orada bu çox yaxşı sübut edilib, hətta Allahın özünün qısqanc və intiqamçı adlandırıldığı Tövratdan gətirilən misallarla isbat edilirdi…
O ki qaldı Mityanın məhəbbətinə, o, indi, demək olar, bütünlüklə ancaq qısqanclıqdan ibarət idi. Həm də bu qısqanclıq sadə deyildi, ona elə gəlirdi ki, nəsə xüsusi bir qısqanclıq idi. Katya ilə Mitya tək qaldıqları saatlarda həddən artıq şeylərə yol vermələrinə baxmayaraq, son yaxınlıq xəttini hələ ki addamamışdılar. İndi, həmin saatlar, Katya əvvəlkindən daha ehtiraslı olurdu. Lakin indi bu da ona şübhəli görünürdü, bəzən nəsə dəhşətli duyğular oyadırdı. Onun qısqanclığını təşkil edən bütün duyğular dəhşətli idi; lakin onların arasında hamısından daha dəhşətli olan bir duyğu var idi ki, Mitya onu nə müəyyən edə, nə də hətta başa düşə bilirdi, bunu heç cür bacarmırdı. Bu ondan ibarət idi ki, son dərəcə ləzzətli və şirin olan, onlar üçün, Mitya ilə Katya üçün dünyada hər şeydən yüksək və gözəl olan həmin ehtiraslar təzahürü, − Mitya Katya ilə başqa bir kişi haqqında düşünəndə, − misilsiz dərəcədə iyrənc şəkil alır və hətta nəsə qeyri-təbii görünürdü. Belə halda Katya onun qəlbində kəskin nifrət duyğusu yaradırdı. Katya ilə üz-üzə özü nə edirdisə, hamısı Mitya üçün tam məftunedici, məlahətli və məsum idi. Lakin öz yerinə başqa birisini təsəvvürünə gətirən kimi ani olaraq hər şey dəyişirdi, hər şey nəsə abırsızlığa çevrilir, Katyanı boğub öldürmək və hər şeydən əvvəl, xəyalına gətirdiyi rəqibi deyil, məhz onu boğub öldürmək arzusu oyadırdı.
Nəhayət, Katyanın imtahan günü (pəhrizin altıncı həftəsi) çatanda Mityanın iztirab çəkməkdə bütünlüklə haqlı olması sanki qəsdən düz çıxdı.
Bu günlər Katya onu heç görmür, vecinə almırdı, tamam yadlaşmışdı, bütünlüklə camaata məxsus idi.
Böyük müvəffəqiyyət qazanmışdı. Gəlin kimi, başdan-ayağa ağ geyinmişdi, həm də keçirdiyi həyəcandan daha da məlahətli olmuş, gözəlləşmişdi. Onu yekdilliklə və coşqun alqışlayırdılar, həm də birinci cərgədə oturmuş direktor – baxışları laqeyd, gözləri kədərli olan özündən bədgüman aktyor – yalnız daha artıq təkəbbür xatirinə Katyaya bəzən rəyini bildirir, yavaşdan danışırdı, lakin mülahizəsini elə deyirdi ki, sözləri bütün zalda eşidilir və dözülməz səslənirdi.
Direktor qəti şəkildə, sakit halda:
− Qiraət az olmalıdır, − deyirdi, özü də bu sözləri elə hökmlə deyirdi ki, elə bil Katyanın tam sahibkarı idi. Sözləri fasilələrlə, aydın şəkildə: − Oynama, həyəcan keçir, − deyirdi.
Bu da dözülməz idi. Alqışlara səbəb olan qiraətin özü də dözülməz idi. Katyanın yanaqları qıpqırmızı olmuşdu, utanırdı, səsi bəzən tutulurdu, nəfəsi çatmırdı, həm də bu, həyəcanlandırıcı, füsunkaranə idi. Lakin Katya elə bir bayağı lətafətlə, qəlpliklə və hər bir səsdə sarsaqcasına nidalarla oxuyurdu ki, bu əlamətlərin hamısı Mitya üçün mənfur olan bir mühitdə yüksək qiraət sənətkarlığı, məharəti hesab edilirdi. Katya artıq bütün varlığı ilə bu mühit içərisində yaşayırdı: o danışmırdı, amma daim nəsə bezikdirici və üzüntülü ehtirasla, öz inadkarlığı ilə həddi-hüdudu olmayan, heç bir şeylə əsaslandırılmayan yalvarışla daim qışqırırdı, buna görə də Mitya onun əvəzinə xəcalətdən bilmirdi hara baxsın. Hər şeydən dəhşətlisi isə ondakı mələkcəsinə təmizliklə pozğunluğun qatışığı idi, bu onun pörtmüş çöhrəsindəki ifadədə, estradada qısa görünən ağ donunda, – ona görə ki zalda əyləşənlərin hamısı Katyaya aşağıdan yuxarıya baxırdı, – onun ağ tuflilərində və ağ ipək corabların tarım çəkildiyi qıçlarında təzahür edirdi, – Katya guya ki nəsə mələkcəsinə məsum bir qız haqqında hədsiz süni sadəlövhlüklə oxuyurdu: “Qız kilsə xorunda oxuyurdu”. Mitya da Katyaya qarşı həm kəskin yaxınlıq duyurdu, – sevdiyin bir adama izdiham içərisində həmişə duyduğun bir yaxınlıq kimi, – həm də kinli ədavət, ona görə həm qürur hiss edirdi, – dərk edirdi ki, axı Katya, hər halda, onundur, – eyni zamanda qəlbi parçalayan ağrı duyurdu: yox, indi daha onun deyildi!
İmtahandan sonra yenə səadətli günlər başlandı. Lakin Mitya daha bu günlərə əvvəlki kimi asanlıqla inanmırdı. Katya imtahanı xatırlayaraq deyirdi:
− Sən necə də sarsaqsan! Məgər sən hiss etmirdinmi ki, mən ancaq sənin üçün elə yaxşı oxuyurdum!
Lakin Mitya imtahanda nə hiss etdiyini unuda bilmirdi, etiraf edə bilmirdi ki, bu hislər onu indi də tərk etməmişdir. Onun mübhəm hislərini Katya da duyurdu, bir dəfə gileylənəndə dedi:
− Bir halda ki, sənin fikrincə, mən hər cəhətdən pisəm, onda başa düşə bilmirəm, sən məni nəyə görə sevirsən!
Lakin Katyanı nəyə görə sevdiyini o özü də başa düşmürdü, amma hiss edirdi ki, sevgisi nəinki azalmır, əksinə, Katyaya görə, bu sevgiyə görə, onun gərginləşən qüvvəsinə görə, getdikcə artan tələbkarlığına görə kiminləsə, nə iləsə apardığı qısqanccasına mübarizə ilə birlikdə daim artırdı.
Katya bir dəfə kədərlə dedi:
− Sən mənim qəlbimi, ruhumu deyil, ancaq bədənimi sevirsən!
Bu, yenə də kiminsə yad, süni sözləri idi, lakin bu sözlər nə qədər mənasız və çeynənmiş olsa da, nəsə həll edilməyən – iztirablı şeyə aid idi. Mitya nə üçün sevdiyini bilmirdi… Ümumiyyətlə, sevmək nə deməkdir? Buna cavab vermək xüsusən ona görə mümkün deyildi ki, Mityanın nə sevgi haqqında eşitdiklərində, nə sevgi haqqında oxuduqlarında onu dəqiq müəyyən edən bir kəlmə də yox idi. Kitablarda və həyatda elə bil hamı birdəfəlik və həmişəlik olaraq nəsə ancaq qeyri-maddi sevgi haqqında, yaxud da ancaq ehtiras, şəhvət adlandırılan şey haqqında bəhs etməyi şərtləşdirib. Onun sevgisi isə bunlardan heç birinə bənzəmirdi. O, Katyaya qarşı nə hiss edirdi? Sevgi adlanan şeyimi, yaxud ehtiras deyilən şeyi? Mitya onun koftasının düymələrini açıb, bir növ, qəlbi sarsıdan itaətkarlıqla ən saf və məsumanə tər döşlərini öpəndə onu az qala
1
“