Эротические рассказы

Hekayələr. Ömər SeyfəddinЧитать онлайн книгу.

Hekayələr - Ömər Seyfəddin


Скачать книгу
müəllimi onu dərsdə daim bir tərəfə ayırar: "Sən yalnız seyr et, oğlum", – deyərdi. O qədər zəifdi ki, müəllim, əgər turnikdə yellənəcək olarsa, qollarının mütləq qopacağını söylərdi. Xeyr, xeyr… Bu, mümkün deyildi. Sısqa Sədrəddin – yüyürməyə, laqqırtı vurmağa, deyib-gülməyə ərinən, tənbəllik edən Sərçə pəhləvan…

      Qeyri-ixtiyari başımı yırğalayır:

      – Xeyr, xeyr… – deyirdim. “Alman”:

      – Vallah, mən, baxın, o Sərçə pəhləvanam! – deyirdi.

      Axı bu necə ola bilərdi? Bu mümkünmüydü? İnsan bu qədər dəyişə bilərdimi? Hər şeyin bir hüdudu var. Bir sısqa nə qədər qüvvətlənsə də, bir Herakl, bir sağlamlıq heykəlinə çevrilə bilməzdi.

      Güldüm, dodaqlarımı büzdüm:

      – O halda dirilik suyu içmiş olmalısınız.

      – Bəli, dirilik suyu içdim, – dedi, – fəqət Xızır əleyhissalamınkı kimi, heç sabahı olmayan zülmət gecələrdə aylarca gedərək tapdığı gizli bir bulaqdan deyil…

      – Bəs hardan?

      – Qırx səkkiz saatlıq bir yerdən, Almaniyadan!

      – …

      Bu sözdən bir şey anlamadım. Anlamadığımı o da gördü, güldü:

      – Açıq söyləyim, – dedi, – Almaniyaya getdim. Bir alman qızıyla evləndim. Alman qadınının nə olduğunu siz bilməzsiniz. Bütün Almaniya, almanların zənginliyi, alman ordusunun qüvvəti alman qadınının əsəridir… Mən alman qadı- nıyla evlənməzdən əvvəl tərəzidə düz otuz okka5 gəlirdim. Bu gün doxsan beş kiloyam. Almaniyanın iyirmi milyon əhalisini yarım əsrdə altmış-yetmiş milyona çatdıran alman qadını məni də üç il içində doxsan beş kiloya qaldırdı. Əgər alman qadınını tanısanız, buna əsla təəccüb etməz, həm də çox təbii görərdiniz.

      Hərarətlə alman qadını haqqında danışarkən dolu biləklərinə, enli qıçlarına, iri köksünə, ət basmış boynuna, qıpqırmızı sifətinə baxır, məktəbdəki məşhur sısqa, solğun Sərçə pəhləvandan belə bir xariqənin necə zühur edə biləcəyini düşünür, heç cür gözlərimə, qulaqlarıma inana bilmirdim. Sözünü kəsdim:

      – Rica edirəm, necə oldu Almaniyaya getdiniz? Necə oldu evləndiniz? Necə oldu dirilik suyu içdiniz? Bunları danışın. Almaniyaya dair məlumatım var. Əbəs yerə zəhmət çəkməyiniz…

      Fon Sədriştayn:

      – Çox gözəl, çox sadə! – deyə danışmağa başladı… Dinlərkən əsəbiləşir, köksümdə sıxıcı bir ağırlıq duyurdum.

      – Məktəbdən çıxdıqdan sonra sizinlə heç rastlaşmadıq. Xaricə getdiyinizi eşitmişdim. Mənim başıma nələr gəldi, nələr… Hökumət dairələrində dəftərxana müdirlərindən, katiblərdən, qapıçılardan heç bir tanışımız olmadığı üçün, təbii ki, heç bir dəftərxanaya işə girə bilmədim. Girsəm də, sözsüz ki, heç tərəqqi edə bilməyəcəkdim. Məcbur olub hökumət məmuriyyətindən vaz keçdim. Bir az çertyoj çəkdiyimi, yəqin, unutmamısınız. Almancanı da öyrənməyə çalışmışdım. Az-maz danışa bilirdim. Anadolu Şimendifer Şirkətinə6 müraciət etdim. İmtahan verdim. Çertyoj şöbəsinə işə girdim. On lirə7 maaşım vardı. Anam-atam mən hələ balacaykən ölmüşdülər. Məni bibim böyütmüşdü. Onunla bir yerdə qalırdım. Ancaq bilmirəm nədən, günü-gündən zəifləyirdim. Bibim dərdimə dərman tapılmadığına baxdıqca: "Evlənməlisən, Sədrəddin, sənin rahatlığa ehtiyacın var. Subaylıq sənə yaramır…" – deyirdi. Mən də bu sözə inandım. Evlənmək fikrinə düşdüm. Maaşım yetməzsə, bibim də ayda bir neçə lirə verəcəkdi. Qız axtarmağa başladı. Hər gün evdən qız görüb-bəyənməyə gedirdi. Nəhayət, çox gözəl, fransızca danışan, piano çala bilən bir qız tapdı. Qohumlarımızdan birinin evində guya bizi təsadüfən qarşılaşdırdılar. Danışdıq. Bir-birimizi bəyəndik. Bu, zərif, açıq-sarı saçlı, suyuşirin, kinolardakı aktrisalara bənzər incə bir qızdı. Sanki canlanmış, insan şəklinə düşmüş bir şeirdi. Uzatmayım… Nişanlandıq. Toy oldu. Arvadımı bibimin yanına gəlin gətirdim. Hardasa bir ay dinc dolandıq. Arvadım yemək saatlarında aşağı enir, otağında oturur, bir də küçəyə gəzməyə çıxırdı. İkinci ayın başında bibim: "Bu, gəlin deyil, Allahın cəzasıdır!.." – deyə deyinməyə başladı. Bir axşam gəldim. Arvadım qarşıma keçdi. Qaşlarını çatıb soruşdu:

      – Sən məni xidmətçi deyəmi aldın?

      – Xeyr, – dedim.

      – Elə isə niyə aldın? – deyə təkrar soruşdu.

      – Zövcəm deyə…

      – Onda mən bu evdə durmaram.

      – Nə üçün? – deyə əsəbiləşdim.

      – Bibin mənə iş gördürmək istəyir, – dedi. – Mən heç bir iş görə bilmirəm. Görməmişəm. Həm də görməyəcəyəm. Sabah ya məni bu evdən çıxarar, ya da boşayarsan. Mən anamın evinə gedəcəyəm.

      Əllərindən tutdum, bir az səbir etməsini, hirsinin keçib-gedəcəyini söylədim.

      – Əbəsdir, əbəsdir… Vallah, qalmaram! – deyə and içib, aman edirdi.

      Anamdan qalma bir evim vardı. Onu girov qoyaraq bir ev tutduq. Bir ev kirayələmək nədir, bilməzsiniz bəlkə… Mən o vaxt öyrəndim. Qapıya çatanacan üç yüz lirə tükəndi. Bir aşpaz, iki xidmətçi tutduq. Fəqət xatırlayın ki, maaşım on lirə idi… Odun, kömür, ərzaq-filan pulu iyirmi lirəni keçirdi. Altı lirə də evin kirəsi… Bu elədi iyirmi altı… Arvadım da on lirə tualeti üçün istəyirdi. Elədi otuz altı… Evi satdım. Əlimə min iki yüz lirəyə qədər pul keçdi. Bu pulla il yarım yaşadıq. Amma mən gələcəyimi düşünərək üzülür, günü-gündən zəifləyir, pərişan olurdum. Bir gün özümü müayinə etdirdim. Doktor:

      – Diqqət edin, vərəm başlayır, – dedi.

      Nə edəcəyimi bilmirdim. Halım arvadımın vecinə deyildi. Bəzək-düzək makinası kimi təmizlənir, pudralanır, boyanır, geyinir, gəzir, yeməyini yeyir, yatağında rahat-rahat yatırdı! Aşpaz ilə xidmətçinin əlində qalmışdım. Arvadım hətta mətbəxin harada olduğunu belə bilmirdi. Ehtiyat pulum tükəndikcə mən də ürək üzüntüsündən zəifləyirdim. Qorxdum. O vaxt özümü tərəzidə çəkdirmədim. Ehtimal ki, iyirmi okkaya qədər enmişdim! Yaz gəlincə bərk xəstələndim. Yatağa düşdüm. Həkimlər ümidlərini kəsmişdilər. Mütləq havamı dəyişməli olduğumu söyləyirdilər. Yeriyə bilmirdim. Dizlərim tutmurdu. Nəhayət, şirkətdən üç ay izin aldım. Olan-qalan pulumla Almaniyada yaşayan bir dostumun yanına getdim… Konstitusiya elan edildikdən sonra8 elektrikçilik öyrənmək üçün İstanbuldan ayrılmış, Almaniyada ev-eşik quraraq bir daha geri dönməmişdi. Siz bu saat məni tanıyınca necə təəccübləndinizsə, mən də onu görüncə eynilə sizin kimi çaşıb-qalmışdım. Eninə-boyuna bəlkə bir metr enlənmişdi.

      – Aman, bu nə haldı, sənə nə olub? – deyə ağzım açıla qalınca:

      – Çaşma,


Скачать книгу

<p>5</p>

Okka (ərəb.) – Asiya və ərəb ölkələrində işlədilən qədim ölçü vahidi; okkanın ağırlıq ölçüləri dövrə görə dəyişilmişdir. İslamiyyətdən öncə bir okka 2 kq 564 q ikən, islamiyyətdən sonra, əsasən də XX əsrin əvvəllərində bir okka 1 kq 282 q hesab olunurdu. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 1931-ci ildə qəbul olunmuş qanuna görə, okka da daxil olmaqla köhnə uzunluq və çəki ölçüləri yeniləri ilə əvəzlənmişdir.

<p>6</p>

Anadolu Şimendifer Şirkəti – dəmiryol şirkəti. “Simendifer” fransızca – dəmir yolu, funikulyor deməkdir.

<p>7</p>

Türk lirəsi – Türkiyə Cümhuriyyətinin pul vahidi. Daha kiçik ekvivalenti quruşdur. 1 türk lirəsi 100 quruşa bərabərdir.

<p>8</p>

Türkiyədə konstitusiya 1924-cü il aprelin 20-də qəbul edilmişdir.

Яндекс.Метрика