Billikok təpəsinin sirri. Энид БлайтонЧитать онлайн книгу.
bu hərəkəti dükan sahibini çox təəccübləndirdi.
– Dondurmanın hamısını ona nahaq verirsən, – Enn dükandan çıxarkən Corca dedi. – Bir dəfəyə yeyəcək, heç dadını da hiss eləməyəcək. Üstəlik, bir də gördün, o, dondurmanı kağızı ilə birgə uddu.
On dəqiqə dincələndən sonra bizim beşlik yoluna davam etdi. Sərin külək hərəkət etməkdən tərləmiş uşaqlara ləzzət verirdi. Yaz olduğundan hər yer çiçəkləmişdi. Ətrafda hər şey qayğısız uşaqların qəlbindəki sevinc hissini gücləndirirdi: ağaclar və otlar zərif yaşıl rəngə boyanmışdı, çöllər göz oxşayırdı, minlərlə qızılı qaymaqçiçəyi onlara baş əyirdi – bütün bunlara necə sevinməyəsən axı?!
Uşaqların velosipedlə şütüdükləri qəsəbə bomboş idi, yolda kimsə gözə dəymirdi. Nadir hallarda uşaqlar fermer arabaları ilə qarşılaşırdılar, avtomobilə isə tək-tük rast gəlirdilər. Bizim səyyahlar elə bu cür yarıkimsəsiz yollara üstünlük verirdilər – onlar bu mənzərəni xətkeş kimi düz, səs-küylü şoselərdən daha çox sevirdilər…
– Saat 4-dən tez çatmayacağıq, – Dik fikrində nəyisə hesablayaraq dedi. – Həmin vaxtadək Billikok fermasında olmalıyıq. Bəs nə vaxt doyunca yemək yeyəcəyik? Sən nə düşünürsən, Culian? Harada dayanaq?
– Saat 1-də dayanarıq, – Culian qətiyyətlə cavab verdi. – Düz saat 1-də. Bir dəqiqə də gec olmasın. Lakin həmin vaxta qədər yemək barədə bir kəlmə də danışmayaq, yaxşı? – o, saata baxdı. – Hazırda 1-ə 3 dəqiqə işləyib.
– Mən daha çox su istəyirəm, nəinki yemək, – Enn dilləndi. – Əminəm ki, yazıq Timmi də susuzluqdan ölür. Gəlin elə qarşılaşacağımız ilk bulaqdaca dayanaq.
– Bu da bulaq! – Dik tezliklə çığırdı. – Bax o taladadır. Ey, Timmi, tez ol! Tez ol, qaç!
Timmiyə bu sözü deməyə ehtiyac da yox idi. O, var gücü ilə bulağa tərəf atıldı və az qala bütün qəsəbənin eşidəcəyi qədər hündürdən hürməyə başladı. Uşaqlar köpəyin sudan içib doymasını gözlədilər. Həmin vaxt Enn budaqdan bir çiçək qoparıb onu gödəkçəsinin yaxasına taxdı.
– Bütün yolu bu çiçəyi qoxulayacağam, – qız dedi. – Nə gözəl ətri var!
– Ey, Timmi! – Dik çağırdı. – Bulağı qurutdun ki! Corc, onu dayandır, yoxsa qarnı şar kimi şişəcək!
Corc bu sözlərə etirazını bildirsə də, Timmini yanına çağırdı:
– Bəsindir! Bura gəl! Gedirik!
Timmi sonuncu qurtumu alıb sahibəsinə tərəf qaçdı. Suyun dadı onun xoşuna gəlmişdi, köpək məmnun-məmnun hürürdü.
Onlar yenə uzun yola davam etdilər. Dostlarımız sərt yoxuşlarda inildəyir, sızıldayır, yol üzü enişə düşəndə sevincdən çığırıb elə sürətlə şütüyürdülər ki, külək qulaqlarında uğuldayırdı.
Nəhayət, Culian nahar üçün yer seçdi – onlar növbəti, ən hündür təpənin düz zirvəsində dayandılar. Uşaqlar buradan bir neçə mil uzaqlıqda yerləşən mənzərəni seyr edə bilirdilər. Burada təmiz, ancaq sərt külək əsirdi.
– Ayaq saxlayırıq! – Culianın bu elanını hamı razılıqla qarşıladı. – Dincəlmək üçün düz bir saat vaxtımız var.
– Nəhayət ki, – Enn donquldandı. – Səhər ayaqlarımızı hiss etməyəcəyik!
– Buradan düz beş qraflığı görmək olar, – Culian başını dörd tərəfə çevirib dedi. – Amma adlarını soruşmayın, unutmuşam… Gəlin yeməkdən əvvəl otların üzərində bir az uzanaq. Etiraz yoxdur ki?
Timmidən başqa heç kəs etiraz etmədi və hamı xalçanı xatırladan yumşaq süpürgə kollarının üstündə özünə yer düzəltdi.
Timmi isə inadkarlıqla nəsə istəyirdi. Nə istəyəcəkdi?! Əlbəttə ki, sümük! Sahibəsinin velosipedinin yük yerindən onun qoxusunu hiss edirdi. O tərəfə baxan yox idi – hamı dincəlirdi. Bunu görən Timmi yemək torbasına doğru hərəkət etməyə başladı.
Enn köpəyə daha yaxın məsafədə idi və o, şübhəli xışıltını eşidib yerindən durdu. Qız nə baş verdiyini bilmək istəyirdi.
– Timmi! – o qışqırdı. – Sən bizim buterbrodları yemək istəyirsən?
Corc da yerindən qalxdı. Timmi sakitcə kənara çəkildi, günahkarcasına quyruğunu tərpətdi, sanki demək istəyirdi: «Bağışlayın, amma mənim üçün götürdüyünüz sümüklər də buradadır axı!»
– İşiniz olmasın, – Corc onu müdafiə etdi. – O yalnız öz yeməyini istəyir. Enn, doğrudanmı sən inanırsan ki, Timmi bizim buterbrodlara əl vurar? Bunu düşünməyin özü belə Timmi üçün təhqirdir! O heç vaxt başqasının yeməyini götürməz!
– Yox, yaxşısı budur, mən elə indidən öz payımı yanıma qoyum, – Enn dedi. – Hamıya da bunu məsləhət görürəm. Culian, gəl yeməyə başlayaq! Həm də susamışam, şirə içmək istəyirəm…
Ennin sözlərindən sonra hamıda güclü aclıq və susuzluq hissi yarandı. Onlar bağlamaları açıb vetçinalı3 və pomidorlu buterbrodları, meyvə piroqunun iri dilimlərini çıxardılar. Culian torbasından karton stəkanları götürüb onlara meyvə şirəsi süzdü.
– Əla yeməkdir! – Dik buterbrodu dişləyərək söylədi. (Ağzında yemək olduğundan cümləsi belə səsləndi: «Ala yemakdi».) O, ətrafa – süpürgə kollarından ibarət səhralıqlara, şumlanmış torpağın yaşıllaşmaqda olan hissələrinə, təpələrə baxdı və əlavə etdi: – Ən uzaqdakı o təpəyə baxın! Culian, görürsən? Bu, Billikok təpəsi deyil? Onun nə qəribə görünüşü var!
– İndi durbinlə baxaram, – Culian bunu deyib dəri çantasından durbini çıxardı, gözlərinə yaxınlaşdırıb uzun-uzadı baxdı. O, azmış yelkənli gəmidə torpaq görüb sevincindən qışqırmaq istəyən növbətçi matrosu xatırladırdı. Lakin Culian qışqırmaq əvəzinə sakitcə dedi: – Hə, deyəsən, odur, şimaldakı… Çəpəki qoyulmuş şlyapaya oxşayır… Baxmaq istəyirsiniz?
Hamı növbə ilə durbini gözlərinə yaxınlaşdırıb şlyapaya oxşayan təpəni diqqətlə nəzərdən keçirməyə başladı.
– O qədər də uzaq deyilmiş! – Corc gözünü durbindən çəkməyərək dedi. – Baxmaq istəyirsən, Timmi?
Köpək bu təklifdən qətiyyətlə boyun qaçırdı.
– O uçan qarğanın istiqamətində kəsə getsək, uzaq olmaz, – Culian durbini yenidən çantasına qoyub dedi. – Yox, əgər bizim elədiyimiz kimi, dolama cığır və yolla getsək, bu, xeyli vaxt alacaq… Yenə buterbrod yemək istəyən var?
– Hə, – Dik dedi, – əgər qalıbsa. Piroqun da axırına çıxmışıq… Ac olan varsa, nabatlardan sora bilər. Alın!
Məlum oldu ki, hamı acdır. Timmiyə cəmi bir nabat verdilər – çox şirni yemək itlərə ziyandır.
– Üstəlik, sən nabatı sormursan, bütöv udursan, – Corc ona izah etdi. – Ona görə də heç bir ləzzət ala bilmirsən.
– Dincəlmək üçün hələ yarım
3