Keçmişdən gələn səslər. Болеслав ПрусЧитать онлайн книгу.
əkilməmiş torpaq zolaqları qaralırdı. Belə dəqiqələrdə gələcəkdə artıq dayağının olmadığı fikri pan Yanı ildırım kimi deşirdi. O, kabinetinə qayıdır və saatlarla küncdən-küncə addımlayır, döşəmə taxtaları isə ayaqları altında cırıldayırdı.
Kim bilir, pan Yan həyatında ilk dəfəmi belə fikirli və həyəcanlı idi? O, ağır zaman yaşayırdı. Bu gün, sabah, ən geci – bir həftə sonra servitutlar barəsindəki məsələ həll olunmalı idi. Bir neçə ay əvvəl kəndlilər, sanki, meşəyə olan haqlarından imtina etməyə və əvəzində hər həyətə üç morq torpaq götürməyə razılaşmışdılar. Əgər onlar müqaviləni imzalasalar, o, müşəni satacaq, qalan on mini alacaq və ən təxirəsalınmaz işləri qaydasına qoyacaq. Ancaq əgər kəndlilər tərslik etsələr, mülkü satmaq lazım gələcək. Bəs sonra?..
Işlərin onları tam iflasla hədələyən belə mümkün dönüşü mülkədarı sıxırdı. O, ruhdan düşdü, adi özünəinamını və hətta evdən çıxmaq həvəsini itirdi. Kəndlilərin fikirlərini dəyişdikləri və meşəyə görə hər həyətə üç motqdan artıq tələb etmək, yoxsa danışıqları tamamən pozmaq niyyətində olduqları şayiəsi gəzirdi. Bu, pan Yanı dəhşətə gətirirdi.
O mütləq hər şeyin onların istəkləri ilə getməsini, amma özlərinin barmaqlarını belə tərpətməməsini istəyən adamlara aid idi. Pan Yan kəndlilərlə üç morq barədə razılaşaraq, servitutlarla bağlı hər şeyin qaydaya qoyulduğuna möhkəm inanırdı. Buna görə də meşəni satmış, behi xərcləmişdi və hansısa maneələrin yarana biləcəyi fikrini ehtimal etməyərək, daha bu işlə məşğul olmurdu. Özünü kəndlilərlə müqavilənin müqəddəs Yan günündə imzalanacağına inandıraraq, hər şeyi həmin müddətə qədər təxirə salırdı.
Şmul kəndlilərin dörd morq barəsində danışdıqlarını ona bildirəndə pan Yan ümidlərinin çoxmərtəbəli binasının laxladığını hiss etdi. Onu həyəcan bürüdü, amma hər şeyi öz qaydası ilə getməyə qoymağa öyrəşdiyinə və öz illyuziyalarından ayrılmaq istəmədiyinə görə, hətta bu xəbəri yoxlamağa, xüsusən də, qüvvəsi daxilində, işi yoluna qoymağa cəhd göstərməyə qərar verə bilmədi.
Pan Yan amansız gerçəkliyə əl yelləyir, haqlanana kimi ondan qaçırdı.
“Bəlkə, bu, dedi-qodudur? – deyə fikirləşdi. – Kəndlilərdən soruşmaq lazımdır… Yox!.. Yoxsa, güzəştə getməyə hazır olduğum qərarına gələrlər…”
Əslində, mülkədar, sadəcə, acı həqiqəti öyrənməyə qorxurdu. Əgər kəndlilərlə danışıqların heç nə ilə bitəcəyi elə bu gün məlum olsaydı, meşənin satılması ilə bağlı arzuları dağılardı. Ancaq naməlumluqda olarkən onlarla daha bir həftə, üç gün… heç olmasa, yalnız bir gün kefini açardı!..
Beləliklə, pan Yan heç kəsi sorğu-sual etmədi, bu barədə heç kəslə danışmadı, hətta Şmula servitutlardan söhbət açmağa imkan vermədi – və gözlədi. O belə fəaliyyət tərzini diplomatiya adlandırır və özünə təlqin edirdi ki, əgər heç kəs ondan bu iş barədə bir kəlmə də eşitməsə, kəndlilər əvvəlki şərtlərdən imtina etməyə cəsarət etməzlər.
Lakin bu heç də diplomatiya deyildi, həqiqətin gözlərinə baxmaqdan, mülk hərracda borclara görə gedəndə özündən nə etməlini soruşmaqdan qorxmaq idi. Arvadı necə etməli?.. Sərf olunmuş cehizinin, daş-qaşının və adət olunmuş həyat tərzinin əvəzində ona nə təklif edə bilər?.. Onu mülkiyyətini ərinə etibar edərək, hər şeydən məhrum olduğu və artıq heç vaxt Varşavaya müalicəyə getməyəcəyi fikrilə necə barışdırmalı?
Vaxt sürətlə uçurdu. Mülkədarın gecə soyuq tərlə oyandığı və bəlkə artıq sabah bütün həqiqəti öyrənəcəyini fikirləşdiyi də olurdu. Bəzən yığıncaq toplamağa və özü kəndlilərdən müqaviləni imzalamağa razı olub-olmadıqlarını soruşmağa hazırlaşırdı. Amma cəsarət onu tez tərk eləyir və o özünü sakitləşdirirdi:
“Hələ bu bir neçə ayın işi olsaydı… Yoxsa onsuz da, bu gün-sabah özləri bura gələcəklər. Birdən tələskənliyimlə hər şeyi korlayaram…”
Bəzən nəbzi tez-tez vursa da və ürəyi sinəsində yaralı quş kimi çırpınsa da, gözlədi. Belə hissiyyatı hələ heç vaxt keçirməmişdi.
Əgər o, gələcəyə nəzər sala bilsəydi, məzar xaçları onu çəkindirərdi. Bəlkə, onda dayanar, fikrindən dönərdi?
Pan Yanın əhval-ruhiyyəsinin bütün ev üzərindən əskik olmadığı kimi görünürdü. Pani Matilda daha da solğun olmuşdu. Anelka, səbəbini özü də bilmədən, suya basılmış kimi gəzirdi. Muzdurlar bir-birinin ardınca haqq-hesab istəyir və əlləri ətəklərindən uzun halda işləyirdilər. Bəziləri özlərinə yeni yer axtarmaqdan ötrü bir neçə günlüyə gizlincə malikanədən əkilirdilər. Başqaları ödənməmiş maaşın əvəzində nədənsə faydalanmaqdan ötrü anbarlardan kəndir və müxtəlif dəmir parçaları aparırdılar. Daha cəsarətlilər pis yemlənmədən yana ucadan şikayətlənirdilər.
Axşamlar öz yaşayış yerləri, ya da dərz anbarları yanında görünür, “mülkədarın fatihəsinin oxunduğu” barədə açıq-aşkar danışırdılar.
Yalnız on il ərzində sahiblə birlikdə gəzmiş arabaçı Ancey hasara söykənərək, sakitcə dayanır, quş kimi fit çalan çubuğunu tüstülədir və zaman-zaman donquldanırdı:
– Eh, axmaqlar…
– Nə olub ki? .. – daim narazı xırmançı ondan soruşdu.
– O olub ki, axmaqdırlar, – arabaçı cavab verdi və tüpürdü. – Mülkü satsalar da, pan, onsuz da, məhv olmayacaq.
– Bəs onu burdan qovanda harda yaşayacaq?
– Şəhərdə. Burdan da yaxşı.
– Bəs nə yeyəcək?
– Sizlərdən heç birinin heç qoxulamadığını.
– Bəs qadın uşaqlarla hara gedəcək?
– O da şəhərə gedəcək, orda aptek də yaxındadır. Allah göstərməsin, o öləndə ağa elə bir varlı qadınla evlənəcək ki, onun bir üzüyünə bütöv kəndi alacaq, – Ancey belə dedi.
– Nə olar, bəlkə də, elədir!
– Kim bilir!
– Bəs biz necə olacağıq? Ax maaşımızı bizə borcludur.
– Siz? Onun yoxsulluğu ilə hələ bir sizi yedirib-içirməyi çatmır. Mülkü satanda hesablaşacaq.
– Deməli, burda uzun müddət veyllənməyəcəyik?..
– O bir söhbət idi, bu isə tamamilə başqa bir söhbətdir. Qoy hər kəs onun üçün yaxşı olan yerə getsin, mən isə sahibin yanında qalacağam. – Bunu deyərək, Ancey tənbəlliklə gərnəşdi və toplaşanları hətta nəzərinə də layiq bilməyərək, tövləyə tərəf getdi.
Muzdurlar baxışdılar.
– Goplayır, yoxsa həqiqəti deyir? – biri belə soruşdu.
– Niyə goplasın, arabaçı arabanın ardınca getdiyi kimi, ağanın ardınca hər yerə gedir; onu incitməyəcəyini bilir.
– Bu, doğrudur… Onun dərdi