Kopenhagen trilogiyası. Тове ДитлевсенЧитать онлайн книгу.
albomuma yazırdım:
Qırılan nazik iplər,
Bir daha heç vaxt birləşməz.
Bunun üçün vəziyyət dəyişməli.
Bunun üçün ton dəyişməlidir.
Həmin dövrdə fərqli idi, qulağıma Kai Fris Möller kimi “Sözlərin inversiyasına fikir ver, xanım Ditlevsen!” cümləsini qulağıma pıçıldayan hələ yox idi. Həmin dövrdə mənim ədəbi modellərim himnlər, balladalar və 90-cı illərin şairləri idi.
Bir gün səhər yuxudan oyananda özümü həqiqətən də çox pis hiss edirdim. Boğazım ağrıyırdı, yataqdan ayağımı yerə qoyanda gördüm ki, donuram. Anamdan məktəbdən qalmaq üçün icazə istədiyimdə bir dənə sifət elədi ki, dedi: – “Xahiş edirəm boş-boş şeylərlə mənim beynimi xarab eləmə.” Daha öncədən elan edilməyən gözlənilməz ziyarətlərə, hadisələrə dözümü yox idi. Qızdırmadan yana-yana durdum getdim məktəbə, amma elə ilk dərsdəcə məni evə qaytardılar. Onda artıq anam özünü yığışdırdı və xəstə olduğumu qəbul etdi. Yatağa uzanan kimi məni yuxu apardı. Yuxudan oyananda gördüm anam bütün evi təmizləməyə qərar verib və indi həmin işin ortasında idi. Təmiz pərdələri yataq otağından asmaqda idi və onu çağırdığımda geri çevrildi. “Nə yaxşı oyandın”, – o dedi, – “həkim bir neçə dəqiqəyə gələcək, bircə o gələnə kimi işimi yekunlaşdıra bilsəydim”. Mən sahə həkimindən dəhşətli dərəcədə qorxurdum, elə anam da! O, döşəküzlərimi dəyişəndən və qulaqlarımı uşaq qulaqçöpü ilə təmizləyəndən sonra qapının zəngi çalındı və anam təlaşlı üz ifadəsi ilə qaçaraq qapını açmağa yollandı. “Salam”, – o, hörmətlə dilləndi. “Narahat etdiyim üçün üzr istəyirəm.” Sonra onu ağır öskürək tutdu və sözünün dalını gətirə bilmədi. Öskürərək, yaylığını ağzına tutub həkim əsası ilə anamı bir kənara itələdi. “Hə, hə.”, – öskürəyi dayanıb danışmağa macal tapdığında dilləndi. “ Ah bütün bu pilləkənlər – onlar mənim üçün ölüm olacaq. Həm də burada nəfəs almağa yer yoxdu ki! Bədən tərbiyəsi ilə məşğul olmağa da yoxdur! Mən səni yaxşı xatırlayıram, sən həmin o dişləri olansan! Yaxşı bəs, Tanrı eşqinə, xəstə kimdir? Hə, qızındır. Yaxşı, indi haradadır?” – “Buyurun, buradadır”, – anam qabağa düşüb yolu göstərdi, həkim isə qarnını dalınca güclə sürüyə-sürüyə çarpayını keçib mənə yaxınlaşdı. – “Həə…”, – o qışqırdı və üzərimə əyildi, – “Nə olub ay bala? Yalandan eləmirsən də, elə?” Təkəbbürlü görünüşü vardı və yorğanı çənəmə kimi üzərimə çəkdi. Donba, qara gözlərini üzərimə zillədi, istədim deyəm ki, kasıb olsaq da, burada kar adam yoxdur. Əlləri qalın tük qatı ilə örtülü idi. Qulaqlarının içində bitən tük də bayıra çıxmışdı. Qışqırıb qaşıq istədi və anam qaşıq dalınca mətbəxə yüyürdüyündə az qala ayağı sürüşüb yıxılacaqdı. Boğazımın yolunu işıqlandırıb ora baxdı, sonra əli ilə boynumu yoxladı, sonra məşum səslə dilləndi: – “Məktəbinizdə difteriyaya yoluxan var? Sinif yoldaşlarının arasında bəs?” Mən başımla ona təsdiq cavabı verdim. Sonra sanki nəsə turş bir şeyin dadına baxıbmış kimi sifət eləyib dedi: – “Qız difteriyaya tutulub. Təcili hospitala aparılmalıdır.” – “Lənətə gələsən!”, – anam məzəmmət dolu nəzərlərlə mənə baxdı. Sanki məşğul bir həkimə belə ədəbsiz davranacağımı gözləmirmiş. Həkim qəzəbli şəkildə əsasını götürdü, mənə qəbul forması yazmaq üçün qonaq otağına keçdi. Dəhşət içində idim. Hospital! Şeirlərim! İndi onları harada gizlətməliyəm? Yenidən yuxu mənə güc gəldi və yuxudan oyandığımda anam çarpayımın ayağında oturmuşdu. Məndən çox nəzakətlə nəsə istəyib-istəmədiyimi soruşdu, mən də onu məmnun etmək üçün bir parça şokolad istədim. Cittinin sayəsində indi evimizdə hər zaman şokolad vardı. Ambulansı gözlədiyim sürədə anama izah etdim ki, şeir albomumu da özümlə götürmək istəyirəm, birdən hospitalda kimsə ora nəsə yazmaq istəyər. Etiraz etmədi. Bütün yol boyu ambulansda yanımda oturdu və gah alnımı, gah əllərimi sığalladı. Daha öncə belə şeyi nə zaman etdiyini xatırlaya bilmədim və bu durum məni həm utandırdı, həm də sevindirdi. Küçə boyu gəzdiyimdə, yaxud dükanda olduğumda hər zaman uşaqlarının əlindən tutan onlara sevgi, qayğı göstərən analara baxıb paxıllıq edirdim. Ola bilər, anam da nə zamansa belə edib, amma indi xatırlamırdım. Hospitalda məni böyük bir palataya yerləşdirdilər. Orada hər yaşdan uşaq vardı. Hamımız difteriya xəstəsi idik və onların əksəri elə mənim kimi xəstə idi. Şeir albomumu siyirtməyə qoydum və mənim orada albomumum olması heç kimə qəribə gəlmədi. Hospitalda üç ay qalsam da, oradakı dövrümdən demək olar ki, heç nə yadımda deyil. Ziyarət saatlarında yadımdadı ki, anam gəlib pəncərənin qarşısında dayanar və nəsə qışqırardı. Məni evə buraxandan az sonra o, yaxınlaşıb baş həkimlə danışmışdı. Həkim ona mənim anemiya xəstəsi olduğumu, çəkimin az olduğunu demişdi. Hər iki məsələ anamın hisslərini incitmişdi. Evdəki ilk günlərimdə o, mənim üçün çovdar sıyığı və başqa kökəldən yeməklər hazırlayırdı. Mənim hospitalda olduğum müddətdə Rut ev sahibəsinin kök, ağ saçlı qızı ilə oturub-durmağa başlamışdı. Onun 13 yaşı vardı, demək olar ki, bütün günü bir yerdə idilər. Mən özümü tərk edilmiş və yalnız hiss edirdim. Yalnız gecələr, yağış və mənim sakit gecə ulduzum, hə, bir də şeir albomum həmin günlərdə mənə müəyyən qədər komfort verirdi. Mən şeirlərimi istisnasız olaraq məhz belə yazırdım.
Məşum, qarğa kimi gecə,
Nə olar öz qaranlığınla məni sar.
Elə sakit, elə hüzur içində qəlbimi də sərinlət.
Mənə işıq ver, yuxu ver!
Yağış sakit-sakit gözəl yağır,
Pəncərələrə aramla döyəcləyir.
Başımı yastığa qoyuram
Asta-asta yuxuya dalıram
Mübarək gecə mənim ən yaxın dostumdur.
Sabah yenidən həyata oyanacam
Qəlbim dərin kədər içindədir.
Bir dəfə qardaşım dedi ki, yazdığım şeirləri jurnallardan birinə satmağa cəhd etməliyəm. Amma kiminsə onları almaq üçün pul ödəyəcəyini heç sanmırdım. Amma kimsə əgər onları çap edəcəkdisə, belə şeylər vecimə deyildi. Həmin “kimsə” ilə heç zaman üzbəüz gəlmək şansı qazanmamışdım. Bir gün mən böyüdüyümdə onsuz şeirlərim kitab formasında çap ediləcəkdi. Amma bunun necə olacağını bilmirdim. Bəlkə də atam bilirdi, bir dəfə o, qızın şair ola bilməyəcəyini demişdi. Ona görə ona bu haqda heç nə deməmişdim. Hər bir halda mənim üçün təkcə şeir yazmaq kifayət edirdi. İndiyədək yalnız onlara üstdən-aşağı baxan, gülən, lağ edən dünyaya göstərməyə bir gərək, tələskənlik yox idi.
XIII BÖLÜM
Peter əmi nənəni öldürmüşdü. Ən azından valideynlərim və Rozalia xalanın dediyi bu idi. O və Aqnete xala onu Milad bayramı ərəfəsində evindən götürmüşdü, həmin gün isə güclü qar çovğunu var imiş. Onların üçü də ən azından taksinin gəlməsi üçün on beş dəqiqə gözləməli olmuşdular.