Xatirələrim. Abdulla ŞaiqЧитать онлайн книгу.
olurduq. İki mərtəbədən ibarət olan bu binanın həyətə baxan hissəsinin birinci qatında biz, ikinci qatında şeyxülislam Mirzə Həsən Tahirov öz ailəsi ilə yaşayırdı. Həmin binanın küçəyə baxan hissəsinin birinci qatında altı sinifli məktəb, ikinci qatında isə ruhani idarəsi yerləşirdi. Həyətin sağ və sol tərəfindəki çiçəkliklər tünd yaşıl rəng çəkilmiş qısa, nazik taxtalarla çəpərlənmişdi.
Altı sinifli məktəb şeyxülislamın nəzarəti altında olmasına baxmayaraq, başqa şəhər məktəbləri kimi o da Tiflisdə olan Zaqafqaziya maarif müfəttişliyinə tabe idi. Dərslər rus dilində keçilirdi. Ruhani idarəsi nəzdində olduğu üçün proqrama şəriət, Azərbaycan, fars və ərəb dilləri də daxil edilmişdi.
Mən hələ məktəb yaşına çatmamışdımsa da, həmin məktəbin şagirdləri ilə tanış ola bilmişdim. Tənəffüs zamanı onlarla həyətdə görüşür və bir yerdə oynayırdıq. Atam həm ruhani idarəsində işlədiyinə, həm də məktəbdə müəllim olduğuna görə, məktəb müəllimləri məni yaxşı tanıyırdılar.
1888-ci ilin sentyabr ayı idi. Dərslər başlanmışdı. O gün zəng vurulduğu zaman uşaqlarla bərabər mən də birinci sinfə girib, yeni tanış olduğum Nəbiağa adlı tələbənin yanında oturdum. Müəllim etiraz etmədi. Dərslər bitdikdən sonra evə gedərkən müəllim, "Sabah kitab, dəftər, qələm gətir" – dedi.
Səhəri gün rəsmi bir tələbə kimi bilik ocağına ayaq basdım. Dərsdən sonra kitablarım qoltuğumda evə qayıtdığım zaman anam məni çox mehriban qarşılamışdı. O gün şadlığımdan yerə-göyə sığmırdım.
Müəllim çatışmadığından bir otaqda iki-üç sinif yerləşirdi. Üç birinci sinifdə Baxşəli bəy, o biri siniflərdə Paşa bəy dərs keçirdi. Paşa bəy qumralgözlü, arıq, ortaboylu, Baxşəli bəy isə qarayanız, Paşa bəyə nisbətən uca və kürəkli bir şəxs idi. Müəllimlərimizin hər ikisi saqqal qoyurdu. Baxşəli bəyin bir az uzun, şəvə kimi qara saqqalı ona çox yaraşırdı. Onlar təbiətcə bir-birindən gözəl adamlar idi.
Tənəffüs zamanlarında artırmada gəzişə-gəzişə şirin və mehriban söhbət etmələri, hərəkət və rəftarları bizə böyük tərbiyə dərsi idi. Biz tələbələr də onları təqlid edərək, bir-birimizə mehriban olmağa çalışırdıq. Onların hər ikisi Qori seminariyasının məzunları idi.
Mən müəllimlərimi çox sevirdim. Bilmirəm, mənmi həddindən artıq xəyalpərəst bir uşaq idim, ya onlar doğrudan da, bu qədər nəcib insanlardılar?! Mən onları uşaq xəyalımda dərəcə-dərəcə böyüdür, bir növ, bizim kimi adi insan olduqlarına inana bilmirdim. Onların hər bir hərəkəti, rəftarı məndə coşqun hisslər, yüksək düşüncələr oyadırdı. Dərsə olan sonsuz həvəsim və yorulmadan gecə-gündüz çalışmağım da müəllimlərimə səmimi məhəbbətimdən irəli gəlirdi. Səhərlər ala-qaranlıqdan oyanır, dərslərimi lampa işığında təkrar oxuyub hazırlayırdım. Böyüdükdən sonra, müəllim olduğum zamanlarda belə, o müəllimlərimi unuda bilmirdim. Həmişə özümü onlara bənzətməyə çalışırdım.
Uşaqlıqdan ədəbiyyata dərin eşqim var idi. İstər Azərbaycan, istərsə də, rus, fars dillərində yazılmış mənzum parçaları böyük həvəslə əzbərləyirdim. Oxuduğum dərslik "Vətən dili" bu sahədə mənə az kömək etməmişdi. Həmin dərslik Qori seminariyasının ana dili müəllimi Səfərəli bəy Vəlibəyov və həmin seminariyada çalışan Çernyayevski tərəfindən tərtib edilmişdi. Məktəbdə oxuduğum zaman Qasım bəy Zakirin, Həsənəli xan Qaradağskinin öz orijinal şeirlərilə yanaşı Krılovdan tərcümə etdikləri təmsilləri, Puşkin və Lermontovun rusca şeirlərini sevə-sevə əzbərləyirdim. O şeirlərin çoxu indi də hafizəmdən silinməmişdir. O zaman azərbaycanca "Vətən dili"nin birinci və ikinci cildlərindən başqa dərslik yox idi. Ona görə də, üçüncü sinifdən farsca "Gülüstan" kitabını oxumağa məcbur idik.
Şeiri sevdiyimi müəllimlərim də bilirdilər. Təhsil ilinin sonunda, imtahan zamanlarında müəllimlər məni həmişə rusca, azərbaycanca şeir oxumağa məcbur edirdilər.
Elə düşünürdüm ki, şeiri ancaq böyük alimlər yazırlar. Bir gün imtahan ərəfəsində atamdan bir şeir yazmasını xahiş etdim. Fikrim imtahanda müəllimlərimə yeni bir şeir oxumaq idi.
Atam gülə-gülə dedi:
– Oğlum, mən şair deyiləm ki, şeir yazım. Şeiri şairlər yazır.
Mən elə zənn etdim ki, atam məni başından eləmək istəyir. Ondan əl çəkmədim, dedim:
– Sən ki alimsən, sən şeir yaza bilməyəndə, daha kim yaza bilər?
O, məni inandırdı ki, şair başqadır, alim başqa. Ümidsiz halda qollarım yanıma düşdü. Atam məni qucaqlayaraq:
– Yaxşı oğlum, – dedi, – sabah idarəyə gedəndə Mirzə Əhmədə tapşıraram, sənə bir yaxşı şeir yazar.[3]
Mən sevindiyimdən bilmirdim neyləyim. Ertəsi gün məktəbə gedəndə səs saldım ki, bu il imtahanda mən lap təzə şeir oxuyacağam.
Dörd-beş gün sonra atam şeiri gətirdi. İmtahanda əzbərdən oxuduğum həmin şeir müəllimlərimin çox xoşuna gəldi.
O zaman həmin məktəbə böyük yaşlı uşaqlar da qəbul edildiyindən siniflərdə yaşca bir-birindən fərqli tələbələr oxuyurdu. Mənimlə birinci sinifdə Hüseyn adlı ucaboy bir tələbə vardı. Təxminən iyirimi-iyirimi iki yaşı olardı. Boyuna görə cılız idi. Söz danışanda qısa kirpikli gözlərini döyürdü. Çox sadə, təmizəxlaqlı, üzügülər, xoşrəftar və zarafatcıl idi. Adına Şorməkə Hüseyn deyirdilər. Atası zurnaçı olduğundan uşaqların bəzisi zarafatla ona "zurnaçı oğlu"da deyirdi. Atası başqa arvad alıb, ondan ayrı yaşadığına görə Hüseyn toylarda, qonaqlıqlarda qarmon çalıb-oxuyur və aldığı zəhmət haqqı ilə özünü, anasını və kiçik bacısını dolandırırıdı. Ona görə də, vaxtlı-vaxtında dərslərini hazırlaya bilməzdi. Bir gün onun həll edə bilmədiyi məsələni izah etmək üçün müəllim məni lövhəyə çağırdı. Məsələni həll etdim. Müəllim hər ikimizi sinif qarşısında saxlayıb dedi:
– Abdulla, Hüseynə bax!
Mən onun belindən idim. Altdan yuxarı ona baxdım, o başını yerə dikib durdu. Sonra müəllim ona dedi:
– Hüseyn, Abdullaya bax!
O da yuxarıdan aşağı acıqlı-acıqlı mənə baxanda bütün sinif güldü.
Bu hadisə Hüseynə çox toxunmuşdu. Odur ki, səhərlər tezdən sinfə gəlib dərslərimi təkrar etdiyim zaman Hüseyn məni qaldırıb çiyninə qoyar, sinifdə, daha çox həyət artırmasında o yan-bu yana qaçardı. Uşaqlar gülüşə-gülüşə onun arxasına düşərdilər. Çox yalvardıqdan sonra məni yavaşca yerə qoyub, deyərdi:
– Di get, məni bir də utandırma! Axund əminin oğlu olmasaydın, səni boynumdan elə atardım ki, yerindən qalxa bilməzdin.
Bir gün müəllimimiz Baxşəli bəy dərsə gecikmişdi. Hamı deyirdi ki, müəllim gəlməyəcək, saatımız boş keçəcəkdir. Uşaqlar sinifdə gülüb-danışırdılar. Şagirdlərdən kim isə yazı taxtasında bir beyt yazmışdı. Başımız danışığa elə qarışmışdı ki, həmin beyti kim yazdığına fikir verməmişdik. Bu vaxt Baxşəli bəy birdən qapıda göründü. Sinifdə bir dəfə o yan-bu yana dolaşdıqdan sonra,
3
Mirzə Əhməd Salyani idareyi-ruhaniyyədə katib idi. O qədər gözəl xətti var idi ki, bəzi həvəskarlar ona böyük və qalın kağızlarda şeir yazdırıb çərçivə içərisində divardan asırdılar.