Tanıdıqlarım və sevdiklərim xatirələrimdə. Cəfərzadə ƏzizəЧитать онлайн книгу.
kəndimizin qəbristanı başlanan yerə qədər uzanırdı. Burdan o yana Şamaxı poçt yoluna çıxan cığıra keçməyib, atı kəndə qaytarır və bu 5 dəqiqəlik yolu bir neçə dəfə o baş-bu başa çapıb kəndə, evimizin qabağına gəlirdim. Kəhərin çaparağında evin daşı titrəyirdi. Analığım məni “Allah, sənə şükür”lə qarşılayır, atam bir söz demədən yüyəni əlimdən alır və atı tövləyə çəkirdi. Burada hər ikimiz köməkləşib onu qaşovlayır, yalını səliqəyə salır, məxmərlə tozunu alır və qarşısına arpa-saman tökürdük. Kəhərə arpa verməyi atam heç kəsə etibar eləmirdi. O, qədərincə arpanı xəlbirə götürüb tövlənin qapısına işığa gəlir, bir də xəlbirləyir, içinə düşən daş-kəsəyi diqqətlə seçir, sonra axurun yanına gəlib, sağ əllə səbirsizliklə ayağını yerə döyən atın boynunu şappıldadır, aram səslə kişnəməsinə gülümsəməklə cavab verib, sağ əlilə samanın ortasını çalalayır və səliqə ilə arpanı bura tökürdü. Kəhər qara, yumşaq dodaqlarını qılçıqlı arpanın üstünə elə yumşaqlıqla basırdı ki, elə bil arpa deyil, olduqca yumşaq nəsə götürür.
2000-2003
Məşədi Böyükağa və Hacıağa əmilər67
Mənə çox vacib olan iki kiçik hadisəni danışmaq istəyirəm. Bunlar Meşədböyükağa əmimin qardaşı Hacıağa əmimin həyatı ilə bağlı, anektoda bənzər bir şey olsa da, olmuş, həqiqi, biri gördüyüm, biri də atamın gördüyü, danışdığı hadisədir.
Çox qəribə kişi idi. Balacaboy, arıq, cılız idi, amma çox biliyə malik, sərt səsnən danışan kişi idi, çığıra-çığıra. Əsəbi adam idi. İki də arvadı var idi. Bir gün bu arvadlar dalaşır, nə təhər olursa, bu gəlir arvadları ayırmağa:
– Ay köpək qızları, bəsdirin, – deyib arvadları ayırmaq istəyəndə arvadlar bunu itələyirlər, evdə də yaxında yekə ehsan qazanı var imiş, kişinin arxa hissəsi düşür ehsan qazanının içinə, əlləri və ayaqları qalır bayırda, çığırır, – Ay köpək qızları, əl verin mənə, durum.
Arvadlar ikisi də başlayırlar gülməyə və heç birisi əlini uzatmır. Elə bu dəmdə Meşədböyükağa girir içəri, görür bu kişini. Bunu da qah-qah tutur, ancaq hər halda böyük qardaşıdı, əlini uzadır qaldırsın. Deyir:
– Əşi, day bundan sonra bu qazanda ehsan bişirmək doğru deyil. Sən o qazanı xarab elədün.
İkinci hadisə özümlə əlaqədardı.
Həmin Meşədböyükağa əmim Badam bibimi, yəni özünün əmisi qızını qaralamışdı. Meşədböyükağa əmi, ümumiyyətlə, hansı kəndə, hansı rayona gedirdisə, orada bir ev tikir, siğə eliyirdi özü üçün mütləq. Bir gün mənə doktorluğu müdafiə eləyəndən sonra dedi ki, artıq alimliyini təsdiq edirəm, sənin kəsdiyin kəbinə dururam. Bibinin kəbinini kəs. Al bibivi mənə. Dedim, baş üstə.
“Yox” deyə bilməzdim. Gəldim. Badam bibi bizə gəlmişdi. Dedim, bibi, bəs Meşədböyükağa əmi səni istəyir və mənim kəsəcəyim kəbinə durur. Dedi:
– Nə deyirəm ki, mən də razıyam. Amma bir şərtlə. Əmindən soruş ki, sabah bazara gedəcək, dolu zənbilnən əvvəl mənim qapımdan içəri girəcək, ya Tutunun?
Tutu əmimin birinci arvadı, öz dayısı qızı, kəbinli arvadı idi. Bütün övladlarının anası idi. Çox mehriban, gözəl insan idi.
Bir dəfə Meşədböyükağa əmim bizə gələndə növbəti dəfə (tez-tez gəlirdi) soruşdum ki, əmi, sən hansı qapıya gedəcəksən? Bibim deyir, bazardan gələndə səbətnən, zənbilnən əvvəl hansı evə gələcəksən? Badam bibinin qapısından girəcəksən, ya Tutu əmidostumun? Dedi ki:
– Bıy, əlbəttə, öz evimə, Tutunun yanına.
Dedim:
– Hə, onda bibimnən əlini üz.
Bu söhbətdən bir qədər sonra kəndə getmişdim. Tava kəndində bizim qədimdən bir ailəvi dostumuz var idi. Rza kişi, karvançı idi. Qədimdən karvanla bağlı bir sıra şeylərin əksəriyyətini ondan eşidib öyrənmişdim. Həmin bu Rza kişinin çox gözəl xanımı var idi. Zərif, qəşəng qaraca kənd qadın idi. Amma çay üstündə8 bişən beçə çığırtmasını onun kimi bişirən olmurdu, özü də bilirdi ki, bunun aşiqiyəm. Təcili surətdə beçə çığırtmasını hazırlayıb, elə gətirib tavanı ortaya qoyanda bu yandan Qubalıdan (1-2 kilometrəcən araları var idi), Zahacalı əmim gəlib çıxdı. Ay xoş beş, on beş, ay dayı nəvəsi, səni xoş gördük. Məni qucaqlamaq, öpmək, dəm-dəstgahnan təbrik eləmək… Yan-yanaşı əyləşdik. Başladıq beçə çığırtmasını bismillah eləməyə. Dilim dinc durmadı. Tikələri çeynəyə-çeynəyə dedim ki, əmim Meşədböyükağa alimliyimi təsdiq eləyibdi. Deyir ki, sənin kəsdiyin kəbinə dururam. Badam bibini mənə al.
Elə bu sözü demişdim ki, elə bil bu balaca kişiyə barıt qoydular altından, partladı qalxdı ayağa. Çığırdı:
– Əmim qızı istəklim, deyiklim idi. Nə ixtiyarı var onun?
İndi ha deyirəm ki, ay kişi, nə Badam bibi razı oldu, nə mən kəbin kəsmişəm, nə almışam. Kişini sakitləşdirə bilmirik. Rza kişi də arvadı Zabta əmidostu da gülə-gülə oturub baxırlar. Axırı Zabta əmidostu (çox qayğıkeş qadın idi) dedi:
– Əşi, otursana aşağı, çörəyini yeginən. İndi nə alan var, nə satan. Qıza haram eləməginən yediyini, özün və qızı da, qoysana çığırtmasını yesin.
Beləliklə, yarıküsülü ayrıldıq.
Deyəsən, bu elə axırıncı görüşüm idi onunla.
1999-2001
MÜƏLLİMLƏRİ
Mənim birinci şeyxim – Hacı Şeyx Fərəcullah Zeynalabdin oğlu Pişnamazzadə9
Əslində, birinci müəllimim anam olub. Ərəb əlifbası hərflərini, türkcə çap kitablarını, xüsusilə, olduqca asan oxunan “Molla Nəsrəddin” jurnalının evimizdə olan bağlılarını oxumağı mənə o öyrədib. Evdə dərs verərdi, bir neçə şagirdi vardı. Mən də o cümlədən. Amma bu, hələ olduqca az idi. Onun fikrincə, ərəb dilini, Quranı oxumağı öyrənməli, əsl müəllimdən dərs almalıydım. 1945-1946-cı dərs ilində Maarif Nazirliyi tərəfindən rayonda işlədiyim Çaparlı kənd məktəbinin direktoru vəzifəsindən azad olub, ali təhsil almaq üçün Bakıdakı evimizə qayıtmış, uğurla imtahanları verib, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdum. Lakin mənə cəmi bir-iki ay oxumaq, parta arxasında oturmaq nəsib oldu. Səbəbini bir az aşağıda izah edəcəyəm. Elə bu zaman anam məni məhəlləmizdəki Şəkili Axund adı ilə tanınmış Aşağı Dağlıq küçəsində bizim evə yaxın mövqedə yaşayan Hacı Şeyx Fərəcullah Zeynalabdin oğlu Pişnamazzadənin evində (əlbəttə, gizli şəkildə) oxumağa – dərs almağa qoydu. Nurani simalı gözəl insandı. Aşağı Dağlıq küçəsilə Bir may küçəsinin kəsişdiyi tində olan ərzaq mağazası yanında çox vaxt onu məhəllə ağsaqqallarının əhatəsində görərdim. Tanıyırdım. Qışda əynində Xorasan kürkü, yayda əba olardı. Sonralar öyrəndim ki, ərəb dili və Quran dərs