Эротические рассказы

Tanıdıqlarım və sevdiklərim xatirələrimdə. Cəfərzadə ƏzizəЧитать онлайн книгу.

Tanıdıqlarım və sevdiklərim xatirələrimdə - Cəfərzadə Əzizə


Скачать книгу
kişinin arvadı Sahıb bacının qışqırtısını eşitdim:

      – Ə-ə-ədə, ə-ə-ədə, Ağamayıl, Ağamayıl, ədə niyə məktəbə getmirsən?

      – Uçtel maaşa gedib, ana, məktəbdə yoxdu.

      – Ə-ə-ədə, uçteldən başqa məktəbdə ayrı miyəllim yoxdu? Ay səni həzrətabbasın beşaçılanına gələsən. Tez ol! Uçtel gecə qayıdıb, dədən atı bağladı töyləyə.

      Məni gülmək tutdu Sahıbın qarğışına. Sonra ona dedim:

      – Ay Sahıb bacı, həzrət Abbas vaxtında beşaçılan yoxdu, axı.

      – Nə bilim, ay uçtel, dilimə elə gəldi. Nə bilim, tüfəng haçan çıxıb? Gözümü açıb görmüşəm.

      Ağamayıl sonralar da məni unutmur, görüşümə gəlirdi Bakıda.

      Məktəbimizin direktoru Əhməd adlı üzünün, əllərinin dərisi ala-tala olmuş bir yaşlı kişiydi. Böhtan dolu məktublar yazmışdı Bakıya – Maarif Nazirliyinə, hətta məktəbin xadiməsi Güllü bacı haqqında deyibmiş ki “olduğum evə girib, şalvarımı və tavayla məktəbə məxsus qəndi aparıb”. O vaxt biz uşaqlara şəkərdən bişirilmiş qəndlə çay verirdik. Əlbəttə, müdir məktəbdə olmayanda məcbur olub, ev sahibəsinin yanındaca qəndi aparıb məktəbə uşaqlarçün. Şalvardansa heç xəbəri yoxdu. Halal arvad idi, ehtiyac içində yaşasa da, heç kəsə xəyanət etməzdi. Bakıdan komissiya gəlib məktəbi, mənim, Güllü bacının haqqında yazılanları yoxladı və müdiri Çaparlıdan uzaqlaşdırdılar.

      Bakıda o zaman maarif naziri olan Xalq yazıçısı Mirzə İbrahimov məni görəndə gülümsədi, dedi:

      – Sənsənmi o Çaparlı müəllimi? Mən nazirliyə gəlmiş şikayət məktubunu oxuyanda bilmədim ki, orada yazılan “şayka” düzəldib “quldurluq eləyir” deyilən adam kimdir? Familyandan da bilinmir.

      Mənim əzizim Nərgiz bacı həmin adam haqqında camaat deyən kimi kişini ləqəbilə adlandırıb özünə düşmən qazanmışdı.

      Bir dəfə qapılar açıq, dərs keçilən vaxt ucadan demişdi:

      – Ay uçtel hey… O “ala müəllim” idarəyçün kağız söz vermişdi. Hardadı?

      Mən eyvana çıxıb işarə etsəm də, iş-işdən keçmişdi. Müdir bu “ala müəllim” ləqəbindən xeyli əsəbiləşmişdi. Əlbəttə, xəstə adam idi, gərək deyildi. Neynəyəsən, hamı necə, Nərgiz də elə.

      Qoruyurdu məni hamı. Kolxoz sədri Sarı bir dəfə anama demişdi ki, “Müəlliməyə deyin, bəzi (adları özüm demirəm) evlərə çox get-gəl eləməsin, oturmasın oralarda. Bit basıb onları. Amma o da kasıblara əl tutmağa can atırdı. Lakin neynəsin ki, onun kolxozu Daşdəmirbəylidə Xasayın (iki qardaşı cəbhədəydi), Qiyaslıda Əvəzin kolxozları kimi çox da varlı deyildi.

      Bacarıqlı, əlaçı şagirdlərim vardı: Gülhüseyn, Nuhu, Səfər, Mustafa bəyin oğlu Əli, Mursaqulovların oğlu… Məni bağışlayın, qız şagirdlərim! Sizin adınız ona görə yadımda qalmayıb ki, sakit idiniz, özünüzü müharibə dövrünün böyük bacıları, anaları kimi aparırdınız, məni incitmirdiniz, mən də sizi heç danlamırdım, adınızı tez-tez çəkmirdim oğlanlar kimi. Səfər teleqram və məktubları Ağsu poçtundan alıb eşşək üstündə gətirəndə hamınız, elə mən də sizinlə birlikdə uğunub gedirdik. Teleqram eşşək üstə gəlirdi. Ayrı nəqliyyat vasitəsi yox idi.

      Çaparlı sovetliyindəki qardaşlarımız, atalarımız mənə də atalıq, qardaşlıq, cavanlarsa övladlıq ediblər: Curuğ kişi, Əsəd kişi, Yunus, Uruf, Əlməhəmməd, Aslan… Sonralar onların övladları və başqaları məni unutmadılar. Çaparlıdan Muradxan kişi, Babacan, Abduləli və başqaları da eləcə. Necə deyim ki, xeyli əvvəl başım müdafiələrə, kitablara qarışdığından elə bilirdim ki, Çaparlı camaatı məni unudub. Günlərin birində poçtdan mənə bir bağlama gətirdilər. İçərisində əla narlar vardı. Yaqut dənəli behişt meyvəsi. Allah, bu kimdəndi, hardandi? Bağlamada kiçik bir məktub vardı: “Əzizə müəllimə! Bax, gör, qanqaldan başqa gül bitməyən, pambıqdan başqa ağac yetirməyən Çaparlıda necə narlar yetişir? Bunu bilməyinizi istədim”. Yazan əlaçı şagirdim, indiysə həmin məktəbin direktoru Gülhüseyn Rüstəmovdu. İlahi! Deməli, məni Çaparlıda hələ unutmayıblar. Sevincimi təsvir edə bilmirəm. Orada yeni məktəb tikilib və keçmiş şagirdim Gülhüseyn, nəinki müəllimdir, hətta həmin məktəbin direktorudur!.. Bundan böyük xoşbəxtlik olarmı müəllimçün?!

      Çaparlıda cəmi dörd il yaşayıb işləmişəm, amma elə bil ki, qırx il ömür sürmüşəm orada. Gözəl insanların xasiyyətinə bələd olduğum kimi, bir sıra adət və ənənələrimizi orada öyrənmişəm. İlk dəfə “Çillə çıxarmaq” adətini orada görüb “Aləmdə səsim var mənim” romanımda təsvir etmiş, Türkiyədəki çıxışlarımda haqqında danışmışam. İndi bəzi adamlarda namərdlik, fırıldaq, satqınlıq, “özüyçün qapışdırmaq” kimi xislətləri görəndə o günlər nə qədər ağır olsa da, o müqəddəs günlər, o son tikəsini qəriblə, ehtiyacı olanla bölüşən müqəddəs bacı və qardaşlarım yadıma düşür. Acı da olsa, o günləri xoş xatirələrlə yada salıram. Sağ olsun bu kitabı tərtib edənlər ki, mənə o qırxa bərabər dörd ili yenidən yaşatdılar. Çaparlı sovetliyi kəndlərindəki camaatdan çox şey öyrənmiş və yeri düşdükcə romanlarımda işləmişəm. O adamlar kiçik ilahələrdir: o qadınlar mənə səbir, dəyanət, dözüm, çətinə düşənə əl tutmaq dərsi verdilər – övladlarına verdiyim dərs əvəzində. O zaman Çaparlıda kim mənə bir piyalə süd, şor, bir sərnic ayran, iki büküm yuxa veribsə, bilirəm ki, məcburən yox, ürəkdən özü istəyib verib, halal edin mənə! Dünyasını dəyişənlərə böyük Allahımızdan rəhmət diləyir, sağ-salamat qalanlara – məni yada salanlara uzun və sağlam ömür arzulayıram. Sağ olun, Allah amanında.

      Bakı, 1997

      Atam – Kərbəlayi Məhəmməd4

      Atam yamanca at sevən idi, həmişə 5-6 atı olurdu (irili-xırdalı). Bunların içində əvvəl Kəhər day, sonra da Bozat onun sevimli minik atları idi. Boz madyan, qara madyan daima yadıma boğaz gəlir. Analığım onları minməyə qoymaz, “bala salar” – deyərdi. Mən də onları sulamaq üçün Pirsaata aparanda minməz, elə noxtanın ucundan yapışıb aram-aram təpədən çaya enən cığırla gedərdim. Bu məni heç fərəhləndirməzdi. Əsl bayramım atam kənddən, ya şəhərdən qayıdanda olurdu. Bu zaman o, atın yəhərini alan analığıma yəhəri yerləşdirmək haqqında əmrlər verə-verə mehriban, hər şeyi anlayan qonur gözlərlə mənə baxardı. Mən isə Kəhər dayın, ya da Bozatın yüyənindən tutub gözləyər, suya aparmazdan əvvəl həyətdə təri soyutmaq üçün o baş-bu başa gəzdirərdim. Atın kifayətcə soyuduğuna nəzər yetirən atam çoxdan həsrətlə gözlədiyim əmri verərdi:

      – Di apar…

      Elə buna bənd idim, çılpaq ata sıçrayıb, yüyəni əlimə dolar, boynumu Kəhərin qara yalına tərəf əyib götürülər, analığımın “Allah, sən saxla” çığırtısına da qulaq verməzdim. Kəhərlə bir-birimizi elə başa düşürdük ki, elə bil iki canda bir qəlb idik. Yalına yatanda canımız birləşir, ürəklərimiz bir döyürdü. At məni götürüb yorğalayır, evdən aralanan kimi ayağımın yüngül hərəkətindən məqsədimi anlayıb


Скачать книгу
Яндекс.Метрика