Cenni Herhardt. Теодор ДрайзерЧитать онлайн книгу.
verdi. O, qardaşlarından birisinin ayaqqabısı yırtılıb-dağıldığı üçün məktəbi buraxdığını etiraf etməyə utanırdı. Yalan danışmağa məcbur olması isə ona əzab verirdi.
Senator bir dəqiqəliyə fikrə getdi. Sonra qızı saxlamaq üçün artıq bəhanə olmadığını düşünərək qalxdı və qıza yanaşdı. Cibindən bir neçə kağız pul çıxardıb birini Cenniyə uzatdı.
– Alın, – dedi. – Ananıza deyin ki, bu pulu istədiyi kimi xərcləsin.
Cenni özünü itirmiş halda pulu götürdü. Pulun nə qədər olduğuna baxmaq onun ağlına belə gəlmədi. O bu qədər şan-şöhrətli adamın yanında, onun gözəl otağında başını itirmişdi, nə edəcəyini pis başa düşürdü.
– Sağ olun, siz paltarlar üçün hansı gün gəlməyi təyin edərsinizmi?
– Bəli, bəli, – deyə senator cavab verdi. – Bazar ertəsi günləri gəlin. Bazar ertəsi, axşam.
Cenni çıxdı, Brender fikirli-fikirli qapını bağladı. Onun bu adamlara marağı heç də adi maraq deyildi. Şübhəsiz, yoxsulluğun gözəlliklə birləşməsinə laqeyd qalmaq çətindir. O, kresloda oturdu, Cenninin gəlməsindən doğmuş xoş xəyallara daldı. Nə üçün bu ailəyə kömək etməsin?
– Onların harada yaşadığını öyrənmək lazımdır, – deyə, nəhayət, o qət etdi.
Cenni sonrakı həftələrdə müntəzəm olaraq paltar aparmağa gəlirdi. Senator Brender qızla get-gedə daha artıq maraqlandı və onun yanında olarkən qıza hakim kəsilən utancaqlığı və bacarıqsızlığı çox keçmə-dən aradan qaldırdı. Onun qızı sadəcə öz adı ilə çağırması buna çox kömək etdi. Bu, Cenninin üçüncü gəlişindən başladı, sonra isə, demək olar ki, özü də bilmədən onu getdikcə tez-tez çağırdı.
Onun qıza münasibətinin atalıq xarakteri daşıdığını demək çətindir. Adamlara belə bir münasibət onun xasiyyətinə az xas olan şey idi. Bu qızla söhbət edərkən o özünü nədənsə xüsusilə gənc hiss edir və tez-tez özündən soruşurdu ki, məgər qız onda hələ nə qədər təravət olduğunu görmür və qiymətləndirmir?
Bu adamı əhatə edən zənginlik, dəbdəbə və – qız hələ dərk etməsə də – Brenderin özü onu əsir etmişdi. Cenni heç vaxt bu cür cazibəli adam görməmişdi. Bu adama mənsub olan hər şey gözəl idi, onun hər bir hərəkəti nəcib, əhəmiyyətli, hörmətə layiqdir. Bəlkə də öz alman ata-babalarından bir irs olaraq Cenni bu keyfiyyətləri başa düşmək və qiymətləndirmək qabiliyyəti əldə etmişdi. Məhz bu adamın yaşadığı kimi yaşamaq lazımdır. Onun alicənablığı Cenninin xüsusilə xoşuna gəlirdi.
Senatora valeh olmaq Cenniyə qismən, hissinin səsi həmişə mühakiməsinin səsindən gur olan, anasından keçmişdi. Cenni missis Herhardta on dollar verəndə o sevincindən özünü itirdi.
– Mən ancaq küçədə bu pulun nə qədər olduğunu gördüm. O dedi ki, bu pulları sənə verim. Missis Herhardt pulu götürdü, onu vəcdlə əlində saxlayaraq senatoru, onun yaraşıqlı qamətini, lütfkar rəftarını aydıncasına təsəvvürünə gətirdi.
– Bu nə cür adamdır! – deyə o dilləndi. – Onun necə xeyirxah ürəyi vardır!
Missis Herhardt bu axşam və ertəsi gün bu çox varlı adam haqqında, onun, şübhəsiz, xeyirxah və alicənab olması haqqında danışdı. Onun paltarlarının yuyulmasına gəldikdə isə arvad onları elə səylə ovuşdururdu ki, paltarlar az qalırdı cırılsın, ancaq yenə də hiss edirdi ki, nə qədər çalışırsa çalışsın, yenə azdır. Herhardtın özü heç nə bilməməlidir. O, möhkəm qaydalara riayət edən bir adam idi. Ehtiyacın bütün ağırlığına baxmayaraq, qazanılmamış pulu almağa onu razı salmaq arvadı üçün çox çətin olardı. Buna görə missis Herhardt heç nə demədi, gözlənilməyən sərvətin nəzərə çarpmaması üçün az-az çörək və ət almağa başladı.
Anasının senatora münasibəti Cenniyə də keçdi. Hədsiz minnətdar olan Cenni onunla daha sadə, daha sərbəst danışmağa başladı. Onların arasında o qədər yaxşı münasibət əmələ gəldi ki, senator tualet stolunun üstündəki balaca şəkil çərçivəsinin Cenninin xoşuna gəldiyini görüb onu qıza bağışladı. Cenni hər dəfə onun yanına gəldikdə, o bir bəhanə ilə qızı saxlayırdı. Çox keçmədən senator başa düşdü ki, duyduğu ehtiyac bu gənc, mehriban qızı qəlbinin dərinliyinə qədər təhqir edir, o öz yoxsulluğundan utanır. Bu həqiqətən onu həyəcanlandırırdı, qızın miskin paltarına və köhnəlmiş ayaqqabılarına baxdıqca öz-özünə belə bir sual verirdi: necə edim ki, qəlbinə toxunmadan ona yardım əli uzadım?
O dəfələrlə fikirləşmişdi ki, axşam bir bəhanə ilə onun arxasınca getsin və ailələrinin nə cür şəraitdə yaşadığını özü görsün. Ancaq necə olsa, o, Birləşmiş Ştatların senat üzvüdür, bu adamlar isə yəqin ki, şəhərin kənarında, miskin bir yerdə yaşayırlar, o bu fikri rədd etdi. Ehtiyat müvəqqəti olaraq üstün gəldi, düşünülmüş tədbir təxirə salındı.
Dekabrın əvvəllərində senator Brender üç həftəliyə Vaşinqtona qayıtdı və günlərin birində missis Herhardt və Cenni onun getdiyini bilib təəccübləndilər. O, paltar yudurtmaq üçün həftədə iki dollardan az vermirdi, bəzən beş dollar verirdi. Bəlkə də o öz səfəri ilə ailənin büdcəsinə nə qədər ziyan vurduğunu təsəvvür etmirdi. Lakin çarə yox idi. Onlar birtəhər dolanmalı idilər. İndi Herhardt özünü yaxşı hiss edirdi. İş tapmaq üçün boş-boşuna fabriklərin çoxunu dolaşdıqdan sonra, çatma və mişar tapdı, qapı-qapı gəzərək odun doğramağı təklif etməyə başladı. İş az idi, ancaq, o, hər halda qüvvəsini əsirgəmədən işləyir və həftədə iki, bəzən də üç dollar qazana bilirdi. Bu pullar, arvadının qazancı və Sebastyanın verdiyi pulla bərabər çörəyə çatırdı – yalnız çörəyə.
Milad bayramının şən vaxtı gəlib çatır və buna görə Herhardtlar üçün ehtiyac daha acı görünürdü. Almanlar Milad bayramını böyük təntənə ilə keçirməyi sevirlər. Bu günlərdə onların valideynlik hissinin bütün qüvvəsi əyani surətdə aşkara çıxır. Onlar uşaqlıq sevincini yüksək qiymətləndirir, balacaların əyləncələrdən və oyuncaqlardan doyunca həzz almalarına can atırlar. Bayramqabağı öz mişarı ilə işlərkən Herhardt bütün bunları az düşünməmişdi. Kaş balaca Veronikanı hədiyyələrlə sevindirə biləydi – axı qız uzun müddət xəstə olmuşdu. Kaş uşaqların hərəsinə bir cüt möhkəm ayaqqabı, oğlanlara isti papaq, qızlara bəzəkli kapor bağışlaya biləydi! Keçən illərin bayram günlərində onlar həmişə oyuncaq və şirniyyat alırdılar. O, qarlı bayram səhərinin gələcəyini və stolun üstündə uşaqların çox istədiyi şeylərin olmayacağını düşündükcə əzab çəkirdi.
Missis Herhardta gəlincə, onun hisslərini təsəvvür etmək təsvir etməkdən daha asandır. O bütün bunları nə qədər ağrı ilə duyurdu ki, yaxınlaşan mənhus gün haqqında əri ilə danışmağa qadir deyildi. O, bir ton kömür almaq və bədbəxt Corcun canını hər gün kömür anbarlarına ziyarətdən qurtarmaq ümidilə üç dollar qənaət edib yığa bilmişdi – indi bu pulu bayram hədiyyələrinə xərcləməyi qət etdi. Herhardt ata da yavaş-yavaş iki dollar yığmışdı ki, bayram günü ən ağır dəqiqədə onları araya çıxartsın, arvadını heç olmasa bir az sakitləşdirsin və şadlandırsın.
Lakin bayram ərəfəsi bu cüzi beş dollar çox zəif