Эротические рассказы

KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих МарксЧитать онлайн книгу.

KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс


Скачать книгу
əmtəədə maddiləşmiş əməyin pul adıdır. Deməli, əmtəə ilə adı əmtəə üçün qiymət olan pul miqdarı arasındakı ekvivalentlik sadəcə tavtologiyadır, həm də ümumiyyətlə əmtəə dəyərinin nisbi ifadəsi eyni zamanda iki əmtəənin ekvivalentliyi ifadəsidir58. Lakin əmtəə dəyəri kəmiyyətinin göstəricisi olmaq etibarı ilə qiymət eyni zamanda əmtəənin pula olan mübadilə nisbətinin göstəricisidirsə, buradan heç də belə bir əks nəticə çıxmır ki, əmtəənin pula mübadilə nisbətinin göstəricisi olan qiymət hökmən dəyər kəmiyyətinin göstəricisi olmalıdır. Tutaq ki, bərabər kəmiyyətli ictimai zəruri əmək 1 kvarter buğdada və 2 funt sterlinqdə (1/2 unsiyaya qədər qızılda) ifadə olunur. 2 funt sterlinq bir kvarter buğdanın dəyər kəmiyyətinin pul ifadəsidir, yaxud onun qiymətidir. Lakin şərait bu bir kvarter buğdanın qiymətini 3 funt sterlinq təyin etməyə imkan verirsə və ya onu 1 funt sterlinqə endirməyə məcbur edirsə, onda aydındır ki, 1 funt sterlinq buğdanın dəyər kəmiyyətinin çox kiçik, 3 funt sterlinq isə çox böyük ifadəsidir, – bununla belə, istər 1 funt sterlinq, istərsə 3 funt sterlinq buğdanın qiymətləridir, ona görə ki, əvvələn, bunlar onun dəyər formasıdır, puldur, ikincisi isə, buğdanın pula olan mübadilə nisbətinin göstəricisidir. İstehsal şəraiti dəyişilmədikdə və ya əməyin məhsuldar qüvvəsi dəyişilmədikdə, bir kvarter buğdanın təkrar istehsalına bütün hallarda eyni miqdar ictimai iş vaxtı sərf olunmalıdır. Bu vəziyyət nə buğda istehsalçılarının, nə də başqa əmtəə sahiblərinin iradəsindən asılı deyildir. Beləliklə, əmtəənin dəyər kəmiyyəti ictimai iş vaxtına əmtəənin zəruri münasibətini, əmtəənin yaradılması prosesinin özünə immanent olan bir münasibəti ifadə edir. Dəyər kəmiyyəti qiymətə çevrildikdə, bu zəruri münasibət məlum əmtəənin ondan kənarda olan pul əmtəəsinə mübadilə nisbəti kimi təzahür edir. Lakin bu mübadilə nisbətində həm əmtəənin dəyər kəmiyyəti, həm də mövcud şəraitdə əmtəə özgəninkiləşdirilərkən bu dəyər kəmiyyətinə nisbətən meydana çıxan plyus və ya minus ifadə oluna bilər. Deməli, qiymətlə dəyər kəmiyyətinin bir-birinə miqdarca uyğun olmaması imkanı, yaxud qiymətin dəyər kəmiyyətinə uyğun gəlməməsi imkanı artıq qiymət formasının özündə vardır. Bu da həmin formanın nöqsanı deyildir, – əksinə, məhz bu fərqləndirici əlamət sayəsində həmin forma elə bir istehsal üsulunun adekvat forması olur ki, bu istehsal üsulu şəraitində qayda nizamsız hərc-mərclik içərisindən özünə ancaq kor-koranə fəaliyyət göstərən orta rəqəmlər qanunu kimi yol aça bilir.

      Lakin qiymət forması nəinki dəyər kəmiyyəti ilə qiymət arasında, yəni dəyər kəmiyyəti ilə onun öz pul ifadəsi arasında miqdarca uyğunsuzluq olmasına imkan verir, – həmin formada gizli keyfiyyət ziddiyyəti də ola bilər, bunun da nəticəsində qiymət ümumiyyətlə dəyərin ifadəsi olmaqdan çıxır, hərçənd pul əmtəələrin ancaq dəyər formasıdır. Özlüyündə əmtəə olmayan şeylər, məsələn vicdan, namus və i. a. öz sahibləri üçün satlıq şey ola bilər və beləliklə də, öz qiyməti sayəsində əmtəə forması ala bilər. Deməli, şeyin dəyəri olmadan onun formal surətdə qiyməti ola bilər. Riyaziyyatda müəyyən kəmiyyətlər xəyali olduğu kimi, burada da qiymətin ifadəsi xəyalıdır. Digər tərəfdən, xəyali qiymət formasında, – məsələn, xam halda qalan və insan əməyi maddiləşmədiyinə görə dəyəri olmayan torpağın qiymətində, – gerçək dəyər nisbəti və ya bundan törəyən bir nisbət ola bilər.

      Ümumiyyətlə nisbi dəyər forması kimi, qiymət də əmtəənin, məsələn bir ton dəmirin dəyərini elə ifadə edir ki, müəyyən miqdar ekvivalent, məsələn bir unsiya qızıl həmişə dəmirə bilavasitə mübadilə oluna bilər, lakin buradan heç də belə bir əks nəticə çıxmır ki, dəmir də qızıla bilavasitə mübadilə oluna bilər. Deməli, əmtəə felən mübadilə dəyəri kimi meydana çıxmaq üçün öz təbii cismini öz üzərindən atmalı, fikrən təsəvvür olunan qızıldan gerçək qızıla çevrilməlidir, hətta ola bilər ki, onun bu çevrilməsi Hegel «anlayışı» üçün zərurətdən azadlığa keçməyə, yaxud xərçəngin öz qabığını atmasına və ya müqəddəs İyeronimin qədim Adəmi tərk etməsinə59 nisbətən daha «ağır» olsun. Əmtəə öz real surətində, məsələn, dəmir surətində olmaqla bərabər, qiymətdə ideal dəyər surətinə, yaxud fikrən təsəvvür olunan qızıl surətinə malik ola bilər, lakin bu əmtəə eyni zamanda həm gerçək dəmir, həm də gerçək qızıl ola bilməz. Əmtəəyə qiymət vermək üçün, fikrən təsəvvür olunan qızılı ona bərabər tutmaq kifayətdir. Lakin bu əmtəə öz sahibindən ötrü ümumi ekvivalent rolu oynaması üçün gerçək qızılla əvəz olunmalıdır. Məsələn, dəmir sahibi hər hansı qəşəng bir əmtəənin sahibinə rast gəlib ona desə ki, dəmirin qiyməti artıq pul formasıdır, onda müqəddəs Pyotrun qarşısında etiqadın mahiyyətini şərh edən Danteyə onun göylərdə cavab verdiyi kimi, dəmirin sahibinə də belə cavab verərdilər:

      «Tərkibi də, vəzni də

      Məlumdur bu sikkənin.

      Amma bu sikkələrdən

      Cibində varmı sənin?»

      Qiymət forması əmtəənin pul müqabilində özgəninkiləşdirilə bildiyini və belə bir özgəninkiləşdirmənin zəruriliyini göstərir. Digər tərəfdən, qızıl ancaq ona görə ideal dəyər ölçüsü funksiyası daşıyır ki, mübadilə prosesində qızıl artıq pul əmtəəsi kimi tədavül edir. Beləliklə, ideal dəyər ölçüsündə cingiltili sikkə gizlənir.

      2. TƏDAVÜL VASİTƏSİ

a) ƏMTƏƏ METAMORFOZU

      Biz gördük ki, əmtəə mübadiləsi prosesində bir-birinə zidd olan və bir-birini rədd edənin münasibətlər vardır. Əmtəənin inkişafı bu ziddiyyətləri aradan qaldırmaq deyil, bunların hərəkəti üçün forma yaradır. Gerçək ziddiyyətlərin həllinə kömək edən metod da ümumiyyətlə bundan ibarətdir. Məsələn, bir cismin daim başqa bir cisim üzərinə düşməsində və daim ondan uzaqlaşmasında ziddiyyət vardır. Ellipsis bu ziddiyyətin eyni zamanda həm əmələ gəldiyi, həm də həll olunduğu hərəkət formalarından biridir. Mübadilə prosesi əmtəələri bunların istehlak dəyəri olmadıqları əllərdən istehlak dəyəri olduqları əllərə keçirdiyinə görə, bu proses maddələrin ictimai mübadiləsidir. Bir faydalı əmək növünün məhsulu başqa faydalı əmək növü məhsulunun yerini tutur. Əmtəə istehlak dəyəri olduğu nöqtəyə çatdıqda, əmtəə mübadiləsi dairəsindən çıxıb istehlak dairəsinə keçir. Burada bizi ancaq birinci dairə maraqlandırır. Buna görə də biz bütün prosesi ancaq forma cəhətdən nəzərdən keçirəcəyik, deməli əmtəələrin ancaq formalarının dəyişilməsini, yaxud əmtəələrin metamorfozunu nəzərdən keçirəcəyik ki, bu da maddələrin ictimai mübadiləsində vasitə olur.

      Hətta dəyərin anlaşılmasının özündə aydınlıq olmadığı nəzərə alınsa, formaların belə dəyişilməsinin tamamilə qeyri-qənaətbəxş anlaşılmasına səbəb budur ki, əmtəənin formasındakı hər bir dəyişiklik iki əmtəənin: adi əmtəə ilə pul əmtəənin mübadiləsi yolu ilə əmələ gəlir. Təkcə bu maddi cəhətə, əmtəənin qızıla mübadiləsinə diqqət verdikdə, məhz hər şeydən əvvəl nəzərə alınması lazım gələn cəhəti, yəni əmtəə formasının özündə baş verən halı nəzərdən qaçırırlar. Nəzərdən qaçırırlar ki, yalnız bir əmtəə


Скачать книгу

<p>58</p>

"Ya da etiraf etmək lazım gələcəkdir ki, pulla götürülən bir milyonun bahası əmtəə ilə götürülən bərabər dəyərdən artıqdır”. (Le Trosne, sitat gətirilən əsər, səh. 919), deməli, „bir dəyərin bahası ona bərabər olan başqa dəyərdən artıqdır“.

<p>59</p>

İyeronimin səhrada gözəl qadın surətləri ilə mübarizəsinin göstərdiyi kimi, gəncliyində o öz maddi nəfsini çox çətinliklə öldürə bilirdisə, yaşa dolduqda da öz mənəvi nəfsini eyni dərəcədə çətinliklə öldürə bilirdi. Məsələn, o belə söyləyir: "Xəyalən mən xəllaqi-aləmin hüzuruna gəldim". Bir səs məndən soruşdu: "Sən kimsən?"– Dedim: "Mən xristianam". Xəllaqi-aləm qəzəblə dedi: "Yalan deyirsən, sən ancaq siseronçusan”.

Яндекс.Метрика