KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих МарксЧитать онлайн книгу.
yəni pul rolu oynayır. Buna görə də qızıl real olaraq mübadilə dəyəridir. Qızılın istehlak dəyəri nisbi dəyər ifadələri sırasında hələlik ancaq ideal olaraq meydana çıxır, bu nisbi dəyər ifadələri vasitəsilə qızıl özünə qarşı duran əmtəələrə öz real istehlak formalarının məcmusu münasibətində olur. Əmtəələrin bir-birinə əks olan bu formaları mübadilə prosesində əmtəələrin hərəkətinin gerçək formalarıdır.
İndi hər hansı bir müəyyən əmtəə sahibinin, məsələn köhnə tanışımız kətan toxuyanın ardınca mübadilə prosesi meydanına, əmtəə bazarına gedək. Onun əmtəəsi olan 20 arşın kətanın müəyyən qiyməti vardır. Bu qiymət 2 funt sterlinqə bərabərdir. O, kətanı 2 funt sterlinqə mübadilə edir və dünya görmüş bir adam olduğuna görə, təzədən bu 2 funt sterlinqi eyni qiymətdə bir ailə bibliyasına mübadilə edir. Onun üçün ancaq bir əmtəə, ancaq bir dəyər daşıyıcısı olan kətan öz dəyərinin forması olan qızıla mübadilə edilib özgəninkiləşdirilir və bu formadan yenə də başqa bir əmtəəyə, bibliyaya çevrilir, bu da toxucunun evinə artıq bir istehlak şeyi kimi gedib orada ruhun xilası üçün qiraətə tələbatını ödəyəcəkdir. Beləliklə, əmtəə mübadiləsi prosesi bir-birinə əks olan və bir-birini tamamlayan iki metamorfoz şəklində – əmtəənin pula çevrilməsi və onun puldan yenə əmtəəyə çevrilməsi şəklində baş verir60. Əmtəə metamorfozu momentləri eyni zamanda əmtəə sahibinin sövdələrindən – satqıdan, əmtəənin pula mübadiləsindən; alqıdan, pulun əmtəəyə mübadiləsindən və sonra da bu iki sövdənin vəhdətindən: alqı üçün satqıdan ibarətdir.
Toxucu ticarət sövdəsinin ancaq son nəticəsinə fikir versə, məlum olar ki, onun əlində kətan əvəzində bibliya, öz əvvəlki əmtəəsi əvəzində, eyni dəyəri olub başqa cəhətdən faydalı olan ayrı bir əmtəə vardır. Toxucu özünə lazım olan bütün başqa yaşayış vasitələrini və istehsal vasitələrini də belə bir yolla mənimsəyir. Onun nöqteyi-nəzərincə, bütün bu proses ancaq onun öz əməyinin məhsulunu özgə əməyinin məhsuluna mübadilə etməkdə vasitəçi olur, məhsullar mübadiləsində vasitəçi olur.
Beləliklə, əmtəə mübadiləsi prosesi belə bir forma dəyişilməsi şəklində baş verir:
Bu hərəkət öz maddi məzmunu cəhətdən Ə–Ə deməkdir, əmtəənin əmtəəyə mübadiləsi, ictimai əmək maddələri mübadiləsi deməkdir, elə bir maddələr mübadiləsi deməkdir ki, bunun son nəticəsində prosesin özü də sönüb gedir.
Ə–P. Əmtəənin birinci metamorfozu, yaxud satqı. Əmtəə dəyərinin əmtəə cismindən pul cisminə keçməsi, başqa bir yerdə dediyim kimi, əmtəənin salto-mortalesidir. Bu baş tutmadıqda, əmtəə özü olmasa da, sahibinin ümidi boşa çıxmış olacaqdır. Əmtəə sahibinin tələbatı nə qədər çoxcəhətlidirsə, ictimai əmək bölgüsü onun əməyini bir o qədər bircəhətli edir. Məhz buna görə də onun məhsulu onun üçün ancaq mübadilə dəyəri olur. Bu məhsul ümumi ekvivalent formanı, ictimai əhəmiyyətə malik ekvivalent formanı ancaq pulda alır, pul isə özgənin cibindədir. Pulu oradan çıxarmaq üçün əmtəə hər şeydən əvvəl pul sahibindən ötrü istehlak dəyəri olmalıdır, yəni bu əmtəəyə sərf olunan əmək ictimai faydalı formada sərf edilmiş olmalıdır, yaxud ictimai əmək bölgüsündə həqiqi bir halqa olmalıdır. Lakin əmək bölgüsü təbii surətdə meydana gəlmiş bir istehsal orqanizmidir və bunun telləri əmtəə istehsalçılarından bixəbər toxunmuş və toxunmaqdadır. Əmtəə yeni doğmuş tələbatı ödəmək iddiasına düşən və ya riskə gedib hər hansı bir tələbatı hələ yenicə doğurmaq istəyən yeni bir əmək növünün məhsulu ola bilər. Hələ dünən eyni əmtəə istehsalçısının bir çox funksiyalarından biri olan məlum bir əmək əməliyyatı bu gün, ola bilər, bu əlaqəni kəssin və ayrılıb müstəqil bir şey olsun və məhz buna görə də öz qismi məhsulunu müstəqil bir əmtəə olaraq bazara göndərsin. İctimai şərait bu ayrıcalaşma prosesi üçün kifayət qədər yetişmiş və ya kifayət qədər yetişməmiş ola bilər. Bu gün məlum bir məhsul müəyyən ictimai tələbatı ödəyir. Ola bilsin ki, sabah ona bənzər başqa bir məhsul onu öz yerindən tamamilə və ya qismən sıxışdırıb çıxarsın. Həm də müəyyən bir əmtəə istehsalçısının, məsələn bizim toxucunun əməyi hətta ictimai əmək bölgüsündə möhkəm yer tutan bir halqa olsa da, bu hələ heç də məhz onun 20 arşın kətanının istehlak dəyəri olacağını təmin etmir. Əgər bu toxucunun rəqibləri kətana olan ictimai tələbatı artıq ödəmişlərsə, – bütün başqa şeylər kimi, bu tələbatın da öz həddi vardır – onda dostumuzun məhsuluna daha lüzum olmayacaq, dostumuzun məhsulu artıq, ziyadə və, deməli, faydasız olacaqdır. Doğrudur, bağışlanan atın dişinə baxmazlar, ancaq bizim toxucu bazara heç də bəxşiş etməyə gəlməmişdir. Lakin fərz edək ki, onun məhsulunun felən istehlak dəyəri vardır və, deməli, bu əmtəə pulu cəzb edir. Sual olunur: məhz nə qədər pul cəzb edir? Doğrudur, bu sualın cavabı qabaqcadan əmtəənin qiymətində, onun dəyər kəmiyyətinin göstəricisində verilmişdir. Biz burada əmtəə sahibinin öz hesablamalarındakı xalis subyektiv səhvləri bir kənara qoyuruq, çünki bazar bu səhvləri obyektiv surətdə dərhal düzəldir. Tutaq ki, istehsalçı öz məhsuluna ancaq orta ictimai zəruri iş vaxtı sərf etmişdir. Deməli, əmtəənin qiyməti həmin əmtəədə maddiləşmiş miqdarda ictimai əməyin ancaq pul adıdır. Lakin kətan toxumaq üçün olan ənənəvi istehsal şəraiti bizim toxucudan icazəsiz və ondan xəbərsiz dəyişilməyə başlamışdır. Dünən bir arşın kətan istehsalı üçün şübhəsiz ictimai zəruri iş vaxtı olan şey bu gün daha ictimai zəruri iş vaxtı deyildir və pul sahibi bu cəhəti dostumuza səylə nümayiş etdirib müxtəlif rəqiblərinin qoyduğu qiymətləri ona göstərir. Onun bədbəxtliyindən, dünyada toxucu çoxdur. Nəhayət, fərz edək ki, bazarda olan hər bir kətan parçası ancaq ictimai zəruri iş vaxtını ehtiva edir. Bununla belə, həmin kətan parçalarının ümumi məcmusunda artıq sərf edilmiş iş vaxtı ola bilər. Bazarın mədəsi arşını 2 şillinq hesabı ilə normal qiymətlə bütün kətanı həzm edə bilmirsə, bu sübut edir ki, cəmiyyətin bütün iş vaxtının həddindən çox böyük bir hissəsi kətan toxumaq formasında sərf olunmuşdur. Bunun nəticəsi isə ona bənzər ki, hər bir ayrıca toxucu öz fərdi məhsuluna ictimai zəruri iş vaxtından artıq vaxt sərf etmiş olsun. Burada bir məsəl yerinə düşər: «Birlikdə tutulanlar, birlikdə də asılar». Bütün kətan bazarda bütöv bir əmtəə, onun hər bir parçası isə bu bütöv əmtəənin ancaq müvafiq hissəsi vəzifəsini daşıyır. Doğrudan da, hər bir fərdi arşının dəyəri ancaq, ictimai cəhətcə müəyyən olan eyni miqdar yekcins insan əməyinin maddiləşməsidir.
Gördüyümüz kimi, əmtəə pulu sevir, amma «the course of true love never does run smooth». Öz membra disjecta-sını [pərakəndə üzvlərini] əmək bölgüsü sistemində meydana çıxaran ictimai istehsal orqanizminin keyfiyyət quruluşu nə kimi kortəbii təsadüflə fərqlənirsə, onun kəmiyyət quruluşu da belə bir təsadüflə fərqlənir. Beləliklə, bizim əmtəə sahibləri kəşf edirlər ki, onları müstəqil xüsusi istehsalçı edən əmək bölgüsü eyni zamanda ictimai istehsal prosesini və istehsalçıların bu prosesdəki öz münasibətlərini də onlardan asılı olmayan bir hala salır, adamlar bir-birindən asılı olmamaqla bərabər onların arasında hərtərəfli şey asılılığı sistemi də əmələ gəlir.
Əmək
60
Heraklit deyir ki, "Atəşə hər şey və atəş də hər şeyə mübadilə olunur, necə ki, qızıla əmtəələr mübadilə edilir və əmtəələrə də qızıl mübadilə olunur". (F. Lassalle. "Die Philosophie Herakleitos des Dunkeln" Berlin, 1858, Bd. I, S. 222) Lassal əsərin burasına yazdığı qeyddə, 224-cü səhifədəki 3-cü qeyddə yanlış olaraq pulu adi bir dəyər nişanı hesab edir.